Edebiyyat.az » Proza » Frans Kafka - Hökm (tərcümə: Mahir N.Qarayev)

Frans Kafka - Hökm (tərcümə: Mahir N.Qarayev)

Frans Kafka - Hökm (tərcümə: Mahir N.Qarayev)
Proza
admin
Müəllif:
22:01, 02 iyul 2024
376
0
Frans Kafka - Hökm (tərcümə: Mahir N.Qarayev)



"3 iyul – Avstriya yazıçısısı Frans Kafkanın (1883 – 1924) doğum günüdür"



 Bazar günü, gözəl bir yaz səhəri idi.

Gənc tacir Georq Bendeman çay kənarındakı yastı damlı balaca evin alt qatında, öz kabinetində oturmuşdu; bir-birindən yalnız rəngi və hündürlüyü ilə seçilən belə evlər sahil boyunca sıralanıb gedirdi. O, xaricdə yaşayan dostuna təzəcə yazıb tamamladığı məktubu tələsmədən zərfə qoydu, sonra masaya dirsəklənib pəncərədən çaya, çay üzərindəki körpüyə və qarşı sahildə yaşıllaşmağa başlayan yastı təpələrə göz gəzdirdi.

Doğma yurdda işlərinin düz gətirmədiyindən təngə gəlib, bir neçə il öncə Rusiyaya yollanan bu dost Georqu əməlli-başlı düşündürməyə başladı. İndi o, Peterburqda qərar tutmuşdu və ilk zamanlar babat gedən ticarət işləri deyəsən son illər hey xarabalaşırdı, çünki hər gəlişində yazıq daha çox gileylənirdi; elə gəlişlərinin sayı da getdikcə seyrəlirdi və bu minvalla qürbətdə elə də xeyir görmədən boşuna əlləşib-vuruşur, olmazın zülmünü çəkirdi. Ciddi xəstəlik əlaməti kimi hələ uşaqlıqdan tanış çöhrəsinə yayılmış sarılıqsa yad yerin əyani nişanəsi olan cod saqqala zərrəcə məhəl qoymadan öz köhnə ağalığında idi. Dostun sözündən belə çıxırdı ki, nə orda yaşayan həmyerliləri ilə dil tapıb münasibət qura bilmişdi, nə də yerli rus ailələrinə yol tapmışdı: eləcə yalqız subay həyatı sürürdü.

Gözü baxa-baxa gedib aşkarca dalana dirənmiş belə bir allah bəndəsinə indi axı nə yazasan? Beləsinin halına acımaq mümkün olsa da, kömək eləmək müşkül məsələdir. Bəlkə ona evə qayıtmağı, öz mövcudluğunu əvvəlkitək elə vətəndə davam etdirməyi, köhnə münasibətləri təzədən sahmana salmağı, – buna ki mane olan yoxdur, – qalan işlərdə isə dostların köməyinə bel bağlamağı məsləhət görəsən? Ancaq bu açıq-aşkar ona işarədir ki, bəs sənin indiyəcən əlləşib-vuruşmağından heç bir nəticə hasil olmayıb, heç bir işdə əlin gətirməyib, indi də gərək iş-gücünü buraxıb biryolluq evə qayıdasan; evdə isə əlbət hamı ona barmaq tuşlayıb “fərsiz” deyəcəkdi. Yaxud bu o demək idi ki, sənin dağa-daşa düşməyən, başını aşağı salıb sakitcə öz işini görən dostlarının hamısı işgüzar oğullardı, sənsə bığlı-saqqallı bir uşaqsan və indən belə gərək hər işdə onlardan məsləhət alasan. Özü də bu sözləri nə qədər yumşaq desən, ona bir elə bərk toxunacaqdı. Həm də axı öz məsləhətlərinlə yazığa nahaq əziyyət vermədiyini hardan biləsən? Bəlkə geri qayıtması üçün heç onu dilə tutmaq, saqqızını oğurlamaq mümkün olmadı; axı, yerli şəraitdən yadırğadığını özü dəfələrlə dilə gətirmişdi. Belədə, çox ehtimal ki, qürbətdə qalmağa üstünlük verəcəkdi, xahiş-minnətlər isə zəhləsini töküb axırda onu köhnə dostlardan daha da uzaqlaşdırmazdımı? Lap canını dişinə tutub məsləhətlərə qulaq assa belə, yenə fərqi yoxdur – adamlara görə olmasa da, ən azı şəraitin taxsırı ucbatından burda özünü həmişə alçaldılmış sanacaqdı. Hərgah köhnə dostlarla dil tapmasa – onda heç cür dirçələ bilməyəcək və ortalıqda avara-sərgərdan qalacaqdı; yox əgər düşdüyü xəcil vəziyyətdən utansa və hiss etsə ki, həqiqətən daha nə vətəni var, nə dostları – belədə gün-güzəranı lap nə qədər ağır keçsə də, salamatı elə qürbətdə yaşamaq deyildimi? Belə bir durumda bəyəm güman etmək olardımı ki, o burda öz işlərini yoluna qoya biləcək?

