Edebiyyat.az » Proza » Fərid Muradzadə - Dağlara qar yağdı

Fərid Muradzadə - Dağlara qar yağdı

Fərid Muradzadə - Dağlara qar yağdı
Proza
admin
Müəllif:
03:06, 27 sentyabr 2024
497
0
Fərid Muradzadə - Dağlara qar yağdı



Dağlara qar yağdı bu gün, birinci qar, birinci qar. 

Hər bir tərəf ağdır bu gün ,

Birinci qar, birinci qar. 


Balaca qızım qar haqqındakı  bu şeiri “Google” da axtarış edib tapmışdı. Onu elə həvəslə oxuyurdu ki. Mən balaca, məsum, ağsifət, qara göz qızımın qara gözlərinin dərinliyində ağappaq qar təsəvvürü və qardan zövq alan uşaq sevinci görürdüm. Məlumdur ki,  son illər ekoloji tarazlığın pozulması, iqlim dəyişkənliyi nəticəsində fəsillər çox anomal keçir. İndi bu yetmiş beş yaşlı şəhərimizdə kibrit qutuları kimi üst-üstə düzülmüş mənzillərdə böyüyən uşaqların(elə böyüklərin də) qar arzuları bitib-tükənməz idi. Qızım artıq  əzbərlədiyi bu şeiri ucadan deyir və gözlərini bir nöqtəyə dikib baxırdı. Məchul nöqtədə balaca qızcığaz deyəsən əsrarəngiz qarlı bir dünya qurmuşdu. Bəzən hər kəsə adi görünə biləcəklər kimlər üçünsə həyatlarının müəyyən vaxtında yaşadıqlarını yenidən göz önünə gətirir , xüsusən də qələm əhli olan insanlar daha çox fərqli yanaşma, fərqli düşüncə tərzinə malik olurlar. Indi bu qar şeiri məni düz otuz beş il əvvələ elə bu qar haqqında şeiri keçdiyimiz ikinci sinifdə oxuduğum o dağ kəndindəki məktəbimizə apardı. Biz dağlıq ərazidə yaşayırdıq. Qar mənzərəsi bizim təbiətin ən əsrarəngiz mənzərələrindən idi. Hər il payızın əvvəllərində dağlara qar yağardı. Biz sevinə-sevinə qartopu oynayar, qarın üstündə sürüşər, yıxılar, əzilər, üşüyər və bütün bunlardan zövq alardıq. O zamanlar həyat çox gözəl, mənalı, şirin və təbii idi. Texnikanın, internet texnologiyalarının inkişafı, süni intellekt və s indi insanların ülvi hisslərini əllərindən alıb və hissləri süniləşdirib. O vaxtlar isə hər şey təbii gözəlliyində, təbii axarında idi. 

Həmin il nədənsə qar bizim dağlara yağmağa "tələsməmişdi". Qocalar deyirdilər ki, bu yaxşı əlamət deyil. Biz isə əlamət-zad bilməzdik elə uşaq düşüncəsi ilə qarın nə zaman yağacağını həsrətlə gözləyərdik. Hətta hər səhər yuxudan ayılan kimi bəlkə gecə qar yağıb deyə pəncərənin önünə yüyürərdik. 

