Jan Pol Sart - Herostat
Proza
Adamlara yuxarıdan baxmaq lazımdı. İşığı yandırıb pəncərənin qabağında dururam: onlar, hətta, özlərinə yuxarıdan baxmağın mümkün olacağından şübhələnirlər: üz tərəfin, bəzən də arxanın qayğısını çəkirlər, amma onların bütün biclikləri boyu bir metr yetmiş santimetrə çatanlara hesablanıb. Kimsə, tutaq ki, yeddinci mərtəbədən görünən silindrin hansı forma aldığı barədə fikirləşibmi? Sadə səhlənkarlıq üzündən öz çiyinlərini və kəllələrini alabəzək rənglərlə, parlaq parçalarla örtmürlər, bəşəriyyətin ən qüdrətli düşmənilə — dərinlik perspektiviylə mübarizə aparmağı bacarmırlar. Əyilirəm, məni gülmək tutur: bəs onların bu qədər fəxr elədikləri o məşhur “dik yeriş” hanı axı? Onlar səkidə yayılıblar, iki uzun yarısürünən qol-qıçları da çiyinlərinin altından sallanır.Yeddinci mərtəbənin eyvanında – gör bütün ömrümü harda yaşamalıyam. Mənəvi üstünlüyü maddi rəmzlərlə saxlamaq lazımdı, bunsuz o süqut eləyər. Yox, o cür adamlar üzərində üstünlüyüm məhz nədən ibarətdi? Başqa bir şeydə yox, mövqe üstünlüyündə: mən öz içimdəki adamın çiyninə çıxıb ona tamaşa eləyirəm. Notr-Dam kilsəsinin qüləllərini, Eyfel, Sakr-Ker qüllələrinin platformalarını, Delambr küçəsindəki yeddinci mərtəbəsini ona görə sevirəm. Gözəl rəmzilikdi.
Amma hərdənbir küçəyə enmək lazımdı. Məsələn, kontora getmək üçün. Boğuluram. Sən adamlarla eyni səviyyədə olanda, onları sirkə kimi təsəvvür eləmək çox çətindi: sənə aidiyyatları var. Bir dəfə küçədə ölü gördüm. Üzüüstə yıxılmışdı, onu arxası üstə çevirdilər, burnundan qan axırdı. Ölünün açıq gözlərini, bütün axmaq görkəmini, bir də həmin qanı gördüm. Özümə dedim: “Bu, boş şeydi, təzə rəngdən həyəcanlandırıcı deyil. Onun burnuna qırmızı rəng sürtüblər, vəssalam”. Qıçlarımdə, boynumun arxasında iyrənc zəiflik duydum, şüurunu itirdim. Məni aptekə apardılar, çiyinlərimdən tutub silkələdilər, spirtli bir şey içməyə məcbur elədilər. Onları öldürəcəyəm.
Bilirəm, onlar mənim düşmənimdilər, amma özləri bilmirlər. Bir-birini sevirlər, bir-birinin əlini sıxırlar. Mənimsə… mənimsə hərdən çiynimə vururdular, çünki özləri kimi hesab eləyirdilər. Amma əgər həqiqətin ən xoşagəlməz hissəsindən xəbər tuta bilsəydilər, məni əzişdirərdilər. Yeri gəlmişkən, sonralar elə belə də elədilər. Məni ələ keçirəndə, nəhayət, kim olduğumu axır ki, başa düşəndə… komissarlıqda mənə dəhşətli divan tutdular, iki saat ərzində döydülər, əvvəlcə şillədən başladılar, sonra yumruqladılar, qollarımı burdular, ardınca şalvarımı soyundurdular, hər şey başa çatanda eynəyimi yerə atdılar, iməkləyə-iməkləyə onu axtaranda hırıldaya-hırıldaya daldan təpiklədilər. Həmişə bilirdim ki, axırda məni döyəcəklər, çox güclü deyiləm, özümü müdafiə eləyə bilmərəm. Onlar güclüdülər artıq çoxdan məni izləyirdilər; ələ salmaq, nə cavab verəcəyimi yoxlamaq üçün küçədə itələyirdilər. Susurdum. Özümü elə göstərirdim, guya, heç nə başa düşmürəm. Amma öz işlərini görməkdə davam eləyirdilər. Onlardan qorxurdum, bu, öncəduyumdu. Bununla belə, siz, əlbəttə, mənim onlara nifrət eləməyə daha ciddi səbəblərim var.
Bu mənada, hər şey revolver aldığım gündən daha yaxşı getməyə başladı. Partlayıb, səs salan şeylərdən birini ehtiyat üçün üstündə gəzdirəndə həmişə özünü güclü hiss eləyirsən. Onu bazar günü özümlə götürdüm, sadəcə, şalvarımın cibinə qoyub adətim üzrə bulvara gəzməyə getdim. İnadkar xərçəng kimi cibimdən necə yapışdığımı hiss eləyir, budumla soyuqluğunu duyurdum. Amma bədənimlə təmasdan get-gedə qızmağa başladı. Bir qədər sıxıla-sıxıla – qalxmış şeyini ətrafdakı adamlardan gizlətməyə çalışan adam yerişilə — gedirdim. Əlimi cibimə salıb onu yoxlayırdım. Aradabir ayaqyoluya girirdim – amma, hətta, içəridə də çox diqqətliydim, çünki orda da qonşuların ola bilər axı; buna görə də revolverimi çıxarırdım: çəkisini yoxlayır, tamam qara kvadratlardan ibarət olan dəstəyini, yarıörtülü göz qapaqlarına oxşayan tətiyini gözdən keçirirdim. Başqaları, bayırda aralanmış ayaqlarıma, şalvarımın belinə baxanlar fikirləşirdilər ki, özümü boşaldaram. Bununla belə, heç vaxt ayayolularda rahatlanmamışam.
