Edebiyyat.az » Proza » Firudin bəy Köçərli - Qaranlıqda qalanlarımız

Firudin bəy Köçərli - Qaranlıqda qalanlarımız

Firudin bəy Köçərli - Qaranlıqda qalanlarımız
Proza
nemət
Müəllif:
21:29, 03 may 2019
1 793
0
Firudin bəy Köçərli - Qaranlıqda qalanlarımız

 

 Rusların mәşhur әdibi vә timsalnәvisi Krılov "Ağacın yarpaqları vә köklәri" adlanan bir timsalında yazır: "Baharın gözәl bir günündә ağacın yarpaqları sәhraya kölgә salıb, sabah yeli ilә şirin söhbәt edirdilәr vә özlәrini tәrif edib zәban-hal ilә sәbadan sorurdular: Mәgәr bu sәhranı ziynәtlәndirәn vә ağacın özünә hüsn vә lәtafәt verәn biz yarpaqlar deyilik? Әgәr biz olmasaq, ağac nәyә bәnzәr vә özümüzü tәrif etmәkdә mәgәr bizim haqqımız yoxdur? Biz deyilikmi çobanı sürüsü ilә günün istisindәn saxlayan vә onlara rahatlıq bәxş edәn? Biz deyilikmi qızları vә gәlinlәri öz sayәmizin altına rәqsә gәtirәn, biz deyilikmi sübhlәr vә axşamlar bülbülü şövqә vә hәvәsә gәtirib, ona gözәl nәğmәlәr oxutduran vә sәn özün, ey sәba, müttәsil bizimlә olurdun, bir dәqiqә bizdәn ayrı qala bilәrsәnmi?
 Bu sözlәri eşidib, yerin altından ağacın köklәri hәzin sәslә dedi: Bizi dә bir yada salıb razılıq etsәniz nә olur? Yarpaqlar qeyz ilә cavab verdilәr ki, siz kimsiniz, sizin nә cürәtiniz var ki, bizimlә belә küstaxanә mükalimә edәsiniz? Ağacın köklәri dedi: Biz onlarıq ki, burada yerin altında qaranlıqda dolanıb sizi bәslәyirik vә ağaca qüvvәt vә dirilik veririk. Biz onun rişәlәriyik. Sizinlә bizim tәfavütümüz bundadır ki, sizin ömrünüz bir sәnәlikdir. Hәr yazdan yaza siz tәzәlәnәrsiniz. Amma biz hәmişә qaranlıqda işlәyib sizә hәyat veririk! Әgәr biz olmasaq nә ağac sәlamәt qalar vә nә dә sizdә bu lәtafәt vә tәravәt olar".
 Bu timsalı burada zikr etmәkdәn muradımız budur ki, bizim müsәlmanların nücәba vә әhli-kәmalı öz köklәri vә rişәlәri mәnzilәsindә olan rәiyyәt tayfasını, әkinçi vә cütçü qardaşlarını unudub, bilmәrrә onların qeydinә qalmazlar. Vә hәtta biz onlara bir növ nifrәt vә hәqarәt gözü ilә baxıb, onları xar vә zәlil tuturuq. Mayeyi-hәyatımız vә sәbәbi-eyşü zindәganımız olan ziraәt әhlinә "qara rәiyyәt" adı qoyub, onlardan özümüzü kәnar tuturuq vә onlar ilә ülfәt vә mülaqat etmәyi kәsri-şanü şәrafәt hesab edirik. Ancaq öz zahiri kamal vә tәrbiyәmizlә, nәcabәtimizlә, tәzә modada tikilmiş libasımızla vә müzәyyәn vә münәqqәş otaqlarımızla iftixar vә sәrkәşlik edib, qaranlıqda qalan cәhl vә nadanlıq cәngindә zar vә zәbun olan qardaşlarımızın dad vә harayına yetişmirik. Bu sayaq onları özbaşına vә öz halına qoyduğumuza görә onlar da gün-gündәn cәhalәt dәryasına qәrq olmaqdadırlar, icz vә zәlalәtlәri şiddәtlә artıb çoxalır, dәmbәdәm, saatbasaat tәnәzzül etmәklәri müşahidә olunur. Yüz sәnә bundan әqdәm nә halәt vә nә dәrәcә istitaәtdә vardısalar, indi dә o halda müstәhkәm durublar. Müddәti-mütәmadi bir halda qalmaqlıq dәlili-tәnәzzüldür. Çünki bu müddәtin әrzindә sair әqvam vә milәl kәmali-sürәtlә irәli gedib, bizi geridә qoyublar. Bizim müsәlmanlar isә bir nöqtә üstündә sabitqәdәmdirlәr.
