Edebiyyat.az » Proza » Fərid Muradzadə - Günahkar adam

Fərid Muradzadə - Günahkar adam

Fərid Muradzadə - Günahkar adam
Proza
admin
Müəllif:
10:59, 28 noyabr 2024
511
0
Fərid Muradzadə - Günahkar adam



 Səhər saat yeddini göstərirdi. Həmişəki kimi fikirli idi. Bir az irəlidə onun işlədiyi nəhəng idarənin  ağ daşlarla üzlənmiş əzəmətli  binası görünürdü. Şaxtalı bir qış səhəri idi. Fikirləri yenə bir-birinə qarışmışdı. Beyni zoqquldayırdı. Son günlər çox fikirli olurdu. Burnu gicişdi. Bütün vücudu yumaq kimi yumulub-açıldı: - Ya səbir! Hıçqırığa bənzər asqırıq. Yenə də tək səbir! Tini yenicə burulmuşdu ki, boğuq bir səs eşitdi və geriyə dönməyə macal tapmadan nəyinsə hücumla ayaqlarının arasına soxulduğunu hiss etdi.  Qeyri-ixtiyari yerində buruldu və bu dəm sağ ayağının topuqdan yuxarı hissəsində ağrı duydu. Qırmızı it idi. Qıcanmış dişlərini onun ayağına keçirmişdi. Nə illah etdisə iti ayağından ayıra bilmədi. Canı getdikcə bərk ağrıyırdı və bu can ağrısından dolayı ona qəfil bir güc gəldi. Yumruğunu düyünləyib itin burnunun üstündən elə tutuzdurdu ki, yekəpər qırmızı it küçük kimi zingildəyib bir tərəf üstə əyilə-əyilə qaçdı. Özünü iş yerinə çatdırdı. Tez spirt çıxarıb yaranı yuyub təmizlədi. Bu gün vacib iclas vardı. Bu elə vacib iclas idi ki, əgər o iclasda iştirak etməsə idi elə ordanca zəng edib onu iti qovan kimi qovacaqdılar. Bu idarədən qovulmaq isə dəhşət idi, çünki qovulana elə damğa vururdular ki, o bir də heç bir qurumda işə alınmırdı. Odur ki canını dişinə tutub iclası yola verdikdən sonra xəstəxanaya yollandı. "Qəbul şöbəsi"ndə oturan gənc qız gözünü telefondan ayırmadan: nə lazımdlr? -deyə soruşdu. Hirsindən dişi bağırsağını kəsə də birtəhər səbrini basdı və nə lazım olduğunu dedi. Qız yenə də başını telefondan qaldırmadan 23-cü otağa getməli olduğunu bildirdi. Qapını ehmalca taqqıldatdı. Cavab gəlmıdi, daha bərk vurdu. Yenə cavab gəlmədi. Daha gözləmədi, qapını açıb içəri daxil oldu.Öz-özünə bu nədir, aya allah? - dedi. Elə bil heç içəri adam girməmişdi. Həkim kresloya yayxanıb "tik-tok"da yerli tiktokerlərdən birinin əttökən canlısını izləyirdi. Vay-vay. Həkimə bax, səhiyyəyə bax, səviyyəyə bax!  

Heç ağzını açmamışdı ki, onunla dabanbasdı içəri girən tibb bacısı özünü yetirdi və içəridəki varlığın dərdini həkimə izhar etdi.Həkim canlıdan ayrılmadan elə oradanca qışqırdı: İlkin olaraq 1 dənə quduzluğa qarşı antirabik vaksin! 

Vaksin vurulduqdan sonra həkim yenə canlıdan ayrılmadan ondan özünü necə hiss etdiyini soruşdu. 

-Doktor, belə olmaz e. Bu quduz itlərin əlindən cana yığılmışıq. Bəlkə siz də bizə köməklik göstərəsiniz. Mən ərizə ilə müraciət edəcəyəm, amma siz də it dişləməsi ilə bağlı müraciətlərin çox olduğunu təsdiqləsəniz bizə köməklik göstərmiş olarsınız. 