Bir dəfə axşam adamlara atəş açmaq fikrinə düşdüm. Bu, şənbə axşamı oldu: mən Leanı, adətən Monparnas küçəsindəki otelin qabağında duran sarışın qızı tapmaq üçün çıxdım. Heç vaxt qadınla intim həyat yaşamamışdım: özümü qarət olunmuş hesab eləyirdim. Əlbəttə, siz üstlərinə dırmaşırsınız, amma onlar qarnınızın aşağı hissəsini iri tüklü cəhənglərilə yeyirlər, eşitdiyim kimi, bu dəyiş-düyüşdə onlar udurlar. Mən ki, heç kəsdən heç nə tələb eləmirəm, amma heç nə də vermək istəmirəm. Ya da, yeri gəlmişkən, mənə özündə iyrənməyi boğub əməllərinə dözən soyuq, mömin qadın yaxınlaşaydı. Hər ayın ilk şənbəsində “Leayla Dyüşene” otelinin nömrələrindən birinə qalxırdım. O soyunurdu, mənsə toxunmadan qadına baxırdım. Bəzən o öz-özünə şalvarıma axırdı, amma bəzən də öz otağıma qalxıb orda artıq hər şeyi özüm qurtarırdım. Bu axşam onu öz yerində tapmadım. Bir qədər gözlədim, amma gəlib çıxmadığından qət elədim ki, məşğuldu. Yanvarın əvvəlləriydi, bərk soyuq idi. Kədərlənmişdim, mənim təxəyyülüm canlıdı, dərhal da bu axşam ala biləcəyim zövq barədə fikirləşdim. Odessa küçəsində tez-tez bir qədər vaxtı ötmüş, yetərincə gonbul, amma hələ də möhkəmbədənli olan qaraçı qadın görürdüm; vaxtı ötmüş qadınlardan zəhləm getmir: belələri çılpaq olanda görkəmləri o birilərindən daha lütdü. Amma qadın mənim şərtlərimi bilmirdi, bunu ona açıq-aydın demək zərurəti də məni bir qədər qorxudurdu. Bundan başqa da, təzə tanışlara etibar eləmirəm: bu cür qadınlar sadəcə, qapının dalında hər hansı yaramazı gizlədə bilərlər, həmin tipsə qəfildən hücum eləyib, bütün pulunuzu ala bilər. Əgər, üstəlik də, sizi bıçaqlamasa, bəxtiniz gətirər. Bu axşam bilmirəm, hardansa qəfildən mənə cəsarət gəldi, revolverin arxasınca otağıma qayıdıb, macərə axtarmağa cəhd eləməyi qərara aldım.
On beş dəqiqədən sonra qadına yaxınlaşanda cibimdə revolver vardı, artıq heç nədən qorxmurdum. Yaxından onun görkəmi daha da miskiniydi. Qadın üzbəüz qonşumun, podpraporşikin arvadına oxşayırdı, bu da xoşuma gəlirdi, çünki artıq çoxdan onu çılpaq görmək istəyirdim. Əri evdə olmayanda pəncərəni açıb geyinirdi, mən də tez-tez pərdənin arxasında gizlənib ona göz qoymağa çalışırdım. Amma qadın həmişə otağın o başında geyinirdi.
“Stella” mehmanxanasında yalnız dördüncü mərtəbədə bir otaq boş qalmışdı. Yuxarı qalxamağa başladıq. Qadın yetərincə ağırıydı, nəfəsini dərmək üçün hər pillədə dayanırdı. Mənsə özümü çox yüngül hiss eləyirdim: bədənim suludu, göbəkli olmağıma baxmayaraq, məndə təngənəfəslik yaratmaq üçün dörd mərtəbədən artığı lazımıydı. O dördüncü mərtəbənin meydançasıda ağır-ağır nəfəs alıb sağ əlini ürəyinin üstünə qoydu. Sağ əlində nömrənin açarını tutmuşdu.
— Hündürdü, — qadın mənə gülümsəməyə çalışa-çalışa dedi.
Dinməzcə ondan açarı alıb qapını açdım. Sol əlimlə düz cibimdən tuşlanmış revolveri sıxırdım, işığı yandıranacan da onu buraxmadım. Otaq boşuydu. Əlüzyuyanın içində yaşıl sabunun balaca kvadratı vardı. Gülümsündüm: mənə nə vanna otağı, nə sabunun balaca kvadratı lazımıydı. Qadın arxa tərəfimdə ucadan nəfəs alır, bu da məni qızışdırırdı. Geri çevrildim; o dodaqlarını mənə uzatdı. Onu itələdim.
— Soyun, — dedim.
Otaqda yumşaq kreslo vardı; orda rahatca oturdum. Məhz belə hallarda siqaret çəkməməyimə təəssüflənirəm. Qadın paltarını soyunmağa başladı, sonra mənə ehtiyatlı nəzər salıb əl saxladı.
— Adın nədi? – Arxaya söykənib ondan soruşdum.
— Rene.
— Yaxşı, Rene, tələs, gözləyirəm.
— Sən soyunmayacaqsan?
— Yox, əşşi, — ona dedim, — mənim dərdimi çəkmə.
O trususunu ayaqlarına saldı, sonra götürüb paltarının üstünə, büstqalterin yanına qoydu.
— Deməli, sən – balaca düşkünsən, mənim əziz tənbəlim? – Qadın soruşdu. – İstəyirsən ki, bütün işi sənin əvəzinə balaca qızın görsün?
Bunu deyib yanıma gəldi, əllərini kreslonun qoltuqaltısına dayayıb ayaqlarımın arasında durmağa çalışdı. Amma onu kobudluqla qaldırdım.
— Yox, ey, yox.
