Edebiyyat.az » Proza » Rövşən Yerfi — İmmun məlhəmi

Rövşən Yerfi — İmmun məlhəmi

Rövşən Yerfi — İmmun məlhəmi
Proza
admin
Müəllif:
19:35, 25 iyun 2024
611
0
Rövşən Yerfi — İmmun məlhəmi




    

                                                      (İsmarışları telefonda vatsab şəbəkəsində

                                        yazılan kiçik hekayə)

“Salam. Çoxdandı görüşmürük. Heç mesaj da yazmırsan. Niyə belə edirsən? Nə olub sənə?”

“Salam. Heç nə olmayıb, narahat olma.”

“Bəs onda niyə görüşmürük? Gəl elə bu gün görüşək, darıxmışam səninçün.”

“Yox, incimə, imkan yoxdur, bir az vacib işlərim var”

“İnanmıram, yalan deyirsən. Neçə vaxtdı görüşmək istəyən kimi bəhanələr gətirirsən. Bəlkə daha mənimlə görüşmək istəmirsən?”

“Yox, elə deyil,  sadəcə alınmır.”

”İstəsən alınar. Axır aylar məndən soyumağa başlamısan, demək məni istəmirsən.”

“Bunu hardan çıxardın?!”

“Düzünü de, bəlkə başqasını sevməyə başlamısan? Əgər başqasını sevirsənsə, gizlətmə”

“Gizlətmirəm, yalnız səni sevirəm.”

“Yola verirsən məni? Sevirsənsə niyə mənimlə görüşməyə vaxt tapmırsan?”

(pauza)

“Yayda deyirdin ki, payızda sizə elçi göndərəcəyəm, nişanlanacayıq. Payız da gəldi keçdi. Nişanlanma nədi,üzünə də həsrət qalmışam.”

“Bilirsən, ortaya bir az problemlər çıxıb, ona görə...”

“Nədir, hansı problemdir? Xeyr, sən ya daha məni istəmirsən, ya da sənə nəsə olub. Nə olub, nə baş verib?”

(pauza)

“Mən səni neçə illərdi tanıyıram. Bilirəm ki, sənə nəsə olub. Gizlədirsən məndən. Gizlətmə, düzünü de.”

“Heç nə...”

“Gec-tez gizli qalan deyil. Bir gün özün etiraf edəcəksən. Evdə, işdə bir  problem var?”

“Yox, heç bir problem yoxdur”

“Onda sağlamlığınla bağlı nəsə var, demirsən, gizlədirsən, ona görə mənimlə görüşmək istəmirsən.”

(pauza)

“Xəstəsən?”

“Hələ ki, yox...”

“Amma, ehtimal var, eləmi?”

(pauza)

“Deməli, hələ gec deyil, qarşısın almaq olar. De, heç kimə deməyəcəyəm, heç kim bilməyəcək, arxayın ol. Günahın varsa, onu da bağışlayaram.”

(pauza)

“De. Dərdini azaltmaqçün nə lazımdırsa, edərəm. Qanımdan başlamış böyrəyimədək nə gərəkdisə verərəm...”

“Təəssüf ki, heç biri gərək deyil, hamısı hələ ki, qaydasındadır...”

“Bəs təhlükəli olan nədir? Nədir olmayan, çatışmayan?”

“İmmun çatışmazlığı...”

“Nə danışırsan, dəlisən, bunu hardan çıxardın, kim dedi, nədən bildin?”

“Ötən ay qan verəndə aşkar olundu.”

“Bu necə ola bilər, hardan yoluxdun? Olmaya ağlını itirib virus daşıyısı ilə əlaqədə olmusan?Ya narkotikdən istifadə etmisən. Dəhşət...”

“Yox, elə bir şey olmayıb”

“De, yüngülləş, nə etmisənsə, al boynuna günahını...”

“Sənin canına, öz canıma and içirəm ki, düşündüyün kimi deyil.”

“Bəs necədi, hardan ilişdin bu zibilə?”

“Pinti bir bərbərim var, bir lezvayla üç adamın üzünü qırxır. Güman edirəm ki, ordan yoluxmuşam.”

“At bərbərin boynuna. Nə isə... İndi necə olacaq?”

“Necəsi odu ki, gəl yollarımızı ayıraq... Sən öz həyatını yaşa, mənə görə ömrünü məhv etmə.”

“Elə şey yoxdur, sən dedin, mən də razılaşdım...”

(bir xeyli pauza yaranır)

“İnternetdə o xəstəliyi axtarıb tapdım, elə də dəhşətli deyil. HIV başlanğıcdır, müalicəsi olmasa QİÇS-ə çevrilə bilər. Hətta sağalmaq da mümkündür.”

“İnanırsan ki, sağalaram?”

“Əlbəttə, əsas odu ki, müalicəsi ləngiməsin, təcili müalicəyə başlamalısan.”

“Bilrsən, o yazılanları mən də oxumuşam. Amma bu çox çətin bir işdi. Onun uğurla sonuclanmasına hər kəsin gücü çatmır.”

“Sənin çatacaq, mən sənə kömək edəcəyəm. Sən mənə inansan, mənə sevdiyini sübut etsən nail olacaqsan, alınacaq...”

(pauza)

“Biz ailə də qura bilərik. Qanunda bu halda qadağa yoxdur.”

“Heyrətlənirəm. İnanmazdım ki, sən belə düşünərsən. Sevinirəm ki, səni sevməkdə səhv etməmişəm. Sən həqiqətən sevilməli qızsan. Sən mənim immun məlhəmimsən. Gəl görüşək, yoruldum bu ismarışlardan, gözlərinə baxmaq istəyirəm.”

“Elə indi?”

“Hə, indi. Ötən dəfəki yerdə səbirsizliklə gözləyirəm...”

“Gəlirəmm..”

“Tez gəl, OK!.. ”

11.2017


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)