Fərid Muradzadə - Dəli Məstəli
Nə qədər insan gördüm ki əynində libası yox,
Nə qədər libası gördüm ki içində insanı yox.
Cəlaləddin Rumi.
Oyan ey qafil! Nə baxırsan qoyun kimi! Hərçənd ki səninkimilərin xisləti elə qurda yem olan qoyun xislətidir. Mən isə xaliqin şah əsəriyəm. Mən insanam. Siz mənə dəli deyirsiniz, əbləhlər! Mən ali insanam. Mənim kimi dəliləri sizin kimi ,,ağıllılar" heç zaman anlaya bilməz! Mən kamil insanam ,sizdən fərqli olaraq. Eyy, nə yatmısan piştaxtanın arxasında. Ey cahil ,oyan!
Kimsə əlini gözləri bir nöqtəyə zillənmiş insanın üzünə vurub onu diksindirdi . Adamın qorxaraq diksinib qəribə əl-qol hərəkətləri etməsi digərlərində və ,,səbəbkar"da gülüş yaratdı. Səbəbkar özünü çoxbilmiş kimi göstərərək -o, sükunət içindədir-dedi.
-Sükunət yoxdur, ey cahil! Sükunət keçdi. Çünki, o artıq hərəkətdədir. Az əvvəl o ətalətdə idi, indi isə hərəkətdədir. Onun hərəkət səbəbi isə cisim kimi sən oldun. Ümumiyyətlə mənə görə kainatda ətalət yoxdur. Çünki bütünlükdə kainat hərəkətdədir. Ayrı-ayrılıqda ətalət var, amma ümumilikdə kainatda ətalət yoxdur. Burda bütün cisimləri hərəkətdədir. Bizim hiss etmədiyimiz, ağlımızın qəbul edə bilməyəcəyi, görə bilmədiyimiz bir hərəkətlilik var kainatda. Ehhh... bunları sizə niyə danışıram ki?! Onsuz da heç nə anlamırsınız. Öz-özünə dodaqaltı deyinə-deyinə yolun əks tərəfinə keçdi.
Turşu satanlardan kimsə ləhcə ilə onun arxasınca bir ,, sərsax köpəyoğlu" dedi. Bir-iki nəfər də o kimsəyə tərəfdar çıxdı. Qıraqda əyləşib əlində qəzet oxuyan adam isə sadəcə -dəli də olsa həqiqət söyləyir, başqa birisi isə ,, dəlidən doğru xəbər" kimi fikir yürütdü.
Bu il orta məktəbi bitirəcəkdim. Ali məktəbə hazırlaşırdım. Amma tay-tuşlarımdan fərqli olaraq mən heç bir müəllim yanında hazırlığa getmirdim. Özüm hazırlaşırdım. Ailənin maddi durumu mənim repetitor yanında hazırlaşmağıma imkan vermirdi. Həftədə iki dəfə çoxdan tanıdığım qonşu mikrorayonda yaşayan Amil əminin bazardakı ticarət piştaxtasında ona kömək edirdim. Mənim Məstəli ilə tanışlığım o zamandan başladı. O, kimsənin fərqində olmadığı dahi idi. Amma tüfeyli həyat tərzi keçirirdi. Amil əminin yanında işlərim yaxşı gedirdi. Artıq işi yaxşı mənimsədiyimə görə Amil əmi də həftədə bir dəfə istirahət edirdi. İnsaflı adam idi. Oxuyan insanlara ehtiramla yanaşardı. Mənim də maddi çətinliklərə baxmayaraq müəllimsiz, fərdi şəkildə ali məktəbə hazırlaşmağım onun yaman xoşuna gəlmişdi və Amil əmi mənə həftənin iki günü olan işimə görə yaxşı pul verirdi. Bu gün də onun istirahət günü idi. Mən də iş başındaydım. Bir azdan təxminən bir saat kimi sakitçilik olacaqdı. Bunu burda əldə etdiyim ,,təcrübəmdən" bilirdim. Bu bir saatlıq sakitçilikdə mən kitablarıma bir də qəzetlərə baxardım. Yenə qəzet oxuyurdum. Birdən kimsə- adından və ayın tarixindən başqa hamısı yalandır, oxuma-dedi. Başını boş yazılarla doldurma. Bunlar kiminsə sifarişi ilə yazılır. Bəlkə də indi dərk edə bilməzsən dediklərimi, amma zaman gələcək ki həqiqətləri özün görəcəksən. Bunları birnəfəsə söyləyən o idi-Məstəli! Hamının,,Dəli Məstəlisi".