Qadın mənə təəccüblə baxdı:
— Bəs nə istəyirsən axı, mən neyləməliyəm?
— Heç nə, sadəcə, yeri, bir az ora-bura gəziş, səndən başqa bir şey tələb olunmur.
O yöndəmsiz halda otaqda gəzişməyə başladı. Qadınları lüt gəzməkdən çox heç nə əsəbiləşdirmir. Ayaqlarının pəncələrini yerə tam basa bilmirlər. Fahişə belini əyib qollarını salladı. Mənsə vəcd içindəydim; müsamirəyə gedən kimi geyinmiş halda sakitcə kresloda oturmuşdum, — hətta, əlcəyimi də çıxarmamışdım, — bu yekə qadınsa mənim əmrimlə lümlüt soyunub özünü nümayiş etdirirdi.
O başını mənə sarı çevirib vəziyyətə hakim olmaq üçün işvəylə gülümsədi:
— Məni gözəl hesab eləyirsən? Xoşuna gəlir?
— Sənin işin deyil.
— Zəhmət olmasa de, — o qəfil hiddətlə soruşdu, — mənə çox belə əziyyət vermək fikrindəsən?
— Otur.
O çarpayının üstündə oturdu, dinməzcə bir-birimizə baxmağa başladıq. Dərisi qabarcıqlarla örtüldü. Divarın o tərəfində saatın çıqqıltısı eşidilirdi. Ondan ötrü gözlənilmədən dedim:
— Ayaqlarını arala.
Qadın bir anlığa çaşdı, sonra tabe oldu. Mən onun ayaqlarının arasına baxıb fısıldayırdım. Sonra elə qəhqəhə çəkib gülməyə başladım ki, gözlərimdən yaş gəldi. Qadına bircə bunu dedim:
— Bir şey başa düşürsən? – Yenə qəhqəhəylə gülməyə başladım.
O, elə bil, qupquru quruyub mənə baxdı, sonra əməlli-başlı qızardı, ayaqlarını bir-birinə sıxdı.
— Əclaf, — qadın dişlərinin arasından dedi.
Amma daha da ucadan güldüm, bu zaman o kəskin halda qalxdı, stulun üstündən büstqalterini götürdü.
— Dayan, — dedim, — bu, hələ hamısı deyil. – Sənə əlli frank verəcəyəm, amma mən də əvəzində nəsə almaq istəyirəm.
O, əsəbi halda trususunu qapdı.
— Bu, məni bezdirdi, başa düşürsən. Sənin nə istədiyini bilmirəm. Əgər məni bura ələ salmaq üçün gətiribsənsə...
Bu zaman revolveri çıxarıb ona göstərdim. Qadın ciddi halda mənə baxdı, heç nə deməyib trususunu yerə atdı.
— Tərpən, — ona dedim, — gəziş.
O, beş dəqiqə də gəzişdi, sonra əsamı qadına verdim, bir az məşq eləməyə məcbur elədim. Trusumun islandığını hiss eləyəndə qalxıb ona əlli franklıq verdim. Pulu aldı.
— Görüşənədək, — əlavə elədim, — məncə, bu məbləğə görə səni çox yormadım.
Qadını bir əlində büstqalter, bir əlindəsə əlli franklıq otağın ortasında lüt-üryan dayanmış vəziyyətdə qoyub çıxıb getdim. Pula heyfim gəlmirdi: onu sarsıtdım, qəhbəni heyrətləndirməksə, o qədər asan deyil. Pilləkənlə enə-enə fikirləşirdim: “İstəyim hamını təəccübləndirməkdi”. Uşaq kimi sevinirdim. Yaşıl sabunu götürdüm, otağıma qayıdıb isti suyun altında onu uzun müddət, sorulmuş qəbli konfetə oxşayan balaca kürəciyə çevrilənəcən sürtdüm.
Amma gecə diksinib qəfildən ayıldım: revolveri çıxaranda üzünün, gözlərinin necə olduğunu, piyli, hər addımda çalxalanan qarnını təzədən gördüm.
“Nə qədər axmağam”, — özümə dedim. Acı-acı təəssüflənirdim; atəş açıb o qarnı dəlmə-deşik eləməliydim. Həmin və sonrakı üç gecə yuxumda altı xırda qırmızı deşiklərlə dövrələnmiş göbək görürdüm.
Bundan sonra artıq evdən revolversiz çıxmırdım. Adamların kürəyinə baxır, yerişlərindən, əgər onlara atəş açmağa başlasalar, necə yıxılacaqlarını təsəvvür eləməyə çalışırdım. Bazar günləri camaatın klassik musiqidən sonra çıxdığı vaxta yaxın Şatelenin qabağında durmağa adət elədim. Saat altıya qalmış zəng səslənir, şveysarlar da açmaq, rəzələrlə bərkitmək üçün şüşə qapılara yaxınlaşırdılar. Bu, başlanğıcıydı: camaat yavaş-yavaş küçəyə tökülürdü; ürəklər mehriban sentimentalıqla dolu olurdu; çoxu təəccüblü nəzərlərlə ətrafa göz gəzdirirdi – deyəsən, küçə onlara lap mavi görünürdü. Adamlar bir aləmdən başqa aləmə keçə-keçə sirli halda gülümsünürdülər. Həmin başqa aləmdə də onları mən gözləyir, sağ əlimi cibimə salıb silahın dəstəyini var-gücümlə sıxırdım. Bir az sonra artıq özümü onlara atəş açan görürdüm. Bir-birinin üstünə yıxıla-yıxıla, boş boçka kimi dığırlanacaqlar, arxadan gələnlərsə qorxu içində şüşə qapıları sındırıb geri, teatra sarı cumacaqlar. Bu çox qızışdırıcı oyunuydu: axırda əllərim titrəməyə başlayırdı, heç olmasa, bir az sakitləşmək üçün Dreherin yanına gedib konyak içirdim.
