Edebiyyat.az » Söhbət » Firəngiz Rəhimbəyli ilə müsahibə

Firəngiz Rəhimbəyli ilə müsahibə

Firəngiz Rəhimbəyli ilə müsahibə
Söhbət
admin
Müəllif:
08:02, 18 avqust 2022
2 619
0
Firəngiz Rəhimbəyli ilə müsahibə




- Yəqin ki, bugünkü Azərbaycan estradasının yeniliklərini imkan dairəsində izləyirsiniz. Müşahidələriniz hansı qənaətləri doğurur?

- Çoxlu maraqlı və eyni dərəcədə də maraqsız halları müşahidə edirəm. Dedi-qodular, aravurmalar, bir-birinin ayağının altını qazma halları, bir sözlə çirkin münasibətlər həddindən artıq çoxalıb. Belə yaramaz... Bu, yalnız onu göstərir ki, həmin insanlar öz yaradıcılıqlarına, istedadlarının potensialına inamsızdırlar. Hansı zirvəyə çatırsan çat sən, ilk növbədə, insan olaraq qalmağı bacarmalısan. Əgər buna iqtidarın çatmırsa, davranışında həmkarlarına qarşı etikaya sığmayan hörmətsizliyə, etinasızlığa yol verirsənsə, deməli, sən bir sənətkar olaraq ayaq üstə möhkəm dayanmağı hələ bacarmırsan. Nə yaxşı ki, mən bütün bunlardan uzağam.

- Çox tez-tez belə bir halla qarşılaşırıq ki, erməni ifaçıları xalq və bəstəkar əsərlərimizi ifa edərək onları erməni musiqi mədəniyyəti kimi təqdim edirlər. Los-Anceles ermənilərin sıx məskunlaşdığı məkanlardan biridir. Yəqin ki, orada yaşadığınız illər ərzində siz də belə hallarla ən qabarıq şəkildə qarşılaşmısız?

- Bəli. Bir dəfə səsyazma studiyasına daxil olanda eşitdim ki, kimsə bir Azərbaycan xalq mahnısını yazdırır. Həmin otağa baş çəkib maraqlandım ki, ifaçı kimdir? Dedilər, bir erməni müğənnisidir. Bildirdim ki, onun oxuduğu mahnı birmənalı şəkildə Azərbaycan xalq mahnısıdır. Həmin müğənni bunun cavabında dedi ki, bunu bilir və onu erməniləşdirmək fikri yoxdur. Və əlavə etdi ki, ümumiyyətlə, ermənilər heç vaxt bizim hər hansı sənət nümunəmizi özününküləşdirmək məqsədi güdməyiblər, əgər Azərbaycana məxsus yaradıcılıq təzahürünü təqdim ediblərsə, bu, yalnız o əsəri bəyəndiklərindən irəli gəlib...

- Onlar əsl mövqelərini heç vaxt bildirmirlər...

- Yəqin ki... Hər halda mənim rastıma çıxan ermənilərdən belə izahlar eşitmişəm.

- Los-Ancelesdəki fəaliyyətiniz nədən ibarətdir?

- "Rossiya" restoranında mütəmadi olaraq "Bakı axşamları" təşkil edirəm. Bu axşamlar təkcə Los-Ancelesdə kifayət qədər saya malik azərbaycanlıların, yaxud, ümumiyyətlə, keçmiş bakılıların və eks-sosialist insanlarının deyil, bütün digər millətlərin marağına səbəb olur. Hətta restoranın zalı çox zaman darlıq edir.




Musiqimizi təbliğ etməklə yanaşı restoranın aşpazlarına milli mətbəximizin əvəzolunmaz təamlarını bişirməyi də öyrədirəm... Bakı axşamları çox maraqlı keçir - biz paytaxtımızın tarixinə aid faktları xatırlamaqdan yorulmuruq. Belə söhbətlər xatirələrimizi, təəssüratlarımızı təzələmək imkanı verir. Həmyerlilərimizn toy məclisləri mütləq azərisayaq keçir.

- Sizin "Uorner Brazers" şirkəti ilə əməkdaşlığınız barədə eşitmişik. Nədən ibarətdi bu əməkdaşlıq?

- Qızım oranın daimi əməkdaşlarından biridir. Reklam çarxlarının çəkilməsi studiyasında çalışır. Mən isə onlarla yalnız iki dəfə işbirliyi qurmuşam. Konkret olaraq Amerika filmlərində çəkilmiş rus aktyorlarının ingilis dilindəki tələffüzünün düzgünlüyü ilə bağlı əməkdaşlığımız olub. Bir dəfə də rus festivalının açılış və bağlanış mərasimlərinin aparıcılığını həvalə etmişdilər.

Firəngiz xanımın Bakını tərk etməyinin əsas səbəblərindən biri ailəsi ilə bağlı olub. Belə ki ailəsinin yeganə və həm də ən yaxın üzvləri olan dayısı ilə böyük bacısı uzun illər idi ki, okeanın o tayında yaşayırmışlar.

F.Rəhimbəyli:

- Və mən heç cürə onlardan ayrı yaşamaq istəmirdim. Daha bir səbəb isə qızımla əlaqəlidir. O mənada ki, mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Mükəmməl təhsil, müvafiq iş və yaşayış mühiti insanın öz arzu və planlarını həyata keçirməsindən ötrü zəruri amillərdir. Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə və intensiv şəkildə inkişaf edirdi. Güman edirəm ki, Azərbaycanda qalsaydım, belə də davam edəcəkdi. Amma indi hesab edirəm ki, özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Ona görə bu qənaətdəyəm ki, bir müğənni kimi formadayam, daim öz üzərimdə işləyirəm və ən vacibi vətənimdə unudulmadığımı bilirəm, dəfələrlə bunun şahidi olmuşam, bundan böyük, bundan güclü dayaq ola bilməz. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir gün möhtəşəm bir solo konsertdə onlarla yenidən görüşəcəm...

Mənbə: News.milli.az

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)