Pərviz Cəbrayıl: "Çünki mətn deyil, qanlı müharibədir"
Edebiyyat.az saytının növbəti müsahibi tanınmış yazıçı Pərviz Cəbrayıldır.
- Sizcə yad dildə danışmağımız bizi bir-birimizə yadlaşdırır?
- Yox, biz yad dildə danışıb bir-birimizə yadlaşmırıq. Əksinə, o qədər yadlaşmışıq ki, artıq hamı bir-biriylə yad dildə danışır, ona görə də bir-birini anlamır. Hətta istər abstrakt, istər real qəbul edək, sözün birbaşa mənasında tanrıyla da bir-birimizlə yad dildə danışırıq. Tanrıya allah deyirik, anladığımız da bircə bu kəlmədir elə, qalanları yad dildədir.
- Xalq bir-birinə inanmır. Qurtuluşu daxildə deyil, xaricdə görür. Niyə biz bir-birimizə inanmamaqda belə israr edirik?
- Qurtuluşla bağlı faciə təkcə bizdə deyil, dünyanın qurtuluşa təşnə olan istənilən yerində, məhz bu məqamda - onu kənardan gözləməyimizdədir. İllah da bu gün qan çanağına dönmüş müsəlman ölkələrini götürək, baxaq. Həmin məqamın faciəsi yaşanır. Xalqın, cəmiyyətin inamı kökündən sarsıdılanda, yəni daxildə, öz gücünə qurtuluş inamı qırılanda, məhv ediləndə, mədəd artıq kənardan umulmağa başlayır. İnsan dərk edir ki, əlim-qolum bağlanıb, mən heç nəyə qadir deyiləm. Demək, kimsə kənardan barmaq etməlidir. Dinlər də bu yolla yaranmayıbmı? Yerdə heç bir çarə qalmayanda hansısa kənar qüvvələrə bel bağlamalı, inanmalı olursan. Bu da kənar qüvvələrə sərf edir. Yerli inamqıranlar inamı daxildə qırmaqla yaxşı bir iş gördüklərini düşünürlər, ancaq anlamırlar ki, onlar kənar qüvvələrin müdaxiləsi üçün münbit zəmin hazırlayırlar. Yenə deyirəm, XX əsrin əvvəlindən bu yana, günümüzə qədər müsəlman ölkələrinin tarixinə nəzər salanda bunu aydın görürük. Səddam, Qəzzafi, Salehi, Mübarək... Ümidi, inamı qırılan xalq o dərəcəyə çatır ki, hətta kafirin müdaxiləsinə loyal baxır, sonra da faciə pik nöqtəsinə çatır, təkcə fərdin deyil, ölkənin də azadlığı əldən gedir. Xalq bir də sıfırdan başlamalı olur, əvvəlcə ölkəsinin qurtuluşuna çalışır, qurbanlar verir, sonra növbə özünə çatanda məlum olur ki, o, yenə unudulub...
- Bu cavabınız mənə sizin əsərdən belə bir frazanı yada saldı. “Biz inanmırıq, biz bilirik”. Xalq onda hər şeyi bilir, amma ki?..
- Hə, əlbəttə, xalq bilir, bilməyəndə də tarixi fəhmiylə duyur. Az əvvəl dediyim də onun bildiyidir, bilir ki, burda nəfəslik belə qalmayıb. Sonra ciyərini az da olsa oksigenlə təmin etmək ümidiylə üzünü ya göyə tutur, ya Qərbə. İndi fikir versək, görərik ki, azərbaycanlıların üzü ya göyədi, ya dediyim yönə. Ya Allah, ya Con. Mən hər ikisindən də qorxuram...
- Əhməd Ağaoğlu Fransada təhsilini başa vurandan sonra müəllimin israrına rəğmən, öz ölkəsinə qayıdıb. Almas İldırım illərlə qürbətdə olsa da, vətən həsrəti ilə yaşayıb. Eləcə də Məmmədhüseyn Şəhriyar. İndi isə insanlar öz istəkləri ilə ölkəni tərk edirlər. Vətəndən küsürlər. Vətənə yadlaşırlar. Bu barədə nə düşünürsünüz?
