Edebiyyat.az » Proza » Lermontov’dan “Zəmanəmizin qəhrəmanı”

Lermontov’dan “Zəmanəmizin qəhrəmanı”

Lermontov’dan “Zəmanəmizin qəhrəmanı”
Proza
Necef Esgerzade
Müəllif:
13:01, 05 avqust 2019
3 813
0
   Rus yazar və şair Mixail Lermontov cəmi 26 il yaşadı. Sona bir neçə il qalmış, eyni aqibəti paylaşacağı həmkarı Puşkin’in duelloda ölüm xəbərini alır. “Müqəddəs şair qanı yuyula bilməz!” misrası ilə bitirdiyi ithaf şeiri olan “Şairin ölümü”, həm də dövrün monarxik idarə sistemi və onun qoyduğu (və qoymadığı) qayda-qanunlara üsyan xarakteri daşıyırdı. Ancaq Lermontov’un özü də bu bəladan uzaq qala bilmir; əvvəlcə Peterburqdakı fransız səfirinin oğlu ilə girişdiyi duellodan sağ çıxa bilsə də, 1 il sonrakı başqa bir fransız zabitlə olan duellosu onun həyatının sonu olur. Rus romantizminin öndə şəxslərindən biri olan Lermontov’un şeirləri, əsas da tək romanı* olan “Zəmanəmizin qəhrəmanı” illər keçməsinə baxmayaraq, mövzu cəhətdən hələ də öz aktuallığını qoruyub-saxlamaqdadır.“Zəmanəmizin qəhrəmanı” romanı son vaxtlar oxuduğum ən yaxşı kitablar arasında, şübhəsiz, öz yerini aldı. Adsız səyyah tərəfindən danışılan əsərdə 19cu əsr Rusiyasının burjua abu-havasını hiss etmək olar. Peçorin obrazı şairin təxəyyülünün deyil, cəmiyyətin formalaşdırdığı bir protaqonistdir. Surətin qarşısındakılarla olan münasibət – danışıqlarının səmimi yoxsa süni olduğunu müəyyənləşdirmək olduqca çətindir; öz fikirlərinin özdən doğulduğuna şübhə etməmək mümkün deyildir. Oxucu vərəqlər sona yaxınlaşdıqca bir insanın cəmiyyət qarşısında büründüyü “personası”ndan çəkdiyi və çəkdirdiyi iztirabları görür, Peçorinin sadist və mazoxist tərəflərini aşkar edir, arada ona nifrət, bəzən də rəğbət bəsləyir. Dünya ədəbiyyatında Balzak‘ın Rastinyajı, Stendal‘ın Jülyeni, Oskar Uayld‘ın Dorianı kimi, Lermontov’un Peçorini də unudulmaz və təkrarolunmaz qəhrəmanlar sırasına daxil olmuşdur, ən azından mənə görə.

