Edebiyyat.az » Proza » Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon

Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon

Jomon - 51 dəqiqəlik dayanacaq | Jorj Simenon
Proza
Necef Esgerzade
Müəllif:
12:01, 18 dekabr 2019
1 425
0
Meqre yuxuda zəng səsi eşitdi, amma bunun telefon olduğunu başa düşmədi və arvadının onun üstündən əyilib dəstəyi götürməyini hiss etmədi.

— Popoldur, — arvadı onu silkələyib dedi.
– Səni istəyir.
— Sənsən, Popol. – Meqre dəstəyə mızıldadı.
— Sənsən, dayıcan. – deyə xəttin o başından səs gəldi. Gecə saat üç idi. Yataq isti idi, bayırdakı şaxtanın təsirindən pəncərənin şüşələri qırov bağlamışdı, Popolun zəng elədiyi yerdə — Jomonda isə daha soyuqdur. — Nə danışırsan?.. Gözlə!.. Adları yazım… Otto… Hərif-hərif de: daha dəqiq olar…

Madam Meqre ərinə baxırdı. Onu bir şey maraqlandırırdı — durmalı olacaq, ya yox. Onun gözlədiyi kimi Meqre ayağa durub izah etdi:
— Jomonda nadir hadisə olub. Popol isə öz cavabdehliyi ilə vaqonu saxlayıb…
Popol deyəndə Meqrenin bacısı oğlu, Belçika sərhədində polis inspektoru işləyən Pol Vinşon nəzərdə tutulurdu.
— Sən hara gedirsən?
— Əvvəlcə bəzi məlumatları öyrənmək üçün Orfevrə, sonra yəqin ki, birinci qatarla gedəcəyəm… Xoşagəlməz hadisələr həmişə eyni qatarda olur. Qatar səhər on birdə Berlindən çıxır, Varşavadan bir-iki vaqon götürür, iyirmi üç qırx dörddə Lyöjdən keçir (bu vaxt vağzal demək olar ki, boş olur, qatar perrondan aralanan kimi isə vağzal bağlanır) və nəhayət gecə ikiyə üç dəqiqə qalmış Erkelenə çatır. Bu gecə də həmişəki kimi oldu. Erkelendə özlərini əziyyətə salmaq istəməyən belçikalı gömrükçülər koridorları gəzdilər, bir neçə kupeni açıb içəri boylandılar və sərhəddi keçməyə hazırlaşan qatarı tərk edib isti sobanın yanına tələsdilər. Üçə on dörd dəqiqə işləmiş qatar tərpənib sərhədi keçdi və üçə on yeddi dəqiqə işləmiş Jomona çatdı. Əlində fənərlə perron boyu qaçan bələdçi qışqırdı:
— Jomon! Qatar əlli bir dəqiqə dayanacaq! Əksər kupelərdə lampalar söndürülmüş, pərdələr salınmış, sərnişinlərsə yatmışdılar.— İkinci və üçüncü dərəcəli vaqonların sərnişinlərindən xahiş olunur gömrük yoxlaması üçün çıxsınlar! – deyə Pol Vinşon qatar rəisinə yaxınlaşdı.
— Bu dəfə birinci dərəcəli sərnişinlər çoxdur. — Sabah Parisdə dantist konqresinin açılışıdır, ona görə. Həm də ki, iyirmi beş nəfər elə də çox deyil, orta göstəricidir. Vinşon birinci vaqona minib bir-bir kupeləri açmağa başladı:
— Zəhmət olmasa pasportlarınızı hazırlayın. Sərnişinlər yatan kupelərdə o işığı yandırırdı və ayılan üzlərin necə büzüşdüyünü görürdü.
— Zəhmət olmasa pasportlarınızı hazırlayın! Beş dəqiqədən sonra dala qayıdanda o, sərnişinləri bayıra çıxardıb kupeləri yoxlayan gömrükçülərlə toqquşurdu.
— Pasport, şəxsiyyəti təsdiq edən sənəd…

