Nemət Mətin - Ruhdan düşmüş xalq
Proza
Nə qədər tolerant ölkə olmağa çalışsan da, hər bir xalq öz xalqının nümayəndəsini yadellidən daha üstün tutur. Kosmopolit düşüncədə olan insanları anlamıram. Səni hegemon ölkələrdə ikinci, hətta üçüncü növ insan tipinə aid edirlərsə, hansı kosmopolitizmdən danışmaq olar? Xarici ölkələrə gedib gəlmiş bir çox insanlardan soruşanda məlum olur ki, heç də humanizm dövrü deyil. Bir alman bir azərbaycanlını öz alman insanından çox istəmir. Praqada yaşayan tələbə oğlan deyir ki, bir xanımla tanış olanda italyan olduğunu desən, həmin gün sevgili ola bilərsiniz. Amma azərbaycanlı sözünü işlətsən evə suyu süzülə-süzülə gələcəksən.
Məqsədim heç də insanları irqinə, dininə, dövlətinə görə ayırmaq deyil. Sadəcə olaraq öz vətəndaşını xarici vətəndaşdan üstün tutmalısan. Dövlət öz vətəndaşına daha çox maaş, rahatlıq, azadlıq verməlidir. Bir cihazı çertyoja baxıb yığmaq üçün xarici ölkədən nümayəndə gətirməyə ehtiyac yoxdur. Onu 11 ci sinif şagirdinə də versən yığar. Xeyli pul xərcləyib xariciləri qucaqda gəzdirmək ayıbdır. Öz vətəndaşına hörmət etməyən dövlət məhvə məhkumdur. Xalqın milli ruhunu, inamını qırmaq olmaz. Bir ingilis yüksək maaşla Azərbaycanda işləyəndə eyni işi gördüyü azərbaycanlının qat-qat az maaş almasını çox yaxşı bilir. Və həmin yadelli bizə baxanda gözlərinin önündə qul canlanır.
Puluna görə ərəbin istirahət edəcəyi restoranın adını dəyişib ərəb sözü yazmaq xalqın mənəvi zəifliyinin, ruh düşkünlüyünün, özünə və xalqına hörmətsizliyin nişanəsidir. Universitetlərdə xarici tələbələr imtahanı daha rahat keçirlər. Azərbaycanlı tələbə isə min bir əziyyət görür. Bunun adı nə qorxaqlıqdır, nə də yaltaqlıq. Bu xalqın ümumi düşüncəsinin, iradəsinin zəif olmasını göstərir. Mənən güclü olan dövlətlər öz vətəndaşına hər şəraiti yaradır və sonra xarici vətəndaşı düşünür. Bizdə isə əksinədir.
Ailəvi restoranlara idman geyimində gələn müştərilər içəri buraxılmır. Bunu mühafizə xidmətində çalışan həmyerlimizə dönə-dönə tapşırırlar. Lakin idman geyimində gələn ərəbləri "turistdir" deyib içəri buraxırlar. Mühafizə əməkdaşının sözünü yerə salan direktor öz millətinin balasını mənən sındırır. Pula görə öz həmyerlisinə arxa çevirir. Həmin mühafizə əməkdaşı ruhdan düşür. İçində nifrət hissi oyanır. Heç kimə inanmır və nəhayət işdən çıxır. Budur reallıq. Axı, hər şeyin pulla ölçülməsi iyrənclikdir.
S.Sveyq "Dünənin dünyası" əsərində yəhudilərin yaşayış tərzini, uşaqlarla davranmaq proqramını, öz millətinə olan hörmətini ətraflı göstərir. Qoqol rus xalqını göylərə qaldırır. Düma, Balzak, Mopassan, Hüqo kimi yazıçılar fransızları mənən güclü insan toplusu şəklində təsvir edirlər. Özümüzü aşağılamaq, zəif nöqtələrimizi aləmə car çəkmək axmaqlıqdır. Mənsub olduğun xalqın nümayəndəsini balaca, qorxaq, geridəqalmış göstərdikcə, onu daha da zəiflədirsən.
Güclü xalqın hər bir vətəndaşı tankın qarşısında sınmadığı kimi, pulun da qarşısında sınmır. Əsl güc nəfsinə qalib gələndə üzə çıxır. Satılmayan insan yoxdur deyənlər, ən ucuz qiymətə satıldılar. Ən xırda medallara görə susdular.
Xalq olaraq təfəkkürümüz özümüzü aşağılamağa köklənib. Buna misal olaraq rejissor S. Tuccinin "Sonuncu portret" filmindən agah olmağınızı istəyirəm. Deməli, tanınmış rəssam A.Cakometti tənqidçi, jurnalist C.Lord ilə tanış olur. Lordun portreti çəkən rəssam hər zaman özündən narazı halda söyüş söyür, qışqırır, daha bir neçə gün işin uzandığını söyləyir, içir, çəkir... Hər dəfə portret hazır olanda böyük fırça ilə Lordun üzünü ağ rənglə örtür. Həftələrlə bu proses davam edir. Rəssam heç bir halda özündən razı qalmır. Hətta avtobioqrafik filmdə son dərəcə dərin bir dialoq keçir:
- Siz həmişə belə olmusunuz?
- Necə?
- Öz bacarıqlarına inanmayan.
-
Əlbəttə, hər il daha çox.
- Bəs, axı siz hər il daha uğurlusunuz.
-Bəs, uğur şübhə üçün ən böyük nemət deyil?
Bir istedadlı fərd özünə inanmaya bilər. Çünki fərddir. İnkişaf üçün özünə əzab verməlidir. Xalq, cəmiyyət, toplum isə özünü aşağılaya bilməz. Bu düzgün deyil. O sarı simi qırmaq olmaz. Mənəvi sarsıntı xalqın düşmənidir.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)