Nazilə Hejari - Aydın Qərb, Qaranlıq Şərq
“Coğrafiya – taledir” deyirlər. Taleyimizə boyun əyənlərdən, yoxsa özümüzü yenidən var etmək istəyənlərdənik?
Qərbə gedən bir gəmi içərisində, şərqəmi qaçırıq?!
Şərqə gedən bir gəmi içərisində, qərbəmi qaçırıq?!
Sükan çarxını bir yönə çevirməzdən əvvəl bir məsələni aydınlaşdırmalıyıq;
Şərq və Qərb fərqi coğrafi, yoxsa mədəniyyət və inanc ayrıdırmı? Qərbi Şərqdən “üstün” edən nədir? Qərb cəmiyyətlərinə olan bu maraq hardandır? Gəlin tarixə nəzər salaq. Əslində bu ayrım 395 - ci ildə Roma imperiyasının iki yerə (Şərq və Qərb) bölünməsi ilə təməl qoyur. Bu coğrafi xətt illər keçdikcə mədəniyyət və inancın formalaşmasına təsir göstərir. Beləliklə Şərq və Qərb iki ayrı dünyaya çevrilir. Zamanla şərqə aid olan bəzi şeylər qərbləşir. Buna xristianlıq dinini misal çəkmək olar. Hər bir səmavi din kimi xristianlıq da Şərqdən çıxdı, ancaq qərb dininə çevrildi. İndiki Yunanıstan illər əvvəl şərq imperiyası ərazisi daxilində olmasına baxmayaraq, hal-hazırda qərb ölkəsi sayılır. Çünki bir ölkə əgər qərb ölkəsi sayılırsa demək ki qərb qanunlarını mənimsəmişdir.
Məşhur alman filosofu Nitsşe bu iki dünyanın bir-birindən fərqləndiyini bir cümləylə ifadə etmişdir: “Şərqin peyğəmbərləri, yunanların filosofları var”. Bu cümlənin üzərində dayanmaq istəyirəm. Şərq insanın dünyası teosentrikdir. Yəni Şərqdə Tanrı hər yerdə var. Qərb isə şəxsiyyət təməlli bir cəmiyyət inşa edir. İnancla aydınlanmaq olmaz. Düzdür, din insanın içini isidər, amma fəlsəfə, sənət, elm insanı aydinlandırar.
E.Ə. əvvəl 600 – ci illərdə antik Yunan Milet şəhərindən ilk naturfilosof Fales səhnəyə çıxır. Bu çıxış aydın cəmiyyətin ilkin göstəricilərindəndir. Başqa bir misalla, yunan polisi olan Afinada e.ə 600-400 – ci illərdə, yəni 150 il ərzində, 5 dəfə idarəçilik rejimi dəyişir. Orta Şərq Akkad dövlətinə nəzər salsaq, monarxiya rejiminin höküm sürdüyünü görərik. Buna görə də Qərbdə məhkəmədən ədalət gözlənir, Şərqdə isə sultandan. Bu iki misalda Qərbin niyə Şərqdən daha çox inkişaf etdiyini aydınca görmək olar.
Başqa bir sözlə desək, şərq cəmiyyəti heyrətlənməyə açıq bir cəmiyyət deyil. Aydınlanmağın ilk ana təməli isə heyrətə düşməkdir. Məlumdur ki, ancaq yeniliklərə heyrətlənmək olar. Bax bunu biz Şərqdə çox təəssüf ki, görə bilmirik. Çünki bizim cəmiyyət vərdişlərinə, keçmişinə bağlı bir cəmiyyətdir. Kökü dərinlərdə olan yaşlı, quru ağacı kökündən ayırmaq çox çətindir. Yerində fidanlar əkmək üçün isə ağacı kökündən çıxartmaq mütləqdir. Əlqərəz, demək istədiyim odur ki, tarixinə, inancına çox bağlı, fəlsəfəyə cəmiyyətində yad bir maddə kimi baxan, sənətə dəyər verməyən xalqlar hər zaman bu gününü yaşayan və qaranlıqdan çıxmaq istəyən xalqlardan hər zaman geridə qalacaqlar.
Hansı gəmidə getməyimiz fərq eləmir. Sükan bizim əlimizdədirsə, istədiyimiz yönə çevirə bilərik...