Edebiyyat.az » Proza » Atasının Nəsib bəy Yusifbəyliyə məktubu: “Baş nazirsən, sənə pul yollayım, hasarını da mən salım?!”

Atasının Nəsib bəy Yusifbəyliyə məktubu: “Baş nazirsən, sənə pul yollayım, hasarını da mən salım?!”

Atasının Nəsib bəy Yusifbəyliyə məktubu: “Baş nazirsən, sənə pul yollayım, hasarını da mən salım?!”
Proza
Necef Esgerzade
Müəllif:
21:04, 28 may 2019
1 668
0
Nağı bəy Şeyxzamanlı Azərbaycan  Cümhuriyyətinin Əksinqilab üzrə Mübarizə İdarəsininin rəisi olub. Ölkənin ilk “çekist”idir. Bu nəslin nümayəndələri bu gün də sayılıb-seçilən insanlardandırlar. Çox təəssüf ki, ömrünü qürbətdə başa vuran və Türkiyəyə dəfn olunan Nağı bəyin özü kimi, övladları, nəvə-nəticələri də vətən həsrətli bir ömür yaşamalı oldular və yaşamaqdadırlar.


 Nağı bəyin xatirələri Cümhuriyyət tariximizi öyrənmək üçün zəngin material rolunu oynayır. Həmin xatirələrdən ən maraqlılarından biri də onun yerlisi, Nəsib bəy haqqında yazdıqlarıdır.


 Edebiyyat.az saytı bu yazıda Nağı bəyin AXC-nin baş naziri olmuş Nəsib bəy Yusifbəyli haqqında yazdıqlarını təqdim edir:



 Bir görüşün tarixçəsi
  
 “Azərbaycan  Cümhuriyyətinin Əksinqilab üzrə Mübarizə İdarəsinin rəisliyinə hələ təyin olunmamışdım. Tez-tez Bakıya gələr və təbii ki, hər gedişimdə də Nəsib bəylə görüşərdim. Nəsib bəy o zamanlar Baş nazir vəzifəsinə yeni keçmişdi. Onu təbrik etmək üçün Gəncədən gəldiyim günün sabahı saat 10:00-da Nazirlər Kabinetinin yerləşdiyi yerə gəldim. Dəftərxana müdiri vasitəsilə gəldiyimi və görüşmək istədiyimi bildirdim. Gözləməyi söylədi və 11:30-a qədər gözlədim. Sonra yenə dəftərxana müdirinə “qardaş, yəqin, unutdu. Zəhmət olmasa, bir də xatırladın” dedim. O, Nəsib bəyin kabinetinə girdi və çıxaraq mənə “unutmadım, gözləsin deyir” söylədi. Saat 14:00-a kimi gözlədim. Azərbaycanda məmurlar üçün iş vaxtı 8-dən 14:00-a qədərdi. Saat 14:00-da Nəsib bəy kabinetindən çıxdı. Ayağa qalxıb görüşdüm, saatlarla gözləməyim barədə heç nə demədim. Hər ikimiz ayaq üstə idik. Mən “Nəsib bəy, sabah səhər 8-də vəzifənizə gələnə qədər burada gözləyimmi?” dedim. Nəsib bəyin təbəssümlü çöhrəsinin təbəssümü bir az da artdı. “Yox canım, səni bərabər çıxmamız üçün bu qədər gözlətdim” söylədi. Binadan çıxaraq Baş nazirin avtomobili ilə onun evinə gəldik. Masanın arxasında oturaraq, iki nəfər üçün hazırlanmış nahar etdik. Nəsib bəy “əgər səni gələn kimi qəbul etsəydim, doyunca söhbət edə bilməyəcəkdim. İndi həm yemək yeyirik, həm də istədiyimiz qədər söhbət edirik” dedi. Vəziyyətini soruşduğum zaman Nəsib bəy belə cavab verdi: “Heç zaman səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım hər zaman pul sarıdan olub”.


 
Atasının Baş nazirə məktubu

  
 Nəsib bəylə onların evində olarkən atasının ona yolladığı məktubu mənə oxudu. Əvvəlcə bunları dedi: “Seym dövründə Tbilisidə maarif naziri idim. Aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi, Gəncədən - atamdan pul istəyərdim. Azərbaycanın istiqlalını elan etdik. Cümhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmadı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizdə keçirilən gecələrə dəvət olunmayım. Hamısının da dəvətini qəbul edib, iştirak etmək lazımdır. Sən bilirsən, mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsi ilə ayırmışdım. Üç ildir ki, milli işlərdən baş açıb bağ ilə məşğul ola bilmirəm. Atama bir məktub yazaraq, bu il də bağ işləri ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Atamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram:
 “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsil alıb Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Amma sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedib Seymin maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin burada da maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə də məndən pul istədin. Həmişə də göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. Sənə o pullardan göndərdim. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni, ölkənin padişahı olmusunuz. Yenə də bağının qamışını mən alım?!”".
  
 Son görüş
 
 

 Nağı bəy Şeyxzamanlı:
 
 “Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbaycan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. “ÇK”nın azğın cəlladları Bakıda xüsusilə də müsavatçıları məhv etməyə çalışırdılar. Gizli olaraq Nəsib bəylə görüşə getmişdim. Bu, mənim onunla son görüşüm oldu. O, bir neçə yoldaşla birlikdə bir evdə saxlanılırdı. Çox kədərli idim. Çünki düşmən milli varlığımıza zəhərli xəncər saplamışdı. Danışmaq istədikcə,  gözlərim dolurdu. Bir ara hamımız susduq. Nəsib bəyin çöhrəsindəki kədərli cizgilər hiss olunurdu. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycan istiqlalını qurduq. Amma onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına  keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey var ki, o da bizə təsəlli etmədədir. Ruslar zülmləri ilə xalqımızı nə qədər istərlərsə əzirlərsə, əzsinlər, ancaq əbədi olaraq qala bilməzlər. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hüruriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan Neronu köməyə çağırsalar da, yenə müvəffəq ola bilməzlər”.


  
Yazan: Elmin Nuri
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)