Qadınları öldürməzdim. Onların ayaqlarına atəş açardım. Ya da bir qədər oynaqlamağa məcbur eləmək üçün dizlərinə.
Hələ heç bir qərara gəlməmişəm. Amma işə elə girişmişəm ki, elə bil, artıq qərarın qəbul olunub. Təfərrüatlardan başladım. Denfer-Roşro yarmarkasındakı stenddə məşq eləyirdim. Uğurlarım çox azıydı, amma adamlar, xüsusilə, üzbəüz atəş açanda yetərincə iri hədəfiydilər. Sonra özünüreklamla məşğul oldum. Bütün həmkarlarımın kontorda olduqları vaxtı seçdim. Bazar ertəsinin səhərini. Prinsip üzündən onlarla açıq-aşkar nəzakətli olmağa çalışırdım, onsuz da həmişə əlləri sıxmaq zərurəti qarşısında qorxu duyurdum. Salamlaşanda əlcəklərini çıxarırlar – asta, barmaqlar boyu sürüşən hərəkətlə ovucun piyli, yumşaq çılpaqlığını aça-aça əllərini lütləmək kimi, abırsız hərəkətləri var. Mən heç vaxt əlcəyimi çıxarmıram.
Bazar ertəsi səhəri işləməyə o qədər də həvəs olmur. Kommersiya xidmətinin makinaçısı bizə qəbz gətirdi. Lemersye onunla nəzakətlə zarafatlaşdı, qız çıxanda həmkarlarım tox bilici görkəmilə makinaçının gözəlliklərini götür-qoy eləməyə girişdilər. Sonra Lindberq barədə danışmağa başladılar. Lindberqi sevirlər.
— Mənəsə qara qəhrəmanlar xoş gəlir.
— Zəncilər? – Masse soruşdu.
— Yox, məsələn, “qara magiya” dedikləri mənada qaralar. Lindberq – bəyaz qəhrəmandı. Məni də maraqlandırmır.
— Atlantik okeanı keçmək o qədər də asan deyil, — Buksin kinayəylə dilləndi.
Bu vaxt onlara öz “qara” qəhrəman konsepsiyamı izah elədim.
— Anarxistsən, — Lemersye yekunlaşdırdı.
— Yox, — asta-asta etiraz elədim, — anarxistlər adamları sevirlər, amma öz bildikləri kimi sevirlər.
— Boş şeydi.
Amma bu zaman, hər halda, savadlı olan Masse söhbətə qarışdı.
— Hansı qəhrəman barədə danışdığınızı bilirəm. Adı Herostratıydı. O məşhur olmaq istəyirdi, ağlına da Efesdəki, dünyanın yeddi möcüzəsindən biri olan məbədi yandırmaqdan yaxşı bir şey gəlmədi.
— Bəs həmin məbədin memarının adı nəydi?
— Yadımda deyil, — Messe etiraf elədi, — hətta, düşünürəm ki, onun adı məlum deyil.
— Doğrudan? Amma Herostratın adını bilirsiniz? Görürsünüz, o təxminində bir elə də yanılmayıb.
Söhbətimiz belə başa çatdı, bununla belə, əminydim ki, vaxt gələcək, onu da ya da yada salacaqlar. Özümə gələndəsə, bu əhvalat indiyəcən Herostrat barədə heç bir şey eşitməmiş mənə yeni qüvvə verdi. Ölümündən iki min ildən artıq vaxt keçmişdi, amma əməli hələ də qara almaz kimi işıq saçırdı. Mənə elə gəlməyə başladı ki, taleyim qısa, faciəvi olmalıdı. Əvvəlcə bu məni bir qədər qorxutdu, lakin sonra get-gedə alışdım. Əlbəttə, əgər hər şeyə müəyyən şəkildə baxsaq, bu qəddarlıqdı, bununla belə, digər tərəfdən qeyri-adi parlaqlıq, gözəllik anı bəxş eləyir. İndi küçəyə çıxanda canımda qəribə qarşısıalınmaz güc duydum. Revolverim – partlayan, səs-küy yaradan şeyim üstümdəydi. Amma mənə inamı o vermirdi, mən özüm revolverlər, qumbaralar, bombalar cinsindən olan varlığıydım. Mən də günlərin bir günü rəngsiz həyatımın axırında partlayacaq, aləmi hiddətli, maqniy parıltısı kimi, ötəri işıqla işıqlandıracağam. Həmin vaxt tez-tez gecələr təxəyyülüm eyni bir mənzərəni cızırdı. Mən anarxistəm, pusquda hökmdarın gəlib keçməsini gözləyirəm. Müəyyən olunmuş vaxtda bomba partlayır, camaatın gözü qabağında havaya uçuruq: mən, hökmdar və qızıla tutulmuş üç zabit.
Həftələrlə kontora getmirdim. Bulvarlarda, gələcək qurbanlarımın arasında gəzir, ya da otağıma qapanıb cürbəcür planlar qururdum. Məni işdən oktyabrın əvvəllərində çıxardılar. İndi boş vaxtımı sonra yüz iki dəfə üzünü köçürdüyüm aşağıdakı məktubu tərtib eləməklə doldururdum.
“Müsyö!
