Xulio Kortasar - Ev (hekayə)
Proza
Xulio Kortasar - Ev (hekayə)
Evimiz xoşumuza gəlirdi: çünki geniş və qədim olmaqdan savayı (indi qədim evləri pul xatirinə söküb torpağını sərfəli qiymətə satırlar), burada ulu baba-nənələrimizin, ata tərəfdən babamızın, valideynlərimizin və bütün uşaqlığımızın xatirəsi yaşayırdı.
İrene ilə bu evdə tək qalmağa öyrəşmişdik. Əlbəttə, səfehlik idi, burada rahatca səkkiz nəfər yaşaya bilərdi. Səhərlər saat yeddidə yerimizdən durur və təmizlik işlərinə başlayırdıq. Saat on birə yaxın son iki-üç otağı İreneyə təhvil verib mətbəxə keçirdim. Saat on iki tamamda yemək yeyirdik, sonra da çirkli qabları yumağı saymasaq, görməyə elə bir işimiz qalmırdı. Stol ətrafında oturub bu geniş və sakit ev, bir də ikimizin köməksiz-filansız bu evin təmizliyinin öhdəsindən gəlməyimiz haqqında söhbət etməyi xoşlayırdıq. Bəzən hətta o fikrə gəlirdik ki, bizi ailə qurmağa qoymayan da elə bu ev olub. İrene iki evlilik təklifini əsaslı səbəb olmadan rədd etmişdi. Məndə də vəziyyət ürəkaçan deyildi. Sevgilim Maria Ester nişanımıza az qalmış dünyasını dəyişmişdi. Qırx yaşa yaxınlaşırdıq və öz-özlüyümüzdə düşünürdük ki, biz bacı-qardaşın sadə və səssiz birliyi bu evdə məskunlaşmış nəslin məntiqi sonluğu olmalıdır. Fikirləşirdik ki, bir gün burada öləcəyik, yaramaz və etinasız qohumlarımız da evi əllərinə keçirəcək, pul qazanmaq üçün onu uçuracaqlar, ya da elə özümüz bu evin axırına çıxacağıq.
İrene təbiətcə sakit insan idi. Səhər yır-yığışından sonra otağına çəkilər, divanın üstündə oturub nəsə toxuyardı. Özüm də bilmirəm, niyə bu qədər toxuyurdu. Nəsə mənə elə gəlir, qadınlar başqa iş görməmək üçün toxumaqdan bəhanə kimi istifadə edirlər. Amma yox, İrene belə deyildi, o, həmişə lazımi şeylər toxuyardı – qış sviterləri, mənim üçün corab, özü üçün gödəkcə və jilet. Bəzən bir jileti toxuyub qurtarar, sonra orada nəsə xoşuna gəlmədiyinə görə, bir dəqiqənin içində sökərdi. Bir neçə saatlığa müəyyən forma almış bir yumaq ipin yenidən səbətdə qalaqlanmasına baxmaq mənə məzəli gəlirdi. Şənbə günləri mərkəzə yun ip almağa özüm gedərdim – İrene zövqümə etibar edirdi, seçdiyim rəngləri bəyənirdi. İndiyə kimi aldığım yumaqlardan birini də qaytarmalı olmamışdım. Mən də bundan istifadə edib kitab dükanlarına baş çəkər, fransız ədəbiyyatına aid təzə nəsə olub-olmadığını soruşardım. Hər dəfə də məlum olurdu ki, 1939-cu ildən bəri Argentinaya sanballı bir kitab gəlməyib.
Amma mən ev haqqında danışmaq istəyirəm. Ev, bir də, əlbəttə, İrene haqqında, çünki özümlə bağlı maraqlı nəsə yoxdur. Bilmirəm, toxumaq işi olmasaydı, İrene nə edərdi. Adam bir kitabı təkrar oxuya bilər, amma deyək ki, toxunub qurtarmış nəyisə söküb təzədən toxumaq artıq zəhlətökən işdir. Bir gün dolabın aşağı gözündə ağ, yaşıl və yasəmən rəngli, naftalinlənmiş və parça dükanlarındakı kimi, qalaq şəklində yığılmış bir topa yaylıq görsəm də, onlarla neyləyəcəyini soruşmadım. Pula ehtiyacımız yox idi, hər ay kənddəki sahələrdən pul gəlirdi, imkanımız da artırdı. Amma İrene təkcə toxumaqla başını qata bilirdi, bu işi də olduqca məharətlə görürdü. Mən də saatlarla dayanıb onun əllərinin hərəkətinə, millərin sayrışmasına və yanındakı yeşiklərdəki yumaqların tərpənişinə tamaşa edirdim. Gözəl mənzərə idi.
