Edebiyyat.az » Proza » Xuraman Gülmalızadə - Valideyn sevgisi

Xuraman Gülmalızadə - Valideyn sevgisi

Xuraman Gülmalızadə - Valideyn sevgisi
Proza
admin
Müəllif:
17:57, 15 noyabr 2024
1 755
1
Xuraman Gülmalızadə - Valideyn sevgisi




Yenə eyni gün, eyni danlaq, eyni sözlər...

—O telefonu qırağa qoy!

—Camaatın uşağı nələr edir?

—Sən balaca bacıva nümunə olmalısan!

—“You Tube”un qarşısından çəkil!

—Bu evin səliqəsinə fikir ver!

—Cavab qaytarma!

Yenə atam anama şikayətlənirdi:

—O qız telefonla çox oynayır. Telefonu saatla vermək lazımdır ona.

İl olub 2024, dünya başqa planetlərdə məskunlaşmaq planı qurur, mənim valideynlərim də  telefonu məndən uzaq tutmaq planı qurur. Qapının  arxasından bu sözləri eşidəndə gözlərim yataqda oturub gülən bacıma sataşdı. O, gülərək çiyinlərini çəkirdi. Həmişə bütün cəzalardan canını qurtara bilirdi, axı o da mənim kimi telefona baxırdı, amma həmişə aradan çıxa bilirdi. Danlanan yenə mən olurdum.

 Özümə sual verirəm ki, görən bütün valideynlər belədir? Yox, yox inanmıram. Heç bir valideyn mənim valideynlərim kimi övladını danlaya bilməz. Heç  bacımı da danlamırlar, ancaq mən, mən, mən. Qəti qənaətə gəlmişəm məni həqiqətən də özlərinin dediyi kimi ya  “kələmin dibindən”, ya da “yolun qırağından” tapıblar.

 Necə axı o telefonu qırağa qoyum? Axı elə həmişə televiziyada, məktəbdə müəllimlər, bir sözlə, hamı deyir ki, müasir texnologiyalar bizim həyatımızın özüdür. Ayrı vaxt anam özü deyirdi:

—Qədim yunan filosoflarından biri deyib ki, axına qarşı üzmək olmaz. 

O zaman axına qarşı təkcə mən üzməliyəm? Yox, yox anam konkret olaraq məni qaralayıb.

 “You-Tube”un qarşısından çəkilməliyəmmiş. Niyə? Axı elə özünüz deyirdiniz. Müasir dünya artıq bütövləşib, digər dünyalar da bütövün içində özünə yer tapmalıdır. Adını coğrafiya dərsindən eşitdiyim “qloballaşma” artıq tələb edir ki, bütün dünyalardan məlumatlı olaq. Qoy məndə balaca dünyamı bütöv dünyanın içində yerləşdirim, məlumatlı olum.

Bacıma nümunə olmalıyammış. Niyə axı?! Bacım məktəbdə müəllimlərindən, dostlarından nümunə götürə bilməz? Nümunə ancaq mən olmalıyam?! Düzgün deyiblər, birinci uşaq həmişə “qurban” olur. 

“Camaatın uşağı”, “xalxın uşağı”, “filankəsin qızı” söhbəti məni lap bezdirib. Camaatın həyatı, camaat nə deyər...

 Anama rahat olmağını dəfələrlə demişəm. Axı babam anama həmişə deyir ki, uşağı başqaları ilə müqayisə etmək olmaz. Hər uşaq individualdır. Bütün uşaqlar eyni yollardan, müxtəlif vaxtlarda keçəcəklər.

Əşi nəysə, bu iradlara özüm cavab verə-verə məktəbə necə çatdığımın fərqinə belə varmadım. Atamın qayğıkeşliklə, amma eyni zamanda sərt tonla adımı çəkdiyini eşitdim:

—Qızım, məktəbə çatmışıq, düş. Mən işə getməliyəm, ay bala, düş, gecikirəm...

—Ata, necə çatdı, heç bilmədim.

—Sənin fikrin hardadır?

  Atama deyə bilmədim. Fikrim yol boyu sizin mənə tutduğunuz iradlara tutarlı cavablardan  ibarət konsepsiya hazırlamaqda idi.

—Ay qızım, çanta qaldı. Ay bala, bu fikir dağınıqlığı ilə sən necə olacaqsan?

—Ata, narahat olma, bu konsepsiyanı tamamlayım,  fikir dağınıqlığım da düzələcək.

—Nə konsepsiyası, nə danışırsan, a bala, gecikirəm, tıxacdan xəbərin var? Oturursan arxada, gözlərin də yumulu, bir də görürsən ki, çatmısan.

—“Ata elə  gözüyumulu vəziyyətdə bu cür cavablar tapmışam” deyəcəkdim ki, maşının yerdən götürülməsi ilə gözdən itməsi bir oldu. 

Tıxac... Atam düz deyir, lap yorub hamını. Amma  onun da səbəbkarı mən deyiləm ki. Balaca şəhər, çoxlu maşın. Belə də olmalıdır. Bir gün konsepsiyamda “tıxacların qarşısının alınması” adlı bənd də öz yerini alacaq. Zəngin səsinə ayıldım  və liseyə qaçdım. Liseyə yüksək balla daxil olanlardan biri mən idim. Amma anam yenə narazı idi. "Xalxın uşağı” haralarda oxuyur? Məktəbin pilləkənlərini qalxa-qalxa valideynlərim məni həmişə nə üçün danlayırlar sualına cavab axtarırdım.

    Dərsdən çıxıb evə qayıdırdım. Qapımıza yaxınlaşanda, qonşunun evindən səs-küy gəldiyini eşitdim. Ayaq saxladım. Xədicə xalanın oğlu Murada dediklərini tam aydınlığı ilə eşitmək olurdu:

—O telefonu qırağa qoy!

—Camaatın uşağı nələr edir?

—Sən balaca qardaşına nümunə olmalısan!

—“You Tube”un qarşısından çəkil!

—Bu evin səliqəsinə fikir ver!

—Yekə oğlansan, adam anasına cavab qaytarmaz!

 Elə bil bir anda yuxudan ayıldım. Eyni sözlər, eyni ifadələr, eyni səs tonu, eyni qayğıkeşlik. Sən demə tək danlanan mən deyiləmmiş. Sən demə, övladını sevən, qorumağa çalışan valideynlər bu cür sözlərlə “səni çox istəyirəm”, “sən mənə həmişə maraqlısan” demək istəyirmiş…

 

Gənc İstedadlar Liseyi 8 b sinif şagirdi
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)