- Bu haqda bir neçə yazım olub. Həyat insana bir dəfə verilir. O həyatda da yaxşı yaşamaq hər kəsin ən təbii haqqıdır. Gedənlərə heç nə demək olmaz. Hətta Salam Sarvanın bir fikrini həmişə təkrarlayıram özüm üçün. Deyir ki, bu ölkədən getmək imkanı olub, getməyən hər kəs cinayətkardır. Onun bu fikrinə qatılıram. Ancaq hər dəfə də cinayətkar olmağı üstün tuturam. O özü də cinayətkardır elə. Biz də belə dəliyik. Hələ ki, cinayətimə görə cəzamı çəkirəm. Görək hara qədər sürəcək.
- Yəni deyirsiniz ki, heç bir ümid işığı yoxdur?
- İndi ən böyük ümid işığı ümidsizlikdən doğur və ümidsizlik dərinləşdikcə, ümid də artacaq. Başqa heç bir ümid qalmayıb. Məsələ də ondadır ki, ümidsizlik hər gün bir az da artır...
- Sartr deyir ki, insan azadlığa məhkumdur. Murakami isə söyləyir ki, azadlıq illüziyadır. Mən isə düşünürəm ki, azadlıq nailiyyətdir. Azadlığı məhkumiyyətdən və illuziyadan azad etmək üçün nə etməliyik?
- Mən bu üç fikri belə ifadə edərdim: İnsanın illüziya olan azadlığa məhkumluğu nailiyyətdir. Azadlığın özünü də nədənsə azad etmək fikri də mənim sintezimin doğruluğuna dəlalət edir deyəsən...
də mənim sintezimin doğruluğuna dəlalət edir deyəsən...
- Sartrının “insan azadlığa məhkumdur” fikrini mən qəbul etmirəm. Azadlıq nailiyyət deyilmi? Mübarizə aparıb azadlıq qazanırıq.
- Hə, mübarizə aparıb azadlıq qazanırıq. Ancaq qazandığımız nailiyyət illüziyadır. Mən də belə düşünürəm. Mənim mütləqə yaxın hesab etdiyim tək azadlıq işğalda olan torpağın azad edilməsidir. Həbsdən azad olmaqdır. İşdən azad edilməkdir. Baxır sən azadlığı necə qəbul edir, onun nə olduğunu necə təsəvvür edirsən. Mütləq azadlıq yoxdur. Ölümdən başqa. Dünyadan azad olursan, vəssalam. Hətta azadlıq deyilən şeyin özündən də.
- Nitsşe deyir ki, Tanrı öldü və onu mən öldürdüm. “Yad dildə” əsərində də sanki Tanrı insanlardan ayrı düşüb. İnsanlar onu nə qədər səsləsə də, o gəlib çıxmır. Deyə bilərik ki, siz də bu əsərlə Tanrını öldürmüsünüz?
- Yox, əksinə, “Yad dildə” romanında Tanrı var, öz ayağıyla gəlib, heç bir işə qarışmır, elə tenqriçilikdə olduğu kimi. Bir fotoqraf surətində. Yəni heç nəyə qarışmayan, eləcə müşahidə edən. Sadəcə, o, içlərində, aralarında ola-ola insanlar onu görmür, tapa bilmir, görsələr də bir-birini başa düşmürlər. Biri onu öldürmək üçün axtarır, biri başqa şey üçün. Onun ölümü məsələsini isə yeni, qarabəxt “Məryəm surəsi” romanımda qoymuşam. İşdi-şayəd, çap edilsə, oxuyanlar görəcək.
- Toxun acdan xəbəri olmaz deyərlər. Siz isə bir müsahibənizdə qeyd edirsiniz ki, ədəbiyyatı toxlar deyil, aclar yaradır. Amma biz görürük son zamanlar toxlar acları yeməyə başlayıb. Sizcə toxlar nə zaman doyacaq?
- “Ədəbiyyatı toxlar deyil, aclar yaradır” fikrini nə vaxt demişəm, xatırlamıram, ancaq maraqlıdır ki, elə bu gün bu mövzuyla bağlı yazı yazmışam, redaktə edib göndərəcəyəm “Ayna”ya. Məsələ ondadır ki, doğru demişəm, ama belə olmalıdırmı? Bax, bu ayrı məsələdir, yazıda da bu haqda danışmışam, niyəsini izah etməyə çalışmışam. Toxların acları yemək məsələsinə qalanda isə... Acın yeməyə heç nəyi yoxdur, tox isə hər şeyi yeyib, hər şeydən bezib, indi də basıb acı yeyir. Bunu zarafat kimi də qəbul etmək olar, ancaq belədir. İnsanın qarnı müvəqqəti doya bilər, gözünün doyması isə, xislətinə yaddır. Heç vaxt doymayacaq o toxlar.