Özün haqqında hər hansı tanışa rahatca söyləyə biləcəyin bu düşüncələri, hərgah yazışmanı indən sonra da davam etdirəsi olsan, dosta bildirmək heç lazım da deyildi. O artıq üç ildən çoxdu vətəndə olmurdu və əsla inandırıcı görünməsə də, burasını belə izah edirdi ki, bəs guya Rusiyada siyasi vəziyyət çox qarışıqdır, xırda ticarət adamı ən qısa müddətə də yayına bilməz, gərək həmişə işin içində olasan. Fəqət yüz minlərlə rus nədənsə bunu vecinə almadan dünyanın bu başından vurub o başından çıxırdı. Elə Georqun həyatında ciddi dəyişikliklər də məhz son üç ilin ərzində baş vermişdi: iki il qabaq anası dünyadan köçmüş, ev işlərinə nəzarət Georqla qoca atanın öhdəsinə düşmüşdü.

Düzdür, anasının vəfatından dostun xəbəri vardı, amma görünür qürbətdə belə itkinin ağrısını bütün incəliklərinəcən duymağın mümkün olmaması səbəbindən o yalnız quru bir başsağlığı ilə kifayətlənmişdi.

Anasının ölümündən sonra Georq digər işlərlə yanaşı, ticarət işlərinə də xüsusi həvəslə girişmişdi. Bəlkə o sadə səbəbdən ki, anasının sağlığında ona əl-qol açmağa bir elə imkan verməyən, işdə yalnız öz şəxsi nüfuzuna güvənən atası həmin hadisədən sonra yenə çalışmağına davam eləsə də, fəallığını xeyli itirmişdi. Ya bəlkə o səbəbdən ki, – əslinə qalsa, bu ehtimal daha inandırıcı idi, – burda əsas rolu uğurlu bir şərait oynamışdı. Hər necə olsa, Bendemanın firması bu iki ilin ərzində gözlənilmədən xeyli dirçəlmişdi: ümumi ticarət dövriyyəsi beş dəfə artmış və daha da artacağı göz qabağında idi; hətta qulluqçuların sayını da ikiqat çoxaltmaq lazım gəlmişdi.

Ancaq dost bütün bu dəyişikliklərdən xəbərsiz idi və öz məktublarında – sonuncu dəfə, deyəsən, başsağlığı məktubunda – Georqu hər vasitə ilə dilə tutmağa çalışırdı ki, bəs köçüb Rusiyaya gəlsin; perspektivlər barədə tam təfsilatı ilə açıqlama verən dostun qəti fikrincə, Peterburq elə məhz Georqun ticarət işləri üçün yaranmışdı. Onun dəlil-sübut kimi gətirdiyi rəqəmlər Georqun ticarət işində əldə etdiyi göstəricilərlə müqayisədə xeyli cılız görünsə də, Georq bu haqda dostuna bildirmək istəmirdi; hərgah öz uğurlarını indi, necə deyərlər, dünənki tarixlə bildirəsi olsaydı, bu həqiqətən əcaib təəssürat doğurardı.

Elə bu səbəbdən Georq dosta əhəmiyyətsiz şeylərdən – o şeylərdən ki, bazar günləri boş-bekar oturub ağlına korluq vermədən düşünürsən – yazmaqla kifayətlənirdi və bu zaman tək bir şeyə çalışırdı: uzun müddət qürbətdə yaşayan dostun şəhər barədəki məlum təsəvvürlərini dolaşdırmasın. Və az qala, buna nail olmuşdu da: uzun fasilələrlə yazdığı üç məktubda heç birinə dəxli olmayan bir kişiylə bir qızın nikahından söz açaraq, axırda deyəsən dostu əməlli-başlı maraqlandırmışdı, halbuki öncədən belə bir niyyəti yox idi.

Bu sayaq bivec hadisələrdən bəhs etmək, hər halda, özünün bir ay öncə varlı-hallı bir ailənin qızıyla – freyleyn Frida Brandenfeldlə nişanlandığını xəbər verməkdən daha münasib idi. Dostu barəsində nişanlısıyla aralarında tez-tez söhbətləri olurdu və Georq yazışmalarında yer alan xüsusi mövqeyi vaxtaşırı qıza da söyləməkdən çəkinmirdi.

