Lamiyə Məmmədova - Sonuncu tamaşa (hekayə)
-İkinci tamaşada mən oynamayacam!
-Belə bir şeyin mümkün olmadığını bilirsən!
-Axı necə?
-Hmmm onu da sən düşün.
-Yox...yox...Mümkün deyil.
-...
-Heç cürə mümkün deyil. Özün də yaxşı bilirsən ki, bu lənətə gəlmiş teatrda səndən yaxşı aktrisa yoxdur. Hamı çıxıb gedib. Bu qədər maaşa dayanan sənsən. Sən niyə qalmısan? Heç onu da anlamıram.
-Sən mənim vəziyyətimi bilirsən axı...
-Larisa, sənə nə olub? Niyə həvəssizsən?!
-Axı bir az əvvəl özün etiraf etdin ki, daha burda heç kim qalmayıb. Yeni gələnlər hələ ki həvəslidirlər. Bir müddətdən sonra onlar da gedəcək.
-Təəssüf ki, elədir.
- Mən çox yorulmuşam... Bütün bunlar məni yorur. Hər dəfə bura gələn gənclər maraqla bu işi öyrənərkən mən də həvəslənirəm. Amma sonra onlar gedir. Mən yenə tək qalıram. Yenə yeniləri gəlir... Beləcə davam edir. Kənardan baxanda çoxları üçün mənim həyatım gözəldir, maraqlıdır. Amma heç kim mənim yerimdə olmaq istəməz.Nə qədər sənə,-ikincidə mən oynamayacağam,-desəm də yaxşı bilirsən ki, oynayacağam. Elə özüm də yaxşı bilirəm. Başqa çarəm yoxdur.
-Larisa, mənim gözəlim, belə danışma. Sənin çöhrənə bu kədər, nisgil yaraşmır. Qalx, qalx hazırlaş. Bilirəm, yorulmusan. Həm fiziki, həm mənəvi cəhətdən. Bir az əvvəl canlandırdığın obraz heç də asan deyildi. Sən buna görə yorulmusan. Onunçün belə danışırsan. Səni anlayıram.
- Yox, heç düz fikirləşmirsən. Mən teatrdan heç vaxt bezmirəm. Bura mənim evimdir. Oynadığım obrazlarda özümü tapıram. Həyata tutunuram.
-Yaxşı... Yaxşı dur hazırlaş. Tamaşaçılar səni gözləyir.
-Hahah... Tamaşaçılar? Hansı tamaşaçılar? Yaxşı görək, Mimi. Zalın boş olduğunu bilirəm.
-Yox orda tamaşaçılar var.
-Yenə kimləri məcbur gətirib otuzdurmusan?
-Hamı öz istəyi ilə gəlib. Həm də bilet alaraq.
- Olsun, qoy lap sən deyən kimi olsun. Bu möcüzədən başqa heç nə deyil.
Larisa sözünü deyib məzəmmətlə güldü. Mimi otaqdan çıxan kimi tez donunu geyindi. Üzünə ənlik-kirşan çəkib, qırmızı parikini başına keçirdi. Qırmızı dodaq boyasından həm dodaqlarına, həm də gözlərinə çəkdi.
-Lənət olsun. Kosmetika belə yoxdur, - gileylənərək başını yellədi. Son olaraq hündür dabanlı ayaqqabları və dirsəyə qədər uzanan əlcəkləri geyinib səhnəyə çıxdı.
Tamaşadan sonra Mimi səhnə arxasına qayıdan aktrisaya balaca bağlama verdi. Larisa həsir stulda oturub bağlamanı dizləri üstünə qoyaraq həvəslə açmağa başladı. İçində 3 məktub və kiçik şüşə qab var idi. Şüşə qabı ehtiyatla əlinə aldı. İçində rəngbərəng ləçəklər süzürdü. Onlar o qədər gözəl idilər ki, Larisa qabın ağzını açmağa qıymadı. Bir neçə dəqiqə diqqətlə şüşə qabı seyr edəndən sonra onu qutuya qoydu. Bir-bir məktubları açaraq oxudu. Məktubların ikisini eyni adam yazmışdı, məzmunları da eyni idi. Üçüncüsü isə fərqli bir xətlə yazılmışdı. Bəlli idi ki, başqası yazıb. Bunu yazan hər kim idisə, görünürdü ki, uzun müddət Larisanı izləmiş, ona böyük rəğbət bəsləmişdi. Məktubun hər sətrindən sevgi, nəvaziş və həsəd dolu hislər yağırdı. Məktubu tam oxumadan o üz-bu üzünü çevirib baxdı. Heç bir ünvan yox idi. Qaldığı yerdən davam etdi. Məktubu yazan gənc Mariyanın tək arzusu Larisa ilə tanış olmaq, ondan aktyorluq, səhnə dərsləri almaq idi. Məktublarda belə yazılırdı: “Mən sizi cəmi bircə dəfə - teatra girərkən görmüşəm. Amma haqqınızda çox eşitmişdim. Belə kiçik şəhərdə teatrda çalışmaq bilirəm ki, çox çətindir. Burada aktrisa olmaq həm mənəvi, həm də maddi cəhətdən sizi yorur. Mən bunu çox gözəl anlayıram. Amma siz çox güclüsünüz. Bütün çətinliklərə baxmayaraq, neçə-neçə gənclərə bu yolda kömək edirsiniz. Mən buna görə də sizi çox sevirəm.”