Evdəki otaqların düzülüşü heç vaxt yadımdan çıxmaz. Yemək otağı, divarlarında xalçalar asılan zal, kitabxana və üç böyük yataq otağı evin o biri başında, daha uzaq hissəsində idi. Oranın pəncərələri “Rodrigez Penya” küçəsinə baxırdı. Uzun dəhliz, bir də palıd ağacından hazırlanmış nəhəng, möhkəm qapı həmin hissəni evin bəri tərəfində yerləşən hamam, mətbəx, bizim yataq otaqlarımız və əsas qonaq otağından ayırırdı. Evə kaşı ilə bəzədilmiş artırmadan daxil olub, daha sonra dəmir barmaqlıqlı qapını açaraq qonaq otağına keçə bilərdin. Buradan yataq otaqlarımıza ayrıca qapılar açılırdı, irəlidə isə evin o biri hissəsinə tərəf uzanan dəhlizdə açılan palıd qapı görünürdü. Ona çatmamış sola dönərək, dar dəhlizlə mətbəx və hamama getmək olardı. Bu qapı açıq qalanda evin böyüklüyü hiss olunurdu, bağlananda isə indiki dar evləri xatırladırdı. İrene ilə mən həmişə evin bəri tərəfində olurduq və demək olar ki, palıd qapıdan o tərəfə keçmirdik. Mebelləri toz basanda yalnız təmizlik işləri üçün o biri tərəfə adlayardıq. Buenos-Ayres, əslində, təmiz şəhərdir, amma buna görə yalnız öz sakinlərinə borcludur. Şəhərdə həddən artıq toz-torpaq olduğundan, azca külək əsən kimi, toz divarların mərmər çıxıntılarına və süfrələrin naxışları arasına dolur; tozu fırça ilə almaq mənasız işdir, uçaraq havada bir müddət asılı qalır, sonra yenə mebellərin və pianoların üzərinə qonur.
Bir hadisəni tam təfərrüatıyla xatırlayıram. Axşam saat səkkiz idi, İrene yenə öz otağında toxuyurdu. Qəfil, ürəyimdən mate1 içmək keçdi. Dəhlizlə azca açıq qalan palıd qapıya qədər getdim, elə mətbəxə dönürdüm ki, bilmədim, yemək otağından, ya kitabxanadan, nəsə bir səs eşitdim. Boğuq və anlaşılmaz bir səs idi – sanki stul xalçanın üstünə aşdı, yaxud kimsə pıçıltıyla nəsə dedi. Elə həmin an, ya da bir saniyə sonra, eyni səs evin o biri tərəfindən qapıya qədər uzanan dəhlizin axırında da eşidildi. Dərhal qapını qabağa itələdim və bədənimlə təkan verərək bağladım; yaxşı ki, açar biz tərəfdə idi, amma hər ehtimala qarşı yekə sürgünü də çəkdim.
Mətbəxə gedib çaydanı qızdırdım, əlimdəki məcməyidə olan mate ilə geri qayıdıb İreneyə dedim:
- Dəhlizin qapısını bağlamalı oldum. O biri tərəfi tutdular artıq.
Bacım hörgünü əlindən yerə qoydu və ciddi, yorğun gözləriylə mənə baxdı.
- Əminsən?
Başımı tərpətməklə təsdiqlədim.
Bacım:
- Onda bu tərəfdə yaşamalı olacağıq, – dedi.
Mən həvəslə matemi içməyə başladım, amma bacım fikirli olduğundan işinə davam etməkdə bir az ləngidi. Yadıma gəlir, mənə boz jilet toxuyurdu. Hazır olandan sonra çox bəyənmişdim.
İlk günlər əziyyət çəkirdik, çünki evin tutulmuş hissəsində hər ikimizin sevimli əşyaları qalmışdı. Məsələn, mənim fransızca kitablarımın hamısı oradakı kitabxanada idi. İrene də çoxillik Hesperidina2 şüşəsini xatırlayırdı. Tez-tez dolabın gözlərində (lakin, sadəcə, ilk günlərdə) axtardığımız növbəti əşyanın evin o biri tərəfində qaldığını başa düşüb siyirməni bağlayır və bir-birimizə baxırdıq:
- Burda deyilmiş.
Amma bu vəziyyətin özünə görə üstünlükləri də var idi. Təmizlik işləri o qədər asanlaşmışdı ki, hətta çox gec, deyək ki, onun yarısı oyananda da saat on bir olmamış əl-qolumuzu qatlayıb otururduq. İrene artıq mətbəxə keçməyib mənimlə birlikdə qəlyanaltı hazırlamağa alışırdı. Götür-qoy elədik və qərarlaşdırdıq ki, mən qəlyanaltıyla məşğul olanda İrene də axşama soyuq yeməklər hazırlasın. Axşamlar otaqdan çıxıb mətbəxə getməyə və yemək bişirməyə həvəsimiz olmurdu. İrenenin otağında masaya düzdüyümüz yüngülvari təamlarla kifayətlənirdik.
İrene məmnun idi, çünki toxumağa vaxtı daha çox qalırdı. Mənsə kitabsız qalmışdım. Amma bunu bacıma hiss etdirib kefini pozmamaq üçün atamın marka kolleksiyasını qaydaya salırdım, bu da mənə vaxt öldürməyə kömək edirdi. Beləcə, hərəmiz bir şeylə başımızı qatırdıq. Daha rahat olduğuna görə, demək olar, həmişə İrenenin otağına çəkilirdik. Hərdən İrene deyirdi:
- Gör necə ilmə alındı, lap yonca yarpağına oxşadı.
