Edebiyyat.az » Proza » Edqar Allan Po - “Oval Portret”

Edqar Allan Po - “Oval Portret”

Edqar Allan Po - “Oval Portret”
Proza
admin
Müəllif:
16:48, 11 dekabr 2024
31
0
Edqar Allan Po - “Oval Portret”

 


 Ağır yaralı halda olduğuma görə gecəni açıq havada keçirməyimi istəməyən qulluqçumun bizi razılığım olmadan, zorla soxduğu qala xanım Radkliffin* fantaziyalarını xatırladırdı; lap uzun illər əvvəl Apennin dağlarının arasında ucaldılmış bu tutqun və əzəmətli tikili həmin qarmaqarışıq daş qalaqlarından biri idi.  Görünür, müvəqqəti olaraq və çox qısa müddət əvvəl tərk edilmişdi. Ən kiçik və ən az dəbdəbəli otaqlardan birinə yerləşdik. Otaq qalanın ucqar kənarında yerləşən bir qüllədə idi. Görkəmli, amma yıpranmış və çox köhnə tərzdə mebellərə sahib idi. Divarlardan rəsmli xalçalar və saysız-hesabsız cürbəcür müharibə xatirələrinin canlandırıldığı, oymalı, qızıl yaldızlı çərçivələr içərisində olduqca təsirli, müasir tablolar asılmışdı. Bu tablolara - təkcə əsas divarlarda deyil, həm də qəribə memarlığa sahib qalanın künc-bucaqlarından da asılı duran bu rəsm əsərlərinə böyük maraq hissi bəsləməyimə, bəlkə də, yeni başlayan deliriumum** yol açırdı; elə buna görə Pedroya otağın qalın jalüzlərini bağlamasını - onsuz da gecə olmuşdu -, çarpayımın baş tərəfindəki qollu şamdanı yandırmasını və çarpayımı çevrələyən qara, məxmər pərdələri tamamilə açmasını istədim. Bütün bunları tapşırmağımın səbəbi, yuxuya keçə bilməsəm tablolara baxaraq, ya da yastığın üstündən tapdığım və bu rəsm əsərlərini tənqid, təsvir edən kitabçanı oxuyaraq vaxt keçirmək idi.


Çoxlu-çoxlu oxudum və portretlərə böyük diqqət, həmçinin səmimiyyətlə baxdım. Saatlar sürətlə keçdi və qaranlıq gecəyarı gəldi. Qollu şamdanın dayandığı yer oxumaq üçün elə də uyğun deyildi; yatmış qulluqçumu oyatmaq istəmədiyimdən əlimi ehtiyatla uzadıb şamdanı kitabı daha yaxşı aydınladacaq bir yerə qoydum.


Amma bu, heç gözləmədiyim bir şeyə səbəb oldu. İndi o şamların (çünki şamdanda çoxlu şam vardı) işığı çarpayı dirəklərinin arxasında - dərin kölgələr içindəki bir küncü işıqlandırdı. Parlaq işıqda əvvəl fərqinə varmadığım bir rəsmi gördüm. Bu, qadınlığa yeni keçməyə başlamış olan gənc bir qızın portreti idi. Portreti görən kimi gözlərimi yumdum. Bunu niyə etdiyimi əvvəl mən də anlamadım. Amma gözlərimi bağlı saxladığım müddətcə onları niyə bərk-bərk yumduğumu düşündüm. Bu, fikirləşməyə fürsət tapmaq üçün etdiyim instinktiv hərəkət idi - gözlərimin məni yanıltmadığından əmin olmaq üçün - xəyal gücümü sakitləşdirərək daha sakit və dəqiq bir şəkildə yenidən baxmaqdan ötrü. Bir neçə dəqiqə sonra rəsmə yenidən, diqqətlə baxdım.


Artıq doğru gördüyümə şüphə edə bilməzdim və etmirdim də; çünki kətanın üstündə titrəşən şam işıqlarının ilk parıltısı məni yuxudaymış kimi hiss etdirən o uyuşuqluğu dağıtmış, çaşqınlıq içərisində ayılmağıma səbəb olmuşdu.


Dediyim kimi, gənc bir qızın portreti idi. Bu, texniki olaraq vignette*** adlanan tərzdə çəkilmiş, sadəcə baş və çiyinlərdən ibarət portret idi; portretçi Sallinin**** tərzinə çox oxşayırdı. Qolları, sinəsi və hətta parlaq saç ucları belə hiss olunmayacaq şəkildə arxa planın qaranlığına qarışırdı. Oval, zərli və filiqran***** çərçivəsi Moresque tərzində düzəldilmişdi. Bir sənət əsəri olaraq tablonun özündən daha heyranedici bir şey ola bilməzdi. Amma mənə belə ani və ağır şəkildə təsir göstərən şey, nə bu əsərin hazırlanmasındakı ustalıq, nə də o üzün ölümsüz gözəlliyi ola bilərdi. Hələ yarıyuxulu halımdan ürkərək ayılmağıma yol açan o yanılma: Canlı bir insan başı gördüyümü zənn etməyim, çox güman, xəyal gücümün oyunu idi.


