SƏBİRƏ MÜZƏFFƏR - “ƏNƏNƏVİ ÇƏRŞƏNBƏ AXŞAMLARI”
“Çərşənbə axşamları” yenə də özünü unutdurmadı. Ənənəvi müzakirələr AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində öz axarı ilə davam edir. Müzakirənin formatı isə öz funksiyasını qorumaqda israrlıdır.
Bu kəz məclis yazıçı Mənzər Niyarlının 70 illik yubileyi münasibətilə “Seçilmiş əsərləri” üçün qurulmuşdu. “Məclisi-üns”-də AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, f.ü.f.d. Qurban Bayramov, fəl.e.d. Rahid Ulusel, f.e.d. Salidə Şərifova, fil.e.d. Mərziyyə Nəcəfova, f.ü.f.d. Lalə Həsənova, kiçik elmi işçi Hənifə Səlifova, şair Arzu Əsəd iştirak edirdi.
İlkin olaraq söz şöbənin müdiri Tehran Əlişanoğlunun idi. O, Mənzər Niyarlının şəxsiyyəti və yaradıcılığına kiçik rezüme edərək iştirakçıları bir daha agah etdi. Daha sonra hər kəs əsərlə bağlı öz fikirlərini ortalığa qoydu. Oxucu təəssüratları və ədəbi yanaşmalar bir-birini izləməklə müzakirəni hərəkətə gətirirdi. Fikirlər kitab ətrafında dövrə vururdu.
Kitabda mövzuca biri digərindən fərqlənən hekayə, povest və səhnəciklər yer almışdır. Yazıçı hekayələrində həyat materiallarını ustalıqla bədiiliyə köçürməyi bacarıb. Əsərlərin hər birində hadisələrin ahənginin,obrazların canlı,yüksək koloritli təsvirini görmək mümkürdür. Peyzajların poetik mənzərəsi isə əsərlərə əlvanlıq qatırdı. Oxucu düşüncəsi, oxucu yanaşması səslənən fikirlərlə özünü biruzə verirdi. Bəzi fikirlərə görə, əsərdə ailə-məişət problematikası daha qabarıq, gözəçarpan,özünəxas incəlikləri, detalları ilə təsvir edilib. Hadisələrin mərkəzində isə çox zaman “qadın obraz”ları dururdu. Qadınların möhkəmliyi,öz namuslarını hər nə bahasına olur-olsun qorumağı, ailəyə, övladlarına olan qayğısı “Həmin axşam”, Toy Gününün səhəri”, “O ağrılı gün” kimi əsərlərdə obrazların simasında təqdim olunub. Ümumilikdə isə demək olar ki, qadın dünyası hekayələrinin əsas predmetidir. Bəzi əsərlərində isə (“Elə bil çay da susmuşdu”, “O gün qar yağırdı”) keçmiş zamanla və indiki anın qarşıdurması nəzərə çarpır. Hadisələrin təsviri sanki həyat fraqmentlərinə bənzədilib. Reallıq isə hekayələrin fonunda özünü tapıb.
“Hər bir əsər yazıçının yaradıcılıq məhsuludur” fikrini Mənzər Niyarlı yaradıcılığına şamil etsək elə də pis alınmaz. Əlavə olaraq “hekayələrinin dilinin anlaşıqlı və diləyatımlı olması” qeydini vurğulamaq isə iştirakçı nəzərindən heç də yan ötmədi. Hekayələrdə obrazların dilində dialekt və şivələrin işlənmə məqamları isə əsərə bir başqa gözəllik verir, əsərin dilinin axıcılığını təmin edir.
Müzakirənin yekununda səslənən “hansı əsərlərdə Mənzər xanımın obrazını görmək mümkündür?” sualı isə müzakirəni debat formasına çevirdi. Ancaq nəticə etibarilə cavablar eyni bir obrazın (“Toy gününün səhəri”, Aybikə püstə obrazı) üzərində cəmləşdi.
Bütün fikirlər dinlənildikdən sonra Mənzər Niyarlı həm belə müzakirənin təşkilinə həm də 70 yaşının belə bir formada təbrik etdiklərinə görə öz minnətdarlığını bildirdi.