Pol oturacaqları qırmızı parça ilə üzlənmiş alman vaqonuna girdi. Adətən belə kupelərdə dörd nəfər gedir, amma dantistlərə görə bu gün altı nəfər yerləşmişdi. Popol qapının yanında oturan gözəl qadına baxdı: o, Avstriya vətəndaşı idi. Popol hamını yoxladı. Kupenin lap axırında, qalın adyalın altında uzanıb tərpənməyən kişini gördü. Popol onun çiyninə toxunub təkrar tedi:
— Pasport! O biri sərnişinlər çamadanlarını açmağa başlamışdılar, gömrükçülər yaxınlaşırdı. Vinşon yenə kişini tərpətdi və o, yanı üstə düşdü. Bir saniyə sonra inspektor əmin oldu ki, o, ölüb. Hamı təəccübləndi. Balaca kupedə güclə tərpənmək olurdu. Ağır meyiti xərəyə qoymaq isə lap çətin oldu.
— Onu tibb məntəqəsinə aparın! – deyə Vinşon əmr verdi, az sonra öyrəndi ki, qatarda alman həkim var. Hər ehtimala qarşı gömrükçülərdən birini kupedə qoydu. Avstriyalı qadın təmiz hava almaq üçün bayıra çıxmaq istədiyini bildirdi, icazə vermədilər və o, çiyinlərini çəkdi.
— Onun nədən öldüyünü deyə bilərsiniz? Həkim bilmirdi. O Vinşonun köməyilə meyiti soyundurdu və bir neçə dəqiqə sonra meyitin sinəsində güclə görünən yaranı göstərdi.
— Onun sinəsinə sancaq soxublar. Qatarın getməyinə on iki-on üç dəqiqə qalmışdı. Həyəcanlanmış Vinşon nəsə bir qərar qəbul etməliydi; o, qatar rəisinin yanına qaçdı və vaqonu qatardan ayırmağı tələb etdi. Sərnişinlər nə baş verdiyini başa düşə bilmirdilər. Onlara bildirəndə ki, vaqon burda qalmalıdır və çalışıb özlərinə başqa yer tapsınlar, onlar hirsləndilər. Meyit tapılan kupedəki sərnişinlərsə səhərəcən burda qalmalı olduqlarını öyrənəndə daha çox hirsləndilər. Əgər onlardan birinin qatil olduğu nəzərə alınsa başqa çarə qalmırdı!

Qatar bir vaqon və altı sərnişinsiz yola düşəndə Vinşon ayaqlarının əsdiyini hiss etdi və dayısına zəng etdi. Səhər dördə on beş dəqiqə qalmış Meqre bir neçə pəncərəsindən işıq görünən idarəyə girdi və növbətçidən ona kofe hazırlamasını xahiş etdi. Saat dörddə onun kabineti artıq qəlyan tüstüsü ilə dolmuşdu. Meqre Berlinə zəng vurdu və ordakı həmkarına bacısı oğlunun verdiyi adları və ünvanları dedi. Sonra o Vena ilə danışıq sifariş etdi, çünki sərnişinlərdən biri ordan idi. Sonra Varşavaya teleqram vurdu, çünki Vilnodan olan İrviç soyadlı biri də sərnişinlər arasında idi. Bu vaxt Pol Vinşon Jomon vağzalındakı kabinetdə beş sərnişinlə üz-üzə dayanmışdı. Sərnişinlər hadisəyə öz xasiyyətlərinə uyğun reaksiya verirdilər. Kabinet çox isti idi. Vinşon qonşu kabinetlərdən üzləri cırılmış, qara taxtadan hazırlanmış möhkəm kontor kreslolarından gətizdirdi.

— Söz verirəm ki, işi mümkün qədər tez qurtarmağa çalışacağam. Vəziyyətdən asılı olaraq hələlik mən sizi nəzarətdə saxlamalıyam. Əgər səhərə raport hazırlamaq istəyirdisə o bir dəqiqə də itirməməliydi. Stolunun üstündə altı pasport qoyulmuşdu, Otto Braunun meyiti (meyitin cibindən çıxan pasportda bu ad yazılmışdı) tibb məntəqəsində idi. — İstəyirsinizsə, sizinçün içməli nəsə sifariş edə bilərəm. Amma tez olun, bufet tezliklə bağlanacaq. Beşə on dəqiqə işləmiş telefon zəng çaldı.

