Edebiyyat.az » Proza » Stiven King - O avtobus başqa dünyadır

Stiven King - O avtobus başqa dünyadır

Stiven King - O avtobus başqa dünyadır
Proza
Necef Esgerzade
Müəllif:
12:10, 22 sentyabr 2019
1 499
0
Uilsonun heç də dünyanın üzügülər adamlarından olmayan anasının bir deyimi vardı: “İşlər tərs gətirəndə elə də davam edir, adamı ağladana qədər”. Anasından öyrəndiyi bütün xalq hikmətləri kimi (“Portağal səhərlər qızıldır, gecələr isə qurğuşun” bir başqa şedevr deyim idi) bunu da yaddaşına yaxşı həkk eləmişdi. Uilson vacib işlərindən əvvəl sığortalanmağa xüsusi fikir verirdi. Özü də bunun bufer — qoruyucu olduğunu hesab edirdi.Yetkinliyinə çatandan sonra onun həyatında Nyu-York səfərindən mühüm heç nə olmamışdı; orada “Market Forvard”ın yüksək rəhbərliyinə öz işlərini göstərəcək və biznes planının təqdimatını edəcəkdi. “Market Forvard” internet əsrinin ən ciddi reklam şirkətləri sırasında möhkəm dururdu. Uilsonun “Soutland Konsepts” şirkəti isə Birminqhemdə yerləşirdi və bir nəfərlik şirkət idi. Belə fürsət adamın əlinə iki dəfə düşmədiyi üçün buferin dəyəri də artmışdı. Ona görə saat 6:00-da uçan birbaşa reysə minmək üçün saat 4:00-da Birminqhem-Şatlsvort aeroportuna gəldi. Bu reys onu 9:20-də La Quardiya aeroportuna çatdıracaqdı. Onunla görüş – əslində müsahibə – saat 2:30-a təyin olunmuşdu. Beş saatlıq bufer kifayət qədər etibarlı görünürdü.
Başlanğıcda hər şey yaxşı gedirdi. Qapıda aeroport məmuru onu qeydiyyatdan keçirdi və çamadanını birinci dərəcəli sərnişinlərin baqajı üçün nəzərdə tutulmuş yerə qoyulmasına göstəriş yazdı, halbuki Uilson özü, əlbəttə ki, ekonom-klas salonda uçacaqdı. “Belə məsələlərdə vacib olan şey tez müraciət etməkdir, işçilərin qıcıqlanmağa başlamasından əvvəl. Qıcıqlanmış adamlar sənin çamadanının nə qədər vacib bir şey – sənin gələcəyinə bilet olduğunu eşitmək belə istəmirlər”.  
Çamadanı diqqətlə yığmalı olmuşdu, çünki əgər “Green Century”nin (“Green Century” – “Yaşıl əsr” deməkdir) layihəsinin finalına çıxmış olsa, – bu, tamamilə mümkün idi; çünki çox yaxşı təqdimatı vardı – hələ bir on gün də Nyu-Yorkda qalmalı olacaqdı. Seçmə prosesinin nə qədər çəkəcəyi haqda heç nə bilmirdi və yeməyi öz nömrəsinə sifariş etmək istəmədiyi kimi, paltarlarını da otel camaşırxanasına vermək istəmirdi. Belə xidmətlər böyük şəhərlərin otellərində bahalı olur, Böyük Almada (Nyu-Yorka verilən nəvazişli ad) isə bu od qiymətinə olacaqdı.
Təyyarə yerdən vaxtında qalxıb Nyu-Yorka çatana qədər işlər pis getmirdi. La Quardiyanın səmasında təyyarə sıxlığı böyük olduğuna görə boz havada, aeroportun üzərində bir xeyli dövrə vurmalı oldular. Pilotlar nahaq yerə oranı “La Zibilxana” adlandırmırdılar ki. Sərnişinlər acıqlı zarafatlar edir və açıqca şikayətlənirdilər, amma Uilson təmkinini pozmurdu. Bufer buna imkan verirdi. 
Bir saatdan azca artıq gecikməklə, saat 10:30-da təyyarə endi. Uilson baqaj verilən yerə gəldi, lakin çamadanı orada görünmürdü. Heç görünmürdü. Görünmürdü, vəssalam. Nəhayət, baqaj konveyerinin yanında onunla qara palto, qara beret geymiş saqqallı, qoca kişidən başqa heç kim qalmadı. Konveyerdə isə bir cüt xizək ayaqqabıları və üzəri səyahət çirkabına bulaşmış, yarpaqları ölgün, böyük bir bitki vardı.