- “Yad dildə” əsərində oxucu Polkovnik və Çenin qarşıdurmasına şahidlik edir. Əsərin əvvəlində verilmiş quduz it misalı elə əsərin sonunu əvvəlcədən müəyyənləşdirir. Sizcə, Polkovnik Çeyə dönüşür, yoxsa Çe Polkovnikə?
- Əslində, Çe Polkovnikin quduzluğunun simptomudur. Sırf tibbi-texniki tərəfdən baxanda, belədir. Bizim Polkovnikin əsil Çeyə dönməsi mümkün deyil, ancaq tarix göstərir ki, çelər zaman-zaman polkovniklərə çevrilə bilirlər. Polkovnik-Çe xəttində bir neçə informasiya-məna qatı var. Şəxsiyyətin haçalanması, kimsənin yenə bilmədiyi özünə qarşı şiddətli savaş, özünü taxtdan salmaq üçün aparılan mübarizənin başına keçmək, oyunbazlıq və nəhayət Çeni öz reallığımızda təsvir etmək.
Ruhun bədəndən əvvəl ölməsi dəhşətlidir. Deyərdim ki, yazıçı özü bədən, ədəbiyyat isə ruhdur. Yazıçı yaratdığı əsəriylə öz ruhunu təmsil edir. Fahişələr bədənlərini satırlar. Yazıçılar isə əksinə ruhlarını. Sizcə bir yazıçı öz ruhunu bu ruhları çoxdan satılmış yaşayan ölülərdən necə qoruya bilər?
- Azərbaycan yazıçısı dünyaya məğlub şəkildə doğulur. Bir ömür boyu da məğlubiyyətdən yaxasını qurtarmaq üçün yaşayır, çabalayır, savaşır və yekunda baxırsan ki, bütün ömür elə bu savaşa həsr olunub, ədəbiyyata yox. Bu ölkədə doğuldunsa, elə bil ədəbiyyat kəfənini əyninə geyindin. O adamlardan can qurtarmağın yolu isə çox qəlizdir. Əvvəla, bu ölkədə yazıçı olmaq istəyən şəxsin evlənmək, dünyaya uşaq gətirmək haqqı yoxdur. Bu yola ayaq basırsa, elə bil məğlub başladığı oyunda bir qol da buraxmış olur. İkinci bir yol, hansısa xarici dili ana dili qədər mükəmməl öyrənib həmin dilin hakim olduğu bir ölkəyə getməli, o dildə yazıb-yaratmalı, oranın ədəbi mühitinə qarışmalısan. Bu ölkədə əvvəla, heç kim, yəni böyük çoxluq kitab almır, yazıçısının növbəti əsərini yazmasına təkan vermir. Niyə almır? Səbəblər saysız-hesabsız. Bu haqda da dəfələrlə yazmışam, səbəbləri göstərməyə çalışmışam. İndiki səbəblərdən biri də bu: bizdə hər kəs özünü bir yazıçı hesab edir. Sosial şəbəkələrin yaranmasından sonra hardasa buna haqları da çatır, çünki hər gün 5-6 status yazmaqla bu statusu qazanmış olurlar. Necə deyərlər, artıq heç kim heç kimin kitabını oxumur. Hamı yazıçıdır. Hərənin sosial şəbəkədə 20-30 oxucusu var, bu da onlara özünü yazıçı hiss etmək üçün imkan verir. O da yazdığı “əsərindən” para qazanmır, əsil yazıçı da. Arada bir fərq qalmır. Hətta Feysdə hansısa gülməli söz yazanların bizim yazıçıların çoxundan artıq izləyicisi var. Bir statusla bir romanı ifadə edib məsələni bağlayırlar. Kəsəsi, sənin nəzərdə tutduğun xilas mümkün deyil. Bataqlıqdayıq, çabaladıqca da batırıq. Onu da deyim ki, mən özümü qətiyyən pessimist hesab etmirəm, sadəcə ifrat realistəm. Hə, bir də ruhun ələ keçməməsi. Bizdə əsil yazıçı əvvəldə dediyim kimi, ədəbiyyatda ciddi bir uğur qazanmasa da, həyatda ən böyük uğuru elə ruhunu, içini qorumaq olur. Vəssalam. Bunu isə ədəbiyyat antologiyalarına salmaq olmur, çünki mətn deyil, sadəcə qanlı müharibədir.
söhbətləşdi: Nəcəf Əsgərzadə