— Alo!.. Olnua?.. Nə danışırsınız?.. Əlbəttə!.. Hə, yəqin ki, nəsə əlaqə var… Yaxşı! Onu birinci qatarla bura göndərin. Əlbəttə ki, sənədləri də… Qonşu kabinetdən Meqreyə zəng etdi ki, onları eşidən olmasın.
— Sənsən, dayıcan?.. Daha bir xəbər var…
Bir neçə dəqiqə əvvəl Olnuada vaqonun altından kiminsə çıxdığını görüblər. O, qaçıb, amma tuta biliblər… Cibində paket olub. Paketdən xarici şirkətlərə məxsus pay hissələri çıxıb, əsasən neft hasil edən şirkətlər, özü də küllü miqdar pul dəyərində…
Həmin adam iddia edir ki, adı Cef Bebelmansdır, Antverpendə doğulub, sənəti də akrobatdır… Hə!.. Onu birinci qatarla bura gətirəcəklər…
Siz də birinci qatarla gəlirsiniz? Yox?.. On birə iyirmi dəqiqə işləmiş?.. Sağ ol, dayıcan… Və o, özünün dediyi kimi, zebralarının yanına getdi.

Dan söküləndə hava bir az da soyudu. Səma böyük buz parçası kimi ağarırdı. Sərnişinlər gəldi, qatarlar getdi…
Vinşonsa işləməyə davam edirdi. O vaxt itirməməyə çalışırdı. Əslində onun vaxtı da yox idi, çünki bu iş elə işlərdən idi ki, dalınca diplomatik narazılıqlar da gətirirdi. Getdikləri kupedə meyit tapıldığına görə müxtəlif milliyyətli, bütün sənədləri yerində olan beş sərnişini sonsuzluğa qədər saxlamaq olmaz axı…
Meqre söz verdiyi kimi on birə iyirmi dəqiqə işləmiş gəlib çatdı. Saat on birdə vaqonda axtarış aparıldı. Çox soyuq idi və hamı yorğun idi. Bir neçə dəfə əsəbi gülüş eşidildi: sərnişinlərdən hansısa qızışmaq üçün həddindən çox qroq içmişdi.
— Əvvəlcə meyiti yerinə qoymaq lazımdır. – Meqre əmr etdi. – Zənnimcə, pərdələr salınmışdı.
— Heç nəyə toxunulmayıb – Popol onu əmin etdi. Əlbəttə, daha yaxşı olardı ki, gecəni, hadisə baş verən saatı gözləsinlər. Amma bir halda ki, bu mümkün deyildi…
Otto Braunun, pasporta əsasən əlli səkkiz yaşı vardı, Bremendə doğulmuşdu və Ştutqartda bankı vardı. Xarici görünüşü də bunu təsdiqləyirdi. Başı qırxılmış mehriban gombul, əsil yəhudi sifəti. Berlindən onun haqqındakı sorğuya bu cavab gəlmişdi: “...nasional-soaialist inqilabından sonra maddi sahibkarlığına son qoymaq məcburiyyətində qalmışdı. Amma hakimiyyətə sadiqlik andı içəndən sonra daha onu narahat etmədilər… Çox varlı hesab olunur… Partiyanın hesabına bir milyon mark keçirdib...” Meqre mərhumun cibindən Berlindəki “Kayzerxof” mehmanxanasının hesab çekini tapdı, Otto Braun Ştutqartdan gələndə üç gün burda qalmışdı. Eyni zamanda beş sərnişin koridorda düzülüb kimi bezginliklə, kimi də hirslə komissarın hərəkətlərini izləyirdi. Komissar Braunun yerinin üstündəki baqajı göstərib soruşdu:

