Piter Handke - Nəzarət komitəsi sədrinin açılış nitqi
Proza
Hörmətli bəylər, bura çox soyuqdur. Bilmirəm bunu necə izah edim. Bir saat əvvəl konfrans üçün hazırlıqların necə getməsi ilə bağlı şəhərdən zəng vurmuşdum, amma heç bir cavab ala bilmədim. Tez bura gəlib qapıçını axtarmağa başladım, amma onu nə öz otağında, nə zirzəmidə sobanın yanında, nə də girişdə tapa bilmədim. Axırı bu salonda onun arvadını tapdım: qaranlıqda, qapının ağzında bir taburetdə oturmuşdu, başını dizlərinə yapışdırmış, əllərini ənsəsinə dolamışdı. Soruşdum ki, nolub? Tərpənmədən, oturduğu yerdən dedi ki, əri gedib. Uşaqlarından birini xizəkdə sürüşərkən maşın əzib. Buna görə də otaqlar isidilməyib, xahiş edirəm anlayış göstərək, deyəcəklərim uzun çəkməyəcək. Oturacaqlarınızdan bir az qabağa əyilsəniz, yaxşı olar, onda səsimi yüksəltməli olmaram, siyasi çıxış etməyəcəm, sadəcə sizə cəmiyyətin iqtisadi vəziyyəti ilə bağlı bəzi məlumatlar vermək istəyirəm. Əfsus ki, pəncərələrin şüşəsi fırtına ucbatından qırılıb, qarın içəri girməməsi üçün qapıçının arvadı ilə deşikləri plastik torbalarla örtməyə çalışsaq da, gördüyünüz kimi nəticəsi olmayıb. Sizə balansa nəzarətin nəticələrini açıqlayarkən, çöldəki taqqıltı mənə qulaq asmağınıza qəti mane olmasın, narahatlığa dəyməz; sizi əmin edirəm ki, idarə heyətinin idarəetmə formasında etiraz ediləsi heç nə yoxdur. Sözlərim eşidilmirsə, lütfən bir az da yaxına gəlin. Sizi bu şəraitdə qarşılamaq məcburiyyətində qaldığım üçün üzgünəm, uşaq xizəklə maşının qabağına çıxmasaydı, bütün bunlar olmayacaqdı. Qadın plastik torbanı iplə pəncərəyə bağlayarkən danışdı: əri zirzəmidə kömürləri yığarkən, birdən fəryad qoparıb; qadın həmin vaxt salondaymış, konfrans üçün stulları düzəldirmiş, qəfildən ərinin aşağıdan var gücüylə qışqırdığını eşidib, dediyinə görə, səsin ona çatdığı yerdə bir xeyli donub qalıb, səsə qulaq verib. Sonra əri qapıda peyda olub, kömür vedrəsi hələ də əlindəymiş, alçaq səslə, gözlərini arvadından qaçıraraq baş verənləri danışıb, xəbəri kişiyə ikinci oğlu veribmiş. Adlarınızın yazılı olduğu siyahı indi aramızda olmayan qapıçıda olduğu üçün, bura gələn hər bir kəsə, gördüyüm hər bir kəsə xoş gəlmisiniz deyirəm, dediyim kimi, bura gələn hər kəsə, gördüyüm hər kəsə. Bu külək olmasaydı. Bu qarda-şaxta konfransa gəldiyiniz üçün sizə təşəkkür edirəm, bura gələn qədər xeyli yol qət etmisiniz. Bəlkə çöldən pəncərələrinə baxanda buzlarının əriyib getdiyi bir salona girəcəyinizi, sobanın yanında isinəcəyinizi düşündünüz; amma indi paltolarınız əyninizdə oturmusunuz, içəri girib stullarınıza tərəf gedərkən ayaqqabınızın dabanından tökülən qar belə əriməyib hələ; salonda soba da yoxdur, gözümüzə bu divarda dəyən yeganə şey bir vaxtlar bu salonda və bu kimsəsiz evdə minlərlə adamın istifadə etdiyi bir sobanın qara dəliyidir. Yenə də gəldiyiniz üçün sizə təşəkkür edirəm; təşəkkür edirəm və xoş gəlmisiniz. Xoş gəlmisiniz. Xoş gəlmisiniz!
Tərcümə: Qismət
Sim-sim.az
Tərcümə: Qismət
Sim-sim.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr