Rauf Qədim - Atamın ad günü
Proza
Rauf Qədim - Atamın ad günü
Atamla qardaşımın qəbrinin üstündə yaxşıca içib, şənlənib, əl-qol açıb oynamağımızın üstündən illər keçsə də hələ də o anı yaxşı xatırlayıram. İki dəfə yanğından canını güclə qurtarmış, qibləsi kol-kos olmuş, ancaq it ulartıları ilə özünü ovunduran qəbirləri sahiblənən köhnə kənd qəbiristanlığı. Çürük taxtalardan düzəldilmiş qapısının sağı ilə uzanan bir adamlıq dar cığırın sonundakı, iri palıd ağacının qoruduğu qəbir - buranın ən kefli sakini. Bir də onun iki qonağı - daha doğru desəm, - üç ən yaxın dost. Günbatımı seyrində getdikcə torpağa batan baş daşı. Ayaqları altındakı nəfəslik əvəzi qara torpaq üstündə 86-dan qalma çaxır. Onu da atamın dostu Nazim kişi atama hədiyyə kimi Gürcüstandan gətirmişdi. Bizdə elə çaxırı alacaq pul olmazdı.
Alaqaranlıq qəbiristanlığın vahimə yarasına duz səpirdi...
Evimiz qəbiristanlıqdan iki kilometr aralıda, kəndin dağ ətəyi məhəlləsində yerləşirdi. Küçəmizin daşlı-kəsəkli, daima palçıqlı yolunu atam gündə iki dəfə piyada getməli olurdu. Maşınımız yox idi, amma mən uşaq olanda atamın köhnə bir jiqulisi olubmuş, həmişə o köhnə jiquli ilə olan xatirələrindən sevinclə danışardı.
Atam kənd qəbiristanlığının qarovulçusu idi. Düz 27 il idi ki, hər gecə bu qorxunc yerin keşiyində dururdu. Bir neçə dəfə dostları ona başqa iş yerləri tapmışdılar, amma nə faydası? O öz işini çox sevirdi. Kənddə ona "Gecəçırağı" deyirdilər. Demək olar bütün gecə boyu fanarla qəbiristanlıqda qəbirlərin ətrafında dolaşardı. Düzü, onun işinin nədən ibarət olduğunu tam anlaya bilmirdim, axı qəbirstanlıqda qarovulçuya nə ehtiyac vardı ki, ölülərə, daş qəbirlərə kim nə edəcəkdi ki? Amma bunu ona deməyə qorxurdum. Atamın fağırlıq sezilən görünüşü vardı, qara məxmər xəzi sapsarı saralmış köhnə yırtıq paltosu, mənim əsgərlikdən gətirdiyim ayağına biraz böyük olan əsgər çəkmələri ona qəribə bir görünüş verirdi.
Mən isə işləmirdim, iş olardı da kaş işləyəydim. Elə utanırdım ki, atamın qabarlı əllərinə, hər səhər palçığın təmizlədiyi iri çəkmələrinə baxanda özümə nifrət edirdim. Belə atanın, belə bir fərsiz oğlu var idi. Bütün günü kəndin yollarını o baş - bu başa dolanırdım, bəzən məhəllə uşaqları ilə kəndin qarşısında sipər durmuş dağın ətəyində axan çirkli çayın sularında balıq axtarırdıq. Tapanda kiçik vedrələrə su doldurub, kəndin axırı şəhərə gedən yola birləşən asfalt yolunun
kənarında balıqları satırdıq. O pul ilə də siqaret bir də evə bir çörək ala bilirdim. Əlimdən gələn yalnız bu idi. Qalan hər şey; evin bütün yükü; bütün çətinlikləri atamın o cırıq paltosunun və palçıqlı çəkmələrinin üstündə idi. Əsgərliyə getməmişdən əvvəl kəndimizin yuxarı başında Ənvər kişinin kərpic sexində fəhlə kimi işləyirdim. Xidmətdən qayıtdıqdan sonra gördüm ki, sexi bağlayıb, özü də kənddən şəhərə köçüb. Səbəbini öyrəndim, dedilər ki, bələdiyyə çox təzyiq göstərib ona. Allah yıxsın o bələdiyyəni onların başlarına. Bircə ümidim o sexə idi, onu da məhv etmişdilər.
Qardaşım evimizin böyük oğlu idi, məndən dörd yaş böyük idi. Mən uşaq olarkən odunsuzluqdan ocaq hənirini yadırğayan evimizin soyuq divarları arasında sətəlcəmdən ölmüşdü. O, ölən gündən mən böyüməmişəm. Hələ də qardaşımdan 4 yaş kiçiyəm.
Neçə illərin ötməsinə baxmayaraq. Ölən oğlu yazıq anamın bütün analıq hisslərini özüylə aparmışdı. Qadının ruhu analıq hissləridir, o da öləndən sonra geriyə ölü cisim qalır. Anam da eləydi. Ölü bir bədən gəzdirirdi sanki.
