Edebiyyat.az » Proza » Elgün Ağayev - Azad ölüm (hekayə)

Elgün Ağayev - Azad ölüm (hekayə)

Elgün Ağayev - Azad ölüm (hekayə)
Proza
nemət
Müəllif:
20:28, 03 noyabr 2019
1 295
0
Elgün Ağayev - Azad ölüm (hekayə)


  Bir payız səhəri. Elə bir səhər təsəvvür elə ki, oyanmaq üçün bundan gözəl gün təsəvvür edə bilməzsən. Hava səhərə yaxın bir qədər soyuyur, amma yenə də səhərləri isti keçir. Ətraf hər yer sizin xəzəl dediyiniz sarı yarpaqlarla doludur. Elə bir səhər, elə bir gün ki, bu gün əsl yaşamaq üçün seçilib. Ölmək üçün də bundan mükəmməl gün tapa bilməzsən. Sahil, səhərin açılması və günəşin doğuşu. Üfüqün üstündən doğan günəş mənzərəsi və bir qədər də qağayı səsləri. Vu bu da yaşamaq üçün daha bir an. Sahil - bura ölmək üçün də pis məkan deyil. Kim bilir nə qədər insan bu sulara qərq olub. Sahildən bir qədər uzaqda binaların arasında dalana oxşar yerdə orta yaşlı bir kişi yaşayır. O bir neçə ildir ki, bu dalanda, bu küçədə yaşayırdı. "Ev" indən bir qədər irəlidə həmin o bayaq dediyimiz səhər mənzərəsini görə bilərik. Onun buradan qabaq harada yaşadığını bilmirik. Bəlkə də heç kim bilmir. Burada olduğu bir neçə il ərzində hər gün eyni həyatı yaşamaq necə hissdir? Heçmi tanış gəlmədi? Onsuz da hər gün eyni şeyləri yaşamırıqmı? Bəlkə də o həyatdakı monotonluqdan bezib bura köçmüşdü. Köhnə bir monotonluqdan yeni bir monotonluğa. Həyat bəlkə də monotonluqdan monotonluğa qaçışdır. Amma hara kimi? Çox qəribədir, həyata öyrəşirsən, bezirsən, sonra yeni həyata öyrəşirsən və yenə də bezirsən. Amma yenə də hara kimi? Ölənə kimimi? Ölüm özü də monotonluq deyilmi? Hər kəs ölür. Deməli hər kəs eynidir, hər kəs monotondur. Qaçış yoxdur. Eyni fikirlər  ya da buna bənzər fikirlər içində qəhrəmanımız eyni günlərin birində oyanır. Bu gün dünənki gündən heçnə ilə fərqlənmir. İki gün öncəki gündən də. Başlanğıcı yox sonu fərqli olacaqdı. Bir şey də var ki, dostum, qəhrəmanımız sənə nisbətdə azaddır. Ən azından o bu 'ev'ində yaşadığı bir neçə il ərzində istədiyi hər şeyi edə bilmişdi. Bu gün də hər şey onun istədiyi kimi olacaqdı. Yuxudan oyanan kimi elədiyi ilk şey siqaret yandırmaq oldu. Sonra bir ətrafa baxdı. Bəli, bu elə həmin gün idi. Yaşayıb, yaşayıb və sonda ölmək üçün seçilmiş gün. O ayağa qalxdı, siqareti bir qırağa tulladı və həyat kimi qarmaqarışıq havanı öz içinə çəkdi. Uzun illərdi bu anı gözləyirmiş kimi üzü sahilə doğru irəliləyərək həyatının son monoloqunu deməyə hazırlaşırdı. Birdən o bərkdən qışqırdı. Bəlkə də bu insanları özünə cəlb etmək üçün idi, bəlkə də bu növbəti deyəcəklərinə güc vermək üçün bir addım idi. Amma bəzən insan hər şeydən kənarlaşıb istəmsizcə qışqırmaq istəyir. Bəlkə də bu elə həmin qışqırıq idi. Bircə onu deyə bilərik ki, o bu qışqırıq ilə ətrafdakıları susdura və özünə cəlb edə bilmişdi. 