Siz məşhursunuz, əsərləriniz də minlərlə tirajla nəşr olunur. Səbəbini sizə deyərəm: çünki adamları sevirsiniz. Humanizm qanınızdadı, bu da, əlbəttə, böyük xoşbəxtlikdi. Dəstədə özünüzə oxşayan bir adam görən kimi, lap kefiniz açılır. Hətta, adını bilmədən ona rəğbət duyursunuz. Onun bədəni, bütün alışdığı hərəkətləri, öz istəyincə aralayıb-bitişdirdiyi qıçları, əlləri, xüsusilə, əlləri xoşunuza gəlir: hər əlində beş barmağının olması, baş barmağının o biri barmaqlara qarşı durması yaman xoşunuza gəlir. Siz qonşunuzun masanın üstündən necə götürdüyünə baxa-baxa ləzzət alırsınız, çünki əşyaları əsərlərinizdə bu qədər tez-tez təsvir elədiyiniz xüsusi götürmə tərzi var axı: meymun kimi, bir o qədər çevik, bir o qədər tez yox, amma, — bəyəm belə deyil? – bir qədər daha ağıllı. Hə, siz insanı, onun ağır yaradan sonra sağalan yerişini, hər addımda yerişi idadə eləyən görkəmini, heyvanların davam gətirə bilməyəcəyi məşhur baxışını sevirsiniz. Onunla elə özü barədə daha rahat danışmaq olan tərzi – utancaq bakirəlik tərzini — asanlıqla tapırsınız. Adamlar acgözlüklə kitablarınızın üzərinə atılırlar, o kitabları rahat kreslolarda oxuyurlar, onlara təqdim elədiyiniz böyük, bədbəxt, ciddi sevgi arzulayırsınız, bu da tənbəl, qorxaq olmalarında, arvadlarının onları aldatmalarında, yanvarın birindən maaşlarının artırılmayacağında kişilərə təskinlik verir. Son romanınız haqqında da rahatlıqla danışırlar: ah, çox gözəldi!
Güman eləyirəm, əgər dünyada adamları sevməyən bir kəs olduğunu öyrənsəniz, təəccüblənəcəksiniz. Bəli, o kimsə — mənəm, onları o qədər az sevirəm ki, çox tezliklə yarım düjününü güllələməyə hazırlaşıram. Çünki revolverimə ancaq beş patron yerləşir. Dəhşətlidi, elə deyilmi? Bundan başqa da, nə siyasətdən kənar aksiyadı? Amma təkrar eləyirəm, onları sevə bilmərəm. Sizin nə hiss elədiyinizi gözəl anlayıram. Amma məhz onlarda sizi cəlb eləyənlər, məndən ötrü sırf nifrətimizdi. Sizin, adamların ləyaqətli görkəminizi saxlamağa çalışa-çalışa, bu zaman iqtisadiyyat jurnalı vərəqləyə-vərəqləyə yeməyinizi, necə ahəngdar çeynədiyinizi dəfələrlə görmüşəm. Bəyəm, qunduzların yedizdirilməsində iştirak eləməyə üstünlük verməyim mənim günahımdı? İnsan öz simasıyla nə eləməyə çalışarsa-çalışsın, bütün bunların hamısı mütləq fizionomiya oyununa çevriləcək. O ağzını yumub çeynəyəndə, ağzının küncləri qalxıb-düşəndə, görkəmi fasiləsiz dəyişən dinclik, heyrətli kövrəklik alır. Siz bunu sevirsiniz, bilirəm, bunu “ruhla ayıq iş” adlandırırsınız. Amma, bilmirəm niyə, bu, xoşuma gəlmir; neynim, belə doğulmuşam. Əgər aramızdakı fərq zövq fərqindən ibarət olsaydı, sizi bezdirməzdim. Lakin elə təsəvvür yaranır ki, elə bil, sizin zövqünüz var, mənimsə yoxdu. Mən Amerika xərcənglərini sevib-sevməməkdə sərbəstəm, amma əgər adamları sevmirəmsə, səfiləm, yaşamağa haqqım yoxdu. Onlar həyat sirrini yeganə yiyəsidilər. Ümidvaram ki, nə demək istədiyimi bilirsiniz. Artıq otuz üç ildi ki, daim üzərində: “Qoy qeyri-insani heç bir şey bura girməsin” yazılmış bağlı qapılara rast gəlirəm. Nəyi başlamağı sınaqdan keçirirdimsə, atmağa məcbur olurdum. Seçmək lazım gəlirdi: ya da cəhd mənasız, qabaqcadan uğursuzluğa məhkum olur, ya da gec-tez onların xeyrinə çevrilirdi. Onlarla bu və ya başqa cür bağlı olmayan fikirləri özümdə ayıra, formulə eləyə bilmirdim: o fikirlər ələkeçməz üzvi proseslər kimi, mənim içimdə qalırdılar. İstifadə eləməli olduğum vasitələrin, məsələn, sözlərin onlara məxsus olduğunu hiss eləyirəm; mən sözləri özüm üçün istəyirdim. Məndəkilərsə, saysız-hesabsız şüurda dedik-didik olub; həmin sözlər başqalarından əxz elədikləri vərdiş sayəsində özləri mənim beynimdə sıralanırlar, indi bu sətirləri yazanda da onlardan istifadə eləməkdən zəndeyi-zəhləm gedir. Amma bütün bunların hamısı axırıncı dəfədi. Sizə deyirəm: adamları sevin, yoxsa onlar sizə yalnız təkcə boş şeylərlə məşğul olmağa imkan versələr, bu tamamilə ədalətli olacaq. Mənə gələndəsə, boş şeylərlə məşğul olmaq istəmirəm. Vaxt gələcək, revolverimi götürüb küçəyə çıxacağam, onda baxarıq, onların acığına bir şey eləmək mümkündü, ya yox. Əlvida, müsyö, ola bilər, məhz sizinlə rastlaşacağam. Bununla belə, kəllənizi necə ləzzətlə dağıdacağımdan heç vaxt xəbər də tuta bilməyəcəksiniz. Bəlkə də — bu da daha ağlabatandı, — sadəcə, sabahkı qəzetləri oxuyacaqsınız. Görəcəksiniz ki, Pol Gilber adlı bir nəfər dəlilik tutması içində Edqar Kine bulvarında beş ötüb-keçəni öldürüb. Siz qondarma böyük mətbuatın bütün bu nəticələrinin dəyərinin nə olduğunu hamıdan yaxşı bilirsiniz. Siz, əlbəttə, başa düşəcəksiniz ki, mən heç də “qudurmuş” deyiləm. Əksinə, mən çox sakitəm, müsyö, xahişim budur ki, sizə xüsusi rəğbətimin təsdiqini məndən qəbul eləyəsiniz”.
