Edebiyyat.az » Proza » Sabir Etibarlı - Görəsən, mən şərəfsizəm?

Sabir Etibarlı - Görəsən, mən şərəfsizəm?

Sabir Etibarlı - Görəsən, mən şərəfsizəm?
Proza
admin
Müəllif:
22:49, 21 oktyabr 2024
29
0
Sabir Etibarlı - Görəsən, mən şərəfsizəm?




 Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri addımlamağa başladı. Daha sonra başını aşağı salıb  dayanacaqdan bir az uzaqlaşıb geri qayıtdı və bunu bir neçə dəfə təkrarladı. Mimikası oynayır, qolları iradəsinə tabe olmurdu. Başını qaldırdıqda ətrafdakıların maraqla: bəzilərinin alçaldıcı, bəzilərinin isə hətta qorxmuş baxışlarla ona baxdığını gördü. Yenə eyni şeyi etmişdi. Yenə özünü qəribə aparmışdı. Saatına təkrar baxdı, saat 21:39 idi. Öz-özünə deyinərək mırıldandı:

Cəmi 7 dəqiqəmi keçib? Lənət olsun.

Dayanacaqda gözləməyə səbrinin çatmayacağını anlayıb piyada evə doğru getməyə başladı. Yolda maşınlar sürətlə yanından keçirdi. Yol boyunca gedib-gələn adamların üzlərinə baxmağı sevərdi, əlbəttə ki, onları narahat etməyəcək şəkildə. Bir ümid, bir sevinc, bir sevgi işartısı görmək üçün yalvarırcasına baxardı. Amma bu dəfə də hər zamankı kimi hüzn, ağrı, çarəsizlik, dərd gördü. Heç tanımadığı, bir daha heç vaxt görməyəcəyi insanlardan səmimiyyət və qayğı gözləmək nə qədər də zavallı, acınası bir şeydir. 

Bir az sonra yarım işıqlandırılmış parkda, 15 dəqiqə sonra isə işıqsız bir küçədə idi. Təhlükəli görünən bu küçədə sanki kimsə onun adını çağırdı:

Murad, dayan.

Ətrafa baxdı, heç kim yox idi. Qorxmuşdu. Addımlarını sürətləndirsə, qorxduğu şeyin onu tutacağından narahatlıq keçirdi. Normal sürətlə yeriməyə davam etdi və heç nə baş vermədi. Sonrakı 15 dəqiqədə artıq evinə çatmışdı. Qapını anası açdı. Saxta təbəssümlə salamlaşdı, əl-üzünü yudu və əynini dəyişdi. İndi otağındakı - öz krallığındakı, stulunda – taxtının üstündə oturmuşdu. Taxtında rahat ola bilməyib yazı masasının üstünə əməllicə çökdü. Kimi, nəyi çəkəcəyini çox düşünmədi. Əlbəttə ki, Fidanı - ürəyindən keçirdi ki, sevgilisini çəkəcəkdi. Fidanın rus anasından aldığı zərif, xoşagələn sarı saçlarını, dolğun dodaqlarını, gözəl yanaqlarını, par-par parıldayan, həyat dolu gözlərini rəsm etdi. Mehriban, dostyana təbəssümünü də unutmadı. Ancaq olduqca təbii, öz-özlüyündən gələn nazını, işvəsini tam göstərə bilmədi. Sonrakı rəsmdə Fidanı çılpaq çəkməyi düşündü, amma tezliklə bu fikirdən daşındı. O, Fidandan şəhvani gözləntidə deyildi, yalnız sevgi, diqqət, şəfqət dilənirdi. Çılpaq bir rəsim yerinə, Fidanı balerina kimi çəkdi. Bu dəfə özünü də çəkməyi unutmadı. Fidan, Muradın əzələli qolları arasında sərçə qədər gücsüz, qu quşu kimi zərif, bir cəvahir qədər dəyərli görünürdü. Murad isə əsl həyatda olmasa belə, heç olmasa bu rəsmdə dağ qədər heybətli, bir qala kimi yıxılmaz dayanmışdı. Rəsmi çəkəndə qərar verdi. Sabah Murad Fidana etiraf edəcəkdi. Ona sevgisini, hər kəsdən sirr kimi saxladığı ən məhrəm hisslərini açıb deyəcəkdi.

***

Əziz gündəlik, mən şərəfsizəm? O - Fəttah məndən daha güclüdür. Bunu qəbul edirəm. Daha uzun, daha iridir, çox zəngindir. Fidanı o qədər güclü, o qədər sürətlə əlimdən aldı ki, heç nə edə bilmədim. Əslində sözün doğrusu budur ki, Fidan heç vaxt mənim olmayıb. Rəsmlərimdən güc alaraq ona sevgimi elan etdiyim günü çox yaxşı xatırlayıram. Gözləri o qədər böyümüş, ağzı təəccübdən o qədər açılmışdı ki, sanki birini öldürmüşdüm. Elə bil ki, qadağan olunmuş, çox təhlükəli, ya da ayıb bir şey etmişdim. İsrar etmək istədiyimi görəndə üzündə bir mərhəmət ifadəsi yarandı. Bu mərhəmət ifadəsi çox qısa bir andan sonra yerini ciddiyyətə və qəzəbə verdi. "Olmaz"lar, "yox"lar havada uçuşdu. Qəlbim... Qəlbim... Artıq yoxdur.

Amma... Görəsən, mən şərəfsizəm? Fidanı Fəttahla o qədər xoşbəxt göründə sevinirəm. Sevdiyimin xoşbəxtliyinə sevinir, sanki onun sevincini paylaşır, özüm də xoşbəxt oluram. Mən şərəfsizəm? Yəni, demək istəyirəm ki, bu, nə qədər doğrudur? Axı, qısqanmalı, əsəbiləşməli, onlardan nifrət etməli idim. Ancaq onlara qarşı bu hisslərin heç biri məndə yoxdur. Bundan utanıram. Amma başqaları kimi ola bilmərəm. Qadın cinayəti törədə bilmərəm. Ona necə qıyım? Gül qoxuluma, ipək saçlıma, iki gözümün nuruna necə qıyım? Bu dünyanı onun gözəlliyindən necə məhrum    edim?

Ondan da başqa, Fidan mənə gəlib dedi ki, Fəttahla danışıb və onun mənə zərər verməyəcəyindən əmin olub. Əlbəttə ki, onlardan qəti şəkildə uzaq durmağımı ciddi şəkildə tənbeh etməyi də unutmadı. Fəttahın mənim Fidanı sevdiyimi və ona sevgi elan etdiyimi eşidəndə hiddətlənib yeri-göyü titrətdiyini başqalarından eşitmişdim. Fidan ona nə dedi, bilmirəm, amma bu hadisədən sonra Fəttahla rastlaşsam da, o, mənə bu məsələ ilə bağlı heç nə demədi. Bu vacib deyil, vacib olan mənim də Fidan üçün vacib olmağımdır, ən azından bir dost kimi. Çünki mənim üçün narahat olub, mənim üçün nəsə etmək ehtiyacı hiss edib. Bu qədər sevgi mənə bəsdir.

Yaşa, sevdiyim. Sənə toxunmasam da, xoşbəxt olmağın mənə yetir. Amma yenə də fikirləşməyi dayandıra bilmirəm. Görəsən, mən şərəfsizəm?

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)