— Bu onun əşyalarıdır? Avstriyalı Lena Leynbax tez dilləndi:
— Yox, mənimdir.
— Siz gecəki yerinizdə otura bilərsiniz? Qadın tabe oldu: yerişindən bir az sərxoş olduğu bilinirdi. Əynində xəz şuba, dəbdəbəli paltar var idi, hər barmağında bir üzük parıldayırdı. Onunla bağlı sorğuya Venadan gələn teleqramda yazılmışdı: “...yüksək təbəqədən kurtizankadır. Avropanın bütün paytaxt şəhərlərinin hərəsinə bir neçə dəfə gedib, amma polis heç vaxt onunla maraqlanmalı olmayıb. Uzun müddət alman şahzadəsinin sevgilisi olub… ”
Meqre o biri sərnişinlərə tərəf döndü:
— Berlində kim minib?
— Bir dəqiqə olar? – kimsə fransızca səsləndi. O həqiqətən də fransız idi – Lilladan Adolf Bonvuazen.
— Mən birbaşa Varşavadan gəldiyim üçün sizə bütün məlumatları verə bilərəm…
Əvvəlcə iki nəfər idik… İşlədiyim fabrikin Polşada filialı var, mən indi Lvovdan qayıdıram… Varşavada qatara mən və bu qadın mindik… O qara palto geyinmiş, Otto Braun kimi gombul, yaşlı yəhudi qadını göstərdi.
— Vilnodan madam İrviç. O, fransızca bilmədiyi üçün almanca danışmalı oldular. Madam İrviçin əri xəz alverçisi idi, Parisə gedirdi.
— Gecəki yerlərinizdə oturun! İki kişi qaldı.
— Sizin adınız? – deyə Meqre arıq, hündür, xarici görünüşdən polisə oxşayan birinci kişidən soruşdu. — Tomas Xauke, Hamburqdan… Berlindən onun haqqında gələn məlumat daha dolğun idi: “...

1924-cü ildə oğurluq zinət əşyalarının alverinə görə iki il həbsə məhkum olunub… azadlığa çıxandan sonra nəzarət altında olub… Avropa paytaxtlarının əksəriyyətində olub… Kokain və morfi alveriylə məşğul olduğundan şübhələnirik...”
Nəhayət axırıncı: otuz beş yaşlı, eynəkli, saçı dibindən qırxılmış kişi. — Doktor Qelxorn, Kölndən… Balaca bir anlaşılmamazlıq meydana çıxdı. Meqre soruşdu ki, onun yol yoldaşının tərpənmədiyi meydana çıxanda o nə üçün ilk yardım göstərməyib. — Çünki mən arxeologiya doktoruyam, tibb doktoru yox… Indi kupedə hamı keçən gecə oturduğu kimi oturmuşdu: Otto Braun – Adolf Bonvuazen – madam İrviç — Tomas Xauke – doktor Qelxorn – Lena Leynbax. Və təbii ki, daha şahidlik edə bilməyən Otto Braundan başqa hamı qətllə hər hansı əlaqəni inkar edirdi. Hamı iddia edirdi ki, ona heç nə məlum deyil. Meqre on beş dəqiqə də Olnuada vaqonun altından çıxıb qaçanda tutulan və cibindən ümumi məbləği üç milyon olan hissə sənədləri tapılan Antverpenli akrobat Cef Bebelmansla keçirtdi. Bebelmansı meyitin yanına aparanda onun üzündə bircə əzələ də tərpənmədi. O ancaq soruşdu:

— Bu kimdir? Axtarış zamanı onun cibindən Berlindən Parisəcən üçüncü dərəcli bilet tapdılar, sərhəddə isə sənədlərin tapılmaması üçün o vaqonun altında gizlənmişdi. Amma o çox da söhbətcil deyildi. Sadəcə: — Sizin işiniz sual verməkdir. Mənimsə sizə deməli sözüm yoxdur… – dedi. Onun haqqında olan məlumatlar isə bundan ibarət idi: əvvəl akrobat olub, sonra Brüsselin və Berlinin gecə müəssisələrində ofisiant işləyib. — Belə, — deyə Meqre qısa fasilərlə danışmağa başladı.
– Siz, Bonvuazen və madam İrviç qatara Varşavada minmisiniz. Bəs Berlində kim minib? Bonvuazen Lena Leynbaxı göstərdi: — Əvvəlcə bu xanım. — Sizin baqajınız hansıdır, madam? O mərhumun üstündəki taxçanı göstərdi, orda krokodil dərisindən hazırlanmış üç çamadan görünürdü.
— Deməlki siz baqajınızı bura qoydunuz, özünüzsə qarşı tərəfdə oturdunuz. Diaqonal…
Ehtirasla danışmaq istəyən Bonvuazen davam etdi: — Mərhum… daha doğrusu, demək istəyirəm ki, bu cənab… onun dalınca girdi...
— Baqajsız?
— Hə. Meqre bacısı oğluyla danışmaq üçün bayıra çıxdı. Onlar mərhumun portmanatına baxdılar və ordan yükdaşıma çeki tapdılar. Əşyalar artıq Parisdəydi, Meqre zəng etdi ki, təcili çamadanları açsınlar.
— Yaxşı, indi… – o Xaukeni göstərdi, — bu cənab...
— O Kelndə mindi...
— Bu doğrudur, cənab Xauke?
— Daha doğrusu, mən Kelndə kupeni dəyişdim… Əvvəl mən siqaret çəkməyənlər üçün kupedə gedirdim… Doktor Qelxorn da Kelndə minmişdi, o orda yaşayırdı. Meqre əlləri cibində dayanıb sual verərək və dodaqaltı nəsə mızıldayaraq hamını diqqətlə süzürdü. Pol Vinşon katib kimi əlüstü qeydlər aparırdı. Onun qeydlərindən bunları oxumaq olar: “Bonvuazen: sərhədə çatanacan elə bilirdik ki, burda bir-biriylə tanış olan ancaq madam İrviçlə mənəm. Gömrükdən sonra hamımız birtəhər yerləşdik ki, gözümüzün acısını alaq və lampanı söndürdük…