 Elm vә maarif kәsb edәnlәrimizin ümdә arzusu özlәrini şәhәrә salıb, isticә vә mәnfәәtli qulluq tapmaqdır. Kәndlәrimizdә әcәlsiz, dәrmansız vә müalicәsiz ölәnlәrin hәddu hesabı yoxdur, nә әczaxana, nә mәrizxana vә nә elmli hәkim vә cәrrah gözә dәymir.... Әtfali-müslimin tәrbiyәsiz vә elmsiz qalıb ataları vә babaları kimi dünyadan bixәbәr, vәhşәt vә zülmәt içrә zindәganlıq edirlәr. Ülәmalarımız vә vaizlәrimiz şәhәr zindәganlığını kәndlәrdә avam dehqanlarla müaşirәt etmәyә tәrcih vә tәfәvvüq qılıb, öz nәf vә xeyirlәrinә vә әmn-asayişlәrinә xәlәl yetirmәzlәr... Cavan müәllimlәrin әksәri ki, darülmüәllimindә kәsbi-maarif ediblәr, bir sәnәdәn artıq kәnddә qalıb müәllimlik etmәzlәr vә qaranlıqda qalan qardaşlarını ziyalandırıb, gözlәrini açmağı özlәrinә borc bilmәyib, yüz cürә vasitәlәrlә onların içindәn çıxıb qaçmağı vә özlәrini şәhәrә salmağı böyük hünәr bilirlәr. Ali mәdrәsәlәrdә ki, ibarәt ola universitetdәn, qisim-qisim institutlarda vә akademiyalarda ikmali-tәhsil edәnlәrimizin heç birisi özünә bu әskikliyi vә hәqarәti qәbul etmәz ki, gedib kәndlәrdә cәhl vә nadanlıq qaranlığında qalan din qardaşlarını qәflәt yuxusundan oyatsın vә öz elm vә mәrifәti ilә onları da nurlandırsın. Universitetin axırıncı kursunda elm tәhsil edәn dövlәtmәnd bir ağazadә ilә millәtimizin geridә qalmağı barәsindә söhbәt edirdim. Әsnayi-göftüguda ondan soruşdum ki, universiteti qurtarandan sonra niyyәtin harada qulluq etmәkdir? Cavab verdi ki, harada pulu çox versәlәr, orada. Cavani-mәzbur әgәr ki, ibtidai-kәlamda vәtәnә xidmәt etmәkdәn vә millәtpәrәstlikdәn dәm vururdu, amma burada öz ürәyinin әsil niyyәtini bilaixtiyar izhar elәdi. Vә filhәqiqә haman cavan әlan Bakı milyonçularının birisinә xidmәt elәyir. Bәli, qızıl-gümüşün qüvvәyi-cazibәsi müqabilindә heç bir әfkari-aliyәmiz tab gәtirә bilmir. Tәәccüb budur ki, hansı bir ziyalı vә mәdәniyyәtli müsәlman qardaşı dindirirsәn ahi-cigәrsuz ilә deyir: "Millәt әldәn getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irәlilәdi. Gәrәkdir çalışaq, gәrәkdir rahatlığı özümüzә haram edәk, millәti oyadaq, onun uğrunda can vә maldan keçәk, ona tәrbiyә verәk, elm nuru ilә onu işıqlandıraq" vә bu qisim laf-kәzafdan dәm vurub boşboğazlıq edirlәr.
 Amma hәqiqәtdә heç biri öz şәxsi mәnfәәtlәrini millәt xeyrinә fәda etmir. Axırda baxırsan ki, yenә "qara rәiyyәt"i öz fәna vә pürmәlal halları üzrә buraxıb, özlәrini şәhәrә salırlar. Qaranlıqda qalanlarımız dәxi kor-korana bir-birini tapdalaya-tapdalaya zülmәt içrә heyran vә sәrgәrdan qalırlar.
Mordәra mordә key konәd bidar? (tərcüməsi: Ölünü ölü necə oyadar?)
Tiflisdә sülh mәclisinә daxil olan әrbabi-kәmal vәkillәrimiz bu halı nәzәr-diqqәtә alıb, ümumi Qafqaz müsәlmanına mәccanәn tәlim vә tәrbiyә vermәk mәsәlәsini meydani-müzakirәyә qoymuşlar vә әsnayi-müşavirәdә bu mәsәlә cümlәnin diqqәtini cәlb edib. Qonşularımız ermәni vәkillәri dәxi bu barәdә bizim vәkillәr ilә müttәfiq vә müttәhid olublar.... Ümidvaram ki, bundan sonra qaranlıqda qalanlarımız üçün dәxi işıq, nicat vә sәadәt yolu açıla vә bәlkә bundan sonra ikmali-tәhsil edәnlәrimizin qәlbinә dәxi bir hәqiqi mәhәbbәt düşә ki, qaranlıqda qalanlarımızın nicat vә sәadәti yolunda can-dildәn sәrfi-hümmәt edәlәr.
1906
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)