Edebiyyat.az » Proza » Cəlil Cavanşir - Siz daha burada yaşamırsınız

Cəlil Cavanşir - Siz daha burada yaşamırsınız

Cəlil Cavanşir - Siz daha burada yaşamırsınız
Proza
nemət
Müəllif:
23:27, 29 noyabr 2019
1 234
0
Cəlil Cavanşir - Siz daha burada yaşamırsınız







"Şüşələr,
 boşalmış şüşələr...
Axx, bu mahnıların bəstəçiləri
adamın əlinə düşələr..."
Dostum Qismətin bu şeirini hər payız xatırlayıram. Daha doğrusu bu şeir yaddaşımda qalan tək-tük şeirlərdəndir  və yuxarıdakı misraları beynimdə təkrarladıqca içki məclisləri yadıma düşür; saatlarla uzanan, bəzən dadı-duzu qaçan məclislər...Boşalmış şüşələr, yarımçıq qədəhlər, ləbələb dolmuş külqabılar,  əzilmiş siqaret qutuları, yersiz mübahisələr, "eqo partlayışları", şüuraltına toplanan yarımçıqlığın, kinin, nifrətin püskürməsi...
Məclisin əvvəlində hər şey yolunda gedir. Hamı mehribandır, hamı bir-birinə iltifat edir, hamı bir-birini tərifləyir. Mehriban, isti, doğma mühit yaranır. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tost deyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozada bir-birimizin yaradıcılığını tərifləyirik. Oxuduqlarımızdan, baxdıqlarımızdan, eşitdiklərimidən, uydurduqlarımızdan, xəyallarımızdan, övladlarımızdan, sevdiklərimizdən, bizi sevənlərdən danışırıq. Hər şey o qədər gözəl, o qədər maraqlı, o qədər idealdır ki... Amma qəfildən alkoqolun qana qarışması sürətlənir, ya da qaraciyərlər alkoqolla mübarizədə məğlub olur. Masaya toxunan başlar dikəlir, zəhərlənmiş qan beyindəki hüceyrələri asta-asta məhv etməyə başlayır. Sinirlər lazımi rekasiyanı verməkdə acizdir. Hərəkətlər ləngiyir, səs-küy azalır və sükut çökür...
Sonra qəfildən kiminsə ağlına gəlir ki, eyni masa arxasında oturduğu adamlar istedadsız, zövqsüz, paxıl və cahildir. Bu əvvəlcə ideya şəklində qəhrəmanımızın beynində yaranır, sonra bədən dili bu üsyankarın növbəti çıxışı ilə bağlı siqnallar verir. "Açıqsözlü" qəhrəmanımız əvvəlcə döyükməyə, narazı jestlərlə başını yelləməyə, əlləri ilə etiraz etməyə başlayır. Sonra kin, nifrət, qəzəb partlayışı... Əsas qanqaraçılıq olsun... qəhrəmanımız və ya qəhrəmanlarımız gözəl bir məclisi məhv etməyi vəzifə borcu bilir.
Hamı yavaş-yavaş dikəlir. Narazılıq, etiraz, irad...Xeyri yoxdur, artıq bu məclisi heç kəs xilas edə bilməz. Bütün "həqiqətlər"  məhz bu məclisdə təcəlli edir. Qəhrəmanımız da Çoxkefli İskəndərdir və cəhalətin, ədalətsizliyin ağzını cırmağa iddialıdır. Sərxoş ağzından çıxanların fərqində deyil. Ağzının seliyini əlinin arxasıyla silib, həmsöhbətinin üst-başına alkoqollu tüpürcək sıçrada-sıçrada monoloq guppuldadır. Yeyilib-içilən zəhərə dönür, hamı pəjmürdə şəkildə aranı sakitləşdirməyə çalışır...
Sonra sakitlik düşür. Badələrə şərab süzülür, dumanlı beyinlər az öncə baş verənləri unudur, daha doğrusu yaddaş avtomatik kilidələnir. Bu ərəfədə kimsə mütləq dəxlisiz zarafatlar edir, yumor hissinin sərhədlərini aşır. Bu dəfə məclisi lağlağı kabusu bürüyür. Dözülməz dərəcədə can  sıxıntısı başlayır. Siqaret bitir. Sonuncu siqaretlər çəkiləndən sonra yaranan boşluqda emosiyalar gərilməyə başlayır. Kimsə təcili siqaret almalıdır. Bu işi görən adam məclisi yarım saatlıq da olsa xilas edən xilaskardır. Və bütün pauzalarda mənim yadıma Qismətin məlum şeiri düşür:
Qutular,
əzilmiş qutular...
Mən təzə bilmişəm,
sən demə danışa bilmirmiş fotolar ?!

Sonradan belə məclislərdən qalan nadir fotalar həmin işgəncəli məclislərin sərxoş xatirəsini oyadır. Və şair demişkən, fotolar danışmağa, fəryad qoparmağa başlayır. Amma hələ ki məclis davam edir...
...Bu gərginliyin içində qəfildən günün ən maraqlı təklifi gəlir: "Kifayətdir, "evili evinə, köylü köyünə", dağılışaq!" 
Candərdi, yorğun və sərxoş vidalaşmalar uzanır. Kimlərsə yenə davam edəcək. Evinə, ailəsinin yanına tələsən bəxtəvərlər,  gedəcək yeri olanlar tələsir. Belə məclislərdən dəmli çayın sərxoşluğu ilə ayrılmaq başqa dərddir.
Taksini nə vaxtsa kirayədə qaldığım evin həyətinə sürdürürəm. Həyətdəki marketdən şirniyyat, meyvə şirəsi alıb tələsik yuxarı qalxıram, qapını döyürəm...
Qapını açan adamla bir-birimizə key-key baxırıq. Onun yuxulu gözlərindən oxuduğum sualın cavabını tələsik verməyə çalışıram: "Mən...bilirsiniz...ailəli olanda...ailəmlə..."  Başını bulayıb, kədərlə üzümə baxır. Səsindən mənə yazığı gəldiyini hiss edirəm: "Siz daha burada yaşamırsınız."
Sözləri qulağımda tamam başqa cür səslənir: "Siz daha yaşamırsınız"...
Və yenə Qismət dadıma çatır:
"Məzarlar,
buz kimi məzarlar ...
Nə çoxdu dünyada mərmər,
birinə də mənim adım yazılar..."

 Mənbə:Milli.Az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)