ŞvartsMan - Əlcəyini çıxarmadın (hekayə)
-Şvarts, sənə qısa hekayə danışmaq istəyirəm.
-Danış- gülümsədim.
-Caspian Plazanın qarşısındaydım. Saat 17:58 idi. 6 -da iş bitirdi. Onu gözləyirdim. Onu. İki gün əvvəl tanış olduğum qızı. Cəmi iki gün. Axşamçağı hava soyuq olur və əlimə rockerlərinkinə bənzəyən əlcək geyinmişəm. 15 dəqiqə sonra ilk dəfə qarşılaşacaqdıq. Mən bu on beş dəqiqədə plazanın qabağında ora-bura var - gəl edərək gözləyirdim. Düşünürdüm ki, nə edirəm? Axı niyə görüşürəm? Mənim sevgilim var. İkinci birini niyə axtarıram? İkinci nəyimə lazımdır? Axı Ş. adlı bu qız dindardı. Hicabsız dindar. Mənimki onunla tutmaz bilirəm. Dindarları sevmədiyimi ona demişəm, o da bilir. Bəlkə içimdə onu dəyişdirmək ümidi var? Bəlkə cəhd etmək istəyirəm ki, nəsə alınsın? Bəlkə aramızdakı qocalmış allahı qolundan tutub maşının altına itələmək istəyirəm ki, bizə mane olmasın? Nə axtarıram? Macəra? Nə istəyirəm? Yeni insan tanımaq? Mənə həyat hələ ki maraqlıdır. Görəsən o necə insandır?
Bunları düşünə-düşünə gözləyirəm. Mesaj gəldi: düşürəm aşağı. Çox da həyəcan yoxdur. Gözləmək bir az bezdirir. Nəhayət gəldi. Diqqətlə baxdım. O da mənə baxdı. Yaxınlaşdı mənə. Sağ əlimin əlcəyini çıxartdım. Salamlaşdıq. Gülümsədik. Və yol gedə- gedə ondan soruşdum:
- Bilirsən, əlcəyimi niyə çıxardım?
- Niyə? - ehtiras qarışıq təbəssümlə maraqlandı.
-Əllərini hiss etmək üçün.
"Nestle" şokoladından yeyərək danışırıq. Yol boyu bir -birimizi səthi tanımaq üçün suallar verib zarafat edirik. İstəyirik nəsə yaransın aramızda. Şokolad onun xoşuna gəlir. Dayanacağa kimi piyada gedirik. Sevgilimin mənim bir qızla görüşməyimdən xəbəri yoxdur. Hər şey sakit və təhlükəsizdir.
Sabahsı gün yenə görüşdük. "Alpen gold" cibimdə. Parkda oturduq. Nəsə yaxınlaşma hiss edirik. Ş. əlini saqqallı üzümdə gəzdirir. 20 yaşı hələ tamam olmayan qızı məhəbbətdən başqa nə maraqlandıra bilər ki? Mən nəsə etmək istəyirəm və ehtiyat edirəm ki, geri çəkilər. 3 görüşdən sonra anladım ki, bizə allah mane olur. "Biz" deyəndə ki-ona. Dinə qarşı radikal mövqeyim və danışığım onu narahat edirdi. Öyrənəndə ki, nəinki allaha inanır, hətta bu yaxınlarda namaz qılmağa da başlayacaq öz-özümə dedim: "what the Fuuuuuuuck man!!" Bu da son və mən soyumağa başladım. Ona görə yox ki, mənə istədiyimi vermədi, ona görə ki, məndə maraq yaratmadı. Öyrənmək istəyi olmayan insanı heç kim dəyişdirə bilməz. O ilk öpüşü də, ilk seksi də qanuni əri ilə yaşamaq istəyirdi - baxmayaraq ki, məni içdən arzulayır, hətta allah, din, ailə və cəmiyyətin böyük təzyiqi olmasaydı, mənimlə yataqda ayaqları arasındakı qana baxa-baxa şokolad yeyərdi. Aramızdakı zarafat da bu idi: " Sən naməhrəmsən!" Buna gülürdük. İnsan naturası baxımından nə siyasətçi, nə dindardı. İnsan əxlaqsızdı. O, əxlaqsızlıq etmək istəmirdi. Şokolad qarşılığında sizə öpüş verməyən qadına vaxt sərf etməyin. Çünki sevgi təkcə almaq deyil, həm də verməkdir.
"İşlərim çoxdur, vaxtım yoxdur" bəhanəsiylə daha onunla görüşməmək qərarına gəldim. O da hər şeyi anladı. Artıq Ş.- ni işdən sonra evə ötürəcək kimsəsi yox idi. O yenə tək qaldı. Yenə tək. İçindəki mən(şeytan) və allah(mələk) arasındakı körpüdə tək qaldı. Və tam ürəyincə olmasa da allahı seçdi.
2 aydan sonra Ş. ilə təsadüfən avtobus dayanacağında rastlaşdıq. Birinci o məni gördü. Salamlaşdıq, əlimdə əlcək vardı. Mən Lider tv tərəfə gedəcəkdim, o isə işə gecikirdi. "Necəsən?" , " İşlər necə gedir?", "Təsadüfə bax da..", " Hər şey həminki kimi", "Yadımdadır Nestle", " Alpen Gold daha dadlı idi" - belə söhbətlər. 6 nömrəli Bakubus gəldi. Mən birinci gedəsi oldum. Barmaqsız əlcəkli əlimi ona uzatdım, sağollaşdıq. Birdən mənə gülümsəyərək dedi:
-Əlcəyini çıxarmadın...
2-3 addım ondan uzaqlaşandan sonra başa düşdüm. Dayandım. Çevrilib gülümsədim təəssüflə:
- Hə..başa düşdüm.. Sağol..
Avtobusun pəncərəsindən ona baxdım. Gözlərini qaçıraraq mənə baxdı, ya da baxmamağa çalışdı. Avtobus ondan uzaqlaşdı.
Hə, əlcəyimi çıxarmadım.
20.04.2019