                                                                 ***

Romanın önsözündən, Lermontov yazır:
“Cənablar, Zəmanəmizin Qəhrəmanı tək bir insanın portreti deyil; nəslimizin getdikcə artan pisliklərindən yaradılmış bir portretdir. Mənə bir insanın bu qədər pis ola bilməyəcəyini deyəcəksiniz; mən də deyəcəm ki, madam bu qədər tragik və romantik quldurun varlığına inandınız, niyə Peçorin həqiqətinə inanmırsınız? Yoxsa bu insandakı həqiqət payı sizin istədiyinizdən də çoxdur?“
Romanın ən yaddaqalan hissəsindən:
“Bir an düşündüm, sonra içimdə bir şey qırılmış kimi, “bəli, uşaqlığımdan bəri taleyim elə budur!” dedim. “Hər kəs üzümdə pisliyə meyllilik əlamətləri axtarardı – əslində olmayan, amma onlara görə olmalı olan əlamətləri. Axırda arzularına çatdılar. Təvazökar idim; məni rasionallıqla günahlandırdılar. Sonda danışmayan birinə çevrildim. Yaxşılıqla pisliyi ayırd edə bilirdim; ancaq başa düşmürdülər məni, incidirdilər. Kin bəsləməyə başladım. Uşaqlıqda özümə qapanırdım, digərləri kimi şən, çox danışan biri deyildim; onlardan üstün görürdüm özümü, amma hamı məni onlardan aşağı hesab etməkdə sanki sözü bir yerə qoymuşdu. Qısqanc oldum. Bütün Dünyanı sevməyə hazır idim; dəyərləndirən çıxmadı. Nəticədə nifrət etməyi öyrəndim. Rəngsiz gəncliyimi, özümə və Dünyaya qarşı olan mübarizədə tükətdim. Lağ edəcəklərindən qorxub, ən yaxşı hisslərimi ürəyimin dərinliklərində basdırdım; oradaca silinib getdilər. Həmişə doğru danışdım, inanmadılar. Mən də aldatmağa başladım. Burjua dünyasını, cəmiyyət mexanizmini yavaş-yavaş qavrayaraq, həyat dərsində təcrübə qazandım; başqalarının bu təcrübəni qazanmadan necə xoşbəxtlik əldə etdiklərini gördüm; mənim dayanmadan çatmağa çalışdığım hədəflərin həzzini, onlar özlərini yormadan yaşayırdılar. Həmin anda içimdə bir pessimizm baş qaldırdı – tapança gülləsi ilə bitiriləcək bir pessimizm deyildi bu; soyuq, çarəsiz, xoş niyyətli bir gülümsəmənin altına gizlənmiş bir ümidsizlik idi. Ruhum yaralanmışdı; ruhumun yarısı yox idi; solmuş, uçmuş, ölmüşdü. Mən də o yarısını kəsib atdım – digər tərəf hələ də tərpənirdi, canlı, hər kəsin xidmətində. Heç kim fərqinə varmadı bunun; çünki bir zamanlar var olan digər yarıdan xəbərləri yox idi; amma siz bir xatirəni canlandırdınız, mən də sizə bir kitab oxudum. Bir çoxlarına bu gülünc gəlir, amma mən heç vaxt elə düşünmürəm, hələ onlarda nələrin gizləndiyini nəzərə alsaq… Yenə də sizdən mənimlə həmfikir olmağı istəyə bilmərəm; bu ani çıxışım sizə gülünc gəlirsə, xahiş edirəm gülün. Açıq deyirəm, qətiyyən incitməz məni…”

                                                                                                                 Not to be reproduced (1937)
                                                                   
                                                                      ***

Bir tablo var, hansıki özü ilə mübarizə edənlərə (elə Peçorin’ə) çox uyğun gəlir məncə. Rəssamın digər əsərləri də yaxşıdır və amma bunun yeri ayrıdır. Onsuz da Rene Maqrit‘in üzü gizlətmək fetişi çoxlarımıza məlumdur. Təsvir olunan isə həmin dövrdə Rene’yə dəstək olan Edvard Ceyms’dir. Kənarda isə Edqar Allan Po‘nun (sevdiyi yazar idi) yeganə tamamlanmış romanı olan “Nantuketli Artur Qordon Pimin hekayəsi” kitabını görmək olar. Məsələyə sırf insan-güzgü münasibətləri fonunda baxsaq, Jak Lakan‘a (“mirror stage” konsepti) qayıtmalı olacağıq, hansıki əvvəlki yazılarda qeyd etmişdim. Hansısa məşhur güzgünü ixtira edənləri cinayətkar adlandırmışdı. Çünki güzgülər gerçəkliyi simulyasiya edir, insanı həqiqətdən uzaqlaşdırır; və arqumentini müdafiə üçün gözləri xatırladırdı. İnsan gözlərilə yalnız bədəninin bir hissəsini görə bilir; üzümüzü görmək mümkünsüzdür; güzgü isə bu problemin süni həllindən başqa bir şey deyil. Əslində sürreal əsərlərə hansısa məna yükləmək bir az absurddur. Ancaq bu tabloda insanın həqiqi özünü gizlətməsi və cəmiyyət daxilindəki persona’ya sığınması başa düşülə bilər. Qəlib formadakı insanları başa düşmək və bu  “xəstəliyi” aradan qaldırmaq üçün Paolo Pazolini‘nin dediyi kimi, marksizm və psixoanaliz olduqca mühümdür.

                                                                       ***
Son olaraq bunu qeyd edim ki, şairlərin nəsrdə də uğur qazanmasına bir neçə dəfə şahid olmuş(uq)am. Oskar Uayld’ın “Dorian Qreyin portreti”, Aqşin Yenisey‘in “Cənnətdə terror aksiyası” və haqqında qısa məlumat verdiyim, Lermontov’un “Zəmanəmizin qəhrəmanı” buna misal ola bilər. Növbəti Rayner Maria Rilke olacaq çox güman…

                                                                       ***
…çünki hər bir yazının öz mahnısı var.

        
Yazının müəllifi: Maxim  
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)