Elə bil həkimi ilan vurdu. Bayaqdan xəstə ilə insan kimi davranmayan həkim bir andaca dəyişdi, hətta canlıdan da ayrıldı. 

-Qardaş, siz nə danışırsınız. Heyvansevərlər və heyvanların hüquqlarını müdafiə edənlərin cənginə vermək istəyirsiniz məni?  Ala, bu mümkün deyil e,başa düşürsən?!  İtlərə son vaxtlar yaxşı qulluq olunur. Onlar üçün hər cür şərait yaradılır. Yox e, atam. Mən elə işə qol qoya bilmərəm. Sən Allah, qoy oturduğumuz yerdə oturaq. Vaksinini vurduq, müalicəni də edəcəyik, qurtarıb gedəcək. Nəyə lazım bu söhbətlər? 

-İndi neyləyim, ay həkim?!  Günahkar mənəm? Bəlkə gedib zati-möhtərəm itdən üzr istəyim?! 

Əslində yaxş olar.Birdən itin başına allah eləməsin, bir iş gələr, səni məsul tutarlar. Elə vaxtında get! Həm üzürxahlıq et, həm də bir hal-xətrin soruş.  Bunu həkim dedi. 

Hirsli-hirsli qapını çırpıb çıxdı.

O gün neçə quruma zəng etdisə də bir nəticə hasil olmadı. Qurumlar məsələ ilə məşğul olmadıqlarını və fərqli təşkilatların bu işdə məsul olduqlarını bildirib yaxalarını kənara çəkdilər. Əli ətəyindən uzun qalmışdı. Nəticə yox əsəbləri isə gərgin idi.  Nəticə bir kənara az qala onu borclu çıxardılar. Elə bil o gedib iti dişləmişdi. Hətta qurumlardan biri uzun-uzadı heyvan hüquqları və onların yüksək səviyyədə reallaşdırılmasından, heyvansevərlərin mərhəmətindən, itlərin məsumluğundan o qədər danışdı ki axırda sağ ol demədən əlaqəni kəsəsi oldu.   Bu nədir?  İt qədər də hörmətimiz yoxdur? Birdən həkimin dedikləri yadına düşdü. Axı elə onların idarəsində də heyvansevərlər vardı. Hətta bir dəfə heyvanları müdafiə cəmiyyətindən və  yuxarı intansiyalardan  gəlmiş nümayəndələrin iştirakı ilə çox yüksək səviyyədə iclas keçirilmiş, heyvanların qeydinə qalmaq, onların hüquqlarını müdafiə etmək, onlara qarşı zorakılıq hallarına adekvat cavab vermək və s. kimi məsələlərin müzakirəsi aparılmış və sonda bir neçə qərar qəbul edilmişdi. Birdən it narahat olar, dərimə saman təpərlər. Hələ bu başçının zooloq olan kiçik qızı da qatı heyvanpərəst imiş və cani-könüldən onların hüquqlarını müdafiə edirmiş. Mən də axmaqlıq edib bütün idarələrə zəng vurdum. Bilsələr mənim üçün çox pis olacaq. Yox e, gedib itdən üzr istəyəcəm. Sonrası da nə olar olar! 