Sən buradakıların hamısından ağıllısan. Kitab-dəftərə meyillisən. Neçə vaxtdır səni oxuyan görürəm. Oxuyanda bir tərəfli oxuma. Bir neçə yazını tutuşdur. Hər şey yazıldığı kimi olmasa da hər şey göründüyü kimi də deyil. Bunlar olduqca həssas mövzulardır. Diqqət və səbrlə oxu, araşdıraraq oxu. Sənə birinci məsləhətim odur ki dəqiq elmlərin ardınca get. Yox əgər humanitar sahə qəti qərarındırsa o zaman bir istiqamətdən baxma. Araşdır və müqayisə et. O saqqallı kişini də idealın bilmə. Görürəm ona pərəstiş edirsən. Amma etmə. Şəxsiyyətə pərəstiş insanı şəxsiyyətsizləşdirir. Axı sən özün də bir şəxsiyyətsən. Bilirsən, böyük Cəlaləddin Rumi nə deyib? ,,Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Bunlar isə nə olduğu kimi görünənlər, nə də göründüyü kimi olanlardır. Müəyyən insanlar var ki onları kütlənin gözündə ideallaşdırıblar. Xüsusi nitq qabiliyyətləri sayəsində bu qəbildən olan insanlar sürü təfəkkürünə malik kütləni tez bir zamanda özlərinə tabe edə bilirlər. Sən mən deyənləri eşitsən parlaq gələcəyin olacaq. Çalış qul təfəkküründə, sürü düşüncəsində olanlardan olma. Hə, sənə böyük Rumidən bir məsəl də çəkim,, Ay gecənin qaranlığına səbr etdiyi üçün apaydın oldu". Unutma, səbr və təmkinlə, araşdıraraq oxuyub öyrənəcəksən. Türklərdə belə bir deyim var ,,baxış açısı" . Bax sən də baxış açını dəyiş! Əsla məsələlərə nə Sovet dövrünün Azərbayca tarixçiləri kimi, nə də Türkiyənin Osmanlı tarixçiləri kimi yanaşma! O gündən etibarən həftədə iki dəfə ,,Dəli Məstəli" ilə həmsöhbət olmağa başladıq. Get- gedə məhdud zaman çərçivəsində olsa da Süleymandan çox şeylər öyrəndim. Artıq baxış bucağım dəyişmişdi. Hər şeyə bir öz gözümlə, bir də daxildəki ,,mən" in gözü ilə baxırdım. Fərdi baxış prizmasından fərqli baxış prizmasına keçmişdim.
Növbəti həftənin yetməsini səbirsizliklə gözləyirdim. Bir növ müəllimimə çevrilmiş ,,Dəli Məstəlini”görməyə, onunla oxuduqlarımı bölüşməyə və ondan məsləhətlər almağa tələsirdim.
Mənim təxminimə görə müəllimim çoxdan gəlməli idi. Amma nəsə gözə görünmürdü. Günortaya yaxın piştaxta qarşısında bir canlanma yarandı. Gözlərim zdiham içində müəllimimi axtarırdı. Az sonra mərəkə qopdu, izdiham yarandı. Bu hay-küydə Məstəlinin səsini eşidən kimi mən də irəli yüyürdüm. Bu bazarda hamının,,Düşük Mərdan" kimi tanıdığı Mərdanla Məstəli dalaşırdılar. Onları bir-birindən ayırmışdılar. Mərdan Məstəliyə
-Ə, ay alkaş, mana şübhən ola bilər?!
Adətən çox əsəbləşəndə dili topuq vuran Məstəli bu dəfə olduqca səlis şəkildə dedi:
- Mən alkaşam, sən isə oğraş! Ay özündən bixəbər! Ay bədbəxt, dəvəquşu başını quma basdırıb gizləndiyi kimi sən də qeyrətdən dəm vura-vura biqeyrətlik edirsən! O gün qısa geyinmiş qızın ayaqları altına banan qabığını atan və sonra da yıxılan qızın çılpaq ayaqlarını qucaqlayan sən deyilmiydin? Elə bilirdin görən yoxdur? Satdığın feyxoaya feyxuya deyən zavallı!
Mən yalan heç nə danışmamışam. Sən bazarda ona-buna söz atanda Vətən yolunda canlarını fəda edən oğullar səngərdə düşmənlə döyüşürdü. Şəhid də versək, qazi də olsaq sonunda məğlub xalq, məğlub dövlətik. Ay qeyrətdən dəm vuran biqeyrət, mənim bayaq dediklərim fərdi şəkildə deyildi, toplum halında idi. Çünki Xocalı soyqırımı yaşayan, namusuna təcavüz olunan yekunda bir xalqdır. Fərdlər cəmiyyəti formalaşdırır. Cəmiyyət isə təəssüf ki sənin kimilərini fərdi şəkildə islah edə bilmir. Normal bir cəmiyyətdə gərək ki hər bir fərd özü-özünü islah etsin.