– Demək o bizim toyumuzda iştirak etməyəcək? – qız soruşurdu. – Hərçənd ki, bütün dostlarınla tanış olmağı səndən tələb etməyə ixtiyarım çatır.

– Mən onu narahat etmək istəmirəm, – Georq cavabında deyirdi. – Çalış məni düzgün başa düşəsən: gəlməyinə gələr, hər halda, mən belə güman edirəm. Amma gəlib işi belə görəndə əməlli-başlı sarsılacaq, xəcalətdən özünə yer tapmayacaq, hələ bəlkə mənə paxıllığı da tutdu. Özü də tək-tənha təzədən qürbətə qayıtdığına görə hamıdan narazı ayrılacaq. Tək-tənha – sən bunun nə demək olduğunu dərk edirsən?

– Yaxşı, bəs bizim toyumuz barədə bəyəm o, kənardan eşidə bilməz?

– Kənardan eşitməyinə mən əlbəttə mane ola bilmərəm, amma o kökdə ki o yaşayır, buna da ümid azdır.

– Bir halda ki, dostların belədir, onda sən gərək heç evlənməyəydin, Georq.

– Bu işdə hər ikimiz gühankarıq. Ancaq mən buna qəti təəssüflənmirəm.

Və qız onun öpüşləri altında kəsik-kəsik pıçıldayırdı:

– Hər necə olsa, bu mənə toxunur. 

Georq düşündü ki, bütün bunları dosta yazıb bildirməkdə həqiqətən də elə bir qorxulu şey yoxdu. «Dostluğumuz naminə daha özümü dəyişdirə bilmərəm ki – necə varamsa, qoy məni o cür də qəbul eləsin».

Və bu səhər yazdığı uzun məktubda nişanlanması barədə xəbəri həqiqətən dosta bildirmək qərarına gəldi: «Ən ürəkaçan yeniliyi özüm bilərəkdən axıra saxlamışam. Məlumun olsun ki, mən imkanlı bir ailədən olan freyleyn Frida Brandenfeldlə adaxlanmışam. Sən tanımazsan, onlar bizim şəhərə sən gedəndən bir neçə il sonra gəliblər. İmkan düşəndə nişanlım barəsində sənə ətraflı yazaram, indilik bunu deməklə kifayətlənirəm ki, mən çox xoşbəxtəm və səninlə aramızdakı münasibətdə yalnız bircə şey dəyişib – bayaqdan sənin sadəcə olaraq dostun vardı, indi isə bəxtəvər dostun var. Üstəlik nişanlımın simasında sən özünə əsl sirdaş tapmış olacaqsan: subay adam üçün bu heç də az qazanc deyil. Yaxın günlərdə o özü sənə məktub yazacaq, hələliksə səmimi salamlarını göndərir. Bilirəm ki, ümumi vəziyyət sənin ordan çıxmağını əngəlləyir, amma bəyəm mənim toyum yetərincə tutarlı əsas deyilmi ki, sən heç bir maneəni, heç bir çətinliyi vecinə almayasan? Nə olur-olsun, yalnız öz ürəyinin səsinə qulaq as və düşündüyün kimi hərəkət elə».


Pəncərədən bayıra baxa-baxa, məktubu əlində oynada-oynada Georq yazı masasının arxasında xeylaq oturdu. Küçədən keçən bir tanışın salamına başdansovdu təbəssümlə cavab qaytarıb, nəhayət ki, zərfi cibinə qoydu və atasının yataq otağının qarşısındakı balaca dəhlizdən adlayıb içəri girdi; bu otağa bir neçə aydı ayaq basmamışdı. Əslində buna elə bir ehtiyac da yox idi, çünki ata-bala hər gün dükanda görüşür, restoranda eyni saatda nahar edirdilər. Axşamlar hərə öz şam yeməyinin qeydinə qalırdı, ancaq bundan sonra əgər Georq asudə vaxtını dostlarıyla, yaxud axır vaxtlar tez-tez görüşdüyü nişanlısıyla keçirmirdisə, onda adətləri üzrə yarım saatacan qonaq otağında birgə əyləşirdilər; bu zaman hərə öz əlindəki qəzetə qapılıb dinməzcə oxuyurdu.

Yataq otağının hətta belə günəşli bir gündə də bunca qaranlıq olması Georqu təşvişə saldı; dar həyətə baxan otağın önündəki hündür divar içərini əməlli-başlı zülmətə qərq etmişdi. Atası küncdə, məhəccərinə mərhum ananın xatirəsini andıran cürbəcür yadigar əşyalar yığılmış pəncərənin böyründə oturub qəzet oxuyurdu; gözləri zəiflədiyindən qəzeti görmə qabiliyyətinə uyğun məsafədə və bir qədər çəpəki tutmuşdu.