Mən də ona Eupen-Malmedidən alınmış markaları göstərir, o da maraqla baxırdı. Yaxşı vaxt keçirir və yavaş-yavaş fikirlərdən uzaqlaşırdıq. Düşünürdük ki, demə, fikir çəkmədən də yaşamaq olarmış.
İrene yuxuda danışanda dərhal yuxum qaçırdı. Tutuquşunu xatırladan, normal boğazdan deyil, yuxulardan, dərindən gələn bu səsə heç cür öyrəşə bilmirdim. İrene deyirdi ki, elə sən də yuxuda hərdən bərkdən qurcalanırsan, hətta üstündəki yorğan da düşür. Yataq otaqlarımızın arasında qonaq otağı olsa da, gecələr evdə hər səs eşidilirdi. Biz bir-birimizin nəfəs almağını, öskürməyini, dolabçanın siyirməsini açmağını eşidir, bu səbəbdən də gecələr çox vaxt yuxusuz qalırdıq.
Bunları çıxmaq şərtilə evdə, demək olar, sakitlik idi. Gündüz evdən məişət əşyalarının səsi, bacımın işlətdiyi millərin bir-birinə sürtünməsi eşidilirdi. Palıd qapı, dediyim kimi, iri və ağır idi. Evin tutulmuş tərəfinə yaxın olan mətbəx və hamamda daha yüksək səslə danışırdıq, bəzən də İrene nəsə oxuyurdu. Bir qayda olaraq, mətbəxdəki qalaq-qalaq saxsı və şüşə qabların cingiltisindən digər səslər yaxşı eşidilmirdi. Çox az hallarda orada dayanardıq, yataq otaqlarımıza və qonaq otağına qayıtdıqdan sonra ev səssiz və alaqaranlıq olurdu, hətta bir-birimizi narahat etməmək üçün astadan addımlayırdıq. Məncə, elə buna görə gecələr İrene yuxuda danışanda mənim həmin dəqiqə yuxum ərşə çəkilirdi.
Bir gecə susamışdım və yerimə uzanmazdan qabaq İreneyə dedim ki, mətbəxə su içməyə gedirəm. Bacımın yataq otağının qapısından çıxan kimi (o, orada nəsə toxuyurdu) səs eşitdim. Dəhliz yan tərəfə burulduğundan səsin mətbəxdən, yoxsa hamamdan gəldiyini sezə bilmədim. Bacım qəfil dayandığımı hiss edib sakitcə yanıma gəldi. İkimiz də səslərə qulaq asdıq və açıq-aydın başa düşdük ki, səslər artıq palıd qapının bəri tərəfindən – mətbəx və hamamdan, ya da elə dar dəhlizin özündən, düz yanımızdan gəlir.
Bir-birimizə baxmadan İrenenin qolundan tutdum və ikimiz də arxamıza boylanmadan, çöl tərəfdəki dəmir barmaqlıqlı qapıya tərəf qaçdıq. Boğuq səslər daha da aydın eşidilirdi. Özümüzü artırmaya atdıq və mən qapını arxamızca çırpdım. Artıq heç nə eşidilmirdi.
- Bu tərəfi də tutdular, –İrene dilləndi.
Hörgüsü əlində sallanırdı, iplər də qapıya qədər uzanıb altında gözdən itirdi. Bacım yumaqların qapının o tayında qaldığını başa düşüb əlindəki hörgüyə baxmadan onu yerə atdı.
- Özünlə nəsə götürə bildin? - əbəs yerə soruşdum.
- Yox...
Elə əynimizdəkilərlə bayıra çıxmışdıq. Yataq otağımda olan dolabdakı on beş min peso yadıma düşdü. Amma artıq gec idi.
Saatım qolumdaydı. On bir idi. Saatlı qolumla İreneni qucaqladım (deyəsən, ağlayırdı) və beləcə, küçəyə çıxdıq. Kədərlənmişdim. Uzaqlaşmazdan qabaq giriş qapısını möhkəm bağladım və açarı novun içinə tulladım. Fikirləşdim ki, birdən, hansısa bədbəxt bu gecə vaxtı tutulmuş evə oğurluğa girmək istəyər...
________________________________________________________________
1 Parana, Paraqvay və Uruqvay çayları hövzələrində yetişən mate bitkisindən hazırlanan və Argentina, Uruqvay, Boliviya və Paraqvayda içilən çayabənzər içki
2 Portağal qabığından hazırlanan spirtli, özünəməxsus yumşaq dadlı Argentina milli içkisi
İspan dilindən tərcümə edən: Emin ƏLƏSGƏROV
Mənbə: Aydınyol.aztc.gov.az
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
Şəfaqət Cavanşirzadə - "Təmiz qadın"