Hava soyuq idi. Deyirdilər ki qar havasıdır. Biz də həsrətlə bozarmış soyuq havaya baxır və düşünürdük ki , görəsən qar nə vaxt yağacaq. Qarla bağlı hərəmizin bir fikri vardı. Şər qarışmışdı. Hamı evinə çəkilmişdi. Kənddə lal bir sakitlik vardı. Mənim müəllim atam sabahkı dərs proqramını yazırdı. Biz isə dərslərimizi yenicə hazırlayıb qurtarmışdıq. Anam süfrəni hazırlayırdı. Qəfil qışqırıq səsi gəldi. Atam qələmi dəftərinin üstünə qoyub pəncərənin qarşısına yaxınlaşdı. Qırıq-qırıq qışqırıq səsi gəlirdi. Atam eyvana çıxdı. Biz də onun ardınca .İndi səsi daha aydın eşitmək olurdu. Kimsə zil səslə qışqırır, ermənilərin dəstə ilə kəndə tərəf  gəldiyini deyirdi. Bir dəqiqə içində kəndin kişiləri səfərbər oldular. Dəhrə , balta yaba və tək-tük ov tüfəngi ilə "silahlanmış"kənd əhli hücuma gələn düşməni qarşılamaq üçün əlverişli mövqe olan "Qala boynu"na tərəf getdilər. Yaşlıları, qadın və uşaqları isə kəndin çıxışındakı qaim-qala evlərə doldurdular. Mən heç vaxt kəndimizin adamlarını belə silahlanan görməmişdim. Primitiv silahlanmış bu adamların hər biri mənim gözümdə mənfur divləri yenən nağıl qəhrəmanları idilər. Və qəribə də olsa uşaq olmağıma baxmayaraq anidən bir atalar sözü düşdü yadıma"El bir olsa dağ oynadar yerindən"Bu gün bizim elimiz bir olmuşdu. 1918-ci ilin erməni vəhşiliyini görən yaşlılar tez-tez" allah, allah" deyir, dualar edirdilər. Biz isə baş verəcək toqquşmada silahlı igidlərimizi döyüşən şəkildə təsvir edir, filankəsin daha güclü olduğunu deyirdik. 

Təxminən qır-qırx beş dəqiqə sonra yenə kəndin gur səsli sakinlərindən biri o taydan qışqıraraq camaatı qorxmamağa çağırır, gələnlərin bizimkilərdən olduğunu söyləyirdi. Hamı rahat nəfəs almağa başlamışdı. Səhərdən səsi çıxmayan qız-gəlinlər indi dil boğaza qoymurdular. O gecə bizim kəndə Qərbi Azərbaycandan, öz ata-baba yurdundan qovulan bir neçə azərbaycanlı ailəsi pənah gətirmişdi. Onlardan bir böyük ailə də mənim ana babamgildə qaldılar. İnsanların üzündə dəhşətli əzab vardı. Təxminən yeddi-səkkiz gün ərzində qonaqlar kəndi tərk etdilər, lakin bir ailə müvəqqəti olaraq kənddə qaldı. Ailə başçısı Qafan şəhərindəki evini Bakıdakı bir erməni evi ilə dəyişməli imiş və bu proses gerçəkləşənə, ata özünə iş tapana qədər ailəsi bizim kənddə qalacaqdı. İki gün sonra sinifimizə Mehriban adlı bir qız gəldi. Bu qız erməni zülmündən qurtulub bizim kəndə pənah gətirmiş ailələrdən birinin daha doğrusu evlərini dəyişmək üçün Bakıya getmiş şəxsin qızı idi. O gün hamının diqqəti Mehribanda idi. Müəlliməmiz Mehribanı bizə təqdim etdi və bir müddət qızcığazın bizimlə birlikdə oxuyacağını  bildirdi. O, Mehribana xüsusi bir nəvaziş göstərir, onu ürəkləndirirdi. Müəllimiəmizin bu cür yanaşması əslində psixoloji köməklik idi. Bunu sonralar başa düşdüm. Mehriban çox kədərli və hürkək qız idi. Daim qüssəli olardı. Sinifimizin uşaqları onu başa düşə bilmirdilər. Bəzən qızcığaz ani bir səsdən, qəfil tappıltıdan hürkər, doluxsunar, bəzən də için-için ağlayardı. O möhkəm ağlamazdı. Elə bil düşməndən gizlənmək üçün daima səslərini qısdıqlarından onda belə bir vərdiş yaranmışdı ya da onun təbiəti belə idi, bilmirəm…  Havalar daha da soyumuşdu. 