Birtəhər Məstəlini sakitləşdirdik. Qəflətən Məstəli yaxamdan tutub düz gözlərimin içinə baxa-baxa dedi:
-Bax belə cahillərin məmləkəti olan yerdə durma. Çıx get burdan, heyifsən! Əgər getməsən bu zəka ilə davam etsən ya mənim kimi dəli olacaqsan ya da zəka və ziya çırağını əllərinlə söndürüb çay axınında axıb ömrünün bitməsini gözləyəcək müti, bir parça çörək üçün başqalarının qarşısında acizləşən, hisslərini, istedadını, qabiliyyətini qurban verən birisi olacaqsan! Get burdan, uzaqlaş. Kaş mən indi gənc olaydım... ilk dəfə onun gözlərinin içində həqiqəti bir film kimi gördüm. İlk dəfə gözün içində insanı, insan həyatını, faciələri, yaşananları, keçmişi gördüm. Bircə gələcəyi görə bilmədim...
Əfsus ki mən ,,ustadımın " sözlərinə əməl etmədim. Məstəli demişkən ziya və zəka işığını əlllərimlə söndürərək dünya adlı dəyirmanda dən olaraq zərrə-zərrə üyünməyə başladım. Yavaş-yavaş illərin axarında öyrəndiklərimi də itirdim, elə Məstəlini itirdiyim kimi.
Mən təhsilimi qiyabi seçdim. Həm əsgər olmaq istədiyim üçün, həm də onsuz da maddi durumu yaxşı olmayan ailəmizə yük olmamaq üçün. Birinci kursu bitirdikdən sonra əsgərliyə yollandım. Getmədən öncə Məstəli ilə də sağollaşmaq istədim. Yurdsuz- yuvasız səfil dahinin gündüzlər bəlli bir ,,məkanı" var idi. İsti iyul günəşi adamın dərisini iynə kimi deşirdi. Salam verdim. Salamımı alıb sınayıcı nəzərlərlə üzümə baxırdı. -Səninlə sağollaşmağa gəlmişəm,-dedim.
Üzündə bir təbəssüm oyandı.
-Rusiya, Türkiyə? Hansında oxumağa gedirsən?
- Əsgərliyə. Burda ADPU ya qiyabi qəbul olmuşam. İndi də hərbi xidmətə çağırırlar. Vətən keşiyində durmağa gedirəm .
Üzündəki təbəssümü qəzəb bürümüşdü. Əsəbləşdiyi bəlli idi. Əlləri titrəyirdi. Dili yenə də topuq vurmağa başlamışdı. Sözləri qıra-qıra, hecalaya-hecalaya söyləyirdi. Əvvəl-əvvəl yalnız qırıq-qırıq ,,gg-eet, bu-bu- r-dan!" deyirdi. Bir xeyli kəkələyəndən sonra qəfil sərbəst şəkildə:
-Get burdan! Sən mənim görmək istədiyim adam olmadın, heyif! Əsgər...Vətən keşiyi... Satqınlar məmləkətinin ideoloji cəhətdən başı doldurulmuş sıravi vətəndaşı! Mən səni ali insan kimi görmək istəyirdim, sən isə adi yolu tutdun. Daxilindəki yüksək potensialı sentimentallığa dəyişdin. Get! Bir-neçə addım atandan sonra nə fikirləşirsən geri dönüb dedi:
Varlıq olaraq ruhunu və cismini vəhdətə tut. Yəni deməyim odur ki, sən axı maddi baxımdan cisimsən. Bir cisim olaraq mexaniki və daxili enerjini birləşdir. Heç olmasa indi dediklərimdən nəticə çıxar! Bəlkə də sən xidmətdən dönəndə mən olmayacam. Amma sənin adam olmağın üçün dediklərimi unutma! Sağollaşmadan sürətlə oradan uzaqlaşdı. Mən isə heykəl kimi yerimdə donub qalmışdım.
Əsgərlik mövzusu əsgər həyatı yaşamış kimliyindən asılı olmayaraq hər kəsin ömür boyu yaşından və zamanından asılı olmayaraq hər zaman danışa biləcəyi tükənməz bir mövzudur.