“Ola bilməz, – Uilson qoca kişiyə dedi, – reys birbaşa idi axı”. Qoca çiyinlərini çəkdi:
“Görünür Birminqhemdə talona düzgün qeyd etməyiblər. Bizim zibillərimiz bu dəqiqə Honoluluya uçur, hər halda. Mən “İtmiş Baqaj” şöbəsinə gedirəm. Mənimlə getmək istəyirsinizmi?”
Uilson getmək istəyirdi və bu an anasının sözlərini xatırladı. Portfeli hələ ki əlində olduğuna görə Allaha şükür elədi.
O, “İtmiş Baqaj”a olan yolun yarısını getmişdi ki, arxadan baqaja baxan işçilərdən kimsə səsləndi:
“Bu, sizin deyil ki, cənablar?”
Uilson çevrildi və damalı çamadanını gördü, islanmışdı.
“Baqaj daşıyan arabadan yerə düşüb”, – işçi dedi və Uilsonun biletinə yapışdırılmış talonla, baqaja bağlanmış talonu tutuşdurdu. “Hərdən belə şeylər olur. Müraciət formasını da götürün, əgər nəsə sınmış olsa kompensasiya tələb edə bilərsiniz”.
“Mənimki hanı?”, – beretli qoca soruşdu.
“Sizə kömək edə bilməyəcəyəm, – baqaj işçisi dedi, – amma əvvəl-axır biz baqajı həmişə tapırıq”.
“Hə, – qoca dedi, – hələ axırı deyilmiş, yəqin”.
Uilson, çamadan, portfel və kiçik əl çantası ilə terminaldan çıxanda saat 11:30-a yaxınlaşırdı. Bu arada bir neçə reys gəlib enmişdi və uzun taksi növbəsi yaranmışdı.
“Mənim buferim var, – deyə özünə ürək-dirək verirdi, – üç saat çoxdur. Həm də üstüörtülü yerdəyəm, başıma yağış yağmır. Yaxşı şeylər haqda düşün və rahat ol”.
Növbədə yavaş-yavaş irəli getdikcə ürəyində təqdim edəcəyi işləri təkrarlayır, portfelindəki təqdimat kartlarını gözünün önünə gətirir və sakit olmaq lazım olduğunu özünə xatırladırdı.
245, Park Avenyu ünvanındakı binaya girən anda bütün olan cazibəliliyini toplamalı və bunun, həyatında necə böyük dəyişiklik yarada biləcəyini başından atmalıdır – deyə düşündü.
“Green Century” transmilli neft şirkəti idi və Alabama ştatındakı Qalf-Şoors şəhərinin yaxınlığında onun qazdığı sualtı quyuların birində qəza baş verib dənizə neft axmağa başlayandan bu ekoloji nikbin ad onun öhdəliyinə çevrilmişdi. Axıntı “Sualtı üfüq”dəki fəlakət qədər dəhşətli olmasa da, kifayət qədər güclü idi. Həm də bu ad məsələsi...  Dünən gecə proqramında komiklər bu ada görə nə qədər əylənmişdilər. (Letterman: “O nədir ki, həm yaşıldır, həm qara, özü də hər yeri po.layır?”) ( David Letterman – ABŞ-ın CBS Televiziyasında şou aparıcısı) “Green Century” prezidentinin ictimaiyyətə qıcıqlanmış səsilə ilk dediyi – “Neft hardadırsa biz də ora getməliyik. Düşünürük ki, insanlar bunu başa düşməlidir”, –  sözləri də təsir etmədi; altında bu sözləri yazılmış həmin başçının dalından neft fışqıran karikatura roliki virus kimi internetdə yayılırdı.
“Green Century”nin ictimaiyyətlə əlaqələr komandası, parlaq saydıqları ideya ilə öz köhnə agentlikləri olan “Market Forvard”a üz tutdular. Onlar qəzanın aradan qaldırılması işləri üzrə reklam kampaniyasını cənubdan olan kiçik reklam şirkətinə tapşırmaq istəyirdilər. Bununla, Nyu-Yorkun köhnə qurdları ilə iş görməməklə amerikalıların xoşuna gəlməkdən də faydalanmaq niyyətləri vardı. Nyu-York qurdlarının öz kokteyl yığıncaqlarında “Kütbeyin Daşyonan Səviyyəsi” adlandırdıqları səviyyədən aşağıda yaşayan amerikalıların münasibəti onları xüsusilə maraqlandırırdı. Taksi növbəsi çox yavaş gedirdi. Uilson saatına baxdı. On ikiyə beş dəqiqə qalırdı. Ürəyində özünə “narahat olma” dedi, amma narahat olmağa başlamışdı.