Pol Gilber”.
Yüz iki məktubu yüz iki yüz zərfə qoydum, zərflərin üstündə yüz iki fransız yazıçısının ünvanını yazdım. Sonra onları masanın yeşiyindəki altı ədəd marka albomunun yanına qoydum.
Sonrakı iki həftə ərzində çox nadir hallarda bayıra çıxırdım: ruhən cinayətimə nüfuz eləməliydim. Güzgüdə hərdənbir hara baxsam, sifətimdə baş verən dəyişiklikləri ləzzətlə görürdüm. Gözlərim böyüyür, az qala, bütün qalan şeyləri udurdular. Pensnenin altında qara, mülayim olmuşdular, onları iki ağ qlobus kimi fırladırdım. Sənətkar və cinayətkarın gözəl gözləri! Amma mən cinayəti eləyəndən sonra daha artıq dəyişməyə bel bağlayırdım. Öz sahiblərini öldürən, qarət eləyən gözəl ciddi qızların, qulluqçuların fotolarını görürdüm. Onların fotolarına cinayətdən əvvəl və sonra baxırdım. Cinayətə qədər sakit olan sifətləri, bakirə rəngləri dik yaxalıqlarının vüqarlı, gözəl kəsiyindən çıxırdı. Qızların eyni cür ciddi hörükləri vardı. Amma hörüklü saçlarından, yaxalıqlarından çox, fotoqrafa poza verən bu ifadə bacıların sifətlərinə oxşayırdı; bu oxşarlıq da eləydi ki, şüurumdan dərhal qan qohumluğu, soy-köklər kimi anlayış boy verirdi. Sonra… sonra sifətləri gözqamaşdırıcı tərzdə alışıb-yanırdı. Onlarda, gələcəkdə başı kəsiləcək adamların boynu vardı. Hər yerdə, hər yerdə qırışlar – qorxu və nifrətin dəhşətli izləri, qatlar, dəridə çökəklər görünür, elə bil, naməlum heyvan caynaqlarıyla onların sifətlərini şırımlayıb. Bir də iri, mənimki kimi qara, dərin gözlər var. İndi onlar artıq bir-birinə oxşayırlar. Hər birində ümumi cinayətlərinin əlamətləri özünəxas tərzdə əks olunur. “Əgər, — öz-özümə deyirdim, — bu bədbəxtlərin görkəmini dəyişmək üçün böyük bir hissəsi təsadüfi olanların təşkil elədiyi hərəkətlər kifayətdirsə, əvvəldən-axıracan mənim fikirləşdiyim və həyata keçirdiyim cinayətdən nə gözləmək olar? O bütövlükdə mənə hakim olur, bu həddən artıq insani eybəcərliyi… cinayəti də məhv eləyir, onu törədənin həyatını iki yerə bölür. Ola bilsin, geri dönmək istədiyin an gəlib çatır, amma o orda, sizin arxanızda keçidi bağlayır. Mən yalnız öz cinayətimdən ləzzət aldığım məqamı gözləyir, həmin məqamın qarşısıalınmaz faciəvi ağırlığını hiss eləmək istəyirəm. Həmin məqamda onun mənim olması üçün hər şeyə gedərəm; cinayəti qarışıqlıqdan istifadə eləyib Odessa küçəsində törədəcəyəm, öldürdüklərimi yığmalarına imkan verib gizlənəcəyəm. Qacacaq, Edqar Kine bulvarını keçəcək, Delambr küçəsinə burulacağam. Qaçıb evə çatmaq üçün mənə otuz saniyə bəs eləyəcək. Məni izləyənlər (həmin vaxtacan) hələ bulvarda olacaq, izimi itirəcəklər, təzədən izimə düşmək üçün yəqin onlara bir saatdan artıq vaxt lazım gələcək. Onları gözləyəcək, qapının döyüldüyünü eşidəndə ağzıma atəş açacağam.
Mən daha israfla yaşamağa başladım: Vavin küçəsindəki bir meyxanaçıyla razılaşdım, o da gündə iki dəfə — səhər və axşam — evimə çox ləzzətli yemək göndərirdi. Buyruqçu zəngi çaldı, açmadan bir neçə dəqiqə gözlədim, sonra qapını azacıq aralayıb döşəməyə qoyulmuş, içində dolu, gözəl qoxuyan boşqablar olan uzun səbəti gördüm.
