Rövşən Yerfi l Böyük sənət və səs sahibi – Əli Zeynalov
Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları ilə yaddaşlarda qalan istedadlı aktyorlarımızdan biri də 1964-cü ildə xalq artisti fəxri adına layiq görülən Əli Zeynalovdur. O, 4 aprel 1913-cü ildə Salyanda anadan olmuşdur.
Əli Zeynalovun kiçik yaşlarından teatra qarşı böyük sevgisi olub. Sehrinə düşdüyü o böyük sevgi Əlini Pedaqoji texnikumu bitirsə də, işini atıb Teatr texnikumunda (1933) da oxumağa vadar etmişdi.
Anasının və bir çox yaxın adamlarının etirazlarına baxmayaraq taleyini teatra bağlamaq inadından dönməmiş, Teatr texnikumunu qurtardıqdan sonra əsl aşiq kimi bu sənətin bütün çətinliklərinə, ağrı-acılarına tab gətirməyi bacarmışdı. Şəki, Gəncə teatrlarında çəkdiyi əziyyətlər də iradəsini qıra bilməmişdi.
Nəhayət, 1934-cü ildə İrəvan dövlət teatrındakı fəaliyyəti ilə sənət sevinclərini dadmağa başlamışdır. Burada az vaxtda şöhrət qazanan, tamaşaçıların sevimlisinə çevrilən Əli Zeynalov 1945-ci ildə Azərbaycan Milli Dram Teatrına dəvət almışdır. Milli Dram Teatrında çalışdığı otuz il ərzində daim aparıcı rollar oynamışdır. Yerli və xarici dramaturqların əsərlərinin tamaşalarında yaratdığı Elxan (“Od gəlini”), Eyvaz (“1905-ci ildə”), Antoni (“Antoni və Kleopatra”), Fərhad (“Fərhad və Şirin”), Həsənzadə (“Sən həmişə mənimləsən”) və başqa bənzərsiz rolları ilə tamaşaçı rəğbəti qazanmışdır.
Görkəmli aktyor milli kinomuzda qırxa yaxın filmdə çalışıb. Doqquz bədii filmdə müxtəlif xarakterli irili-xırdalı rollar oynayıb. İfadəli səs tembrinə görə iyirmi beş bədii, beş sənədli filmdə ona mətn oxumaq, baş və ikinci dərəcəli rolları səsləndirmək həvalə olunub.
Əli Zeynalov özündən altı il əvvəl, Azərbaycan SSR əməkdar artisti adını (1949) almış aktrisa Mirvari Novruzovanın həyat yoldaşı olmuşdur.
1988-ci ildə - ömrünün 75-ci ilində vəfat etmişdir. O, sənətinə və insanlara olan sevgisini həyatında da, yaradıcılığında da təsdiqləyə bildi.
Həyatı haqqında yazdığı, 1973-cü ildə çap edilən “İki ömrüm olsaydı” adlı kitabı xatirə ədəbiyyatımızda yazılan ən maraqlı və dolğun nümunələrdəndir.