– Georq, – kişi dərhal qalxıb irəli yeridi; yeriyərkən yaxası açılan ağır xalatın ətəkləri yellənməyə başladı və Georq qeyei-ixtiyari düşündü: «Atam elə həminki pəhləvandır».

– Bura nə yaman qaranlıqdır...

– Hə, elədir, qaranlıqdır, – atası cavab verdi.

– Pəncərə də kip örtülü...

– Mənim belə xoşuma gəlir.

– Bayırda hava yaxşıdır, – Georq sanki danışmaq xatirinə başladığı söhbətə davam edərək oturdu.

Atası qab-qacağı mizin üstündən yığışdırıb, yeşiyin üstünə yığmağa başladı. Georq onun hərəkətlərinə candərdi nəzər salıb, sözünün ardını gətirdi:

– Gəldim sənə deyəm ki, nişanlanmaq xəbərini mən bu gün Peterburqa yazası oldum.

Az qala zərfi cibindən çıxardacaqdı, amma nə düşündüsə, əlini geri çəkdi.

– Peterburqa? – atası təəccüblə soruşdu.

– Öz dostuma, – Georq atasının gözlərinə baxmağa çalışdı və düşündü ki, «dükanda kişi tamam başqa adam olur, burda isə kresloya yayxanıb, əlini də sinəsinin üstündə çarpazlayaraq gör nə arxayın əyləşib».

– Hə, öz dostuna, – atası xüsusi ahənglə vurğuladı.

– Bilirsən ata, mən bu evlənmək məsələsini yalnız onun xətrinə məxfi saxlayıb, heç nə yazmaq istəmirdim; ayrı səbəb yoxdu. Çox çətin adamdı o, özün yaxşı bilirsən. Fikirləşmişdim ki, toy barədə biləcəksə, qoy bunu kənardan eşidib bilsin – daha burası mənlik deyil; kimdən istəyir eşitsin, təki məndən eşitməsin. Amma o elə qapalı həyat sürür ki, heç kənardan eşidəcəyinə də inanmağım gəlmir.

– İndi isə fikrini dəyişmisən, eləmi? – atası əlindəki qəzeti məhəccərin, gözündəki eynəyi də ehmalca çıxarıb qəzetin üstünə qoydu.

– Hə, indi fikrimi dəyişmişəm. Əgər o yaxşı dostdursa, mənim xoşbəxtliyim elə onun da xoşbəxtliyi olmalıdır. Buna görə tərəddüdə son qoydum, qərara aldım ki, hər şeyi olduğutək ona yazım. Amma hələ məktubu yola salmamışam, istədim sənin də fikrini biləm.

– Qulaq as, Georq! – atası qımışıb dişsiz ağzını açdı. – Yanıma məsləhətə gəlmisən, çox əcəb. Amma düz danışmasan, mənə doğrusunu söyləməsən, bunun bir tikə də xeyri olmayacaq. Məsələyə dəxli olmayan şeyləri qoyuram bir qırağa. İndi yeri deyil. Bizim mehriban anamız rəhmətə gedəndən sonra nəsə xoşagəlməz işlər baş verir. Yəqin onların da vaxtı çatacaq, bəlkə biz düşündüyümüzdən də tez çatacaq. Bizim ticarət müəssisəmizdə məndən xəbərsiz nəsə yox olub gedir; ola bilsin, məndən heç nəyi gizlədib-eləmirlər. Bu saat heç düşünmək də istəmirəm ki, məndən nəsə gizlədirlər, amma artıq əvvəlki adam deyiləm; yaddaşım zəifləyib, hər şeyə göz yetirə bilmirəm. Bir yandan bu, bir yandan da əziz anamızın itkisi mənə səndən daha bərk təsir edir. Amma bir halda ki söhbət sənin məktubundan gedir, onda xahiş edirəm, düzünü deyəsən, məni aldatmayasan, Georq. Bu ki xırda məsələdir, belə baxanda, bir çürük qoza da dəyməz. Düzünü de görüm, doğrudanmı sənin Peterburqda dostun var?

Georq həyəcanla yerindən sıçradı.