Lyöjdə mənimlə üzbəüz oturan madam (Lena Leynbax) koridora çıxmaq istədi. Bu biri tərəfdə oturan cənab (Otto Braun) o saat ayağa durub almanca ondan hara getdiyini soruşdu.
— Bircə dəqiqəlik, hava almağa – qadın dedi. Və mən əminəm ki, cənab dedi:
— Otur yerinə!” Sonra Bonvuazen davam etdi: “Namürdə o yenə çıxmaq istədi, amma artıq yatan Otto Braun tərpəndi və madam qaldı. Şarleruada onlar yenə nəsə danışdılar, amma mən yuxulu idim deyə dumanlı xatırlayıram...”
Deməli Otto Braun Şarleruada hələ sağ idi! Erkelendə də hələ sağ idi? Bunu heç kim bilə bilməzdi. Gömrükçü sadəcə qapını açıb və hamı yatdığı üçün çıxıb gedib. Deməli, Şarlerua ilə Jomon arasında, hardasa bir saat – saat yarım ərzində sərnişinlərdən biri durub Otto Brauna yaxınlaşmalı və sancağı onun ürəyinə soxmalıydı. Ancaq Bonvuazenin durmağı vacib deyildi. Bir az sağa əyilməyi kifayət idi ki, almana toxunsun. Qarşı tərəfdə oturmuş Xaukenin də mövqeyi uyğun idi. Ondan sonra doktor Qelxorn gəlirdi, daha sonra iki qadın. Soyuğa baxmayaraq Meqrenin alnında tər damcıları görünürdü. Lena Leynbaxın vəhşi nəzərləri onu əzirdi, madam İrviçsə revmatizmdən şikayətlənirdi və polyak dilində nəsə danışırdı. Tomas Xauke özünü yüksək ləyaqətlə aparırdı, Qelxornsa Luvrdakı vacib görüşünü qaçırtdığını deyirdi. Vinşonun qeydlərindən: “Meqre Lenaya: Berlində hansı tərəfdə yaşayırsınız?

