AZAD QARADƏRƏLİNİN “MORQ ÇİÇƏKLƏRİ” ROMANI ÇAP OLUNUB
Yazıçı Azad Qaradərəlinin “Morq çiçəkləri” romanı “Mücrü” nəşriyyatında çapdan çıxıb. Kitabın tanıtım səhifəsində yazılanlardan:
“Morq çiçəkləri” Azad Qaradərəlinin sayca yeddinci romanıdır. Əsərdə ölü bir cəmiyyətin ölüb getmiş, ruhları küçələrdə dolaşan insanlarından və xəstəxananın morq binasında yaşamağa məhkum edilən, ölümünü gözləyən diri ölülərin – məcburi köçkünlərin ağır və acınacaqlı həyatından bəhs edilir. Həqiqətlə mistikanın qarışdığı əsərdə nəyin həqiqi, nəyin xəyali olduğunu bəzən ayırd etmək olmur. Axırda Morq məhəlləsinin dəlisi morqu yandırır. Ən dəhşətlisi isə odur ki, əsərdə insanların bir çoxu öləndən sonra itə çevrilirlər. Yurd-yuvasız küçə itlərinə… Bu bir yazıçı mesajıdır əslində - yurd-yuvasız insan insanlıqdan çıxır, cisminin də, ruhunun da məkanı olan yurd həsrətiylə dolaşır diyarbadiyar…”
Kitabın redaktoru yazıçının mərhum qələm dostu Fərzuq Seyidbəyli, naşiri Müşfiq Xandır.
Yeni nəşri paytaxtın kitab satış nöqtələrindən əldə etmək olar.