Oktyabrın iyirmi yeddisində axşam saat altıya yaxın on yeddi frank yarımım qalmışdı. Revolveri, məktub dəstini götürüb çıxdım. Aksiyanı həyata keçirəndən sonra içəri daha tez girmək üçün qapını açıq qoydum. Özümü çox pis hiss eləyirdim, əllərim soyuğuydu, başım, elə bil, qan yığılmasından partlayırdı, naməlum anlaşılmaz zoqqultu bürümüş gözlərimsə, xoşagəlməz tərzdə yaşarırdı. Mağazalara baxmağa başladım. “Ekol” mehmanxanası, karandaşlarımı aldığım dəftərxana ləvazimatları dükanı – onları tanıya bilmirdim. Özümdən soruşurdum. “Bu hansı küçədi?” Monparnas bulvarı adamla doluydu. Onlar mənə toxunur, itələyir, dirsəkləri, çiyinlərilə ilişirdilər. Adamlara tabe olurdum, müqavimət göstərməyə gücüm yox idi. Qəfildən bu kütlənin lap basırığında özümü dəhşətli dərəcədə tənha, gərəksiz hiss elədim. Əgər yalnız istəsəydilər, məni çox asanlıqla incidərdilər. Cibimdəki revolverdən qorxurdum. Mənə elə gəlirdi, indi onun cibimdə olduğunu bilirlər. Üzümə ciddi nəzərlərlə baxıb saxta təəccüblə “Yaxşı...yaxşı...” — deyəcək, məni öz insan caynaqlarıyla qamarlayacaqlar. “Onu linç eləmək lazımdı!” Məni yuxarı, başları üzərinə atacaqlar, adi kukla kimi, geri, onların əlləri üstünə düşəcəyəm. Qərara aldım ki, öz niyyətimi gerçəkləşdirməyi sabaha keçirmək daha ağıllı olacaq. “La Kupol”a gedib on altı frank səksən santimə nahar elədim. Yetmiş santimim qaldı; onları su arxına tulladım.
Üç gün evdə yeməksiz, yuxusuz oturdum. Pəncərə taxtalarını bağlayıb, nə pəncərəyə yaxınlaşmağa, nə işığı yandırmağa cəsarət elədim. Bazar ertəsi qapımın zəngini kimsə çaldı. Nəfəsimi qısıb gözlədim. Bir dəqiqədən sonra yenə zəngi çaldılar. Barmaqlarının ucunda qapıya yaxınlaşıb açar deşiyindən baxdım. Yalnız qara parça tikəsi və düymə gördüm. Naməlum adam bir də zəngi basıb pilləkənlə aşağı endi; bilmirəm, kim idi. Gecə qarabasmam — palmalar, şırıldayan sular, göyün mavi qübbəsi — başladı. Yanğı hiss eləmirdim, çünki hərdənbir əlüzyuyanın kranından su içirdim. Amma ac idim. Gözlərimə qarasaçlı fahişə də görünürdü. Hadisə Kost-Nuarda, ən yaxın yaşayış məntəqəsinin iyirmi lyölüyündə tikdiyim sarayda baş verirdi. O çılpağıydı, özümüz də tək idik. Revolveri tuşlayıb onu əlləri-ayaqları üstündə durmağa, beləcə, dörd addım getməyə məcbur elədim, sonra qadını dirəyə bağladım, başına nə gətirmək niyyətində olduğumu uzun-uzadı izah elədim, bədənini başdan-ayağa gülləylə deşik-deşik elədim.
Bu səhnə məni elə coşdurdu ki, boşalmağa məcbur oldum. Sonra gecəni tamamilə başı boş, hərəkətsiz halda yıxılıb qaldım. Mebel cırıldamağa başladı. Saat beşi vurdu. Mən hər şeyə hazırıydım.
Səhər açıldı. Daha aclıq hiss eləmirdim, amma həddən artıq tərləməyə başlamışdım, köynəyim tamam islanmışdı. Bayırda günəş işıq saçırdı. Fikirləşməyə başladım: “O qapalı otaqda gecənin içinə qısıldı. Üç gün nə yedi, nə yatdı. Qapının zəngini çaldılar, açmadı. İndi küçəyə çıxıb öldürməyə başlayacaq”. Qəlbimi qorxu bürüdü. Axşam saat altıda məni yenə aclıq yaxaladı. Hiddətimdən ağlımı itirdim. Mebellərdən birinə toxundum, otağın, mətbəxin, ayaqyolunun işığını yandırdım. Var səsimlə nəsə oxumağa çalışdım, sonra əllərimi yuyub çıxdım. Məktubları poçt qutusuna salmaq üçün mənə düz iki dəqiqə lazım oldu. Onları on ədədlik dəstələrlə atırdım. Bir neçə zərfi əzdim. Sonra Monparnas bulvarından keçib Odessa küçəsinə çatdım. Qalantereya güzgüsünün qabağında ləngiyib, sifətimi nəzərdən keçirə-keçirə fikirləşdim: “Beləliklə, bu gün axşam”.
Odessa küçəsinin axırındakı qaz fənərinin yanında dayanıb gözləməyə başladım. Üşüyürdüm, amma əməlli-başlı tərləmişdim. Bir müddətdən sonra yaxınlaşan üç kişi gördüm; mənə altı nəfər lazımıydı. Solda gələn mənə baxıb dilini nırçıldatdı. Nəzərlərimi yayındırdım.
Səkkizə on beş dəqiqə işləmiş iki qrup bir-birinin ardınca Edqar Kine bulvarından çıxdı. İrəlidə bir cüt uşaqla kişi və qadın gəlirdi. Onların arxasınca üç qarı yeriyirdi. İrəli addım atdım. Qadının görkəmi acıqlıydı, balaca oğlanın əlindən tutub silkələyirdi. Kişi uzada-uzada deyirdi:
— Bu yaramaz məni boğaza yığdı.
Daha da irəli gedib düz onların yolunun üstündə hərəkətsiz dayandım. Barmaqlarım cibimdə gücsüz halda dəstəyi sıxırdı.
— Bağışlayın, — mənimlə toqquşan kişi dilləndi.