Əsgərlik illərindən unuda bilməyəcəyim çoxşaxəli, geniş ,,mövzular" var. Hələ indiyə qədər analoqu olmayan bir ,,maddə " ilə -sən niyə oxumusan, niyə savadlısan?-döyülməyim, sıravi əsgərləri heç bir günahları olmadığı halda belə nə üçün döymürsən deyə ,,hörmətli çavuş yoldaşlarımın və vurub-yıxan oğlanların" məndən üz döndərməsi, toplum halında məni döyməkləri, tək-tək mənim onları döyməyim, bəzilərindən isə heyfimi çıxa bilməməyim, gözümün üstündən yaş odun parçası ilə vurulmağım və bu zədədən alınmla üzümün yanından yeni bir,, baş" yaranması, xəstəxanada təzyiqlərə baxmayaraq heç kimi satmamağım, israrla yıxılmışam deyib nəhayət onları dizdən aşağı sümüyümdə böyük və dərin bir yaranın ( bu yara da şaxtalı havada sümüyümə dəyən əsgər çəkməsi nəticəsində ətin qopmağı səbəbindən yaranmışdı)olması səbəbiylə birtəhər inandırmağım və s və i.kimi mövzular. Amma burada fərqli bir mövzunu qısaca xatlraladacağam.
Ümumiyyətlə hərbidə hər kəsin sözün əsl mənasında qorxduğu bir şöbə var- Xüsusi şöbə(buna xalq arasında osob.otdel deyilirdi)
Mənim isə Tovuz rayonunun o zamankı xüsusi şöbəsinin rəisi olan Vahid müəllimlə çox yaxşı dostluq münasibətim vardı. Məndən yaşca böyük olan kapitanla dostluğumuz isə elmdən başladı. Vahid müəllim ixtisasca tarixçi imiş. Bir dəfə bizim batareyaya gələndə komandirim Qurbanov bizi tanış etdi. Komandirim mənim tarixi bilgilərimin ,,xəstəsi" idi. Vahid müəllim gözəl danışırdı. Tarixi hadisələri ardıcıllıqla bağlaya-bağlaya gözəl söhbət edirdi. Lakin bir yerdə yanlışlığa yol verdi və bu bir yer mənim Süleymandan öyrəndiyim, fərqli yanaşma əsasında əldə etdiyim gerçəyi qeyri-ixtiyari söyləməyimə səbəb oldu. Müəllim əvvəl duruxdu, sonra isə mənə tarixçi olduğunu söylədi. Mən də ustadımın dediyi kimi sözümdən dönməyərək haqlı olduğumu bildirdim, hətta dediklərimin isbatı olaraq oxuduğum mənbədən səhifəni və abzası da müəllimə söylədim. Masa ətrafındakıların hamısı gərilmişdi. Adi bir əsgər böyük bir hərbi hissənin Xüsusi Şöbəsinin rəisinin qarşısında çəkinməyərək haqlı olduğunu dilə gətirirdi. Vahid müəllim, sağollaşıb getdi, amma... səhəri gün axşama doğru yenə gəldi. Hamı fövqəladə nəyinsə baş verəcəyini gözlədi. Sıraya düzülmüşdük. Vahid müəllim sıra baxışı keçirirmiş kimi gəzişə-gəzişə gəlib düz mənimlə üzbəüz durdu və - bir addım irəli! - deyə əmr verdi. Bir addım önə çıxıb məruzə etdim. Ciddi görkəmdə mənə yaxınlaşıb salam üçün əl uzatdı.
-Təbrik edirəm! Heyif ki tarixi ixtisas olaraq seçməmisən. Qayıdandan sonra ixtisasını tarixə dəyiş. Sən çox savadlı tarixçi ola bilərsən. Mən isə yenə də deyilənə əməl etmədim. Səbəbi yenə də maddiyyat idi. Hərbi xidmətdən qayıtdıqdan 3-4 gün sonra işə başladım. İş deyəndə ki , konkret işim yox idi. Tay-tuşlarımdan, ildə iki dəfə görüşdüyüm tələbə yoldaşlarımdan
geri qalmamaq, onların yanında utanmamaq üçün nə olur-olsun işləməliydim. Mənim karyera qurmağa, iş seçimi etməyə zamanım yox idi. Artıq bir aydan çox idi ki işləyirdim. Səhəri gün işə getməyəcəyimi, gedib ustadımı tapacağımı planlaşdırmışdım. Həmişəki yerə çatdım. Bir neçə bomj bir yerə toplaşıb çaxır içirdilər. Birini üzdən tanıyırdım. Yaxınlaşıb Məstəlini soruşdum. Lakonik olaraq
-Öldü. Öldürdülər- dedi
Elə bil burulğana düşmüşdüm. Başım möhkəm fırlanır, gözlərim qaralırdı. Axı onu öldürmək kimə lazım idi?! Özümə gələndən sonra heç olmasa harada dəfn olunduğunu soruşdum
-Kimsəsizlər qəbristanlığında dəfn olunub deyirlər, amma məzar daşı da yoxdur. Bir sözlə , axtarma. O, yoxluğa qovuşdu. Mənə bax, onun ,,budka Səfərə" 3500 manat çaxır borcu qalmışdı. Elə bil öləcəyini hiss edirmiş. Dedi siz də şahid olun, Səfərə borcum var. Ölsəm düzəldib verin.