Nəhayət, birə iyirmi dəqiqə işləmiş taksiyə oturdu. Yolda islanmış çamadanını Manhettendəki dəbdəbəli biznes mərkəzinə aparmağı – “necə də kəndçi hərəkəti olardı” – heç istəmirdi, amma düşünürdü ki, deyəsən onu aparıb otelə qoymaq fikrindən də vaz keçməli olacaq.
Taksi parlaq sarı rəngli miniven idi, sürücü  də  başındakı narıncı rəngli böyük çalmanın altında qalmış, üzündən qəm-qüssə yağan siqh kişi. Salonun güzgüsündən arvadının və uşaqlarının şəffaf plastik qılafa salınmış şəklini asmışdı. Radio 1010 WINS kanalına qurulmuşdu, təxminən hər iyirmi dəqiqədən bir kanalın arakəsməsini, ksilofon alətinin diş şaqqıltısına oxşayan zərb səsini verirdi. Onlar aeroportun çıxışına tərəf yavaş-yavaş irəliləyəndə siqh dedi:
“Hireket bu gün çok pis”. Sanki bu onun danışığının tam qəlibi idi. “Hireket bu gün çok, çok pis”.
Onlar Manhattenə tərəf tısbağa sürətilə irəlilədikcə yağış da güclənirdi.  Hər dəfə dayanıb, sonra irəli sürünəndə Uilson öz buferinin incəldiyini daha yaxşı hiss edirdi. Onun təqdimatına yarım saat vaxt qalmışdı, yarımca saat.  “Əgər geciksə onun üçün vaxt ayıracaqdılarmı? Bəlkə deyəcəklər ki: “Dostlar, bu gün böyük səhnəyə seçim üçün – yeni ulduzun doğuşu və s. buna oxşar sözlər – dinlədiyimiz cənubdan gəlmiş on dörd kiçik şirkətin arasında yalnız birinin ətraf mühit qəzasından ziyan çəkmiş firmalarla iş üzrə təcrübəsi layiqli əksini tapıb. Bu, “Soutland Konsepts” şirkətidir. Ona görə də, gəlin, bir qədər gecikdiyinə görə cənab Ceyms Uilsonu kənarda qoymayaq”.
Belə deyə bilərlər, amma Uilson düşündü ki, hər şeyi nəzərə alsaq… deməyəcəklər.  Onların ən çox istədikləri şey, gecə proqramlarındakı indiki məzələnmələri mümkün qədər tez dayandırmaq, əsas çalışdıqları bu vəziyyətdən çıxmaqdır. Bu, Uilsonun təqdimatını çox vacib edirdi, lakin, əlbəttə,  orada hər kəsin təqdimatı vardı. Orada vaxtında olmaq lazımdır.
İkiyə on beş dəqiqə işləyirdi. “İşlər tərs gətirəndə, elə də davam edir,” – deyə fikirləşdi. O, bu barədə düşünmək istəmirdi, amma düşünürdü, – “adamı ağladana qədər”.
Midtaun tunelinə çatanda Uilson qabağa əyildi və nə qədər vaxta çata biləcəklərini soruşdu. Narıncı çalma qəmli-qəmli o tərəf-bu tərəfə yırğalandı:
“Diyə bilmərəm, ser. Hireket çok, çok pis”.
“Yarım saat?”
Siqh uzun pauza verdi və sonra dedi:
“Bəlkə də”.
Diqqətlə seçilmiş bu sakitləşdirici sözdən, Uilson öz vəziyyətinin böhran həddinə yaxın olduğunu anladı.
“Bu zəhrimar çamadanı “Market Forvard”ın qəbul otağına qoya bilərəm, – fikirləşdi, – yəni, ən azından bunu konfrans zalına daşımayacağam.”
Qabağa əyilib dedi: “Oteli unudun, məni Park Avenyu 245-ə aparın”.