Həftə sonu kəndimizə möhkəm qar yağdı. Hər yer ağappaq idi. Sıra dağlar, yalçın qayalar sanki ağ saçlı, ağ saqqalı nurani müdriklər idilər. Sinifimizdəki odun sobası gurhagurla yanırdı. Biz çoldə xeyli qartopu oynamışdıq deyə əllərimiz donmuşdu. İndi isti otaqdakı sobanın içində yanıb özlərini köz edən, az əvvəl adamın üzünə gülən yarmaçalar bizim donmuş vücudumuzu qızdırırdı. Bir anlıq odunlara yazığım gəldi… 

Zəng vuruldu. Yaraşıqlı müəlliməmiz içəri girdi. Onu çox istəyərdik. Şirin, məlahətli səsi ilə salam verib hamımızın kefini soruşdu. Partaların arası ilə gəzə-gəzə gəlib Mehribanın yanında dayandı. Zərif əlləri ilə qızın gur saçlarını sığallayıb mülayim səslə :

Bugünkü dərsimiz "Birinci qar" şeiridir və bu şeiri Mehriban oxuyacaq. Buyur, Mehriban dedi. 

Qız kitabı açıb bir neçə saniyə lal-dinməz vərəqlərə tamaşa edib elə yanğılı bir səslə oxumağa başladı ki, qar şeirini sevinclə gözləyən hamımımızın uşaq da olsaq içimiz keçdi. Mehriban elə bil ağı deyirdi. O həqiqətən də ağlayırdı. Məlumdur ki, insan ağlayanda da güləndə də sifət mimikası dəyişir. Mehribanın qalın, kömbə dodaqları irəliyə doğru əcaib şəkildə əyilmiş, ağzı eybəcər bir şəkil almışdı. Biz uşaq idik və onun sifət mimikası bizdə gülüş yaratmışdı. Müəllimımiz uşaqları tənbehləyib Mehribanı qucaqladı. Onun da gözləri dolmuşdu. Müharibəyə və onu başladanlara lənət olsun deyirdi bizim gözəl müəlliməmiz. Mehriban sanki anasına sığınmışdı. Tənəffüsdə ondan niyə qar haqqında yazılmış fərəhli bir şeiri ağlayaraq oxuduğunu soruşdum. Azacıq üzü güldü və sonra yenə də tutuldu. 

-Sən qəribə oğlansan. Uşaqların içərisində səndən başqa heç kim mənimlə maraqlanmadı. Yəqin insanları az da olsa başa düşürsən.  Bilirəm yaxşı oxuyansan. Deyirlər sən çox kitab oxuyursan, bəlkə də bu ondan irəli gəlir. Bilirsən, mən bu şeiri oxuyanda bizim dağlar gözümün önünə gəldi. Biz də sizin kimi bəxtəvər idik. Yeni ili, qarın yağmasını, tətilləri, oyunları, valideynlərimizi, əzizlənməyi çox sevərdik. İndi isə biz yerindən-yurdundan qovulmuş fağır bəndələrik. Heç atamız da yanımızda yoxdur. Mənim Sabir adlı bir sinif yoldaşım vardı. Ermənilər onu və bütün ailə üzvlərini öldürdülər. Biz həmişə bir oyanayardıq. Həmişə onunla birlikdə ilk qarı gözləyərdik. Amma bu dəfə Sabir qarı görmədi, heç mən də o dağlara yağan qarı görmədim...

Mən ata-anamın yanında, əmin-aman , rahat bir evdə yaşadığımdan utandım. Mehribanın mimikasına gülən uşaqlarla bir sinifdə oxuduğum üçün, ilk dəfə elə özümün də ani olaraq ona gülməyimdən xəcalət çəkdim. Elə bil Mehriban məndən qat-qat yaşda böyük idi. Dağlara qar yağdı o gün, amma o qar mənə həmişəki kimi sevinc gətirmədi. Mən o ağappaq qarın üstündə məsum Sabirin qırmızı qanını görürdüm. Mehriban gözümdə ucalmışdı. Beş-on gün sonra mən qızılca tutdum, məktəbə getmədim. Sağalıb dərsə gedəndə isə Mehriban sinifdə yox idi. Atası gəlib aparmışdı.  Həmin gün yenə də dağlara qar yağmışdı. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)