Səhəri gün yenə eyni yerdən keçirdi. Gözləri qırmızı iti axtarırdı. Aha. Tapdı. Zibil yeşiyinin divara bitişik hissəsində çöməlib oturmuş qırmızı it əlini əzilmiş burnuna sürtə-sürtə kinli-kinli ona baxaraq mırıldanırdı. Günahkar kimi boynu bükük vəziyyətdə itə yaxınlaşdı. İt ona,o da itə baxırdı. Hərəsi öz düşüncəsi ilə, öz dilində elə öz-özünə danışırdı. Nəhayət sükutu onun səsi pozdu. Bağışla… Mən heç sizə bu qədər dəyər verildiyini bilmirdim. Sən demə sizin üçün mükəmməl şərait yaradılıbmış. Sizin hüquqlarınızı müdafiə edən böyük qurumlar, qəlbi təmiz heyvansevərlər varmış. Mən axı hardan bilərdim ki, sizlər üçün ən müasir standartlara cavab verən unucal "İt şəhərciyi" də salınıb. Axı hardan bilərdim ki sizə xüsusi diqqət və qulluq göstərilirmiş? Nə isə ki, səni and verirəm it dininə məni bağışlayasan ey möhtərəm qırmızı it. Dünən canımı ağrıtdığın üçün mən də sənin canını ağrıtdım, bağışla! Nə lazımdırsa etməyə hazıram. Bəlkə səni xəstəxanaya aparım?  Müalicə, əməliyyat xərcləri də mənlik olsun. Vallah yenə deyirəm ki, bilməmişəm. Bilsəydim ki bu cəmiyyətdə siz itlərə bu qədər böyük ehtiram var, canımı dişimə tutub dözərdim. Ayağımı qoparmayacaqdın ha!  Uzaqbaşı bir az ağzına gələn tikəni didişdirib qanımı içəcəkdin. Nə biləydim axı. Kaş ki sənə əl qaldırmazdım 

İt onu indi kinlə deyil, mərhəmətlə süzürdü. Bir-iki dəfə boğazını irəli uzadıb sonra ağzı göyə elə bir-iki ağız da ulayıb-hürəndən sonra it dilində deyil, adam dilində sözə başladı

-Ə, bilirsən, heç əslində biz də cox xoşbəxt itlərdən deyilik. Düzdür indi bəzi itlərin hesabına bizə də toxunulmazlıq statusu verilib. Yəni rəsmi səviyyədə heç kim bizə əl qaldırmaq nədir e, heç barmaq da tərpədə bilməz. Lakin bəzi qanacaqsız adamlar(özünə götürmə, sən elə bil mərifətli adama oxşayırsan) hələ də bizə rahatlıq vermir, lakin ümidvarıq ki, liderlərimizin sayəsində bu da aradan qalxacaq. Amma hələ ki çatışmazlıqlar çoxdur. Ə, vallah bizi heç adam yerinə də qoyan yoxdur e, nəinki it yerinə! 

Sən bildiyin(təzəcə öyrəndiyin) o lüks şəraitli şəhərciklərdə bizim də "hörmətli" nümayəndələrimiz  yaşayırlar. Onlar  bir-iki dəfə məzlum rollar oynayaraq heyvansevərlərin və heyvanları müdafiə cəmiyyətlərinin diqqətini öz üzərlərinə çəkib ağ günə çıxdılar və ağ günə çıxan kimi də keçmişdəki ,zavallı it həyatlarını, məşəqqətli həyat sürən həmcinslərini unutdular. Çoxusu yaxşı ev və evcik sahibi oldular. Yuxarıların neçə-neçə evləri var. Özlərinə, öz it balalarına hər cür şərait qurdular, amma hərəkat başlananda onlara dəstək verən, əsas etirazçı, hürəyən və qapağan kütləni təşkil edən küçə və əyalət itlərini unutdular. İndi sənin bildiyin o nağılvari it həyatı heç Xırdalana belə çatmır, nəinki bura!  

-Məni bağışla! Sən məndən də betər imişsən ki! 

-Ə,ay yazıq!  Mən sizdən şükürlüyəm. Ə, siz hər an stress içindəsiniz. Düzdür bizi bəzən heç adam yerinə də qoymurlar, amma yenə də sizdən yaxşıyıq. 

