Edebiyyat.az » Proza » La fuga del tempo (“Zamanın qaçışı”)

La fuga del tempo (“Zamanın qaçışı”)

La fuga del tempo (“Zamanın qaçışı”)
Proza
Necef Esgerzade
Müəllif:
12:47, 17 iyun 2019
1 260
0
                   “…əgər bu incəsənətdirsə, o zaman hər kəs üçün deyil. Yox, əgər hər kəs üçündürsə, o zaman incəsənət deyil…”

                                                                     Libretto

Bu bir əsgərin tarixçəsidir. Onun ismi Giovanni Drogo. Onun həqiqi həyatı hərbi akademiyadan sonra başlanır. İlk qulluq yeri – daş və torpaqdan ibarət sonsuz çölün kənarındakı sərhəddəki hərbi istehkamdır. Buralar il deserto dei Tartari, Tatar səhrası kimi məşhurdur. 
Cəmi bir neçə aydan sonra leytenant Drogo qulluq yerini dəyişmək haqda düşünür. Lakin bu nə indi, nə də sonra – heç bir zaman baş vermir. Onun ilk qulluq yeri ilk və sonuncu olaraq qalır. O, hər zaman həyatında önəmli, vacib anların gələcəyinə inanır, lakin təəssüf ki, bunlar baş vermir.
Giovanni Drogo kerosin lampasının işığının əhatə etmədiyi taxtda uzanır və öz həyatı haqda düşüncələrə dalır, lakin qəflətən yuxuya gedir. O bilmirdi ki, məhz bu gecə – bunu bilsəydi əsla yuxuya getməzdi – bəli, məhz bu gecə amansız zaman onun üçün artıq geriyə hesabını başlamışdı.
İndiyədək o, uşaqlıqdan sonsuz görünən həyat yolunda, təlatümsüz gəncliyini sürməkdə idi. Bu dövrdə illər çox ahəstə və hiss edilmədən keçir. Ətrafa maraqla nəzər salaraq addımlayırsan; bu zaman heç kim səni tələsdirmir, dostlar da ətrafında qayğısızca, hərdən zarafat etmək üçün dayanaraq irəliləyir. Böyüklər səni lap astanadan mehribancasına salamlayır və çoxmənalı təbəssümlə üfüqə işarə edirlər; bu zaman sənin ürəyin şirin arzular və gələcək qəhrəmanlıqlar intizarında titrəyir. Sənsə, artıq öncədən, səni gözləyən bütün gözəllikləri indidən duyursan. Hələlik sezəcək bir nəsə yoxdur, lakin əminsən ki, zaman gələcək və hər şey baş verəcəkdir.

                                                                          ***
Hələ çoxmu getmək gərəkdir? Yox, sadəcə bu aşağıdakı körpünü keçmək və sonra öndəki yaşıl təpəliyi aşmaq gərəkdir. Məgər biz artıq mənzil başında deyilik? Məgər bu ağaclığa, bu otluğa, bu bəyaz evə can atmırdıqmı? Hansısa anda elə gəlir ki, bu doğrudan da belədir və dayanmaq gərəkdir. Lakin sonra bizə daha yaxşısının öndə olacağını deyirlər və biz qayğısızcasına yenidən yola düşürük.
Beləcə daha xoşbəxt taleyin gələcəyinə sadəlövhcəsinə inamla addımlayırıq, günlər isə uzun və sakitdir, göydə günəş şəfəq saçır və qüruba əsla tələsmir.
Lakin hansısa anda, qeyri-iradi olaraq biz geri dönür, arxamızdakı qapıların kip bağlandığını və geriyə artıq yol olmadığını görürük. Məhz bu zaman nələrinsə dəyişildiyini hiss edirsən: günəş artıq hərəkətsiz görünmür, əksinə, səma üzərində sürətlə hərəkət edir. Baxıb zövq almağa zamanın çatmır, həmən üfüqə enib orada batır; buludlar lacivərd göylərdə daha qayğısızcasına astaca süzmür, bir-birini itəliyərək sanki harasa tələsir və bu zaman anlamağa başlayırsan ki, zaman keçir və sənin yolun – gec və ya tez – bitəcəkdir.
Bəli, elə bir an gəlir ki, arxamızda ağır qapılar sanki ildırım sürətilə bağlanır və onları həmən kilidləyirlər – daha geri dönə bilməzsən.
Lakin məhz bu anda Giovanni Drogo bir zahid yuxusuna dalmış və röyada məsum uşaq təkin gülümsəyirdi.