– Cəhənnəm olsun mənim dostlarım! Min dost ola, bir atanı əvəz edə bilməz! Bilirsən məni narahat edən nədi? Sən özünə qətiyyən fikir vermirsən. Axı hər yaşın öz hökmü var. Kim də bilməsə, özün çox yaxşı bilirsən ki, bizim işimizdə sənsiz mən heç nəyəm; sən olmasan batıb gedərəm, ancaq əgər bu iş sənin səhhətinə, sağlamlığına ziyandısa, günü sabah mən o dükanı bağlayaram, gedər işinin dalınca. Belə yaramaz axı! Sən öz yaşayış tərzini hökmən dəyişməlisən. Özü də qəti şəkildə. Qonaq otağı gün işığından çıraq kimi alışıb yanır, sənsə gəlib bu zülmətin içində oturmusan. Yaxşıca yeyib möhkəmlənmək əvəzinə sən heç səhər yeməyinə əl də vurmamısan. Yatanda pəncərəni kip örtüb yatırsan, amma heç bilirsən havanın sənə necə xeyri var? Yox, ata! Mən həkim çağıracam, nə məsləhət görsə, elə də edəcəyik. Yataq otağımızı da dəyişərik: sən küçəyə baxan otağa köçərsən, mənsə bura. Bütün şey-şüyünü də yanına daşıyarıq, arxayın ol, heç bir dəyişiklik-filan hiss etməyəcəksən. Amma bu hələ sonranın işidir, indi isə uzan yatağına, sənə dinclik lazımdır. Soyun, soyun gir yerinə, qoy mən də kömək edim: narahat olma, əlimdən gəlir. Bəlkə elə indi köçəsən? Pis olmaz, hələlik elə mənim çarpayımda yatarsan.

Georq atasına lap yaxın gəldi; başı sinəsinə əyilən qocanın ağ pırpız saçları dağınıq və səliqəsiz idi.

– Georq, – atası başını dikəltmədən güclə eşidiləcək səslə pəsdən dilləndi və Georq cəld irəli yeriyib, onun önündə diz çökdü; kişinin üzü yorğun idi, əcaib tərzdə bərəlmiş gözlərini Georqun sifətinə dikib durmuşdu. – Sənin Peterburqda heç bir dostun yoxdur. Sən elə həmişə zarafatcıl olmusan, yəqin indi də dolamağa adam tapmırsan deyə, özünü saxlayammayıb mənimlə məzələnirsən. Axı Peterburqda sənin dostun hardandı! Mən buna dünyasında inanmaram.

– Bir yadına sal, ata, – Georq atasını ehmalca kreslodan qaldırıb, qarşısında köməksiz və acizanə tərzdə dayanmış kişinin xalatını soyundurmağa başladı. – O bizim evdə axırıncı dəfə üç il qabaq olub. Sənin ondan zəhlən gedirdi, yadına düşür? Azından iki dəfə o mənim otağımda otura-otura məcbur olmuşdum sənə deyəm ki, çıxıb gedib, burda yoxdu. Bilirdim ondan niyə acığın gəlir, çünki dostumun həqiqətən qəribəlikləri vardı. Ancaq sən hərdən onunla danışırdın, hətta söhbətiniz tuturdu da. Sən onu dinləyib nəsə soruşanda, onunla razılaşanda mən elə öyünürdüm ki! Bir az fikirləşsən, yadına düşər. Hələ bir dəfə rus inqilabı barədə ağlasığmaz şeylər də söyləmişdi: guya Kiyevdə izdiham vaxtı bir keşiş eyvana çıxıb camaatın gözü qabağında əlinin içinə yekə bir xaç çərtmişdi, sonra da qanı axa-axa əlini yuxarı qaldırıb izdihama müraciət eləmişdi. Sən ki o vaxt bunu kimə gəldi danışırdın, olmaya yadından çıxıb?

Georq danışa-danışa atasını kresloya oturdub corablarını, tumanını soyundurmağa başladı. Alt paltarın vaxtaşırı dəyişilməsinə nəzarət, əlbəttə ki, Georqun vəzifəsi idi; ona görə kişinin tumanını çirkli görəndə ürəyində özünü yamanladı. Gələcəkdə qocanı harda yerləşdirəcəkləri barədə nişanlısı ilə hələ dəqiq bir qərara gəlməsələr də, aydındır ki, onu bir müddət elə öz köhnə yerində saxlamaq fikrindəydilər. İndi isə Georq bu fikirdən qəti daşındı və qərara gəldi ki, kişini götürüb nişanlısı ilə gələcəkdə yaşayacaqları mənzilə aparsın. Dərindən düşünəndə, belə çıxırdı ki, atası barədə onun indən sonra üçün nəzərdə tutduğu qayğılar hamısı artıq geridə qalıb.