Tunelin içi klaustrofobia (qapalı və ya darısqal yerlərdə qeyri-normal dərəcədə vahimələnmə) dəhşəti idi: tərpən – dayan, tərpən – dayan. Tuneldə əks tərəfə hərəkət də heç bundan yaxşı deyildi. Minivenin hündürlüyü Uilsona imkan verirdi ki, qarşıdakı qanqaraldan maneələri görsün. Medisona çatanda bir balaca rahatlandı. Vaxt yaxınlaşırdı, onun arzu etdiyindən  az vaxt qalmışdı, amma, yəqin ki, zəng edib bir az gecikdiyini deməklə özünü aşağılamaq lazım gəlməyəcəkdi. Oteli ixtisara salmağı düzgün qərar idi. Amma orada qarşılarına partlamış su borusunun təmirinə görə qoyulmuş maneələr çıxdı və siqh məcbur oldu ki, dönüb o biri tərəfdən getsin.
“Bu, Obamanın gəlişindən də pis oldu”, – dedi və bu zaman 1010 WINS vəd edirdi ki, əgər Uilson onlara iyirmi iki dəqiqə vaxt ayırsa, ona dünyanı bağışlayarlar. Ksilofon da özünün diş şaqqıldatmağında idi.
“Mən dünya-zad istəmirəm, – ürəyində fikirləşdi, – istədiyim ancaq üçə on beş dəqiqə işləyənə qədər Park Avenyu 245-ə çatmaqdır. Ən uzağı iyirmi dəqiqə işləyənə qədər.”
Nəhayət, taksi yenə Medisona qayıtdı. Sürətlə otuz səkkizinci küçəyə qədər şığıdı, sonra yenə dayandı. Uilson fikirləşdi ki, bu yerdə amerikan futbolu şərhçisi tamaşaçılara deyərdi: qaçış ildırım sürətində olmasına baxmayaraq komanda heç bir xal qazanmadı. Taksinin şüşəsilənləri işləyirdi. Radiodakı müxbir elektron siqaretdən danışırdı, sonra yataq dəstlərinin reklamı başladı.
Uilson düşündü ki, sakit olmaq lazımdır. “Lazım gəlsə piyada da gedə bilərəm ora. Cəmi doqquz kvartaldır, bir şey deyil.” Ancaq, yağış yağırdı və Allahın cəzası olan o çamadanı da daşımalı olacaqdı.
Piter Pan (ABŞ-da uzaq məsafələrə sərnişin daşıyan avtobus şirkəti) avtobusu tormozlarını pufuldadaraq düz taksinin sol tərəfində dayandı. Uilsonun yeri pəncərədən avtobusun içini görmək üçün kifayət qədər hündür idi. Təxminən metr yarım məsafədə yaraşıqlı bir qadın jurnal oxuyurdu. Onun yanında, aralıq tərəfdəki oturacaqda qara plaşlı bir kişi portfelini dizlərinin üstünə qoyaraq içində nəsə axtarırdı.
Siqh siqnal verdi, sonra əllərini yuxarı qaldırdı, sanki – “görün, dünya mənə nələr edir”, – demək istəyirdi. Uilson da, barmaqları ilə ağzının kənarlarına toxunmaqda olan həmin cazibədar qadına tamaşa edirdi, yəqin, dodaq boyasının yayılıb-yayılmadığını yoxlayırdı. Yanındakı kişi indi də portfelin qapağındakı cibi eşələyirdi. Oradan şərf çıxardı, burnuna yaxınlaşdırıb iylədi.
“O, bunu niyə edir?” – Uilsona maraqlı gəldi. Yəqin arvadının ətrinin, ya da pudrasının qoxusu gəlirdi şərfdən. Birminqhemdə təyyarəyə minəndən ilk dəfə idi ki, “Green Century”ni, “Market Forvard”ı və əgər baş tutsa, onun yaşamını dəyişdirə biləcək görüşü – artıq yarım saatdan da az vaxt qalırdı – unutmuşdu. Bir anlıq qadının barmaqları ilə incə hərəkətinə və kişinin şarfı burnuna tutmasına heyran olmuşdu. Ondan da artıq – ovsunlanmışdı. Ona elə gəldi ki, başqa dünyaya baxır. Hə. O avtobus başqa dünya idi. O kişi və o qadının öz görüş yerləri vardı, başqa ümidlərlə bağlı. Onların ödəyəcəkləri öz hesabları vardı. Onların öz bacıları, qardaşları, xatirələrində unuda bilmədikləri uşaqlıq cağlarının oyuncaqları vardı. Bəlkə də qadın universitetdə oxuyarkən abort eləmişdi. Kişi də, yəqin ki, penis halqası gəzdirirmiş. Onların ev heyvanları da ola bilərdi və əgər var idisə deməli onların adları da olmalı idi.
