Türkan Nağıyeva - Baba Çinarın bahar müjdəsi

Addım-addım yurdumuza bahar qədəmlərini basır. Yaz fəslini hər zaman çox sevmişəm. Təbiət kimi ruhumuz da, əhvalımız da çiçək açır, təzələnir. Bu, təkcə fəsil dəyişimi deyil ki, insan ruhunun oyanışıdır. Bahar təkcə təbiətə yox, içində ona yer verənlərə gəlir.
Bu gözəl fəsildə, Novruz ərəfəsində kəndimizi görmək, təmiz havasını ciyərlərimə çəkmək istəyirəm. Novruzun ilk müjdəsi ilə Basqalın küçələri canlanır, əsrlər boyu hər daşının, torpağının yaddaşına hopmuş nəğmələri küçələr boyu duyuram. Çərşənbələrdə qalanıb izi qalmış ocaqların qoxusu torpaqdan hələ çəkilməyib. Novruzun ətrini, o doğma qoxusunu duymaq bahar əhvalını bütün ruhumla hiss etdirir.
Gəlib çatıram on beşinci əsrdən bu yanacan qol-budaq atan qocaman Çinarın köləsinə. Bu ağac əsrlərin adətinə, ənənəsinə şahidlik etmişdir. Çinarın kölgəsinə sığınıb onu dinləmək istəyirəm. O, yüzillərin şahididir, minlərlə insanın gəlişini, gedişini, sevincini, kədərini görüb, keçmişin nəfəsini bu günə gətirir. Əyləşdim Pir Çinarın düz dibində.
Qocaman Çinar bu kəndin yüzillərlə keşiyini çəkib. Bilirsiniz, onda nə əhvalatlar, nə söhbətlər var?! Gözlərimi bağladım. Onun şahid olduğu kəndimizin qədim tarix səhnələri gözümdə canlandı. Qarşımda bir baba Çinar dayanır və qədimdən bugünədək şahidlik etdiyi əhvalatlardan, adətlərdən, gözəl günlərdən söz açır mənə. Baba Çinar məni öncəliklə XX yüzilliyin əvvəllərinə apardı – babalarımızın at belində keçdiyi həmin küçələri gəzdirdi mənə. Bazar Meydanında ərtraf kəndlərdən at belinə yüklənmiş malları gətirən buxara papaqlı kişiləri gördüm, bir-birindən hal-əhval bildirlər, kəndin ağsaqqal ziyalısına baş çəkib ondan müdrik məsləhətlər aldılar.
Sonra bulağa apardı məni, bulaqda əlində səhənglə üzlərini kəlağayı ilə bağlamış xanımları gördüm. Sonra bir evin darvazasının qarşısındakı su qabını görüb Çinar babadan soruşdum ki, nə üçün ora qoyulub? Dedi ki, ta qədimdən uşaqlı və ya bulağa getməyə səhhəti imkan verməyən xanımlar qapılarının önünə vedrə və ya səhəng qoyardılar və o qapının önündən keçən ilk adam mütləq o qabı su ilə doldurub gətirib yerinə qoyardı. Kəndlərin belə gözəl adətləri var.
Daha sonra daşı, divarı tarix qoxan küçələrdə gəzindik. Baharın təravəti adamı lap bihuş edirdi, istədim zamanı elə ordaca dondurub ancaq baharın ətrini doyunca içimə çəkim, heç yerə tələsmədən. Bütün fəsillər Baharı gözləsin, amma Bahar həmişə geciksin, getməyə tələsməsin. Bu xoş ruhiyyə ilə düşüb Çinar babanın dalınca qapılara xurcun atıb qaçan uşaqlara tamaşa etdik. Xurcunu düz ağzına kimi bayram şəkərləri ilə doldurub geri qoyurdular, hamı öz xurcununu görürəndə digərlərini də başlarına yığıb bir yerdə baxardılar ki, kim nə qoyub xurcuna. O qədər sevinirlər ki!
-Bəhman, bura gəl, gör Səmayə xala nə qədər bayram payı qoyub, uy da, 3 dənə şəkərbura, 3 dənə də paxlava, bunlar mənim, konfetlər sənin.
-Yox, Şəkərburaları da bölək.
-Bilirsən nə edək? Minurə xalagildə hüzür düşüb, bayram eləmirlər. Bunları yığ torbaya, 2 qapıya da ataq, onlarla bir yerdə yığıb aparaq Minurə xalagilə.
-Götürəcəklər ki?
-Onda qapıya qoyub qaçarıq.
O saflıq, o gözəl düşüncə, bayrama rəng qatan təmiz duyğular, uşaqsı sevgi...
Məhəllələri adladıqca evlərdəki bişinti qoxuları məni uşaqlığımın bayram sevinclərinə aparırdı. Amma mən öz uşaqlığımdan da çox uzaqda idim, mən lap babalarımızın, nənələrimizin uşaqlıq çağında idim. Dönüb-dolanıb yenə Çinarın seyrangahına gəldik.
-Bəs sən, baba Çinar, yorulmusanmı əsrlərdir eyni yerdən insanları izləməkdən, eyni bayramları yola salmaqdan, eyni küləkləri canına sovurmaqdan?
-Mən köklərimlə bağlıyam bu torpağa. Yorulmuram, çünki hər bahar mən də yenidən cana gəlirəm, təzə yarpaqlarımla təzə həyata qədəm qoyuram. Elə ki, siz də hər bahar ruhunuzu təmizləyib keçmişi unutmadan yeni həyata təmiz ruhla addım atmalısınız.
Şeyx Məhəmməd Məscidindən gələn azan səsi məni XX əsrin əvvəllərindən XXI əsrə atdı. Gözümü açıb Pir Çinarın kölgəsində daldığım xəyallarımdan qayıtdım. Bu ağac bir zamanlar yanıb, lakin hələ də qol budaq atmağa, böyüməyə davam edir. İnadla həyata sarılan bu qocaman ağac kölgəsinə hər il insanları yığır, kəndimizin tatixi onun köklərinə, gövdəsinə, budaqlarına hopub. Bu Qoca Çinar Basqal haqqında çox şey bilir. O mənə dedi, mən də sizə. Bir də onu dedi ki, əsl bahar həyatın içində yanıb kül olsan da, yenidən yaşamaq istədikdə gəlir.
Qəlbinizdə, ruhunuzda həmişə bahara yer etməniz diləyi ilə! Bayramınız mübarək!