Larisa iki məktubu oxuyub eyni qaydada qatlayaraq qutuya qoydu. Üçüncü məktubda yazılanlar Larisanı dəhşətə gətirdi. Mariya artıq həyatda yox idi. Bütün arzularını balaca qəlbində özü ilə aparmışdı. Larisa məktubu oxuduqca gözləri doldu. Göz yaşları yanağından süzülərək məktuba damcıladı. Başını qaldırıb Miminin üzünə baxdı.
- Mimi... Mimi, bu nədir belə... niyə axı...
-Larisa, əzizim, üzülmə. Bilmirəm o məktublarda nə yazılıb, amma bircə sən üzülmə nə olar!
Larisa qutuya qoyduğu iki məktubu yenidən əlinə götürdü. Bu zaman qutunun içindəki kiçik kağız parçası gözünə sataşdı. Kağızda belə yazılmışdı: “Mən sizi yuxumda tez-tez görürəm. Hətta bir dəfə sizin ətrinizi də duymuşam yuxuda. Sonra o ətri tapmaq üçün çox parfüm qoxladım. Amma heç biri sizin ətrinizə uyğun deyildi. Sonra mən çiçəklərin ləçəklərini toplayıb şüşə qabda saxladım. Bu sizin qoxunuz idi. Mən onu sizə göndərmişəm”.
Larisa qutudan şüşə qabı götürüb qapağını açdı. O qədər gözəl qoxu gəlirdi ki, bir anda bütün otağa yayıldı. Aktrisa təəccüb içində idi. İnana bilmirdi. Ayağa qalxıb çantasını eşələdi. Kiçik bənövşəyi şüşədəki ətrini çıxarıb qapağını açdı və burnuna yaxınlaşdırdı. Eyni qoxu idi. Larisa sanki ilk dəfə idi bu ətri qoxlayırdı.
* * *
Larisa lojaya çıxıb bütün zala, səhnəyə diqqətlə baxdı. İncə barmaqları arasında bir siqaret yandırıb, qırmızıya boyanmış dodaqlarının arasına qoydu. İlk dəfə səhnəyə lojadan baxırdı. Həyatının böyük bir hissəsi bu səhnədə keçmişdi. Bu illər ərzində heç nə onu həvəsdən salmamışdı. Son günlər yaranan həvəssizliyi, ruh düşkünlüyünü də indi ona gəlib çatan məktublar silib apardı. İndi o özünü Mariyanın məktubundakı sətirlər qədər güclü hiss edirdi. Hə o davam edəcəkdi. Əvvəlkindən də yaxşı oynayacaqdı. Qoy lap tamaşaya heç kim gəlməsin. Larisa xəyalında zavallı qızcığazın simasını canlandırmağa çalışdı. Çöhrəsini dərin kədər bürüdü. Köks ötürərək:
- Mariya... Mariya... demək, sən mənimlə görüşmək istəmisən. Amma cəsarət etməmisən gəlməyə. Həyata bir bax. Həyat özü də bir tamaşadır. Və biz indi obrazlarımızı dəyişmişik. İndi mən səninlə görüşmək istəyirəm. Amma cəsarətim çatmır ki, yanına gəlim. Bir gün mütləq səninlə görüşəcəyik. Bunu dəqiq bilirəm.
Larisa lojadan enib ağır addımlarla səhnəyə çıxdı. Böyük həvəslə məşqə başladı. O qədər içdən oynayırdı ki, baxsan məşq yox, minlərlə tamaşaçının qarşısında oynanılan tamaşa olduğunu sanardın. Larisa özünü tamamilə unutmuşdu. Səhnənin düz mərkəzində halsız uzanarkən zalda gənc bir qızın sevgi dolu baxışlarla onu izlədiyini gördü. Larisa güclə başını qaldırıb yarıqaranlıq zala baxdı. Qırmızıya boyanmış dodaqlarının arasından çıxan boğuq səsi bütün səhnəyə yayıldı.
-Mariya...