Bir anlıq Uilsonun gözləri önündə anlaşılmaz və formalaşmamış, lakin çox nəhəng obraz durdu – kainat saatı. Orada təkər şəkilli və dişli çarxlar bir-birindən ayrıca şəkildə, güman ki, hansısa məqsədin sonuna doğru sirli hərəkətlər edirdilər. Bəlkə də bu hərəkətlər tamamilə məqsədsiz idi. Bura isə taksinin dünyası idi və metr yarım o yanda Piter Pan avtobusunun dünyası vardı.
Onların arasında metr yarım məsafə və iki  şüşə qatı dururdu. Uilson bu faktın belə çılpaqlığına heyran qalmışdı.
“Belə tixac, – siqh dedi, – Obamadan da pisdı, sizə deyim”.
Kişi şərfi burnundan çəkib əlində tutdu, o biri əlini də plaşının cibinə saldı. Qadın pəncərənin yanındakı yerində oxuduğu jurnaldan ayrılmırdı. Kişi ona tərəf döndü. Uilson onun dodaqlarının tərpəndiyini gördü. Qadın başını qaldırdı, gözləri təəccüb içində böyümüşdü. Kişi yaxına əyildi, elə bil qadına nə isə gizli söz demək istəyirdi.  O, qadının boğazını kəsənə qədər, Uilson onun plaşın cibindən çıxarıb əlində tutduğu şeyin bıçaq olduğunu anlamamışdı.
Qadının gözləri böyüdü. Dodaqları aralandı. Əlini boğazına apardı. Kişi bıçaq tutduğu əlilə qadının əlini sakitcə, amma var qüvvəsilə aşağı basırdı. Eyni zamanda da o biri əlindəki şərfi qadının boğazına basıb tutmuşdu. Sonra qadının saçlarının arasından baxa-baxa onun gicgahından öpdü. Oradan Uilsonu gördü və dodaqlarını geniş aralayaraq elə gülümsədi ki, iki sıra xırda və nizamlı dişləri göründü. Uilsona başını yırğaladı. Sanki, Uilsona gözəl gün arzulayırdı, ya da, – “indi bizim ortaq sirrimiz var”, deyirdi. Qadın tərəfdəki pəncərəyə qan sıçramışdı. Damcı böyüdü və aşağı sürüşməyə başladı. Plaşlı adam şərfi qadının boğazında saxlamağında davam edərək, barmağını onun ağzına soxdu. O, hələ də Uilsona baxıb gülümsəyirdi.
“Axır ki!”, – siqh dedi və taksi hərəkətə gəldi.
“Siz onu gördünüzmü?”, – Uilson soruşdu. Səsi aşağı tonda çıxırdı və təəccüb hiss olunmurdu, – “O kişini. O avtobusdakı kişini. Qadının yanındakı”.
“Nə, ser?”, – Siqh soruşdu. Bu vaxt işıqfor sarıya keçdi və siqh sürücülərin verdiyi siqnalların uğultusuna məhəl qoymadan irəli atılıb o biri zolağa keçdi. Piter Pan avtobusu arxada qaldı. Qarşıda, yağışa görə qaralmış görünən “Grand Central”ın ( Nyu-Yorkun Mərkəzi dəmir yol vağzalı) həbsxanaya oxşayan müdhiş binası dayanmışdı.
Yalnız indi, taksi yerindən tərpənəndə Uilsonun yadına mobil telefonu düşdü. Onu paltosunun cibindən çıxarıb baxdı. Bir az cəld düşünə bilsəydi (qardaşı bu məsələdə pərgar idi, anasının dediyinə görə), Plaşlı Adamın şəklini çəkə bilərdi. İndi artıq gec idi, amma 911-ə zəng vurmaq olardı. Təbii ki, belə zəngi anonim vura bilməzdi; onun adı və telefon nömrəsi orada, ekranda görünəcəkdi. Onlar da onun yağışlı Nyu-York axşamında vaxt keçirən telefon xuliqanı olmadığını yəqin etmək üçün geri zəng edəcəkdilər. Sonra onu yaxındakı polis məntəqəsinə aparıb məlumat alacaqdılar. O da, – başqa yolu yoxdur – verməli olacaqdı. Gördüyünü ona bir neçə dəfə danışdıracaqdılar. Onun təqdimat etməli olduğunu isə veclərinə belə almayacaqdılar.