Və Georq kişini qucağına alıb yatağa apardı. Birdən hiss edəndə ki, sinəsinə sığınmış atası onun boynundakı saatın zənciri ilə oynayır – içindən qəfil qorxu keçdi. Atası zəncirdən bərk-bərk yapışdığı üçün Georq onu dərhal yatağa uzada bilmədi. Ancaq yerinə girən kimi kişi sanki özünə gəldi və yenə dönüb bayaqkı adam oldu; yorğana bərk-bərk bürünüb onu düz çənəsinəcən çəkdi, hətta Georqa mehriban bir nəzər də saldı. Georq atasını daha da ürəkləndirmək üçün başını razılıqla tərpədib soruşdu:

– Düzdürmü, o sənin yadına düşdü?

– Üstümü yaxşı basdırmısan? – atası elə bir maraqla xəbər aldı ki, elə bil ayaqlarının örtülüb-örtülmədiyini hiss eləmirdi. Georq da onun üstünü basdıra-basdıra:

– Yerindən razısanmı? – dedi.

– Sən məni yaxşı basdırmısan? – atası bir də soruşdu; sanki cavabın ondan ötrü böyük mənası vardı.

– Rahat uzan, ata, lap yaxşı basdırmışam...

– Yox! – söz Georqun ağzından çıxar-çıxmaz kişi bağırdı və var gücü ilə yorğanı kənara atıb yerindən mil qalxdı; bir əlini pərvazdan tutub elə çarpayının üstündəcə durdu. – Oğula bax! Bilirəm, sən məni ömürlük basdırmaq istəyirsən, amma hələ basdıra bilməmisən. Gücüm nə qədər azalsa da, arxayın ol ki, sənə yetər, özü də artıqlamasıyla! Hə, tanıyıram sənin o dostunu, özü də çox yaxşı tanıyıram. Elə bir oğul mənim ürəyimdən olardı. Ona görə sən neçə vaxtdı yazığa yalan satırsan, yalnız ona görə! Elə bilirsən mən onun halına ağlamamışam? Bəs ona görə kontorun qapısını daldan bağlayırsan ki, rahatca oturub Rusiyaya riyakar məktublar yazasan! Şef məşğuldur, içəri girmək olmaz! Ancaq xoşbəxtlikdən ata öz balasının nə ilə nəfəs aldığını da ovcunun içi kimi bilir, bunu ona öyrətməyə lüzum yoxdur. İndi də elə fikirləşirsən ki, daha atanı öz altında əzmisən, istəsən lap çıxıb üstündə də oturarsan, heç səni təpikləməz də! Bəs buna görə mənim istəkli oğlum evlənmək eşqinə düşüb!

Georq atasına dəhşət içində baxırdı, olmazın dəhşət içində. Kişinin qəfildən çox yaxşı xatırladığı peterburqlu dostun siması xəyalında bütün aydınlığı ilə canlandı və Georq onu uzaq Rusiyada səfil-sərgərdan kökdə, hansısa qarət olunmuş bomboş dükanın qapısı ağzında gördü: budur, o sındırılmış rəflərin, altı üstünə çevrilmiş malların, qırılıb-qoparılmış armaturların arasında durub. Axı, o niyə bu qədər uzağa getmişdi!

– Mənə yaxşı-yaxşı bax! – atası elə çığırdı ki, Georq az qala öz iradəsindən asılı olmayaraq çarpayıya tərəf yüyürdü, amma yarıyolda qəfildən ayaq saxladı. – Nişanlın tumanını qaldırıb, – kişi alt köynəyini hirslə yuxarı çəkdi ki, bunu lap yaxşı göstərsin; o qədər yuxarı çəkdi ki, davadan yadigar kimi belində gəzdirdiyi çapıq da görsəndi, – sənin o ləçərin tumanını qaldırıb, bax bu cür yuxarı qaldırıb, sən də baxıb hayıl-mayıl olmusan. Öz çirkin ehtirasını doyurmaqda sənə heç nə mane olmasın deyə, ananın xatirəsini murdarlamısan, öz dostunu satmısan. İndi də atanı yatağa soxub üstünü basdırırsan ki, uzanıb cınqırını çıxartmasın! Necədir, cınqırı çıxır, yoxsa çıxmır? Tərpənir, ya tərpənmir?

Və kişi əlini pərvazdan qoparıb çarpayıda atılıb-düşməyə, ayaqlarını oynatmağa başladı. Öz fərasətindən çox məmnun idi, Georq isə otağın lap küncünə, atasından mümkün yerəcən uzağa qaçıb qısılmışdı. Atasının hərəkətlərinə o hələ bayaqdan diqqət kəsilmişdi, sanki qorxurdu kişi arxadanmı, yuxarıdanmı – hardansa qəfildən üstünə cumar. Artıq unutmuş olduğu qərarı indi təzədən xatırladı və sap qırığını iynənin gözündən çəkib çıxaran təki tez də onu yadından çıxartdı.

