Fərid Muradzadə - Çıraq adam
Həyat intəhasız bir ümman, insan istiqaməti bilinməyən gəmi, savad, təhsil, ziya isə bu sonsuzluqda istiqamətini itirən insan üçün mayakdır. Bütün canlı işığa yön tutar. Qaranlıq qorxunc olsa da kiçik bir çıraq hər şeyi dəyişir və qorxunc qaranlıqda insana inamla irəliləməyə güc verir.
Həyatda elə insanlar var ki, onları ömrün boyu unuda bilmirsən. Bəzən qan bağlılığın olmayan, lakin ürəyinə, ruhuna yaxın olan bu insanlar cismən var olmasalar da xatirələri səninlə ölənə qədər yaşayır, yaxud da sən onları əməllərinə, ruh yaxınlığına görə ömrün başa çatana qədər ürəyində yaşadırsan. Bəzən xatirələrin üstünü illərin mübhəm tozu örtür, amma həqiqət yağışdan sonra parçalanmış buludların arasından boylanan bahar günəşi kimi insanı fərəhləndirəcək bir şəkildə aşkara çıxır, öz varlığını təsdiqləyir. İnsan əməlləri ilə qəlbləri fəth edir. Yaxşılıq və elə pislik də heç zaman unudulmur. Hərdən elə olur ki, sənə qarşı edilən yaxşılıqların qarşısında bir növ özünü borclu hiss edirsən. Mən ömrümün qırx beşinci ilində o insanın etdiyi yaxşılıq qarşısında bir növ hələ də özümü borclu hiss edirəm.
Onu ilk dəfə görəndə on iki yaşım vardı. Həyatı yaşıma və ətraf mühitə uyğun yenicə dərk etməyə başlamışdım. Uşaqlıq illərimdə çox bədii kitablar oxuyardım və hər oxuduğum kitab qəhrəmanlarından, müxtəlif obrazlardan çox şeylər mənimsəyər, oxuduqlarımın bir çoxunu real həyatda tətbiq etməyə çalışar, əsərlərdəki müsbət qəhrəmanlar kimi olmağa səy göstərərdim. Bəzən də mənə elə gələrdi ki, yazıçılar, ssenaristlər və kinorejissorlar(filmlərə də çox baxardım) əslində batildə qalan həqiqətləri astar üzünə çevirib bizlərə sırıyırlar. Elə o illərdə mərhum İsmayıl Şıxlının "Dəli Kür"romanını oxumuşdum və bir müddət kitabın təsirindən çıxa bilməmişdim və böyük yazıçının o illərdə qələmə aldığı bu romanda nə qədər şifrəli mesajlar ötürdüyünü uşaq təfəkkürümlə anlamağa çalışmışdım. Hərdən düşünürdüm ki, görəsən Cahandar ağa necə bir obrazdır? Mənfimi, müsbətmi? Çünki əsər boyu ziddiyyət təşkil edən hadisələrin fonunda elə bu obraz da ziddiyyətli olurdu, amma onu təsəvvür etdikcə xarakter etibarilə mərd, sözübütöv, kütlə içində kifayət qədər nüfuza malik və bir də oğlunu oxutmağa göndərməklə əslində fədakarlıq etmiş cəsur bir insan obrazı canlanırdı. Nədənsə mən onu-qonşumuz Çapay əmini elə Cahandar ağaya oxşadırdım. Lakin onların arasında kəskin bir fərq vardı. Üzdən zəhmli, çox ciddi görünən Çapay əmi əslində çox gözəl xasiyyətə malik, həlim, səmimi, ziyalı, savadlı bir insan idi. Təhsilə qarşı çox ciddi, tələbkar olan Çapay əmi yaxşı oxuyan uşaqlara böyük adamlar kimi ehtiram göstərərdi, adam onun bu ehtiramından utanardı. Həmişə deyərdi ki, oxuyun, böyük adam olun, millətə, dövlətə xeyriniz dəysin. Heç vaxt şəxsi mənafeyi əvvələ çəkməzdi. Bizlərə də şəxsi mənafedən əvvəl millət, dövlət mənafeyinin bir addım irəlidə olmağını vurğulayardı. Doğrudur, o çox zaman bunları şifrəli deyərdi . Hərdən demək istədiklərini tam başa düşərdim, hərdən də… axı mən də uşaq idim… Ağrılı və ağır illər idi o illər. SSRİ-nin dağılmasından sonra baş verən siyasi və iqtisadi böhran, bazar iqtisadiyyatına keçid, müharibə gedən hələ tam müstəqil şəkildə formalaşmamış, yüzminlərlə qaçqın və köçkünü olan bir ölkə və bütün bunların fonunda əslində yox kimi var olan bizlər...
Bizim ailəmizin də qəribə bir həyat hekayəsi vardı. Müəyyən səbəblərdən və ən əsası da təyinat məsələsindən dolayı mənim müəllim atam öz rayonumuza köçmüşdü. Mən lap kiçik yaşımda olduğum üçün şəhərdən kəndə köçməyimizi xatırlamıram və elə buna görə də şəhərdəki evimizdə ilk qonşularımızdan olan Çapay əmini illər sonra tanımışdım. Müharibə dinc insanlara səfalət, rəzalət maddi və mənəvi zədələrdən başqa heç nə vermir. İnsan erkən yaşlarında aldığı zədələrin təsirindən ömrünün sonrakı illərində çox əziyyətlər çəkir. Keçmiş travmalar insanı ömrünün sonuna qədər kölgə kimi qarabaqara izləyir. Bu heybətli kölgədən qurtulmaq mümkün deyil.
Müharibə etmək qabiliyyəti olmayan, namərdcəsinə dinc əhalini hədəf alan düşmən tərəfi bizim oxuduğumuz məktəbi də "BM21 Qrad qurğusu ilə vurmuşdular. İnsan tələfatı olmasa da məktəbə ciddi ziyan dəymişdi və artıq bu şəraitdə məktəbə getmək olmazdı. Düşmən mövqeləri bizim kənddən yuxarıda yerləşdiyi üçün onlar kəndi olduqca rahat müşahidə edə bilirdilər. İnsanların cəm olduqları ictimai yerləri hədəf alırdılar. Odur ki, məktəb rəhbərliyi artıq dərslərə xitam vermişdi. Atam dərslərdən geri qalmayaq deyə bizi şəhərdəki mənzilimizə gətirdi, lakin özü qala bilmədi. Nə üçünsə onu teleqramla geri çağırdılar. Odur ki, bizi elə şəhərdə də məktəbə bərpa etdirən olmadı. Bekarçılıq idi. Mikrirayondakı kitabxanaya üzv olmuşdum. Nə gəldi oxuyurdum. Məktəbə getmədiyim üçün özümü kitablara həsr etmişdim. Səhərdən kitab oxuduğum üçün yorulmuşdum və azacıq yorğunluğumu çıxarmaq üçün həyətə düşdüm. Hava çox soyuq idi. Yeni ilə lap az qalmışdı. Ara-sıra valideynləri ilə bəxtəvər-bəxtəvər deyib-gülən, oynayan, yolka oyuncaqları aldıran, sevincindən müxtəlif cür dəcəllik edən, mərmi səsindən, əsir düşmək və ölüm qorxusundan uzaq olan, valideyn qayğısı ilə yaşayan uşaqlara baxdıqca ürəyim sıxılır, kirpiklərimin arxasında donub kristallaşan göz yaşından hər tərəfi tor görürdüm. Evdən çıxmağıma peşman olmuşdum. Ayaqlarımı sürüyə-sürüyə geri qayıdırdım. Bizim binanın sol küncü şimala baxdığından həmişə küləkli və xüsusən də payız-qış aylarında çox soyuq olur. Yenə küləkli bir gün idi və mən məyus-məyus geridə qayıdarkən sanki külək məni yomalayıb binanın sol küncündən içəri atdı. Bloka girəndə Çapay əmini gördüm. Hal-əhval tutub məndən dərs vaxtı burda nə üçün bekar gəzdiyimi soruşdu. Qəhər boğa-boğa hər şeyi danışdım. Gözləri