Təqdimatın adı “Bizə üç il vaxt verin, bunu sübut edəcəyik” idi. Uilson onu necə təqdim edəcəyi haqda düşünürdü. O, ictimaiyyətlə əlaqə işçilərinə və şirkətin rəhbərliyinə deyəcəkdi ki, bu qəzanın üzünə dik baxmaq lazımdır. Axıntı göz qabağındadır; könüllülər hələ də neftə bulaşmış quşları yuyucu tozla təmizləyirlər, bunu xəlvət etmək mümkün deyil. Öz günahını yumaq heç də, mütləq, eybəcərlik deyil, bəzən həqiqət gözəl olur. “İnsanlar sizə inanmaq istəyirlər, dostlar”, – deyəcəkdi onlara. “Hər şeydən başqa, onların sizə ehtiyacı var. A nöqtəsindən B nöqtəsinə getmək üçün sizə ehtiyacları vardır, lakin  təbiətin zorlanmasında özlərini şərik rolunda görmək istəmirlər”. Bu yerdə o, portfelini açacaq və birinci şəkli göstərəcək: tər-təmiz sahildə dayanmış oğlan və qız uşaqlarının fotosu, arxaları kameraya tərəfdir, dənizin suyu elə mavidir ki, adamın gözünü aparır. Aşağıda ENERJİ VƏ GÖZƏLLİK YANAŞI ADDIMLAYA BİLƏRLƏR yazılıb. BİZƏ ÜÇ İL VAXT VERİN, BUNU SÜBUT EDƏCƏYİK.
Polisə zəng vurmaq o qədər asan idi ki, bunu uşaq da edə bilərdi. Əslində uşaqlar bunu edirdi də. Evə kimsə soxulanda. Kiçik bacı pilləkəndən yıxılanda. Ata acıqlanıb, qəşqırıb ananı ağladanda.
Sonra o, Meksika körfəzinin sahilindəki bütün ştatlarda, xüsusilə Fox və MSNBC kimi xəbər və 24 saatlıq kabel televiziyalarında göstərilməsi nəzərdə tutulan reklam rolikinin kadrları haqda ideyalarını təqdim edəcəkdi. Stop-kadr rejimli videoda çirklənmiş, neftə bulaşmış sahil yenidən tər-təmiz yerə dönəcəkdi. Diktor kadr arxasından (yüngül cənub tın-tınlığı ilə) deyəcəkdi: “Bizim öz səhvlərimizi düzəltmək məsuliyyətimiz vardır. Biz işimizi belə görürük və qonşularımıza belə münasibət bəsləyirik. Bizə üç il vaxt verin, biz bunu sübut edəcəyik”.
Növbəti gələn çap reklamları və radio reklamları idi və ikinci mərhələdə...
“Ser, nə dediniz?”
Uilson fikirləşdi, – “Mən zəng edə bilərdim, amma polis ora gələnə qədər, güman ki, o adam avtobusdan çox uzaqda olacaqdı. Güman ki, niyə? Demək olar – dəqiq uzaqda olacaqdı”. 
O çevrilib arxaya baxdı. Avtobus artıq xeyli geridə qalmışdı. “Yəqin, qadın çığırırmış”, – deyə düşündü. “Bəlkə də o biri sərnişinlər plaşlı kişinin üstünə cumub onu yerə səriblər, necə ki, təyyarədəki sərnişinlər ayaqqabısına bomba qoymuş terroristin nə etmək istədiyini biləndə onun üstünə cumub zərərsizləşdirmişdilər”.
Sonra plaşlının ona baxıb necə gülümsədiyini xatırladı. Həm də qadının sallanan ağzına barmağını necə soxduğunu.
Uilson düşündü ki, telefon xuliqanlığı deyəndə, yəni bu başqa şey də ola bilərdi. Zarafat da ola bilərdi. Cavan uşaqların daim etdikləri kimi. Fleş-moba oxşayan bir şey.
O, bu haqda çox düşündükcə, düşündükləri ona daha böyük ehtimallı kimi gəlirdi. Kişilər qadınların boğazını qaranlıq döngələrdə və televiziya şoularında kəsirlər, daha günün günorta çağı Piter Pan avtobusunda yox ki.  Ona gəldikdə isə, işlərini yaxşı qurub. O, lazımi vaxtda, lazımi yerdə olan, düzgün adam olub, bu dünya adama çox nadir halda birdən artıq şans verir. Bu, onun anasının sözlərindən deyildi, – amma fakt idi.
“Ser?”
“Növbəti tində saxlayın, düşürəm, – Uilson dedi, – buradan o yana piyada gedə bilərəm”.

İngiliscədən tərcümə: Kazım Səlimov, 2014.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)