– Ancaq dost satılmayıb! – atası çığırdı və öz sözünün təsdiqi kimi şəhadət barmağını silkələməyə başladı. – Burda, bu şəhərdə mən onun müdafiəçisi olmuşam!

– Hoqqabaz!

Georq özünü saxlaya bilmədi, dərhal da buna peşman oldu. Amma daha gec idi; acığından dilini elə dişlədi ki, ağrıdan gözləri kəlləsinə çıxdı.

– Əlbəttə, mən oyun oynamışam, mən hoqqa çıxartmışam! Hoqqa! Yaxşı sözdür! Dul qalmış bədbəxt ata başqa nə cür təsəlli tapsın? Ancaq olan-qalan bir tikə övlad vicdanınla mənə cavab ver görüm: öz naşükür qulluqçularından xəyanət görən mən qoca kaftarın bu qaranlıq daxmada nə ölümü var? Oğlum isə firavan yaşayırdı, mənim hazırladığım sazişlərə imza atıb kefindən yerə-göyə sığmır, hələ böyük bir adam kimi atasına təşəxxüs də satırdı! Elə bilirsən səni sevmək istəmirəm? Axı, səni mən yaratmışam!

«İndicə qabağa əyilib büküləcək, – Georq fikirləşdi, – kaş yıxılıb şil-küt olsun!» 

Georqun beynində dolaşan yalnız bu sözlərdi.

Atası bükülməyinə büküldü, amma yıxılmadı; sanki sınayırdı və Georqun ona tərəf qaçmadığını görüb belini dikəltdi.

– Durduğun yerdə də qaxıl dur! Sən mənə gərək deyilsən. Guya sənin yaxınlaşmağa gücün var, intəhası özün istəmirsən? Ağlın çaşmasın! Mən hələ ki səndən güclüyəm, qat-qat güclüyəm. Tək olsaydım, bəlkə güzəştə gedərdim; amma mən tək deyiləm, anan öz gücünü mənə verib gedib, sənin dostunla da biz çox yaxşı dil tapıb sövdələşmişik; sənin müştərilərin hamısı bax burda, mənim cibimdədir!

«Alt köynəyində durub cibişdandan dəm vurur» – Georq düşündü və ağlından keçirtdi ki, tək belə bir sözə görə atasını hamının gözü qabağında boğa bilər. Bu fikir onun beynindən bir anlığa keçdi, çünki elə həmin andaca hər şeyi unutdu.

– Gözəlçəni də qoltuğuna vurub burdan elə itilərsən ki, gözüm səni görməsin! Yoxsa onu səndən elə qopardaram, ölüncə yadından çıxmaz!

Georq uşaqtək inamsızlıqla ağzını qırışdırdı, atası isə onun dayandığı küncə tərəf başını yellədi: yəni ki, fikri tam ciddidir və əsla zarafat eləmir.

– Bura təşrif buyurmaqla, yanıma gəlib toy barəsində dostuna yazıb-yazmamağı soruşmaqla məni əcəb əyləndirdin. Ay axmaq, o hər şeyi bilir, hər şeyi çoxdan bilir! Ona hamısını yazmışam, heyf ki, kağız-qələmi gizlətmək yadından çıxıb. Buna görə dostun neçə ildi gəlib-eləmir, sənin məktublarını da heç açıb baxmadan zibil yeşiyinə atır, bildin? Mənimkiləri isə oxuyur, dönə-dönə oxuyur, hər şeyi də səndən yüz dəfə yaxşı bilir!

Kişi elə ruhlanmışdı, elə həvəslənmişdi ki, indi əlinin hər ikisini qaldırıb başı üzərində yellədirdi.

– Hər şeyi səndən min dəfə yaxşı bilir! – o qışqırdı.

– On min dəfə! – Georq sanki atasını yamsılamaq istədi, amma sözləri son dərəcə ciddi səsləndi.

– Nə vaxtdı səbrimi basıb gözləyirəm ki, gəlib bu məsələni məndən soruşacaq! Elə bilirsən başqa məşğuliyyətim vardı? Elə bilirsən qəzet oxuyuram? Al! – atası Georqun ömründə görmədiyi, heç adını da bilmədiyi və indi hansı yollasa yataqda peyda olan köhnə bir qəzeti ona tərəf vızıldatdı. – Sənin qərara gəlməyin nə uzun çəkdi belə! Anan bu cür oğuldan canını yaxşı qurtardı, üzüsulu köçüb getdi; dostun Rusiyada can verir, o yazıq hələ üç il qabaq elə saralmışdı ki, lap o dünyalıq idi, mən də... özün görürsən nə kökdəyəm... kor deyilsən!