Sokrat yadıma düşdü. O da bu balaca şəhərin Sokratı idi, amma bura Qədim Yunanıstan deyildi...
Səfərin borcunu ödədim. Səfər də dinməzcə mat-mat mənə baxaraq ,, Dəli Məstəlinin" adını nisyə dəftərindən sildi. O gün Səfərin üzümə zillənmiş mat baxışlarında da görəcəklərimi gördüm.
Zaman sürətlə keçirdi. Mən isə iti çay kimi axıb keçən zaman içində ,,üzürdüm". Ömrümün ən gözəl, məhsuldar illərini gah mebel dükanında, gah yanacaq doldurma mərkəzində, gah da tikinti şirkətlərində keçirə-keçirə, gəncliyimi itirə-itirə gəlib indi işlədiyim firmaya çıxdım. Bu iş yerim indiyədək işlədiyim yerlərdən ən gözəli, ən mədəni və savadlı, peşəkar komandası olan bir məkandır.
Oyan ey, qafil! Nə yatmısan! Hər il mənim ölüm günümü bircə sən anardın. Ruhumla həmsöhbət olardın. Amma bu dəfə unutdun. Başın nəfsinə qarışıb. Daha ,, Dəli Məstəlini" yada salmadın. Sən məni bu gün unutdun, ancaq mən səni unutmadım! Bu dəfə də mən səni xatırladım və çalışıram ki sənə sonuncu dəfə nə isə xatırladım. Bu sonuncudur. Mən sənə ali yolu göstərdiyim halda sən adiliyi seçdin. Mən sənə məsləhət gördüm, gözünü açmağa çalışdım, sən görməzdən gəldin. Mən sənə- irəli!- dedim , sən geriyə addım atdın. Mən sənə- ruhunun və cisminin vəhdət halını dedim, sən nəfsini önə çəkdin, özünü məhv etdin. Oyan!-deyib üzümə möhkəm bir sillə vurdu. Zərbənin,,təsirindən" hövlank qalxıb oturdum. Gördüklərim yuxu imiş. Qan-tər içində idim. Amma daha yata bilmədim. Saata baxdım , 03: 27- ni göstərirdi. Qalxıb ilıq bir duş qəbul etdim. Tamamilə ayılmışdım. Özümü birtəhər hiss edirdim. Sanki , nəsə deməyə çalışırdım, amma deyə bilmirdim. Daxilimdə qəribə hisslər baş qaldırmışdı. Dil açmağa çalışan ,,ağzı sözlə dolu körpə kimi" idim. Nə etməli olduğumu bilmirdim. İşdə də bu ,,halımdan " ayrıla bilmədim. Qeyri-ixtiyari iş masamın üzərindəki qələmi və qeyd dəftərini götürüb bir küncə çəkildim. Həzin bir piano nəğməsi çalınırdı. Musiqi sədaları altında ağappaq vərəqi əyri-üyrü xəttimlə doldurmağa başladım. Həyatda öyrənmək heç zaman gec olmadığı kimi başlamaq da gec deyil. Doğrudur hər şey zamanında gözəldir. Ancaq bəzən istisnalar da olur. Məhdud çərçivədə də olsa indi yaradıcılıqla məşğul oluram. Yaxşı bir qələm əhli olub-olmamağım əlbəttə mənim çalışqanlığımdan asılıdır. Çalışıram ki yaxşı olsun. Artıq bu dəfə geri addım atmaq niyyətim yoxdur. O gecə ,,Dəli Məstəlinin” ruhu məni ayıltdı. Mərhum sonuncu ,,xəbərdarlığını" məhz mənə yuxuda etmiş oldu. Amma bu günə qədər hər kəsdən saxladığım bir sirrimi burda əslində məni tanıyanlara da, tanımayanlara da açmış oldum. On doqquz ildir ki mən hər ili,,Dəli Məstəlinin" ölüm günün özlüyümdə xatırlayıram. Bircə bu il onu unutmuşdum, amma ,, ustadım" məni unutmayıbmış...