Bir gün atamın ad günü idi, ad günü dediyim sadəcə dünyaya gəldiyi gün. Özünün belə xəbəri yoxdur, deyə, düşünürdüm. Qardaşım ölən gündən bəri heç bir zaman ad günü də qeyd etməmişdi. Atamın Gürcüstanda yaşayan Nazim adında bir dostu var idi. Kəndin əzab-əziyyətlərindən canını birtəhər qurtarıb Gürcüstana yaşamağa getmişdi. Deyirdilər ki orda özünə kiçik biznes qurub, onunla dolanır. Kəntdə bizim evdən fərqlənməyən kiçik bir evi vardı. Bir həftəlik kəndə gəlmişdi ki, evi satsın bir dəfəlik burdan köçsün. Nazim kişi kənddən köçəndə atama onunla ilə birgə getməsini, bütün yol xərclərini, orda qalmaq üçün yeri özünün həll edəcəyini, sonra atamın iş tapdıqdan sonra az-az borcunu qaytara biləcəyini demişdi. Amma atam razılaşmamışdı. Bu zülmkar kənd, o vahiməli qəbiristanlıqdakı işi atam üçün hər yerdən, hər şeydən əziz idi.
Atam ad günü olan gün səhər işdən gəlib, çəkmələrini təmizləməyə başlayanda, ona yaxınlaşıb ad gününü təbrik etmişdim. "Sağol, oğlum", - deyib, susmuşdu. Dərhal cavab verməyindən ad gününü xatirində saxladığını, yadırğamadığını hiss etmişdim. Axşam saat səkkizdə atam işə başlayırdı. Nazim kişi atamın ad
gününü hardansa xatirində saxlamışdı. Yəqin, nə zamansa atamdan soruşub, ordan yadında qalmışdı. Atam evdən çıxıb işə getdikdən yarım saat sonra qapımız döyüldü. Gecənin alaqaranlığında düşüb qapını açdım, Nazim kişi idi, əvvəlcə onu tanımadım, sonra birdən xatırlaya bildim, salamlaşıb, biraz hal-əhval aldıqdan sonra əlindəki çaxırı mənə uzatdı. "Bunu "Gecəçırağı" üçün gətirmişəm, səhər burdan birdəfəlik gədirəm, atanı mənim adımdan təbrik edərsən, bu kiçik hədiyyəmi də verərsən ona", - deyib, getdi. Çox sağolun, deməyi belə unutmuşdum. Təəccüblü idi. İlk dəfə idi ki, mən atamın ad günündə kiminsə atam üçün nəsə aldığını görürdüm. Çaxırı gətirib evimizin mətbəxindəki divarın içində oyulmuş rəfə qoydum.
Səhəri gün məhəllə uşaqları ilə yenə balıq tutmağa getmişdik. Amma, bəxtimizdən nə balıq tutmuşduq, nə də bir qəpik pul qazana bilmişdik. Uğursuz gün idi. Əliboş evə qayıdanda atam qapının ağzında durub siqaret çəkirdi. Atamı görcək yadıma Nazim kişinin dünən atam üçün gətirdiyi çaxır düşdü. Yəqin ki, anamın da atama demək yadından çıxmışdı. Anam son illər çox huşsuz idi. Atama, dünən olanları; Nazim kişinin onun üçün hədiyyə çaxır gətirdiyini; çaxırı mətbəxdəki rəfə qoyduğumu dedim. Təəcüblənmiş birinin xırıltılı səs tonu ilə, "sağolsun", - dedi. Mən onu hec vaxt çox danışan görməmişdim. Demək olar ki heç danışmırdı. Kənardan görən yazıq kişini lal sanardı.
Gecənin düşməsinə az qalmışdı. Atamın işə getməyə hazırlaşdığı vaxt idi. Hava da soyuq su üzü kimi idi - sərt soyuqlaşmışdı bayır. Birdən atam məndən Nazimin gətirdiyi çaxırı hara qoyduğumu soruşdu. Səhər demişdim, deyəsən yadından çıxmışdı kişinin. Mətbəxdəki rəfdən çaxırı götürüb, atama verdim. Atam köhnə sovet soyuducusunun üstündə düzülmüş stəkanlardan ikisini götürüb paketə qoydu, yanlarına da çaxırı.
"Gəl, gedək", - dedi...
Qardaşımın qəbrinin üstündə qara torpaq rəngi almış çaxırı içirdik, həmişə məsum, kədərli görünən kişini heç belə sevincli görməmişdim. Sevincindən nə etdiyini bilmirdi. Hər şeydən, yadına nə düşürdüsə danışırdı. Danışdığı çox şeyi heç anlamırdım da. Qəbirstanlıqda budaqlardakı yarpaq simlərini tərpədən küləyin müşahidi ilə atam əl-qol açıb oynadı da. Elə mən də. Atam ilk dəfə idi ki, ad gününü qeyd edirdi. Özü də ən sevdiyi yerdə, hər iki oğlu ilə.
Səhəri gün kəndə "Gecəçırağı"nın dəli olması xəbəri yayıldı. Dünən gecə qəbiristanlıqda oğlu ilə oynayırdı, deyə, hamı danışırdı. Kənddən kimsə bizi qardaşımın qəbrinin üstündə oynayan görmüşdü.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr