Edebiyyat.az » Proza » Türkan Nağıyeva - Yol yoldaşım

Türkan Nağıyeva - Yol yoldaşım

Türkan Nağıyeva - Yol yoldaşım
Proza
admin
Müəllif:
13:48, 13 noyabr 2024
976
0
Türkan Nağıyeva - Yol yoldaşım



 

 Çox həyəcanlı idim. Heç vaxt görmədiyim yerləri – ölkəni, şəhərlərini qarış qarış görməyə, kəşf etməyə gedirdim. Orada məni gözləyən dostlarıma qovuşacağım anı düşündükcə ürəyim az qala yerindən çıxacaqdı. Xəyal aləmimdə gəzinərkən pasport yoxlanışında sıramın çatdığını yanımdakı orta yaşlı xanım xəbər verdi. Çiyin çantamı, əl çantamı da yoxlanışdan keçirdim və gözləmə zalında giriş qapılarının açılacağı saatı gözlədim. Saat 5, Günəş də özünü göstərməməkdə israrlı. 


Nəhayət, gözlənilən an gəldi, giriş qapıları açıldı, hər kəs cərgə ilə təyyarəyə doğru irəliləyirdi. Giriş qapısında biletimi göstərib yerimi tapmağa çalışırdım. Təyyarənin ən arxa cərgələrindən biri – 26A – pəncərə kənarı.


Artıq neçə ildir ki, təyyarəyə minmirdim. Təyyarə qalxanda və enəndə halımın necə dəyişdiyi yadımdan çıxmır. İndi də eyni anları yaşama ehtimalım olduğuna görə həyəcan keçirirdim. O zaman yanımda kimsə - valideynlərim və ya dostlarım olurdu, tək getmirdim. İndi mənim boyda qız birdən qorxub ağlaya, qışqır-bağır sala, mənə nə deyərlər? Bütün sərnişinlərə əyləncə çıxar. Yox! Nə panikaya düşəcəm, nə də qorxacam. Təyyarədi də, nədir ki?! Həm də ən təhlükəsiz sərnişindaşıma növü elə təyyarədi, hər enişdən sonra ciddi şəkildə yoxlanılır. Yaxşısı, havaya qalxmamış mən yatım, bir də enişdə oyanaram. Qulaqlıqları taxdım, mahnının səsini ucaltdım, gözlərimi yumdum, başladım yenə xəyallar aləmimdə gəzinməyə. Gəzəcəyim yerləri, qalacağım evi düşünürəm, dostlarımla hər gün edəcəyim gündəlik işlər belə mənə təsvirolunmaz dərəcədə heyrətli, maraqlı idi. Mənimlə eyni sırada, bir oturacaq sonra əyləşəcək olan, təqribən 50-55 yaşlarında qəhvəyi pencəkli, saçı, saqqalı ağarmış yaşlı adam yerini alanda gözümü açdım. Nəzakətlə salamlaşdıq. Təyyarə qalxanda keçirə biləcəyim halım ağlıma gələndə mənimlə bir sırada kiminsə əyləşməyi həm məni şad etdi, həm də narahat. 


Təhlükəsizlik müfəttişləri qaydaları izah etməyə başlayanda artıq həyəcandan alnımın tərlədiyini hiss elədim. Təyyarə artıq hərəkətdədir və qalxmaq üzrədir. Tez sakitləşdirici dərmanımı içdim ki, vəziyyətimi kontrol altında saxlayım. Yanımdakı həmin yaşlı adam mənə baxıb xəfif bir gülümsəmə ilə:

-    Başını dik saxla, çalış əyilmə. Dərin nəfəs al -dedi.

Başladım tez-tez dərin-dərin nəfəs almağa, lakin oksigen və karbon balansı pozulduğuna görə başım hərləndi. Sonra əllərim uyuşmağa başladı. Bu halda həmişə yanımda kimsə olanda, əllərimi ovmasını xahiş edirəm ki, qan dövranı əllərimdə bərpa olsun, lakin tanımadığım adamdan bunu xahiş edə bilmədiyimə görə özüm birtəhər vəziyyətimi ona hiss etdirmədən yaxşılaşdırmağa çalışdım. 

-    Qorxma, dərin nəfəs al, ayaqlarını rahat uzat, keçəcək, artıq qalxdı təyyarə, bundan sonra, ümumiyyətlə, qorxusu olmur. 

Stabil vəziyyətimə yavaş-yavaş döndüm, indi dairəvi pəncərədən buludları seyr edirdim. Əlimi uzatsam, toxuna bilərəm, pambıq yumşaqlığını hiss edərəm. Heyrətamiz bir bulud mənzərəsi var idi qarşımda.

-    Mənim yoldaşım da gələcəkdi...

-    Mənə nəsə dediniz? – musiqinin səsini tamam kəsib soruşdum.

-    Yoldaşım da gələcəkdi, amma ona viza vermədilər. Bu yerdə - əli ilə aramızdakı boş oturacağı göstərərək – o əyləşməli idi, amma tək gedəsi oldum – dedi.

-    Dayı, özəl sual olmayacaqsa, səyahət planlaşdırmışdız, ya xüsusi səbəbdir?

-    Mənim oğlum müharibədə həlak olub. Rusiya – Ukrayna müharibəsində. Burdan da Ukrayna gedəcəm. Ailəsi orada yaşayır. (qısa bir sükutdan sonra) Oğlumun məzarını ziyərət edəcəm.

-    Allah rəhmət eləsin - dedim və başqa nə deyəcəyimi bilmədim. Bu vəziyyətin təsəllisi də yoxdur. 

