Edebiyyat.az » Təqdimat » Nəcəf Əsgərzadə - Çuğulluğun elmi - nəzəri əsasları

Nəcəf Əsgərzadə - Çuğulluğun elmi - nəzəri əsasları

Nəcəf Əsgərzadə  - Çuğulluğun elmi - nəzəri əsasları
Təqdimat
Nicat Heşimzade
Müəllif:
22:13, 10 mart 2019
1 865
0
Sınmamaq, əyilməmək, əsas hadisə budur. Özünü çirkin əməllərdən qıraqda saxlamaq, mənliyini qorumaq indiki dövrdə olduqca çətin məsələdir. Evdə övladın, arvadın, anan, atan ac qalar və səni hər tərəfdən sıxışdırmağa çalışarlar, üstünə müxtəlif yollarla hücum çəkib, səndən yaltaqlıq, çuğulluq tələb edərlər, səndə ki, öz qürurundan əl çəkməyib hər şeyi öz yolunda qurban verərsən. Hansı nöqtəyə gələr bu vəziyyətə tab gətirmək olar?
İlantək öz dərisini dəyişib yaşamağa çalışan insanlar vaxt keçdikcə öz şəxsiyyətlərini itirməyə, mənliklərini ayaq altına alıb tapdalamağa, hətta özlərini pula satmağa hazır vəziyyətdə dayanırlar. Bu yaranan vəziyyətə insan anidən, birdən-birə düşmür. Getdiyi yerdə qəflətən həyatın atdığı ilgək onun boynuna keçir. Nəfəsi gedib-gələn, boğulmağa başlayan insan canı bahasına əmr edilənləri hərfi-hərfinə yerinə yetirəcəyinə and içir,  təki ilgəyi onun boğazından azad etsinlər. Boynu ilgəkdən çıxan adam yenidən həmin ilgəyin onu boynuna girməməsindən ötrü özünü, şəxsiyyətini, həyatını meydana qoyub tapşırılan işləri qul kimi ömrü boyu həyat keçirir. Bilir ki, artıq ikinci şans olmayacaq. Əgər bir daha səhv etsə boynu yerindən üzüləcək.                                                                                            

Eşitdiyi, gördüyü xəbərləri, məlumatları bir-bir yuxarıya ötürən, öz əməlindən ilk başda vicdan əzabı çəkən, sonradan yavaş-yavaş həyatın yeni ritminə öyrəşən, “belə də olmalıdır” düşünən, “əsas canım çıxmasın, şəxsiyyətim tapdalansa da olar” prinsipiylə yaşayışına davam edən bu tiplər həyatın sındırılmış qrupuna məxsusdur. Sındırılmış insandan qorxmaq lazımdır, çünki sınmış insan ətrafında təmiz, sınmamış insanlar görəndə özünü itirir, hər vəchlə onları öz qurduğu oyunlarına ortaq edir, günaha batırır, müxtəlif priyomlarla sındırmağa çalışır, bir sözlə həyatlarını puç etdirməyə cəhd göstərir.                                                                                                                                                                              
Sınmamaq, əyilməmək, əsas hadisə budur. Özünü çirkin əməllərdən qıraqda saxlamaq, mənliyini qorumaq indiki dövrdə olduqca çətin məsələdir. Evdə övladın, arvadın, anan, atan ac qalar və səni hər tərəfdən sıxışdırmağa çalışarlar, üstünə müxtəlif yollarla hücum çəkib, səndən yaltaqlıq, çuğulluq tələb edərlər, səndə ki, öz qürurundan əl çəkməyib hər şeyi öz yolunda qurban verərsən. Hansı nöqtəyə qədər  bu vəziyyətə tab gətirmək olar? 

