Edebiyyat.az » Proza » Kənan Hacı -Hava proqnozu (Dəyərli qələm adamı Vaqif Osmanovun ad gününə sözardı)

Kənan Hacı -Hava proqnozu (Dəyərli qələm adamı Vaqif Osmanovun ad gününə sözardı)

Kənan Hacı -Hava proqnozu (Dəyərli qələm adamı Vaqif Osmanovun ad gününə sözardı)
Proza
Necef Esgerzade
Müəllif:
14:37, 26 avqust 2019
1 715
0
İnsan müəyyən bir ömür yaşayır, bu ömürdən saysız-hesabsız insanlar gəlib keçir, kimisi həyatında silinməz izlər qoyur, kimisi taleyinin axarını dəyişdirir, kimisi ürəkdə, yaddaşda yara buraxaraq gedir, kimisini illər keçsə belə həmişə munis xatirələrlə anırıq, kimisini heç xatırlamaq istəmirik, kimlərisə heç olmayıbmış kimi həmişəlik unuduruq... İnsanlar müxtəlifdir, barmaq izləri kimi hər bir insanın xarakteri də fərqlidir, sonadək etibarlı, sadiq qala bilən insanlar çox azdır. Çünki etibarsızlıq, dönüklük, unutqanlıq insanın fitrətindədir. 
Amma elə insanlar da var ki, sən onları çox gec tanısan da onların işığı sənin keçmişini də, bu gününü də, hətta sabahını da aydınlığa bürüyür, ətrafında sənə doğma bir anturaj yaradır. Belə insanlardan biri də Vaqif Osmanovdur. İki daş arasında qısa bir zaman fürsəti yaxalayıb onun haqqında ürək sözlərimi yazıya köçürməyim təsadüfi deyil. Evdən çıxmağa hazırlaşırdım ki, sosial şəbəkələrdən onun ad günü olduğunu öyrəndim, gözəl fürsətdir deyib yazı masasının arxasına keçdim. Kimdir Vaqif Osmanov? Bu sətirləri yazarkən onu gec tanıdığıma görə içimdən bir təəssüf hissi də keçdi. Vaqif son dərəcə maraqlı, özünəməxsus yazı tərzi olan bir qələm adamıdır. Yəqin ki, gec tanınmağında fitrətindən gələn təvazökarlıq, sadəlik də günahkardır. Daxilən zəngin, bütöv adamlar həmişə belə olurlar, onlar heç vaxt göz önündə olmağı xoşlamırlar, sakitcə öz guşələrinə çəkilib düşüncələrini kağıza tökməklə mənəvi rahatlıq tapırlar. 
Bir-iki il bundan öncə dəyərli şairimiz İlham Qəhrəman mənimlə bağlı bir tədbir keçirirdi. İlk dəfə Vaqif müəllimi həmin tədbirdə gördüm, o, özünü təqdim elədi və elə ilk tanışlığımızdan onun səmimiyyəti, müdrik tövrü, ağayanalığı, ədəbiyyata aşinalığı diqqətimi çəkdi. Gələcək dostluğumuzun təməli elə o görüşdə atıldı. Baxmayaraq ki, aramızda xeyli yaş fərqi var, onun ziyalıya xas olan mənəvi keyfiyyətləri yaş baryerini aradan qaldırdı, ünsiyyətimizi daha da möhkəmləndirdi, davamlı etdi. Sonralar öyrəndim ki, o, ixtisasca bioloqdur, ADPU-nun coğrafiya-biologiya fakultəsini bitirib. Uzun müddət coğrafiya müəllimi işləyib. İndi isə dəniz hidrometeorologiyası üzrə mütəxəssisi kimi çalışır. Arada istidən nəfəsimiz tıncıxanda zarafatla Vaqif müəllimə üz tuturuq, “ümidimiz sizədir, havaya bir əl gəzdirin” deyirik. O da zarafatından qalmır: “Özünüzü yaxşı aparın, sonra o məsələyə baxarıq”.
Bu gün hava sərindir, bayaq yazmışdı ki, daha nəyin fikrini edirsən, havaya əl gəzdirdim. Ürəkdən güldüm. Vaqif müəllim sözün əsl mənasında ovqat adamıdır, dostların hansı havada olduğunu da üzündən oxuya bilir və şux zarafatı ilə qara buludları bir anda başının üstündən dağıdır, içinə bir sərinlik yayılır, duman-sis çəkilir, durulursan, fikirlər, düşüncələr dağdan axan şəlalə kimi qəlbindən süzülüb gəlir. 
Onun “Oxunan dualar” kitabı Azərbaycan ədəbi publisistikasının nadir örnəklərindəndir. Uzun zamandır ki, bu kitab yazı masamın üstündədir, tez-tez açıb vərəqləyirəm, nələrisə yenidən oxuyuram, zövq alıram. İlk dəfə bu kitabla tanış olanda onu akademik Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı ilə müqayisə etmişdim. Miqyaslı düşüncə, analitik təfəkkür, iti, sərrast müşahidənin məhsulu olan  “Oxunan dualar” Azad müəllimin son dərəcə dəyərli kitabı ilə yanaşı qoyula bilər. Vaqif müəllim dünya ədəbiyyatını, Şərq fəlsəfəsini, mifologiyanı mükəmməl bilir. Qələm dostlarımızın (o cümlədən bəndənizin) yaradıcılığı haqqında ədəbi tənqidi məqalələr yazır və bu yazılar maraqla qarşılanır. Başqa sahənin mütəxəssisi olduğu qədər həm də söz sərrafıdır, əqidə adamıdır. Vicdanlı söz ərsəyə gətirməyin vacib şərtlərindən biri də əqidəli olmaqdır. Ədəbiyyat həm də bir yoldur və bu yolda əqidə şəxsiyyət vəsiqəsi kimi gərəklidir. 
Mən onu gec tanımışam, amma bu tanışlıqdan son dərəcə məmnunam. Və düşünürəm ki, Vaqif müəllim həyatımda iz qoymuş insanlar kateqoriyasına aiddir. Bu gün gənc yazarların bir qismi həvəslə onun başına toplaşırlar, o da eyni həvəslə bu görüşlərə can atır. Gənclər ondan nələrisə öyrənməyə çalışır, amma maraqlısı budur ki, Vaqif müəllim bu yaşında belə hələ də gənclərdən öyrəndiyini dilə gətirməkdən çəkinmir. Sadəlik budur, böyüklük budur, ziyalılıq budur. 
Çaparaq düşüncələrimə burda nöqtə qoymaq məcburiyyətindəyəm. Amma onun haqqında deməyə söz çoxdur. Eyni zamanda onun özünün də deməyə sözü çoxdur və bundan sonra da yeni kitabları, yazıları ilə bizi sevindirəcək. 
Bir sözlə, Vaqif müəllimlə həmişə havalar xoş keçir!    
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)