-    Hə, o da (həyat yoldaşı) gələ bilsəydi, bir yerdə gedəcəkdik.

-    Kaş ki... – o “kaş ki” - nin ardından demək istədiyim sözlərin hamısı boğazımda yumağa döndü.

Tez-tez həyat yoldaşının yerinə baxırdı. Yanında olmasa belə, onunla birgə gedirdi. Hətta bəzən ona nəsə deməyə çalışdığını da hiss edirdim. 

-    Dediniz ki, yoldaşınız niyə yoxdur?

Gülümsəyərək: - Yoldaşım var, sadəcə...

-    Bildim, yəni demək istəyirəm, niyə gələ bilmədi?

-    Hə, dediyim kimi, vizaya görə. Bir sənədin əskikliyi... Biz gəncliyimizdən bəri onunla tez-tez səyahət edərdik. Hara getrmişəmsə, onu da aparmışam. Həmişə yol yoldaşım o olub. Qismətin işinə bax ki, oğlumuzu ziyarətə tək getməli oluram. 

-    Həə... qismət...

Kədərini dilə gətirəndə belə üzündə aczca seziləcək dərəcədə xəfif təbəssüm var idi. Ancaq üz cizgilərinə diqqətlə baxılarsa, hiss olunacaq dərəcədə zəif bir təbəssüm. Həmin ifadəsində gizlənmişdi onun kədəri, darıxmağı, yaşantıları. Həmin təbəssümüylə sakitcə baxmağı belə özünü ifadə etməyə yetirdi. Bəzən insanları anlamaq bir baxış qədər asan, bəzən isə həmin baxış qədər çətin olur. 


Bir müddət aramızda sükut yarandı. Yenidən pəncərədən boylandım, adi bir buludlu mənzərə...


Gözlərimi yuxuya verdim. Ayılanda artıq təyyarənin eniş etməsinə az qalmışdı. Ac olduğumu hiss elədim, qulaqlıqları çıxardım, çantamda gətirdiyim peçenyedən ona da təklif etdim, o da öz həyat yoldaşının onun üçün hazırladığı buterbrodlardan mənə təklif etdi. Bəhanə tapıb söhbət eləmək istəyirdim. Hər iki cəbhədə – Rusiyada, Ukraynada həlak olan həmyerlilərimizi, başqa-başqa millətlərin nümayəndələrini düşündükcə özünə yer tapa bilmirsən. Onlar üçün haqlı bir savaş səbəbi görməmək insanı dəhşətə gətirir. Sənin olmayan vətənin canından, qanından olmayan insanları üçün savaşmaq... 


Bu düşüncələrimi elə özümdə saxladım. Amma o atanın təmkini, səbri, sakitliyi, soyuqqanlılığı mənə xoş göründü. Bəhanə ilə söhbət açmağa çalışırdım, amma onun yaşadığı dəhşətin qarşısında mənim həmsöhbət axtarışım yersiz idi. Bəs mən nə edə bilərəm ki, az da olsa təsəlli verə bilim? Bu suala mütənasib bir cəhd ağlıma gəlmədi. 

Pəncərədən baxdım, buludların üzərindən yavaşca Budapeşt hava limanına doğru eniş edirdik. Nəyahət, pilot limana endiyimizi xəbər verdi, hər kəs təhlükəsizlik kəmərlərini açıb toparlanmağa başladı.

-    Bilmirsiniz ki, burdan avtobuslara hansı tərəfdən gedəcəyik?

Gülümsəyərək - Yox, mən də ilk dəfədir bu şəhərə gəlirəm, düşəndə soruşarıq– dedim.

Təyyarədən enib avtobuslara tərəf getdim, amma o, məndən öncə enmişdi, hansı avtobusa mindiyini görmədim. Bir də pasport yoxlanışında məndən dörd-beş sıra öncə dayandığını gördüm. Yoxlanışdan sonra dönüb mənimlə sağollaşdı, gülümsəyərək mən də əl elədim. Gözdən itənə qədər arxasınca baxdım.


 Yoxlanış bitəndən sonra məni gözləyən dostlarımın yanına qaçdım. Əyləncəli və macəra dolu günlərdə ağlımın bir küncündə həmin yaşlı adamla olan dialoqumuz xatirimdən çıxmır, ürəyimdə saxlayıb deyə bilmədiyim sözlərlə birgə yaddaşımda canlanırdı. Müharibələri düşündüm, itirilən canları, müharibədən salamat qayıtsa belə, əvvəlki həyatına dönə bilməyən insanları. Və həmin yaşlı adamı...


Dostlarla keçirdiyim əsrarəngiz günlərin ardından qayıtmaq vədəsi gəlib çatdı. Təyyarəyə giriş qapısının açılmasını gözləyərkən şəkillərimizi bir də gözdən keçirdim. Bütün xoş anlar ancaq şəkillər və xatirələr olaraq daimiləşir , bu, bir tərəfdən də kədərlidir.  Yaşadığımızı sadəcə və sadəcə həmin anın içində ikən dərk edir, hiss edirik. Sonra isə...


Təyyarəyə daxil olub yerimi tapıb əyləşdim. Çox kiçik bir ümidlə həmin yaşlı adamın yenə yol yoldaşım ola biləcəyi ehtimalıyla gözüm onu axtardı. Lakin bu səfər yalnız idim. Havaya qalxanda dərin-dərin nəfəs  almağa başladım. Bu dəfə təmkinlə, həyəcanlanmadan, qorxmadan...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)