'Azad ölüm' deyərək qəhqəhə çəkib güldü və həyatının son monoloquna başladı: -Səfillər. Axmaqlar. Heç biriniz azadlığın nə olduğunu bilmirsiz. Mən qışqırıram. Mən çığırıram. Mən azadam. Ətrafdakılara bir-bir yaxınlaşıb səslənir: -Sən qışqıra bilərsən? Bəs sən? Bəs sən necə? Səfillər. Hamınız mənə dəli kimi baxırsınız. Hamı elə bilir ki, mən dəliyəm.  (yenə qəhqəhə çəkib gülürdü) Bəlkə də mən dəliyəm amma mən azadam. Siz isə yazıqlar, kölələr. Həmişə elə bilmisiz ki,  azadsız. Amma heç azadlığın nə olduğunu bilmirsiniz. Kim öz istəyi ilə ölə bilər? Ancaq dəlilər. Ancaq azad biriləri. Tanrı! Sən niyə bizi yaratdın? Ölmək üçünmü? Yaşayıb, yaşayıb əzab çəkib və sonda heçnə olmamış kimi yox olub getmək üçünmü? Sən qorxaqsan, tanrı, qorxaq. Bizi yaradırsan sonra öldürürsən. Ya da qorxaq bizik. Ölümdən də qorxuruq, yaşamaqdan da. O bir qədər susdu. Ətrafda hamı ona qulaq asırdı. Onunsa elə bil heçnə vecinə deyildi. Ətrafda milyon adam ya da heç kim olmasaydı belə o həmin tonda, həmin tərzdə danışacaqdı. -Mənasızdır, hər şey mənasızdır. Yaşamaq da, ölmək də. Ölüm yaşamı mənasızlaşdırır. Amma həyatın sonu ölümdən məntiqli şeylə bitə bilməzdi. Sizə yenə də elə gəlir ki, mən dəliyəm. (yenə qəhqəhə çəkib gülür) İnanın bu mənim heç vecimə deyil, ey insanlar. Siz ancaq qaçmağa yaxşısınız. Ölməkdən də qaçırsınız, yaşamaqdan da. Hara kimi qaçarsınız? Hara kimi? Birdən o dayandı, ona elə gəldi ki, bütün bunları o sadəcə xəyalında fikirləşir, heçnə deməyib. Bəlkə də deyibmiş amma sanki indi dili tutulmuşdu. Daha heçnə deyə bilmədi. Bəlkə də nəsə demək istəyirdi amma cəhd eləmədi. Bu deyəcəkləri onun son sözləri olmalı idi. O evindən xeyli uzaqlaşmışdı, artıq sahilə yaxınlaşırdı. Həyatının son sözlərini, deyə bilmədiklərini o yazmaq qərarına gəldi. Cibindən kağız, qələm çıxardıb ora son cümlələrini qeyd elədi. Ətrafdakıların diqqəti hələ də onda idi. Sahilnən dənizin arasında bir uçurum var idi, çox hündür bir uçurum. Oradan özünü suya atsaydın sağ qalmağın müşkül idi. O əlindəki kağız parçasını qatlayıb yerə qoydu, uçmasın deyə üstünə xırda daş parçası da əlavə etdi. Ətrafa 'heç kimdən kömək istəmirəm' baxışı ilə baxdı. Və sonra oradan özünü dənizə atdı. Çox qəribədir, heç kəs ona kömək belə etmədi. Bir qədər sonra o, sulara qərq olub gözdən itdi. O artıq istədiyi 'azad ölüm'ə qovuşmuşdu. Ondan geriyə daşın altında son qeydlərini elədiyi qatlanmış kağız parçası qalmışdı ki, onu da külək vurub suya atdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)