                                                                             ***
Drogo bunu çox böyük zaman keçdikdən sonra anlayacaq. Onda ayılma baş verəcək. O şübhə ilə ətrafa baxacaq, onu haqlayan addımları eşidəcək, ondan öncə oyanmış və məqsədə birinci yetməyə can ataraq onu üstələməyə tələsən insanları görəcək. Həyatının qalan günlərini hesablayan zamanın döyüntülərini eşidəcək. Həmin anda pəncərədə artıq gülümsər yox, donmuş və etinasız sifətləri görəcək. Və bu zaman yola nə qədər qaldığını sorsa, insanlar başı ilə yenə də üfüqə tərəf işarə edərək, lakin bu işarədə artıq nə xoş niyyət, nə də səmimiyyət olacaq. Bu arada dostlar gözdən itəcək; kimsə haldan düşüb geridə qalmış, kimsə əksinə, qarşıya çıxmışdır, irəlidə üfüqdə kiçicik nöqtə kimi görünür.
“Sənə, çayın o üzünə keçmək lazımdır” – deyəcəklər. Cəmi on kilometr qaldı və sən mənzil başındasan. Lakin nədənsə bitmir, günlər qısalır, yol yoldaşları seyrəlir, pəncərələrdənsə yalnız başlarını titrədən solğun kölgələr görünür.

                                                                             ***
Və bu, Drogo tamamilə tənha qalanadək və üfüqdə sanki qurğuşun rəngində, durğun bir dənizin dar zolağı görünənə kimi beləcə davam edəcək. O özünü yorğun hiss edəcək; yol boyundakı bütün evlərin pəncərələri bağlı olacaq; bütün rastladığı insanlar onun suallarını əllərini yelləməklə cavablayacaq: bütün gözəlliklər geridə qaldı, lap uzaqlarda, və sən bunları duymayaraq yan keçdin. Bəli, geri dönmək artıq çox gecdir, arxadan isə bu xəyalların ardınca, ilğımın hələlik görünməz olduğu yola tələsən kütlənin ayaq tappıltısı səsləri gəlir.
Giovanni Drogo hazırda üçüncü redutda yatır. O röyada nəsə görür və gülümsəyir. Ona bu gecə sonuncu dəfə xoşbəxt həyatın obrazları baş çəkir. Yaxşı ki, o özünü yolun bitdiyi və tutqun-boz səma altında sanki qurğuşun rəngində, durğun bir dənizin dar zolağı olan yerdə görə bilmir – ətrafda nə ev, nə canlı varlıq, nə ağac, hətta bitki belə yoxdur – və bu əbədiyyən belə olacaqdır.

                                                                             ***
Cəsarətli ol, Drogo, sənin son şansın qaldı, sən ölümü əsgər kimi qarşılamalısan, həyatın uğursuz olsa da, sonu gözəl bitməlidir. Sən nəhayət ki, taleyindən intiqam almalısan; bir kimsə sənə alqış deməz, kimsə səni qəhrəman adlandırmaz və yalnız buna görə bu çağırışı qəbul etmək olar. Kölgələr aləminin astanasını tərəddüdsüz, paraddakı kimi təntənə ilə, köksünü qabardaraq keç, hətta bacarsan gülümsə.
Əvvəl-axır sənin vicdanın çox ləkəli deyil və Yaradan səni bağışlar.

                                                                           ***

*Arnold Şönberq‘in ekspressionist və tamaşaçı, tənqidçilər tərəfindən birmənalı qarşılanmayan musiqisi ilə bağlı fikirləri.

**Elmer Şönberqer (1950) holland bəstəkar, musiqişünas, yazar və dramaturq.

                                                                          ***
Əsgər həyatı mövzusundan bəhs edən “La fuga del tempo” kamera operası italyan yazıçısı və dramaturqu Dino Buzzati‘nin “Tatar çölü” romanının mötivləri əsasında qələmə alınmışdır.

Mətn özündə bir romanı ehtiva etdiyi üçün paylaşmaq qərarına gəldim…

Yazının müəllifi: Maxim
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)