Edebiyyat.az » Təqdimat » Ekonun anti-kitabxanası

Ekonun anti-kitabxanası

Ekonun anti-kitabxanası
Təqdimat
admin
Müəllif:
02:05, 02 fevral 2021
1 142
0
Ekonun anti-kitabxanası




 Üç yüz min kitabdan ibarət kitabxanası olan U.Eko ölümündən sonra bu kitabların vahid kitabxana şəklində ictimai kitabxanaya hədiyyə edilməsini və ya auksionda satılmasını istəyirdi.
“Qızılgülün adı” romanında hadisələr sirli kitabxanada baş verir. Bu kitabxananın strukturu labirint şəklində qurulub və oxucu əsəri oxuduqca qəhrəmanlarla bərabər şüurun labirintlərində var-gəl edir. Eko öz labirintə bənzər şəxsi kitabxanası, yuxarı rəflərə rahatlıqla qalxmaq üçün quraşdırılmış oturacaqlı mexanizmi, 500 il yaşı olan Vergiliyə aid əlyazma ilə onun qonağı olan K.Abdullanı da təəccübləndirmişdi. Romanın sonunda sirli kitabxana alov dilləri arasında məhv olur. Sonralar Eko etiraf edəcək ki, bu epizod onun uşaqlıq fobiyası ilə bağlıdır: “Üç yaşından doqquz yaşına qədər yaşadığım evin üstündə şəhər yanğınsöndürmə briqadasının komandiri yaşayırdı. Çox tez-tez, bəzən həftədə bir neçə dəfə, gecə yarısında yanğın baş verir və sirenalı yanğınsöndürənlər rəislərini oyatmaq üçün gəlirdilər. Pilləkəndəki çəkmələrin səsindən oyanırdım. Ertəsi gün həyat yoldaşı anama faciənin bütün təfərrüatlarını danışırdı. Bütün uşaqlığım yanğın qorxusu ilə keçib”.
Bəs bu cür zəngin kitabxanaya sahib alimin “antikitabxana” ideyası nədən ibarət idi? Yazıçının, həm də semiotika üzrə alimin fikrincə, oxuduğumuz kitablar bir növ bizim kitabxanamızı təşkil edirsə, oxumadığımız bütün kitablar bizim anti-kitabxanamızdır. Oxumadığımız kitablar oxuduqlarımızla müqayisədə daha çoxdur və daha önəmlidir. Oxuduğumuz kitablar eqomuzun tətmin olunma, oxumadığımız kitablar isə yeni tədqiqatlar vasitəsidir. Anti-kitabxana, yəni oxumadığımız kitablar kəmiyyətcə daha böyükdür. İllər keçir, biz yeni-yeni kitablar oxuyur, daha çox biliyə yiyələnirik. Amma oxumadığız kitablarsa, rəflərdən bizə təhdidlə baxıb, başını bulayır. Dünyagörüşümüzün üfüqləri genişləndikcə hələ nə qədər çox kitab oxumalı olduğunumuzu anlayırıq. Bu əslində bilik məsələsidir. Bildiklərimiz və bilmədiklərimiz. Ekonun anti-kitabxana haqqında fikirlərinə əsaslanaraq Nəsib Nikolas Taleb “Qara qu quşu” əsərində anti-bilik nəzəriyyəsini yaradır. Müasir cəmiyyətdə biliyin ieararxik quruluşda yuxarı qalxmağa imkan yaradan bir bəzək əşyası kimi dəyərləndirildiyini qeyd edir.
Hiss orqanlarımızla aldığımız məlumatın təhrif olunduğunu hələ Platon mağara haqqında alleqoriyasında göstərmişdi. O bildirirdi ki, əbədi qanunauyğunluqların mənası olduqca önəmlidir və bunu yalnız uzunmüddətli dərin düşüncələr prosesində qavramaq mümkündür. Biz həyata tutunmaqdansa, öz bildiklərimizə arxalanırıq. Ekonun fikrincə, bir insanın bilik dərəcəsi onun nə bildiyi ilə deyil, şəxsi potensialı ilə ölçülməlidir. Hələ oxumadığımız kitabların çox olduğunu anlamaq şüurumuzun nə qədər geniş üfüqlərə səyahət etmək istəyini göstərir. Sokratın məşhur “Mən bilirəm ki, heç nə bilmirəm” fikrindəki kimi. Oşonun “Maarifçilkidən kənar” əsərində Sokrat və Delfinariya orakulu haqqındakı rəvayətin təsvirində bu ifadə süjetə çevrilir. “Öz korluğunu görməyən ikiqat kordur” C.Bruno. “Biz yalnız heç nə bilmədiyimizi bilə bilərik. Bu ən ali bəşəri müdriklikdir” L.Tolstoy.
O öldükdən sonra həyat yoldaşı Renata Ramqe və övladları onun kitablarını iki hissəyə böldü: yeni nəşr olunanlar və köhnə çap üsulu ilə çap olunanlar. Birincilər mədəniyət mərkəzlərinə paylanılacaq, ikincilər isə Ekonun uzun illər dərs dediyi Boloniya universiteti və Milanın milli kitabxanası arasında bölünəcək.

Hazırladı: Günel Rəcəb
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)