Yadıma düşdü ki, mənzilimin giriş qapısını örtmüşəm, bu da məni çaşdırdı: qiymətli vaxtımı itirəcəyəm. Adamlar uzaqlaşmağa başladılar. Geri dönüb qeyri-ixtiyari arxalarınca getdim. Amma artıq adamlara atəş açmaq istəmirdim. Onlar bulvar camaatına qarışırdılar. Divara söykəndim. Satın səkkizi, sonra da doqquzu necə vurduğunu eşitdim. Təkrar elədim. “Onsuz da artıq ölü olan bütün bu adamları niyə öldürüm?” Sonra gülmək istədim. Bir it yaxınlaşıb ayaqlarını iylədi. Yanımdan gombul adam keçəndə diksindim. Onun dalınca düşdüm. Boynundakı, kotelokuyla paltosunun yaxalığı arasındakı qatları görürdüm. O yayxana-yayxana, ucadan nəfəs ala-ala gedirdi: gonbulun heyvərə görkəmi vardı. Revolveri çıxardım: silah soyuğuydu, qəribə tərzdə parıldayırdı, mən ona nifrət hiis eləyirdim; silahla neyləməyə hazırlaşdığımı heç cür xatırlaya bilmirdim. Gözlərim gah revolverə, gah gombulun boynunun ardına baxırdı. Onun boynundakı qatlar, elə bil, dodaqlar kimi acı təbəssümlə gülümsəyirdi. Fikrən özümdən revolveri zibilliyə atıb-atmamağı soruşurdum.
Qəfildən gonbul dönüb mənə hiddətlə baxdı. Bir addım geri çəkildim.
— Mən ancaq… soruşmaq...
O deyəsən, eşitmirdi, əllərimə baxırdı. Çətinliklə sözümü bitirdim:
— Deməzsiniz, burada Jötö küçəsi haradadı?
Onun sifəti uzandı, dodaqları titrədi. Heç nə demədi, yalnız əllərini irəli uzatdı. Dalı-dalı çəkilib dedim:
— İstəyirdim...
Hiss elədim ki, indicə qışqıracağam. Bunu istəmirdim, onun qarnına üç güllə boşaltdım. Gonbul başını sol çiyninə sallayıb axmaq görkəmlə dizləri üstə düşdü.
— Əclaf, — ona dedim, — lənətəgəlmiş əclaf!
Qaçdım. Onun öskürəyini eşitdim. Həm də arxamda qışqırtı, ayaq tappıltısı eşidilirdi. Kimsə soruşdu: “Nə olub, o əzilib?” sonra da qəfildən qışqırtı gəldi: “Qatil! Qatil!” Onun mənə heç bir dəxli yox idi. Amma uşaqlığımın yanğın siqnalı kimi qorxunc saiırdım. Qorxunc, həm də bir qədər gülməli. Var-gücümlə qaçırdım.
Mən bağışlanmaz səhv buraxdım: Odessa küçəsilə Edqar Kine bulvarına qalxmaq əvəzinə Monparnas bulvarıyla üzüaşağı qaçdım. Bunun artıq həddən çox gec olduğunu dərk eləyəndə küçədəki camaatın lap ortasındaydım, mənə təəccüblü sifətlər baxırdı (birini, ləkəli yaşıl şlyapa qoymuş, çoxlu ənlik-`kirişan sürtmüş qadının sifətini yadda saxladım), Odessa küçəsinin dəlilərinin də arxamca necə “Qatil!” qışqırdıqlarını eşitdim. Əl çiynimə endi. Camaat bağırışıb aralandı. Qaçıb bir kafeyə girdim. Yanlarından qaça-qaça keçəndə müştərilər yerlərindən sıçrayır, amma məni saxlamağa cəhd göstərmirdilər. Zaldan keçib ayaqyoluna təpildim, qapını da içəridən bağladım. Revolverdə bir patron qalırdı.
Bir neçə an keçdi. Nəfəs ala bilmirdim, boğulurdum. Ətrafda qeyri-adi sükut vardı, elə bil, adamlar sözləşib nəfəslərini qısmışdılar. Revolveri gözlərimin bərabərinə qaldırıb onun balaca, qara, girdə deşiyinə baxdım – burdan güllə çıxacaq, barıt sifətimi yandıracaq. Nəhayət, onlar ehtiyatla yaxınlaşdılar, ayaqların döşəmədə şappıldamasından hiss olunurdu ki, gələnlər bütöv bir dəstdi. Bir qədər pıçıldaşdılar, sonra susdular. Hələ də ləhləyirdim, mənə elə gəlirdi, orda, arakəsmənin arxasında nəfəsimi eşidirlər. Kimsə yaxınlaşıb lap yavaşdan qapının dəstəyini dartdı. Yəqin ki, güllələrimdən yayınmaq üçün divara sıxıldı. Atəş açmaq istədim, amma yox, axırıncı güllə özümünüydü. “Onlar nəyi gözləyirlər? – özündən soruşurdum. – Əgər birgə qapını itələsələr, dərhal sındırarlar, özümü öldürməyə vaxtım qalmaz, məni diri-diri tutarlar”. Amma tələsmir, mənə ölməyə vaxt verirdilər. Əclafdılar, qorxurdular.
— Açın, — səs eşidildi, — sizə toxunmayacaqlar.
Sükut çökdü, elə həmin səs də davam elədi:
— Gözəl bilirsiniz ki, qaça bilməyəcəksiniz.
Cavab vermirdim, elə hey nəfəsim təngiyirdi. Atəş açmağa inandırmaq üçün özümə deyirdim. “Əgər məni tutsalar, əzişdirəcəklər, dişlərimi sındıracaqlar, hətta, gözlərimi çıxara bilərlər”. Gonbulun ölüb-ölmədiyini bilmək istəyirdim. Ola bilsin, onu ancaq yaralamışam, qalan güllələrsə, heç kəsə dəyməyib… Onlar nəsə hazırlayırdılar, döşəməylə ağır-ağır bir şey sürüyürdülər. Cəld revolverin lüləsini ağzıma soxub var-gücümlə dişlədim; amma atəş aça bilmədim, hətta, barmağımı tətiyə qoya bilmədim.
Revolveri döşəməyə atıb qapını açdım.
Tərcümə: Nəriman Əbdülrəhmanlı

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Pol Tomas Anderson və Lars Von Trier
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)