Dərya Akdəmir - Güllük necə küllük oldu?
"Qaçhaqaç hekayələri" silsiləsindən I Hekayə
İğdırın ən gözəl kəndlərindən birində yaşayan kiçik bir uşağa əsən külək sanki bir kəndin hekayəsini pıçıldamışdı. Kiçik qəlbli Aydəniz həyatın tənhalığında öz hekayəsinin dramatik ssenarisi ilə illər sonra üzləşmək və həqiqətin pəncəsində tapmaq istəyirdi özünü.
Səkkiz yaşında qorxmaz kiçik qızcığaz, ancaq böyük ürək sahibi Aydəniz necə oldusa, birdən-birə Songül xalasının həyətində olduğunun fərqinə vardı.
Orada həm də çox sevdiyi babası var idi. Xalasının qaynatası idi həmin baba. Ay üzlü Ədhəm baba. Aydəniz yolda ora gedəcəyini öyrənsə də, ürəyinin həyəcan dolu çırpıntılarına mane ola bilmirdi.
Əslində, Aydənizlə Ədhəm babanın bu ilk görüşü deyildi, heç son görüşləri də deyildi. Aydəniz nəhayət babasına qovuşmuşdu. Əllərindən öpüb qucaqlamışdı onu uzun müddət. Nəhayət Aydənizin gözlədiyi vaxt gəlib çatdı. Qaranlıq çökmüş, hər kəs yavaş-yavaş yatmaq üçün öz yerinə çəkilmişdi. Aydəniz Ədhəm babanın yaxına gələrək həmişə onu rahat qoymayan o sualı soruşdu.
-Babacan, bu kəndin adına niyə Küllük deyirlər ?!
Sualdan bbabanın gözləri doldu:
-Otur, qızım, danışım - o dedi. Ədhəm baba dərindən nəfəs aldı və nisgilli səslə sözünə davam etdi.
Aydəniz hekayə dinləyəcəyi üçün məmnun görünürdü. Və beləliklə Aydənizin maraqla dinlədiyi hekayə başladı...
…Qızım, biz çox çətinliklə böyüyən bir nəsil olmuşuq. Günlərin bir günü alaqaranlıqda həyatımın bütün mənasını itirdim. Mən də vaxt var idi ki, sənin kimi uşaq idim. Evdə bacı-qardaşlarımla oyun oynayırdım. Sonra qəribə səslər eşitməyə başladıq. Əvvəllər heç bu cür səslər eşitməmişdik. Maraq məni bürüdü və çölə çıxdım, kəndimiz alov içində yanırdı. Bütün kənd camaatı qaçır, qadınların qışqırtısına körpə və uşaqların iniltiləri qarışırdı...
Aydənizin gözləri heyrətdən böyümüşdü və üzündə bayaqkı təbəssümdən əsər-əlamət qalmamışdı. Qaşlarını çataraq və ürəyi qovrularaq eşitdiyi hekayəni içində yaşamağa başladı Aydəniz. Hekayənin sonrasını dinləməyə davam etdi. Ancaq həqiqətlə üzbəüz gəlməyin donuq ifadəsi nəqş olmuşdu kiçik vücuduna. Ürəyi həyəcandan döyünsə də, əsas diqqətini hekayəyə verməyə başladı...
Ədhəm baba:
-Ətraf qanlıq idi. Qorxurdum. Uşaq ağlı ilə bağçadakı qayanın dibində gizləndim. Gündüzləri gizlənpaç oynayardıq orda. Həmişə özümü bu qayanın arxasında təhlükəsiz hiss edərdim.
O axşam da qayanın arxasından oyuqda gizlənib həmin gün olanları görəcək qədər də bəxtsiz idim. Bütün hadisələr gözlərimin önündə baş verirdi. Əcnəbilər var idi kəndimizdə. Səslərdən və qışqırıqlardan çox qorxur, tir-tir titrəyirdim.