Dərhal gördüm ki, dizaynın, vignette tərzinin və çərçivənin xüsusiyyətlərinin belə bir fikri ortadan qaldırmalı idi; hətta bu fikrin bir anlıq belə olsa ağla gəlməsinin qarşısını almalı idi.

O portretin qarşısında oturub azca önə əyilərək onu incələyərkən bunları düşünə-düşünə, bəlkə, yarım saat keçirdim. Ən sonda portretin təsirinin əsl sirrini anladığıma qənaət gətirərək kürəyi üstə çarpayıya sərildim. Həmin ovsunlu rəsmdə o qədər gerçək həyatdakına yaxın bir üz ifadəsi görmüşdüm ki, bu məni əvvəl şok etmiş, sonra da təəccübləndirmiş; çaşdırmış və qorxutmuşdu. Qollu şamdanı dərin hörmət və qorxu hissi ilə köhnə yerinə qoydum. Beləcə, narahtlığımın səbəbini görmədiyim müddət boyu tezcə ordakı tablolar və keçmişlərindən bəhs edən kitabçanı axtarmağa başladım. Oval portretdən danışılan səhifəni açan kimi aşağıdakı qeyri-müəyyən və qəribə sözləri oxudum:


“Qız bənzərsiz gözəllikdə və gənc idi. Həm gözəl, həm də şən idi. Amma o rəssamı görüb, sevməyi və onunla evlənməyi qadının fəlakəti oldu. O, ehtiraslı, çalışqan, sərt adamın artıq arvadı var idi: sənəti. Dediyim kimi, o, bənzərsiz gözəlliyə sahib bir qız idi. Həm gözəl, həm də şən idi. Ətrafına təbəssüm və nur yayardı. Maral balası qədər şən və oynaq idi. Hər şeyi sevib, əzizləyərdi. Yalnız tək rəqibi olan Sənətə nifrət edərdi. Sadəcə onu sevgilisindən ayıran palitra və fırçalardan və digər rəsm altərlərindən qorxardı. Buna görə rəssamın gənc arvadının portretini çəkmək istədiyini deməyini eşitmək bu qadın üçün qorxunc bir şey oldu. Lakin o təvazökar və itaətkar idi, odur ki, həftələrlə yüksək, qaranlıq qüllə otağında - sadəcə kətanın üzərinə təpədən solğun bir işığın düşdüyü bu bürkülü yerdə dinmədən oturdu. Amma rəssam saatlarla, günlərlə üzərində işlədiyi sənət əsəri ilə qürur duyurdu. Və o, ehtiraslı, coşğun, hərdəmxəyal, tez-tez xəyallara qapılan bir adam idi. Buna görə də tənha qüllədəki solğun və dəhşətli şəkildə düşən işığın arvadının sağlamlığına və ruh halına zərər verdiyinin o xaric hər kəs fərqinə vardı. Arvadı yenə də şikayət etmədən gülümsəməyə davam edirdi, çünki rəssamın (olduqca tanınmış idi) işinə olan həyəcanlı, hərarətli zövqünü və onu dəli kimi sevən, amma günü-gündən sağlamlığı bir az da pozulan, zəifləyən arvadının rəsmini çəkmək üçün gecə-gündüz yatmadığını gördü. 

Və portreti həqiqətən görənlər bir möcüzədən bəhs edərmişcəsinə rəsmin qadına necə bənzədiyini fısıldayır, bunun rəssamın ustalığı ilə yanaşı, belə mükəmməl şəkildə təsvir etdiyi qadına duyduğu sevginin də sübutu olduğunu söyləyirdilər. Amma nəhayət rəssam tablonu bitirənə yaxın heç kimin qülləyə girməyə qoymadı; çünki çəkdiyi rəsmə elə bağlanmışdı ki, gözlərini kətanın üzərindən arvadına baxmaq üçün belə ayırmırdı. Qarşısındakı kətanın üstündəki rənglərin yanında oturan arvadının yanaqlarından çəkilib alındığını görə bilmirdi. Bu minvalla həftələr keçdi və artıq portret bitmək üzərəykən, son olaraq sadəcə ağıza bir fırça zərbəsi, gözlərdən birinə rəng tonu əlavə etmək qalarkən arvadının ruhu bir daha lampanın içindəki alov kimi titrədi. Ardınca fırça zərbəsi atıldı, göz rəngləndirildi; və rəssam bir anlıq əsərinin qarşısında ovsunlanıbmış kimi heyran qaldı; amma həmən dəqiqə, baxışlarını hələ də rəsmə dikmişkən titrəməyə və rəngi-ruhu solmağa başladı, dəhşət içərisində, yüksək səslə: 


— Bu, həqiqətən, həyatın özüdür! — deyə hayqırıb anidən arvadına tərəf döndü. O, ölmüşdü.


   

*Ann Radkliff (1764-1823), qotik yazıçı.

**Delirium, sayıqlama vəziyyəti.

***Portretdə rəsmin ətrafı müəyyən bir sərhəd olmadan arxa plana yavaş-yavaş qarışaraq itməsi.

****Thomas Sally (1783-1872), amerikalı portretçi.

*****Metal tellərdən hörülmüş şey.



Tərcümə: R.N. İrukin

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)