uzaqlara baxa-baxa məni dinləyirdi. Ağır -ağır əlləri yuxarı qalxdı saçımı tumarlayıb "sən kin adamı deyilsən. Sən oxuyacaqsan və bir gün özündəki batildə qalan potensialı üzə çıxaracaqsan. Bəlkə də mən o zaman olmayacağam, amma sənə inanıram. Təki sən oxumaq istə! "-deyib evə girmədən geri döndü. Səhəri gün qapımızı döyüb məni çağırdı. İşdən icazə alıbmış. Hazırlaş , sizi məktəbə bərpa etdirəcəyəm. Gedək mənimlə deyib pillələri aşağı endi. O qədər sevincli idim ki, qışqıraraq o soyuqda elə idman kostyumlu ilə Çapay əminin ardınca yüyürdüm və yalnız direktorun kabinetinə keçəndə əynimdə idman kostyumu olduğunu fərq edə olub aylar sonra ilk dəfə psixoloji cəhətdən rahatlıq tapmışdım. Elə bil mənim bu söhbətə ehtiyacım varmış, mən sanki aylardır nə isə axtarırmışam və budur onu tapmışam. O gündən bəri Şəfaqət müəllimə təkcə direktor yox , həm də mənə ən əziz insan və mənim ömürlük Şəfaqət müəlliməm oldu.
Çapay əminin elə bil qaməti düzəlmişdi. Ikimiz də əmin və mətin addımlarla evə doğru addımıayırdıq. Bu addımlar gələcək həyatımın, ziyamın , təhsilimin ilk qarantı idi. Mən mənfur düşmən sayəsində məhrum olduğum məktəbdən Çapay əminin vasitəsilə yeni bir məktəbə qovuşmuşdum. Cahandar ağaya bənzətdiyim Çapay əmi hər cür silah-sursata malik düşmənlərimizdən daha güclü çıxmışdı.O mərmi ilə deyil, savad ilə, zəka və ziya ilə qalib gəlmişdi. O düşmənin arzularını, istəklərini ölümcül yaraladığı bir uşağın yaralarını sarımış ,onun qaranlığa qərq olmuş dünyasına işıq salmış, öləziyən ümidlərini üzülməyə qoymamışdı. Uşaqkən qəlbimə yığılıb düyünlənən kini, nifrəti Çapay əmi məktəbə, təhsilə, elmə səmimiyyətə çevirmişdi. Mən onun sayəsində təklikdən, qaraqabaqlıqdan, müharibənin vəhşətinin ömrümdə qoyduğu dərin yaralardan qismən azad oldum. Çapay əmi kinə əsir ruhumu zəncirlərdən azad etmişdi. O gözəl insan 50 yaşında dünyasını dəyişdi. Dözmədi, mənə yol göstərən Çapay əmi ürəyində daşıdığı yüləklərin ağırlığına tab gətirmədi, amma o bizlərin qəlbində yaşayır. Sanki hiss etmişdi olacaqları. O zamanlar mənə batildəki potensialımı üzə çıxaracağımı və qeyri-ixtiyari bir gün özünün olmayacağını demişdi.
Mən hər əlimə kitab götürəndə, hər dəfə məktəbli uşaqları görəndə Çapay əmini xatırlayıram. Ziya bir çıraqdır və o ziyalı insan otuz iki il əvvəl mənim qəlbimdə öləziyən o çırağı sönməyə qoymadı. Yatağın pərqu, yerin çıraqban olsun, Çapay əmi.