– Demək belə çıxır ki, sən mənim arxamda casusluqla məşğul olmusan!

Georqun ucadan söylədiyi bu sözlərin müqabilində atası təəssüflə, sanki özüylə danışırmış kimi astadan pıçıldadı:

– Yəqin, sən bunu qabaqca demək istəyirdin; indi bunlar daha heç nəyə yaramır.

Sonra yenə səsini qaldırdı:

– Beləliklə, artıq sənə bəlli oldu ki, özbaşına hərəkət edən tək sən deyilsən, ancaq indiyəcən sənin yalnız özündən xəbərin olub! Belə baxanda, guya sən günahsız bir tifilsən, əslində isə iblissən, xalis iblis! Ona görə də qulaqlarını aç, məni yaxşı-yaxşı eşit: mən sənə ölüm hökmü kəsirəm – sən suda boğulmalısan!

Georq hansısa məchul bir qüvvənin onu otaqdan qovduğunu hiss etdi; qulaqlarında qəfildən yatağa yıxılan qoca atanın guppultusu – o, pilləkənlə üzüaşağı elə qaçırdı, elə bil düz yolla yüyürürdü. Pilləkənin ətəyində yır-yığış üçün yuxarı qalxan qulluqçu arvadla toqquşdu; arvad döşlüyü ilə üzünü bürüyüb çığırdı:

– Ya İsa, özün kömək ol!

Amma bu vaxt Georq artıq gözdən itmişdi.

O, doqqazdan çıxıb küçəni keçdi və çaya tərəf götürüldü. Ac adam qaşıqdan yapışan kimi barmaqlıqdan bərk-bərk yarışıb ayaqlarını o üzə aşırdı; yeniyetməlik dövründə övladlarının yaxşı gimnast olmasıyla valideynləri əbəs yerə qürrələnmirdilər ki. 

Barmaqlıqdan asılı vəziyyətdə o, avtobusun nə vaxt gəlib keçəcəyini gözlədi; çaya atılarkən mühərrikin səsi onun şappıltısını eşidilməz etməliydi. Qolları getdikcə heydən düşürdü və beləcə, son gücünü toplayıb pıçıldadı: «Mənim əziz valideynlərim, hər necə olsa, mən sizi sevirdim». Və əllərini barmaqlıqdan üzdü.

Bu zaman körpünün üstündə gediş-gəliş canlanmişdi.


Çevirəni Mahir N.Qarayev




Tərcüməçidən.

1912-ci ilin 22-dən 23-nə keçən sentyabr gecəsi birnəfəsə – beşcə saata yazdığı bu novellanı Kafka özünün «alınmış» yeganə əsəri sayırdı.

Əsər şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan mərhum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burda Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi «şəhərli oğul» obrazını təcəssüm etdirir. 


Kafkanın «Gündəliklər»ində mövzuya dair yazıçının bir neçə qeydinə rast gəlirik:

Dost – Ata ilə Oğul arasında əlaqə, onların ümdə birliyidir. Pəncərə önündə tək-tənha əyləşib bu ümumi birlik barədə dərin düşüncələrə dalan Georq elə sanır ki, bəzi ötəri şeylər istisna olmaqla, bütün işlər öz qaydasındadır. Hadisələrin gedişatı göstərir ki, Ata məhz bu birlikdən, yəni Dostdan çıxış etməklə Georqa rəqib kimi yanaşır. Georqun isə heç nəyi yoxdur; nişanlısını da Ata çox asanlıqla səhnədən çıxarır. Nişanlı – hekayədə yalnız Dostla əlaqə xatirinə peyda olub; nə qədər ki toy baş tutmayıb o, Ata ilə Oğulun yaşadığı qanlı çevrəyə daxil ola bilməz.

«Georq» adında «Frans» adındakı qədər hərf var, «Bendeman» soyadındakı «man» isə hekayənin gizli imkanlarının üzə çıxması üçün qəbul edilmiş «Bende»nin gücləndirilməsi xatirinədir. «Bende»dəki hərflərin sayı «Kafka»dakı hərflərin sayı qədərdir, özü də «e» hərfınin «Bende»dəki yeri «a» hərfınin «Kafka»dakı yeri ilə eynidir.

«Frida» adında F.-nın adındakı qədər hərf var (F. – Kafkanın nişanlısı Felitsa Bauer nəzərdə tutulur; alman dilində «Frida» Frieda kimi, «Felitsa» isə Felice kimi yazılır). Baş hərflər də eynidir. Və nəhayət, «Brandenfeld» soyadı da B. (yəni, Bauer)  kimi eyni hərflə başlayır.

 










Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)