“Çuğullar” əsərinin baş obrazı cəmiyyətin sındıra bilmədiyi insanlardan biridir. Toksikologiya şöbəsində işləyən, qurdların arasına təsadüfən quzu kimi düşən, onu yeməyə hazır olan işçilərin meydanında baş çıxarmağa səy göstərən, satılmayan, çuğulluq etməyə müqavimət göstərən, nümunəvi görkəm bağışlayan insanın başına gələnləri yazıçı öz qələmi vasitəsilə oxucularına göstərməyə çalışır. İdarədə işləyənlər arasında kimin ilə əlaqə quracağını, kimə inanacağını bilməyən, Senyoranın, yoxsa Adilənin və ya sürücü Vəlinin tərəfində yer alacağını dəqiqləşdirməyi bacarmayan insanın meydanda tək qaldığını anlaması uzun çəkmir. Burada hərə özünə işləyir. Üzdə bir-birinin üzünə gülüb, arxada bir-birinə torba tikən işçilər idarədə mövqe uğrunda amansız mübarizəyə qoşulurlar. Başda oturmuş müdirin yaratdığı çuğullar zəncirinə yeni gələn işçini də daxil etməyə girişməsi əsərdəki hadisələri daha rəngarəng edir. Müdirin məsləhətlərinə, nəsihətverici əhvalatlarına qulaq asan, çuğulluğun heç də pis şey olmadığını müdir tərəfindən onun beyninə yeridilməsinə qarşı mübarizə aparan yeni işçi idarədə vicdan, düzgünlüq mücəssəməsi kimi çıxış edir. Evlənmək yaşı keçməkdə olan Adilə bişirdiyi ciyər qutablarıyla özünü ona sırımaq cəhdlərinə fikir verməyən, qızın tənəli baxışlarından qaçmağa çalışıb, müdirin tapşırığıyla Senyoraya qoşulan və çuğulluğa qatılmağa məcbur edilən, amma özünü sınmamış kimi göstərən yeni işçi həyatın onun başına hansı oyunları gətirəcəyindən xəbərsiz şəkildə yaşamağa çalışır.                                                                    
Azər Qismət əsərdə tez-tez ta qədimdən başlanğıc götürüb, indiyə qədər gəlib çıxmış çuğulluq paradiqması haqqında geniş bilgilər verir. Xarici ölkələrdə baş verən bəzi hadisələrdən nümunə gətirərək oradakı çuğulluq olayların heç də çuğulluq olmadığını, vətəndaşın öz borcunu yerinə yetirdiyini, onu narahat edən insanları polisin əliylə cəzalandırdığı sübuta yetirir. Bundan başqa xəyanətin başlanğıc nöqtəsini dini mətnlər ilə üzə çıxaran yazıçı əsərində onu bildirmək istəyir ki, hətta İsa Məsihə və digər peyğəmbərlərə də belə xəyanət edilib, onlara şər yaxıblar. Adi insanın hər daim özündən əmin danışması, çuğulların ona xəyanət etməyəcəyini düşünməsi absurd sayılmalıdır.                                                                                                                                                                            
Təbiət qoynuna səyahət edən, rayonda rastlaşdığı insanlardan çuğulluq haqqında müxtəlif əhvalatları dinləyən işçilər bir anlıq etdiyi hərəkətləri, tutduqları yolu sanki sorğuya çəkirlər. Amma rayondan qayıdandan sonra oradakı təbii hallarından əsər-əlamət qalmayan işçilər əməllərinə qaldıqları yerdən davam edirlər. Müdirin otağına gələn işçiləri elə müdirin tapşırığıyla yan otaqdan gizlicə izləyən, çuğulluğun sirlərinə vaqif olan, biraz öncə bir-biriylə cani -  qəlbdən söhbət edən insanların bir dəqiqə içərisində bir-birini müdirə satması adamın boğazını qurudur. Çuğulluğun da növləri var deyən müdir gətirilən xəbərin hansı növdə ona çatdırılmasını təsnifata bölən, məlumatları dəqiqləşdirib dəftərində qeyd edən və bundan böyük zövq duyaraq yeni xəbərləri gözləmə mövqeyinə keçib intizarla gözləyən müdirin idbar görünüşü oxucunu qıcıqlandırır.               
 Əsərdə hər bir obraz həyat tərəfindən sadəcə işdə deyil də, həmçinin həyatda da sındırılmış insanlardır. Onların işdə bir-birinə tikdiyi torbaları, həyat ilmə-ilmə, naxış-naxış onlar üçün toxunur. Senyora əri Cem ilə birgə yaşayır. Cem alışdığımız qafqaz kişilərindən fərqli olaraq incə, qadın xüsusiyyətlərini özündə ehtiva edən bir tipdir. Senyora və Cem qıraqdan xoşbəxt kimi görünsələr də, evliliklərindən heç də məmnun deyillər. Evdə bacı-qardaş kimi yaşayan bu iki insan uşaq sevgisinə həsrətdirlər. Əvvəldə qeyd etdiyimin kimi Adilənin şəxsi həyatında uğursuzluqlar var. Ona bir neçə yerdən gələn elçiləri qabaca, sərt şəkildə yola salan, öz ağ atlı şahzadəsini illər uzunu gözləyən, amma bir türlü həmin talibi tapa bilməyən Adilə həyatın sındırılmış qadın obrazıdır. Sürücü Vəli əvvəllər pula pul deməyən, ucuz, çirkin, insana yaraşmayan işlərdən pul-para qazanaraq dolanan, işlərinin üstü açılandan sonra oradan qovulan, idarəyə şəxsi maşının olmasına görə işə götürülən, çuğulluğa qoşulan, xəbərlərini həqiqətə uydu - uymadı müdirə çatdıran, artıq rəsmən sındırılmışlıq donunu əyninə geyinən bir çuğuldur. Müdir müavini illər boyunca uşağının olması istəyilə alışıb-yanan, fəqət dərdinə əlac tapa bilməyən, çuğulluğa görə allah tərəfindən övlad həsrətiylə cəzalanan, bədbəxtliyə məhkum edilmiş çuğullardan biridir. İndi bu obrazlar içərində gəl , baş çıxart, görüm necə baş çıxarırsan.                                                                                                                                                                     
“Çuğullar” romanı dili ağır, bol məlumatlarla dolub-daşan, çuğulluğun diaqramasını çizən, cəmiyyətdə şəxsiyyətini pula satmamağa hər vəchlə çalışan, vuruşan, zövq alınası, ləzzət duyulası bir bədii əsər nümunəsidir. Əsəri oxuduqca həmin obrazların həyatdakı prototiplərini  yadıma salıb, beynimdə onları analiz edirdim.                                                                                                                                            
“Çuğullar” romanını hamı oxumalıdır. Hətta çuğullar belə oxumalıdır, çünki bu əsər eynən bir güzgü kimi onlara özlərini göstərəcək.
 
                                                                                                                       
                                                                                                   Nəcəf Əsgərzadə 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)