Edebiyyat.az » Proza » Rauf Qədimov - Siqaret (hekayə)

Rauf Qədimov - Siqaret (hekayə)

Rauf Qədimov - Siqaret (hekayə)
Proza
nemət
Müəllif:
10:22, 07 oktyabr 2019
1 570
0
Rauf Qədimov - Siqaret (hekayə)
 



  Noyabr ayı idi, payızın ən sevdiyim ayı. Amma uşaqlığımdan sevdiyim payız tamam dəyişmişdi-nə güclü yağış yağırdı, nə də havalar soyuq keçirdi. Mən bu fəsli belə görməyə heç alışmamışdım, çünki bizim kəndimizdə payızın soyuğu qışın soyuğuna bənzəyirdi, hətta bəzən ölü yarpaqların üzərində qar da görmək olurdu. Düzdü, payızın qarından qartopu oynamaq, qar adamı düzəltmək olmurdu, amma biz yenədə qarı toz kimi bir-birimizin başına səpir, bir-birimizi qarın içinə yıxmağa çalışırdıq. Həmdəki, o zamanlar hələ nevroza da tutulmamışdım, onun nə olduğundan belə xəbərsiz idim. Cəmisi bir dəfə adını televizordan eşitmişdim. Bir qadın danışırdı, deyəsən həkim idi.
Uşaqlığımın ən əyləncəli günləri bu fəsildə keçdiyindən bu fəsili əvvəlki tək görmək üçün çox darıxırdım. Amma artıq kənddə yaşamırdım, buna görədə əvvəlki payızlardan ötəri elə sadəcə darıxmaq qalmışdı mənə. Sarışan hallarlı neçənci payız idisə, artıq yadımdan çıxmışdı. Bəzən otağımda dəlicəsinə öz-özümə danışırdım. Gah uzanır, gah da küçədə saatlarla gəzirdim. Şüurum sanki donmuş vəziyyətdə nə etdiyimdən, nə danışdığımdan xəbərsiz halda məni uzaqdan izləyirdi. Amma ürəyimin səsini dinləyə bilirdim, o məndən uzaqlaşmamışdı hələ, amma bu fikirdə də şübhəli idim, çünki bəzən çox daşürəkli olurdum, insanlara qarşı etdiyim etinasızlıqları, kobudluqları özümə bağışlaya bilmirdim, yollarına yalqızlıq hopmuş şəhəri gəzdikcə, insanların üzlərindəki təbəssümü gördükdə sanki sarsılırımdım. Deyəsən, bu hiss paxıllıqdan yaranırdı, amma mən axı paxıl biri deyiləm, deyə özümə pıçıldayır, bunu təsdiqləyircəsinə də susurdum. Bütün bu fikirlər hər an mənə dözülməsi çox çətin bir hiss yaşadırdı- qəddarlıqa bürünmüş kədər hissi. Bəzən isə şüurum yerinə qayıdır, heç kimə heç bir kobudluq etmədiyimi, həqiqətən paxıl biri olmadığımı bu hissi yalandan uydurub, özümə sadəcə əzab verdiyimi düşünürdüm. Bunun fikirlərimin mənə verdiyi təsəlli ya da həqiqət olduğunu aydınlaşdıra bilmirdim.
Uşaqlığımın nə qədər gözəl xatirələri olsada, o illər mənim üçün sadəcə gözəl xatirələrdən ibarət olmamışdı. İnsan üçün ən gözəl dövr olan illərdə danışığımda problem yaranmışdı. Dilimdən bircə söz çıxarmaqdan ötəri dərin bir nəfəs alır, içimdə o sözü bir neçə dəfə təkrar edir, sonra kəkələyib çətinliklə nəyisə ifadə edirdim. Danışmaq mənə heç kimin, heç nəyin yaşatmadığı acını, kədəri yaşadırdı. Danışmaqdan qorxurdum, heç nədən qorxmadığım qədər.
Sonralar zaman keçdikcə daha da qorxmağa başladım, amma bu qorxunun səbəbi danışmaq- danışarkən dilimdə olan qüsur deyildi, mən insanlardan qorxmağa başlamışdım. İnsanlardan, onlarda yaranacaq kədərdən, təbəssümdən- hər bir reaksiyadan qorxurdum. Susmaq həyatımın ən sevimli vərdişinə çevrilmişdi, bəlkə də ən kədərli, bu hissin kədərdən ya sevincdən ibarət olduğunu heç bir zaman düşünmək istəmirdim.
Həyatımın son illəri sadəcə xatirələri yada salmağa çalışmaqla keçirdi, mənə kədər verən nələrisə xatırlamağım özümə də qəribə gəlirdi, artıq kədərdən sevinirdim. Bədbəxtlikdən ən böyük xoşbəxtliklərin yaranacağını inanırdım. İnandığım tək şey də elə bu idi.
Bir gecə küçədə düşünə-düşünə gəzirdim, son qalmış siqareti də yandırıb, çəkməyə başladım. Birdən təxminən mənimlə eyni yaşda olan bir oğlan mənə yaxınlaşıb, dərin bir nəfəs aldı, bu nəfəs mənə çox tanış idi, dostlarımdan, yaxınlarımdan, ailəmdən belə tanış. Bir neçə saniyə sonra, çətinliklə:
-siiqqaretiiniz oollmmaz?,- deyib, gözünü ayaqlarına dikdi.
Çaşqınlıq içində dərhal ciblərimi axtarmağa başladım, nəyi və niyə axtarırdım, bilmirdim, axı mən siqaretimin olmadığını, son qalan siqareti elə indicə yandırdığımı bilirdim. Amma nə etdiyimi bilmirdim.
- deeyəssəən, qqalmayyıb, - deyə, cavab verdim, səsimin titrədiyini bütün bədənimdə hiss etdim.
Oğlan gözlərini yerdən qaldırıb, düz gözlərimin içinə baxmağa başladı. Bu baxışlardan mənim onu ələ saldığımı düşündüyü hiss olunurdu, ən azından mən bunu hiss edirdim. Danışmaq, hər şeyin fərqli olduğunu, məni səhv anladığını demək istədim, ömrüm boyunca nəyisə bu qədər istəməmişdim. Amma bacarmadım. Nəsə deməsini, nəsə etməsini, ən ağır söyüş, bir yumruq nə ürəyindən keçirdisə onu etməsini gözlədim, sadəcə susdu və getməyə başladı. Addımladıqca qaçdı, gözdən itdi.
Qaranlıq küçədə onun mənim haqqımda nələr düşündüyünü- vicdansız, əxlaqsız, axmağın biri olduğumu fikirləşdiyini düşünürdüm. Düşündüklərim doğru idisə, o, haqqlı idi, onun yerində mən də olsaydım, özüm haqqımda eyni fikirləri düşünərdim.
Gözlərimi qaranlıqdan çəkib evə getməyə başladım. Ayaqlarımla sanki bütün həyatın yükünü daşıyırdım, hamının yükünü. Həyatın nə qədər acımasız olduğunu düşünürdüm. Həyat elə özünə bənzəyirdi.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)