Ə, biz yenə azadıq ey. Hürüb 

hürr olduğumuzu bildiririk. Kimə gəldi hücum edirik, kimini qorxuduruq, kimini yaralayırıq, kimini gəmiririk. Siz bizdən qorxaqsınız. Sizdə belə bir məsəl var "it qorxağı" əslində bu it kimi qorxaq yox, itdən qorxan mənasındadır. Qısası siz həm qorxaq, həm bədxahaq, həm də bədbəxt varlıqlarsınız. Daima qorxu və təzyiq altında yaşayırsınız. Evinizi, ailənizi, işinizi itirməkdən qorxursunuz. Amma bizim heç vecimizə də deyil. Sizdən də urvatlıyıq. Bəri bax sən allah bizim hüquqlarımızı müdafiə edən insancığazlardan və özündən qorxub bir daha əttökən üzürxahlıq söhbətləri eləmə. Ə, biz siz insanlar kimi deyilik ki, kimisə sataq. Bizim itliyimizə nə gəlib? Bizdə elə söhbət yoxdur. Sən özününkülərdən qorx!  Yeri get. Bir də alaqaranlıqda qarşıma çıxma. Çıxsan da bir hənir et ki, səni heç olmasa tanıyım. Düzdür bizdə iybilmə yaxşıdır. Sənin qoxunu almışam, amma itlərin də işini bilmək olmaz. Di yeri! Məni çox məşğul eləmə. Mənə yox e sənə problem olar. 

Suyu süzülə-süzülə ağrıyan ayağını çəkə-çəkə evə getdi. Yarası ağrıyırdı. İki gün sonra yenə həkimə getdi. Özünü narahat hiss edirdi. Yarası şişmişdi. Həkim  onu müayinə etdikdən sonra dedi: -Yaranı gücə salmısan, amma əslində belə də olmalı deyildi. Səndən analiz götürəcəyik. Nəsə şübhəli qaldı. İti görürsən?  Necədir?  Birdən it ölər aaa! 

Sən allah mənə də bir məlumat verərsən! 

İki gün keçdi. Yarası daha da ağırlaşmışdı. Hər gün iti görmək üçün eyni yerə gedirdi. Ancaq it yox idi. Yenə ümidlə həmin yerə yaxınlaşdı. Bir neçə it bir yerə toplaşmışdı. Nə isə məşvərət edirdilər. Onu görən kimi hərəsi bir tərəfə qaçdı. Bircə kor və topal qancıq tənbəl-tənbəl qısa quyruğunu yırğalayırdı. Vurnuxa-vurnuxa qalmışdı. Nəhayət kor qancıq dilləndi: qırmızı it öldü. Sizinkilər də səni axtarırlar. Quduzluğun varmış. Bizim yoldaşlardan birinin ölümünə səbəb oldun. Sizdən kim yarayıb e?! Amma sən pis adama da oxşamırsan. Sənə yazdığım gəlir. İndi sizinkilər harda olsan səni tapıb aparacaqlar. Təcili Tibbi Yardım maşınının səsi gəlirdi. Qaça biləcək vəziyyətdə də deyildi. Sanki bununbildikləri üçün aram-aram, həyəcanverici şəkildə onu mühasirəyə aldılar və… İki dəqiqədən sonra onun bütün ciddi-cəhdlə müqavimətinə baxmayaraq əl-ayağını bağlayıb dəmir görünməz torlu şüşələri olan xüsusi "Ambulance"-a basıb apardılar. 

Həkim də orda idi. Məruzə fason bir şey edirdi. "Dedim də. Dedim axı bunda quduzluq var. Bizim mərhum qırmızı iti də öldürdü. Bu fağır, dilsiz-ağızsız itləri belə quduz insanlardan qorumaq lazımdır. Cənab başçı, bunları toplayıb gözəl "İt şəhərciyi"nə göndərmək lazımdır. Orda lazımi qulluq olunacaq. Mən əminəm ki, bu səfil itlər məhz o mübarək şəhərcikdə zülmdən xilas olacaqlar. 

Hamı əl çalırdı. Başçı da vüqarla başını tərpədirdi. 

Kor qancıq isə dərdli-dərdli uladı-yalançının zatına lənət! 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)