Lena: Mən ora cəmi səkkiz günlük gəlmişdim. Həmişəki kimi “Kayzerxof”da qalırdım.
M.: Siz Otto Braunla tanış idiniz?
L.L.: Yox! Bəlkə də hollda və ya liftdə rastlaşmışdıq…
M.: Bəs onda nə üçün sərhəddi keçəndən sonra o sizinlə tanış adam kimi danışmışdı?
L.L. (ironiya ilə): Ola bilər yad əraziyə keçmişdik deyə o sırtıqlaşmışdı… Almaniyada yəhudi ari qanını daşıyan qadınla görüşə bilməz…
M.: Buna görə o sizə Lyöjdə və Namürdə bayıra çıxmağa icazə verməmişdi?
L.L.: O sadəcə dedi ki, mənə soyuq ola bilər.” Parisdən zəng gələndə sorğu-sual hələ davam edirdi. Səkkiz dənə çamadanda o qədər paltar, dəyişək, özünəqulluq ləvazimatı var idi ki, sabiq bankirin uzun müddətlik getdiyini güman etmək olardı; əgər həmişəlik getmirdisə. Amma pul – bir qəpik də! Portmanatda isə cəmi dörd yüz mark vardı. Qalan sərnişinlərdə isə bu qədər tapıldı:
Lena Leynbaxda – 500 Fransa frankı, 50 mark, 300 kron.
Doktor Qelxornda – 800 mark.
Tomas Xaukedə — 40 mark və 20 Fransa frankı.
Madam İrviçdə — 30 mark, 100 frank və Parisdəki polyak bankirin adına kredit məktubu.
Bonvuazendə — 12 zlota, 10 mark, 5000 Fransa frankı. Təkcə kupedəki yüklərə baxmaq qalırdı. Xaukenin sakvoyajında ehtiyat kostyum, smokinq və alt paltarı vardı. Bonvuazendə də diqqətəlayiq heç nə yox idi. Əsil tapıntı Lena Leynbaxın çamadanında idi: paltarların və qızıl flakonların altında gizli saxlanc vardı. Çamadanların saxlancları isə boş idi! Lena Leynbax bütün suallara eyni cür cavab verirdi:

— Mən bu çamadanları kontrabanda ilə məşğul olan bir adamdan almışam. Yaxşı imkan düşmüşdü…
Amma şəxsən mən heç vaxt bu gizli saxlancdan istifadə etməmişəm…
Bəs onda Şarleruayla Jomon arasında, kupenin göyümtül yarıqaranlığında Otto Braunu kim öldürmüşdü? Parisdə narahat olmağa başlamışdılar. Meqreni tez-tez telefona çağırırdılar. Hadisə səs-küy salmışdı, məsələ böyüyürdü. Bebelmansda tapılan pay hissələrinin nömrələri böyük bankalarda yoxlanılmışdı və hissələrin kredit çekləri olduğu üzə çıxmışdı. Vaqondakı cansıxıcı axtarış əməliyyatı saat on birdə başlamışdı. Onun iştirakçıları vaqondan ancaq saat ikidə çıxdılar, çünki madam İrviç polyak dilində artıq meyit iyinə davam gətirmədiyini deyib huşunu itirdi. Pol Vinşon həyəcanlanırdı: ona elə gəlirdi ki, dayısı özünəxas soyuqqanlılığını itirir, daha doğrusu, qərarsızlıq içindədir. Yolda pıçıltıyla soruşdu:

— Nəsə yolunda deyil, dayı? — Bu tapmacanı çözmək istəyirəm! – Meqre dedi. – Gör onları bir saat da saxlaya bilirsən...
— Madam İrviç xəstədir axı!
— Nə edə bilərəm?
— Doktor Qelxorn deyir ki…
Meqre onun sözünü kəsdi:
— Qoy özüyçün desin! Və təklikdə vağzal bufetində səhər yeməyi yeməyə getdi.
— Kəs səsini deyirəm! – Meqre özünü tamamilə itirmiş və nə edəcəyini bilməyən bacısı oğluna dedi.
– Həmişə nəsə oyun çıxardırsan… Sənə bütün düşündüklərimi deyəcəyəm… Sonra özün altından çıxmağa çalış. Xəbərdarlıq edirəm, bacarmasan dayıya zəng eləməyi ağlına da gətirmə… Dayın artıq boğaza yığılıb…
– Sonra başqa tonda davam etdi.
– Bax! Mən hadisənin yeganə məntiqli izahını tapmışam. Sən ya sübut tapmalısan, ya da etirafa nail olmalısan. Özünü itirmə.

