Azad Qaradərəli - Dostumun dostu mənim də dostumdur...
Proza
Sayqılı edebiyyat.az saytının oxucuları!
Ötən il keçirdiyim xəstəliklə əlaqədar sentyabr-oktyabr aylarında gündəlik mətbuatla, o cümlədən elektron informasiya vasitələri ilə çox səthi əlaqədə olurdum - gündə təxminən 15-20 dəqiqə civarında. Kompüterimin qapağını isə həftələrlə açmırdım. Belə günlərin birində yazıçı dostum Ahmet Yıldız Ankaradan telefon açdı ki, məşhur türk şairi Turqut Tanyol Bakıdadır və bu dəqiqə ona çox vacib kömək lazımdır. Şair harasa getməliymiş, lakin onu müşayət edəsi şəxslər nədənsə gəlib çıxmayıblar. Və mənə şairin telefonunu göndərdi. Yüngülvari telefon tanışlığından sonra kimlərəsə zəng edib Turqut bəyə yardımçı olmalarını xahiş etdim. Mən elə bu hay-həşirdəykən, xəbər gəldi ki, Türkiyə səfirliyindən nümayəndələr gəliblər və problem həll olunub.
Bu əsnada onu da öyrəndim ki, şair oktyabr ayında Bakıda keçirilmiş “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının qalibi olub və məhz buna görə şəhərimizdədir. Mən xəstəliyimi bildirmədən şairi şam yeməyinə evimə qonaq dəvət etdim, lakin o bildirdi ki, “malisef axşama İstanbula uçasıdır.”
Beləcə, şairlə qiyabi tanışlığım bu günəcən davam edir. Facebookda dost olduq. Yazılarını oxudum. Bu qiymətli incilərdən dilimizə uyğunlaşdırıb yayımlamaq keçdi könlümdən. (Bildiyiniz kimi tanınmış türkiyəli yazarların əsərlərini vaxtaşırı dilimizə çevirib naşiri olduğum “Yazı” dərgisində - yazidergisi.com – və yaxud saytlarda yayımlamışam zaman-zaman.) Dünən şairin ad günü idi və bu fürsəti buraxmadım. Turqut Tanyolun üç şeirini dilimizə çevirdim. Bu gözəl parçaların dəyərli oxucuların da xoşuna gələcəyinə əminəm.
S.A (Söz ardı)
1. Bilmirəm belə bir deyim var, ya yox: ”Dostumun dostu mənim də dostumdur.”
Varsa, lap yaxşı, yoxsa, qoy indi məndən əmanət qalsın. Dostum Ahmet Yıldıza, hər ikimizin dostu Turqut Tanyola salam və sayqıyla.
2. Turqut bəyin dünənki ad günü qutlu olsun! Bizdə bir deyim də var (lətifəsi Turqut bədən uzaq): “Dəliyə hər gün bayramdır.” Dünən olmasın, bu gün olsun. Təki olsun! Yoxa lənət!
TUĞRUL TANYOL
Sudaki simurq
Biz bülbüli-mührikdəmi şəhvayi-fəraqız,
Atəş kəsilər, keçsə səba gülşənimizdən.
II Səlim
həsrətin soyuq qışı, irmağa qarışan arzu
budaqlarda üşüyən qanadlarından soyunmuş
sudakı billuru arzulayan Simurq*
səsim səsini arayır uzaqlarda
ardımızda uzanan yollarda unutduğumuz
qayıq dolusu qızıl nəğmə, gövhər, daş-qaş
və kəhrəba irmağın üsulluca üzdürdüyü
qədim şərabı daşdıran ekstaz xatirələr
bağçalardan axardı incə kanon rəngində
güllər və güllərə toxunub alışan ruzgar
ağac yağmurun şəklini alırdı uzaqdan baxsaq yanılardıq
günlərin sahilə çıxardığı yerdə dururdun
qumların isti izlərində falın yazılır
bir səs bir səsə oxşadırdı avazını
bir dağ o birinə kölgə salardı və o sahibsiz sürünün
tozları dağılınca başlardı gün
uzanıb gedirdi yollar boyunca
ağacın ağaca pıçıldadığı tumurcuq
zamanın səsi duyulur indi seyrək otların arasından
sahilə yanaşan qayıqlardan enir
qələbəlik, kölgəsini ardında qoyub
üsulluca bir xəyala dönür
irmağın buzları əriyərkən qıraqlarda
son kəz dönüb bax, geridə qoyduğun izlərdə addımlayar uşaqlar
əski bir evdən, zümrüd bir qəsrdən
sevdiyimiz və unutduğumuz qadınların səsini yüksəldir rüzgar
həyatın acısı keçmiş buradan bir iz kimi şumlayır torpağı
biz də keçdik damında minlərcə səs ünnəşən o pərişan gecədən
qarşılamaq üçün sən laməkanı
artıq susmalıyıq, danışsaq belə
bizim acımızı kim anlaya bilər
sən, sudakı rənginə külünü sovuran Simurq
irmaq axıb getdi, çoxdan
küllərimiz bir-birini arayır hələ
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Əski Misir kökənli mifik quş adı. Latınca feniks, ərəbcə simurq, türkcə toğrul, tuğrul, turul, dumrul (“Divanü lüğət-it türk”də toğrıl kimi keçir) adlanır. Atillanın bayrağındakı quşun adı da tuğrul idi. Əfsanəyə görə bu quş müəyyən müddət yaşadıqdan sonar özünə günəş şüalarından yuva qurar, o odlu yuvada bir yumurta qoyar və günəşdən od alıb yanar. Sonra o odun içində qoyduğu yumurtadan yeni qoş çıxar, doğular, dirilər. (Tərcüməçinin qeydi.)
YAY KEÇDİ
pərdə endi, toz uçuşdu, göz yaşı yağış oldu
ağac çiçək tökərkən gəldi yay
keçdi, mən onu görmədim, yalnız bir səs
vardı orada, dəniz üzünə vurardı
və sən yatırdın.
eh! elə gözəl yatırdın və yay
yuxunu qaçırmamaqçün sənin
ayaqucuyla bir qapıdan
o birinə getmiş olmalı.
toz hələ yerə enməmişdi
çiçək tökülməmişdi
və mən, sehrlənmiş kimi yalnızca sənə baxan
bütün yaz boyu!
AYNA
bir böyük boşluqmuydu
hanki ayaq səsləri
zalım,yırtıcı və son dərəcə kirli
gecənin ürəyini qanadıb keçən
bir böyük aynaydı, xeyir
yerində dura bilməyən qorxumuz
açıldı bir-bir sirrlər
şüşənin arxasında nə gördünüz
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Elif Şafak haqqında...