Edebiyyat.az » Söhbət » Süleyman Abdulla ilə fəlsəfi söhbət

Süleyman Abdulla ilə fəlsəfi söhbət

Süleyman Abdulla ilə fəlsəfi söhbət
Söhbət
admin
Müəllif:
06:13, 06 noyabr 2024
1 023
0
Süleyman Abdulla ilə fəlsəfi söhbət




 Şeirlərini daim sevərək oxuduğumuz dəyərli şairimiz Süleyman Abdulla müəllimi bir daha doğum günü münasibəti ilə təbrik edirik. Mən Süleyman müəllimin nəsr əsərlərini də böyük zövqlə oxuyuram.  Qərara gəldim ki, Süleyman Abdulladan müsahibə alım. Məncə, çox səmimi alınıb. Mən ürəkdən gələn suallar verdim, o da ürəkdən gələn cavablar verdi.  Söhbətin adı da olsun, “60 ilin söhbəti”. 


60 ilin söhbəti 


Paralel xətlər kəsişmirsə, yolların qovuşmasına ümid varmı?  


Riyazi qanunauyğunluqlar tale məsələsində özünü doğrultmaya bilir.  Qismətdə varsa, paralel yollar kəsişir və üst-üstə düşür. 


Yəni riyazi ehtimallarda qismət yoxdur?


Qismət ya var, ya yoxdur, burada ehtimal nəzəriyyəsi işə yaramır. 


Əgər həyatı əvvəlcə qaralamada qeydlər etmək, sonra üzünü ağ vərəqə köçürərək yaşamaq mümkün olsaydı, dünya necə yer olardı?


Həyat xətaları, səhvləri ilə maraqlıdır. Taleyi əvvəlcə qaralamada yazıb sonra üzünü köçürmək mənasızlaşdırardı insan ömrünü... Bəzən xoşbəxtlik bəyənmədiyimiz nəsnələrin içində gizlənir.


Niyə bəyənmirik, nəyi bəyənmədiyimizi bilirikmi? İnsan bilgidən qorxurmu?


Hər yaşın öz zövqü var, insan yaşlandıqca kamilləşir, çılğınlıq dövründə bəyənmədiklərinin dəyərini sonra anlayır. Elə bir insan yoxdur ki, bu və ya digər səbəbdən itkilərlə üzləşməsin. Vaxt çox amansızdır, səhvləri bağışlamır.


60 illik ömürdə mərhəmət və ədalət dilemması arasında çoxmu qalmısınız?


Mərhəmət xarakterin bir elementidir, yaranışdan olanı dəyişə, əzazilləşə bilməzsən. Əzazil doğulanlar da sonra mərhəmətli ola bilməz. Ədalət bir ömür haqq adına, həqiqət adına öz doğruların naminə mübarizə aparmaqdır. İnsanlar ömrü boyu ədalət axtarışındadır.


Doğuluşdan əzazil ya mərhəmətli doğulmaq nədən aslıdır? Kimin necə doğulacağına Tanrı qərar verir?


Yəqin ki, burada mistikanın, vaxtın, planetlərin düzülüşünün, hətta hava durumunun təsiri var. Mən mövhumata inanmasam da, insanları hansısa kənar bir qüvvənin idarə etdiyinin fərqindəyəm. Bir də hər bir yaradılanın dünyaya bir missiyanı yerinə yetirməyə göndərildiyinə inanıram. Heç kim öz missiyasını yerinə yetirməmiş dünyanı tərk edə bilməz.


Deyirlər ki, elin atdığı daş uzağa gedər, sizə elə gəlmir ki, elin bizim ziyalılara atdığı daş lap yaxınlığa düşür? Daşlar ağırdır, ya ziyalılarımız yüngüldür?


Daşqalaq etmək min illərdir şərqdə mövcud olan bir cəza növüdür. Bir də "bar verən ağaca daş atarlar" kimi bir məsəlimiz var. Hədəf olmaq ağrılı məsələdir, bu sualın cavabını çözmək asan olmasa da cəhalətdən, paxıllıqdan doğan bir anormallıqdır. Ziyalı mərtəbəsinə yüksəlmək hər daşlanana nəsib olmur.



60 ilin dərinliyindən dünya necə görünür? Varlıq, yoxluq məqamı necə görünür?


Dünya həmişə bərbad olub və həmişə ondan narazı olanlarla aşıb-daşıb. Deyəsən, Kamyunun sözüdür, deyir var olmaq ölümə doğru getmək deməkdir, biz hər gün əzizlərinin, dostlarının qətl olunduğunu görən və əlindən heç nə gəlməyən bədbəxt insanlarıq. Adama haqq qazandırmamaq olmur.


60 yaş belə kədərli cümlələrlə başlamamalıdır.


Həyatın öz diqtəsi var, bu yaşa gəlib çıxmağıma özüm məəttəl qalmışam. Bir vaxtlar mənə elə gəlirdi ki, 47 il yaşayacam, niyə 47, onu da bilmirəm... Nə fırtınalardan keçib gəldik buralara, adam geri boylandıqca heyrət edir.


Söhbətləşdi: Nicat Həşimzadə


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)