Birincisi: məşhur bankir Otto Braun səkkiz çamadanlıq yüklə Fransaya gedir, portmanatındasa cəmi dörd yüz mark var...
İkincisi: qatar Almaniyada olanda o özünü Lena Leynbaxı tanımırmış kimi aparırdı, sərhədi keçən kimi isə ona “sən”lə müraciət edib, bu səbəbsiz deyil…
Üçüncüsü: o, Lenanın nə Lyöjdə, nə Namürdə, nə də Şarleruada bayıra çıxmağını istəmirdi…
Dördüncüsü: Lena heç nəyə baxmayaraq inadla çıxmaq istəyirdi…
Beşincisi: Braunu heç vaxt görməyən Bebelmans adlı birinin – əks halda onun meyitini görəndə necəsə reaksiya verərdi – cibində iki, ya üç milyonluq hissələr var idi…

Meqre yenə tonun qaldırdı:
— Başa salıram! Yəhudi Otto Braun, sərvətinin hamısını və ya bir hissəsini Almaniyadan çıxartmağa çalışıb. Öz əşyalarının diqqətlə yoxlanılacağını bildiyindən Berlində kutizanka ilə tanış olur və onun üçün gizli saxlancı olan çamadanlar sifariş edir; çətin ki, gömrükçülər qadın paltarlarını qurdalasınlar. Amma bütün özünə hörmət edən kurtizankalar kimi Lena Leynbaxın da ürək sirdaşı var, Tomas Xauke. Tomas Xauke professionaldır, hələ Berlində, ola bilsin lap “Kayzerxof”da çamadanlardan istiqrazları götürüb, əlbəttə ki, Lenanın iştirakı ilə. Lena qatara birinci minir və çamadanları ehtiyatlı davranmağa çalışan Braunun əvvəlcədən nişan verdiyi yerə qoyur, özü isə qarşı tərəfdə oturur, guya onlar tanış deyillər… Kelndə Xauke hadisələrin gedişatını görmək istədiyi üçün həmin kupeyə gəlir, akrobatsa sənədlərlə bir yerdə üçüncü dərəcəli vaqonda gedir, sərhədi keçəndə isə vaqonun altında gizlənməli olur… Sərhədi keçəndən sonra Otto Braun daha heç nədən qorxmur. O, hər dəqiqə çamadanları açıb sənədləri götürə bilər… Buna görə də Lena Leynbax əvvəl Lyöjdə, sonra isə Namürdə və Şarleruada ingilissayağı aradan çıxmağa çalışır… O qıza etibar edir? Nədənsə şübhələnir? Yoxsa ona vurulub? İstənilən halda qadını güdür, bu isə öz növbəsində qadını özündən çıxardır, axı Parisdə istər-istəməz oğurluğun üstü açılacaq…

Fransa sərhədində də ola bilər. Burda sənədləri gizlətməyə səbəb yoxdur, o, gizli saxlancı açacaq. Tomas Xauke də bunu bilir…
— Və Braunu öldürür? – deyə Vinşon soruşdu.
— Əminəm ki, yox. Əgər o yerindən dursaydı sərnişinlərdən hansısa onu görərdi. Mənə elə gəlir ki, Braunu sən birinci dəfə girib “Pasportları hazırlayın” deyəndə öldürüblər…
Hamı yarıqaranlıqda yerindən durub gözlərini ovuşdurur. Təkcə Lena Leynbaxın Otto Brauna yaxınlaşmağa səbəbi var: o, çamadanını açmalıdır. Əminəm ki, elə həmin an…
— Bəs sübut?
— Axtar! – Meqre mızıldandı.
– Əgər rastlarına sənin kimi tip çıxıb meyiti soyundurmağı əmr eləməsəydi, hamı bu ölümü təbii ölüm qəbul edəcəkdi… Bu zibili sən açmısan… İndisə özün bil, necə bacarırsan elə…
Lenanı əmin elə ki, Bebelmans hər şeyi etiraf edib, Bebelmansa de ki, Xauke ilişib. Bax da, köhnə nömrələri işlət… O, pivə içməyə getdi, Vinşonsa dayısının göstərişinə əməl etdi. Köhnə nömrələr işə yaradı. Ən çox da ona görə ki, Lena Leynbaxın şlyapasına ox şəkilli böyük brilyant sancaq keçirdilmişdi. Və Pol Vinşon – madam Meqrenin dediyi kimi, Popol — barmağıyla onu göstərib dedi:
— İndi heç yerə qaça bilməyəcəksiniz… Sancağın üstündə qan ləkəsi var… Bu yalan idi. Amma qadın isterikaya qapıldı və hər şeyi etiraf etdi.

Tərcümə: Həmid Piriyev
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)