Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ - AZƏR ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN QATAR” HEKAYƏSİNİN İSMARICLARI

AZAD QARADƏRƏLİ - AZƏR ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN QATAR” HEKAYƏSİNİN İSMARICLARI

AZAD QARADƏRƏLİ - AZƏR ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN QATAR” HEKAYƏSİNİN İSMARICLARI
Təqdimat
admin
Müəllif:
17:44, 27 iyun 2020
1 371
0
AZAD QARADƏRƏLİ - AZƏR ABDULLANIN “QƏMƏRLİDƏN KEÇƏN QATAR” HEKAYƏSİNİN İSMARICLARI

 

                   


 

 

           Azər Abdullanın "Qəmərlidən keçən qatar" hekayəsini ürək ağrısı oxudum. Deyim ki, adına Ermənistan deyilən yerdə yaşayan Azərbaycan türklərinin zaman-zaman başına açılan oyunlar, "papaqlarının vurulub başlarından salınması", şərəf və ləyaqətinin alçaldılması erməni faşizminin təkcə Ermənistanı türksüz ölkəyə çevirməsi ilə sonuclanmadı, Qarabağın və ona bitişik ərazilərin də işğalı ilə nəticələnmiş oldu. Rus şovnistləri bizi ermənilərin əli ilə belə susdurmağa çalışırlar. Bu dedikələrim hekayədə (əslində bu, uzun hekayədir) tünd boyalarla verilib. Ağəli adlı gəncin, onun xanımının, körpə qızının qatarda az qala girov götürülməsi, qoca atasının alçaldılması, təhqir olunması hekayənin ən ağır səhifələridir. İş o yerə çatır ki, qatarda türk ailənin yerləşdiyi kupenin qapısını kəsən erməni dığaları onların çölə çıxmasına mane olurlar və nəticədə balaca qızcığaz həm qorxusundan, həm də tualetə gedə bilməməsi səbəbindən yerini isladır.


           Hekayədə üç detal oxucuya mühüm mesajdır: bir, əsərdə təsvir olunan soğan ləklərində (deyim ki, bu mətndə yeganə yerinə düşməyən "soğan zəmisi" ifadəsidir, soğan zəmisi yox, soğan ləkləri olmalıdır) soğanın həmin il bol olması - soğan acılıqdır, 90-cı illər ölkəmiz müstəqil olsa da, çox acılar da yaşadıq; iki, Ağəlinin atasının papağının başından salınması – bu bir Azərbaycan türkü kimi bizim şərəfimizə, namusumuza ruslara arxalanan (işə bax ki, bu hadisələr qatardakı rus sərhədçilərinin gözü qarşısında baş verir) erməni daşnaklarının ləkə vurması, bir milyonacan türkün dədə-baba yurdu Qərbi Azərbaycandan qovulmasına işarədir; üç, qatarda az qala girov götürülən bir türk ailəsinin Ordubadda Azərbaycan hərbçiləri tərəfindən azad edilməsi – zənnimcə, sonuncu ismarıc daha önəmlidir! Biz bu günə qədər dığalara çox güzəştə getdik. İrəvanı, Qərbi Azərbaycanı, sonda Qarabağı!

            Əsərdən çıxan nəticə budur: biz, azərbaycan türkləri mənliyimizi, şərəfimizi, qeyrətimizi qorumaq üçün yarımız belə qırılmağa qalsa, silaha qurşanıb torpaqlarımızı azad etməliyik...

            Onda torpaqlarımızda soğan bolluğundan başqa üzüm, ərik, şəftəli, hülü bolluğu da olar. (Əsərdə hadisələrin cərəyan etdiyi  yerlərdə Azərbaycan türkləri bağ-bağatlarında cənnət yaradaraq, üzüm, şaftalı, ərik kimi əvəzsiz dada malik meyvələr yetişdirirdilər ki, bunlara da yazıda işarələr var.) Bəlkə onda xalqımız üstünə çökmüş bu bişərəf adından, torpaqlarımız isə yağı işğalından xilas olar.

            Azər Abdullanı təbrik edirəm! Yazıçının borcu nədir? Yazmaq. Nəticəni xalq və onun əsgəri çıxartmalıdır. Əlimizdən əsamızı, başımızdan papağımızı alanlarla onların öz dilində danışmağın zamanı çatıb artıq...

            S.A.1. (Söz Ardı.)

            Mən “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” adlı romanımı bitirib çapa təqdim etmişəm. O roman müharibə romanından çox, müharibəyə çağrış romanıdır. Qələm dostumun, tale qardaşımın bu kiçik həcmli, amma dərin mənalı əsərindən də elə o çağrışı duyduğum üçün arxayın oldum. Başımızdan götürülüb atılan papağımızı qaytarıb yerinə qoymağın zamanıdır...

            S.A.2.

            Təsadüfə baxın ki, bu yazı iyunun 26-da qələmə alınıb. Qoy bu da mənim Azərbaycan əsgərinə bir ismarıcım olsun.

 

                                                                                                            26.06.2020

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)