Kənddəki bütün qonşuları evlərindən zorla çıxarmışdılar. Bizim evdən də hamını çıxardılar. Həyətə topladıqları insanları görsəm də, səsimi çıxara bilmirdim. İzləməyə başladım və lal-dinməz dinlədim. Yer, göy və ürəyim buz kəsilmişdi. Kəndimizə ermənilər girdi o gecə. Uşaq, körpə, qadın olmaqla hər kəsi öldürüb cəsədlərini bir yerə yığırdılar. Böyük bir soyqırım yaşanırdı gözlərimin önündə.
Donub qalmışdım yerimdə. Gözümü qırpmadan olanları izləməyə davam elədim. Hamilə bir qadını bir ağaca bağlayıb hədəf taxtasına çevirdilər, qadın öldü....’’
Ədhəm baba hıçqırıq səsləri ilə ağlayaraq susdu. Davam edə bilmədi sözlərinə. Aydəniz isə hələ də dinlədiyi hekayənin təsiri altında idi.
İnsan necə başqa bir insanla bu cür vəhşiliklə rəftar edə bilərdi?!
O, balaca ürəyinin yerindən çıxacaq kimi hiss edir,beynində fırlanan sualların cavablarını axtarır və sanki danışılan səhnələri yaşayırdı bir-bir..
Sonra…
Ədhəm babanın səsi:
‘‘Bir qadının qarnını yararaq yavrusunu çölə çıxardılar, başını bıçaqla bədənindən ayırdılar. Sonra gördüm ki, mənim ailəmi və yaxın qoşularımızı tövləyə doldururlar. Tövlədəki camışların üzərinə kerosin töküb yandırdılar. Qışqırıqlar sanki başqalarına görə eşidilmirdi...Elə bil ancaq mən eşidirdim o fəryadları, elə zənn etdim bir an. Qonşular və ailəmdən bir çox insanın fəryadlarını eşidirdim. Dəli ola bilərdim, ancaq olmadım. Ancaq izləyirdim... Həm yandılar, həm də öz canlarının hayına qalan camışların altında hamısı canlarını tapşırdı. Bir az sonra yanğının azaldığını gördüm. Səhər açılmışdı. Ermənilər artıq kəndi tərk eləmişdi. Səssizlik idi, kənddə sanki in cin top oynayırdı. Çıxmaq istəyirdim gizləndiyim yerdən, ancaq qorxurdum. Qərara gəldim ki, bir az da gözləyim. Çox ac və halsız idim. Səhər bütün kəndin yağmalanıb külə döndüyünü gördüm. Aclıqdan və yaşadıqlarımdan artıq gücüm və dizlərimdə taqət qalmamışdı. Otlardan qoparıb yeməyə başladım. Kəndlilərdən bəziləri gizlənərək sağ qala bilmişdilər, onlardan biri də mən idim. Ermənilərin bu hərəkətlərdən ailələr məhv oldu. Sən demə, soyqırım təkcə bizim kənddə yox, Hakmemet, Oba, Aralık, Tuzluca kəndlərində, Ərdahanın, Qarsın, İğdırın bütün kəndlərində yaşanıbmış. Bunları sonra bildik. Gedib baxdıq, kəndlərdə insanları üst-üstə quyulara atmışlar,
Körpələri kəsiblər, bəzilərini öldürəmklə kifayətlənməyib ağız-burnunu kəsib eləcə atmışdılar. Əvvəllər bu kəndin adı Güllük idi. Hər yerdə güllər və çiçəklər açardı, kənd rəngarəng idi. Ermənilər kəndi yandırandan sonra adını dəyişdirib Küllük qoydular. Bu da bizim Küllük kəndinin hekayəsi...
...İllər keçəcək, Aydəniz Ədhəm babanın danışdığı hekayəni həmişə üzüntü ilə xatırlayacaqdı. Aydəniz həm də Ədhəm babanın həmin günlərdən danışarkən çöhrəsindəki ifadəni heç vaxt unutmayacaqdı. Güllər alovlara bürünərək kül olmuşdu bu yerlərdə...
Dərya Akdəmir
Türkiyə türkcəsindən uyğunlaşdıran
Əfsanə BAYRAMQIZI