Rauf Qədim - Radio
Proza
Rauf Qədim - Radio
Nənəmin məni əlimdən tutub məktəbə apardığı illəri xatırlayıram. İlk dərs gününə də nənəmlə birgə getmişdik, xeyli ağlamışdım. Nənəm hey məni sakitləşdirməyə çalışardı, amma mən qollarımı çarpazlar, başımı qollarımı üstünə qoyub eləcə ağlardım. Niyə ağladığımı yaxşı xatırlamıram, yəqinki ya müəllimimdən qorxurdum, ya da uşaqlardan.
Müəllim bizə dərs izah edər, nənəm də arxa partada eyniylə şagird kimi oturub bizi dinlərdi. Nənəm sinifdə olmasa idi, gözümün yaşın elə axıdırdım ki, nə müəllim dərs keçə bilirdi, nə də yoldaşlarım dərs dinliyə bilirdi. Dərs bitincə də nənəmin əlindən tutub evə qayıdardım. Demək olar, birinci sinfin bütün dərs günlərini nənəmlə birgə başa vurmuşduq, hətta ev tapşırıqlarımı edərkən belə nənəm kömək edərdi, axı oda mənimlə birgə dərsi dinlərdi. Çox keyifli günlər idi, çox.
Sonralar ağlamağı bir kənara atdım, artıq özüm məktəbə gedib, gələ bilirdim. Nənəmi də yormurdum, amma məktəb yolunda nənəmin əlindən tutmaq üçün elə darıxırdım ki, az qala qollarım quruyub düşə. İnsan
hər şeyə öyrəşir deyillər, buna da getdikcə öyrəşə bildim. Amma bir labüd həqiqət vardı- mən böyüyürdüm, nənəm isə daha da qocalırdı.
İllər ötdü. Gün gəldi məktəbi də bitirib, ali məktəbə qəbul oldum. Nənəm elə sevinirdi ki, sanki gənclik illəridir və ali məktəbə qəbul olan mən yox nənəmdir. Nənəmi sevinən görəndə mən daha çox sevinirdim. Yazıq qadın artıq qocalıb əldən düşmüşdü, gözləri çox zəifləmişdi, əlləri də ağacın payızdan qoruduğu son yarpağı kimi tir-tir əsirdi.
Nənəm gününü televizora baxmaqla keçirirdi. Ki, artıq o da mümkün deyildi. Gözləri çox zəifləmişdi, hətta mənə ilk dəfə sənin üzünü görə bilmirəm, dediyin də otağımın küncünə qısılıb ağlamışdım. Bu göz yaşları məktəb illərində ki göz yaşlarına heç bənzəmirdi. Eləcə o illəri xatırlayır, o illər üçün darıxırdım. Amma nə fayda.
Bir gün nənəm məndən onun üçün bir radio almağımı istədi. Kiçik bir sadə radio aldım. Nənəm biraz kövrəlmişdi, bəlkə də bu radio ona daha çox acı verirdi, bəlkə də əksinə idi, düzü, bilmirdim. Nənəmin əllərini radionun düymələrinin üzərinə aparır, ona düymələrin
funksiyalarını izah edirdim. İlk sinif müəlliməmin mənim əlimdən tutub yazı yazmağı öyrətdiyi kimi mən də nənəmin əllərini radio düymələri gəzdirirdim. Bir-iki günə artıq nənəm özü radionu yandırıb-söndürməyi, səsini azaltdıb-çoxaltmağı öyrənmişdi. Sevinirdim.
Nənəm radioda verilən musiqiləri, xəbərləri dinlər, bizimlə də paylaşardı. Hər səhər nənəmdən bu gün havanın necə olacağını öyrənirdim. Hətta nənəm siyasəti də öyrənməyə başlamışdı. Ölkələrin iqtisadiyyatı ilə bağlı mənə suallar da verərdi. Axı mən iqtisadiyyat oxuyurdum, amma gəl ki, nənəmin suallarına heç cavab verə bilmirdim, nənəmdən çox şey öyrənirdim. Universitet də öyrəndiyimdən daha çox. Axı müəllimləri dinləmirdim.
İqtisadiyyat oxuyurdum, amma iqtisadiyyatla uzaqdan belə əlaqəm yox idi. Mən yazar olmaq istəyirdim, arada cızma qaralar belə edirdim, yazdıqlarımı şəhərdən rayona qayıdan kimi nənəm üçün oxuyardım. Hər dəfə "yeni nəsə yazmısanmı?", sualını da verərdi, nənəm.
Bir gecə, şəhərdə olarkən, gecə yarısı qardaşım zəng etdi, səsindən kədər yağırdı. Nənəmin ölüm xəbərini verdi mənə. Dondum.
Artıq nənəm yox idi, nənəmdən bizə xatirələr, birdə nənəmin mən aldığım radiosu qalmışdı. Yazılarım da, radio da yetim qalmışdı. Nənəmin yoxluğu dözülməz idi. Kiçik kənd evimizin bir xatirə məbədi yox idi, artıq.
Nənəmin radiosunu kənddən şəhərə gətirib, yazı stolumun kənarına qoymuşdum. Bəzən radionun səsini açar, sakitcə oturub qalardım- musiqilər, verilişlər, xəbərlər, hava xəbərləri - bütün bunlar ardıcıl səslənərdi. Sanki nənəm mənə sual verir, hətta havanın necə olacağını belə mənə söyləyirdi. Hələ dövlətlərin iqtisadiyyatlarını, siyasətlərini demirəm.
Radioya baxdıqca nənəm düşürdü yadıma. Qocalmış əlləri, görməyən gözləri, daima fikirli görünən siması. Radionun səsini yüksəltdikcə ruhum xatirə üfüqün ucsuz-bucaqsız xəyala dalırdı. Bəzən bu üfüq məni köhnə kənd məktəbimizə, kiçik həyətimizə aparır, bəzən isə radionun yanından kənara buraxmırdı.
Radio da artıq qocalırdı. Səsindən xırıltılar gəlirdi, musiqiləri, xəbərləri aydın eşitmək olmurdu. Radio da əldən düşmüşdü.
Bu radio mənə heç zaman sevmədiyim xəbərləri belə sevdirmişdi, zaman tapan kimi radionun yanından kənara ayrılmırdım, daha doğrusu ayrıla bilmirdim.
Bir gün radionun səsi kəsildi, düzəltməyə çalışdım, alınmadı. Qaldığım evin yaxınlığında kiçik bir elektrik təmirçisi vardı, ona apardım, artıq bu radioların vaxtı keçib dedi.
Başqa əlac yox idi , əfsus ki, buna da alışmaq lazım idi.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Tural Cəfərli - Gülməli ölüm (hekayə)