Elvin Rizvangil - Atam, oğlum və mən. (hekayə)
Proza
Elvin Rizvangil - Atam, oğlum və mən. (hekayə)
Biz uşaqlıq nədi bilmədik. Yeni-yeni uşaqlığımızın dadını çıxardırdıq ki, atalarımızı Qarabağa göndərdilər. Çoxumuzun atası oradan geri qayıtmadı. Çoxumuzun atası qayıdanda, 2 dənə olan orqanından biri yox idi. Çoxumuzun atası bayrağa bükülü uzunsov taxta yeşikdə gəldi. Müharibə bizə ölmün nə demək olduğunu 5 yaşımızda başa saldı. Başqa ölkələr də biz yaşda uşaqlar ölümün mənasını dərk etməyəndə, biz ölümün nə olduğunu tam təfərrüatı ilə bilirdik. Gizlənqaç, bənövşə oynamalı yaşımızda adına dax-dax dediyimiz müharibə oyunu oynayırdıq. Atalarımız Qarabağdan qayıdanda, bütün zavod fabriklər bağlandı. Atalarımız işsiz qaldı. Parklarda oynamalı yaşımızda, parkalarda şirəli su satdıq. Karusel maşınları sürməli yaşımızda, moykalarda maşın yuduq. Aftobuslarda konduktor işlədik.
Adını unutduğum bağça yoldaşımın atası müharibədə öləndə, 4 yaşı vardı. Hər gün anası onu baxçadan götürəndə "atama istəyirəm, atam gəlsin aparsın məni" deyə ağlayırdı. 4 yaşlı qıza deməmişdilər atasının öldüyünü. Aldatmışdılar onu. Ancaq o qız həqiqəti nə vaxtsa öyrənəcəkdi. Adı nə olur olsun. Bir həqiqət var idi o qızın atası ölmüşdü. O qız bütün atalı uşaqlara həsədlə baxacaqdı. Atası gəlincik alan qonşu qızına paxıllıq edəcəkdi. Bütün xəyallarında ata yeri boş qalacaqdı. Onun atasına verilən orden və medalların heç bir önəmi yoxdur, o qız üçün. Çünki orden və medallar qızın ata nəvazişini bir dəfəlik əlindən almışdı.
Sinif yoldaşım olan və evimizin yanındakı uşaq baxçasında məskunlaşan Leyla adlı Qaçqın qız Zəngilanda iki mərtəbəli böyük evləri olduğunu,
evin bir otağının ancaq onun oyuncaqları ilə dolu olduğunu deyirdi. Ən ağır dərd bilirsiniz nədir? Bunu sonralar öyrəndim. Bizim başımıza bu münasibətləri gətirən ölkələrin bizə yardım göndərməsi. Təsəvvür edin biri atanızı öldürür, sonra başlayır hər ay sizə yardım göndərməyə. Biz avropalı uşaqların köhnə paltarları, İranın keyfiyyətsiz ərzağı ilə böyüdük.
Hə bir də, çörək növbələri var idi. Siz anlamazsınız. 2 çörək almaq üçün saatlarla növbədə dayanardıq. Bir dəfə çörək növbəsində idim. Pul əlimdə növbə mənə çatanda baxdım ki, pul yoxdu. İndi çörək ala bilməsəm, bu gün ac qalacayıq. Çörək bir də 6 saatdan sonra 21:00 da olacaq. Çarəsiz səkinin qırağında oturub ağlamağa başladım. Bir cavan oğlan yaxınlaşdı, ağlama səbəbimi soruşdu. Pulu itirdiyimi dedim. Əlimdən tutub insan izdihamının yara-yara çörək köşkünün barmaqlıqlarının qarşısına gətirdi. Cibindən pul çıxarıb 2 çörək aldı. Kimsə onun növbəsinə girdiyi üçün etiraz etdi. Geriyə dönüb, həmin adamın yaxasından tutdu. Mən bir ayağımı bu uşaqların gələcəyi üçün qoymuşam, yaxşı yaşayışı üçün qoymuşam. Uşaq burada çörək növbəsində durmalı deyil. Evdə dərs oxumalıdır. Parkda karuseldə yellənməlidir. Əlində çəlik olduğunu gördüm. Bayaqdan buna fikir verməmişdim. Arxadan yenə bir nəfər qışqırdı: -allah bilir çörəyin pulunu nəyə xərcləyib, gəlib burada artistlik edir. Bu dəm yerdən bir 500 manatlıq gördüm. Tez əyilib pulu götürən kimi sevincək halda dedim:
-Əmi tapdım, pulmu tapdım-deyə qışqırdım.
Bəlkə də inanmayacaqsan, amma eynən "Şərikli Çörək" filmindəki kimi oldu. Adı nəydi o uşağın? Hə, hə Vaqif! Bax, eynən elə. Özüdə uşaqlıqda mən elə simaca da ona oxşayırdım. Onun kimi qarayanız uşaq idim. Biz bax belə böyüdük. Böyüdük deyəndə ki, birdən birə böyüdük. Atası şəhid olan sinif yoldaşımın yanında heç vaxt atamdan danışmırdım. Çünki atam yaşadığı üçün dostumdan utanırdım. Çox şeylər var danışmalı. Ancaq danışsam gərək səhərə qədər oyaq qalaq. Bax biz belə böyüdük yarımız çadır şəhərciklərində, qaçqın düşərgələrində, çoxumuzda çörək növbələrində, parklarda su sata-sata, marşurutlarda sərnişin çağıra-çağıra, bazarlarda insanların özümüz ağırlığındakı zənbillərini daşıya-daşıya böyüdük.
Əziz oğlum, indi sən heç nədən xəbərsiz beşiyində yatırsan. Sabah sənin bayramındı. Ancaq mən Qarabağa gedirəm. Bəlkə mən də qayıtmayacağam, iki olan orqanımdan biri əskik qayıdacağam bəlkə... Bəlkə də, bayrağa bükülü taxta yeşiyin içində qayıdacağam. Bəlkə talehimiz eyni olacaq. Sən də parkda oynamalı yaşında, parkda su satacaqsan. Bir yeraltı keçiddə popkorn satacaqsan. Bir deputat vergi ödəmədiyin üçün parlamentdə sənə etiraz edəcək. Bəlkə də məni qınayacaqsan. Ancaq mənim gözəl oğlum, sənin övladlarının bunları yaşamaması üçün mən getməliyəm. Ümid edirəm ki, talehimiz bir olmayacaq. Siz bütöv Azərbaycanın vətəndaşı olacaqsınız. Gəlməsəm anan sənə əmanət.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Kamran Səməd - Azaliya