Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİNİN YENİ KİTABI ÇAPDAN ÇIXIB

AZAD QARADƏRƏLİNİN YENİ KİTABI ÇAPDAN ÇIXIB

AZAD QARADƏRƏLİNİN YENİ KİTABI ÇAPDAN ÇIXIB
Təqdimat
admin
Müəllif:
09:44, 25 dekabr 2021
1 366
0
AZAD QARADƏRƏLİNİN YENİ KİTABI ÇAPDAN ÇIXIB


    Yazıçı Azad Qaradərəlinin “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı kitab halında çapdan çıxıb. Əsərin süjeti bir Suriya ermənisi olan doktor Avanes Minasyanın Qarabağda döyüşlərdə olması, həkim kimi çalışması, soydaşlarımıza qarşı qanlı cinayətlərə ortaq olaraq orqan mafiyasının əlində alətə çevrilməsi və bütün bu gördüklərini qələmə aldığı gündəlik əsasında qurulmuşdur. Gündəlikdə döyüşçülərimizin Qarabağdakı uğurlu əməliyyatları, xəyanət nəticəsində erməni ordusunun revanşı, rayonlarımızın, eləcə də Şuşa, Laçın, Qubadlı və Zəngilanın saatbasaat işğalı təsvir edilmişdir. 
    Müəllif İstanbulda bir yayın evində olarkən təsadüfən əlyazması halında olan bu gündəliyin izinə düşür və hər şey də bundan sonra başlayır...
    Fakt, sənəd, tarixi mənbə və ən başlıcası erməni doktorun yazdıqlarına əsaslanan müəllif, bir də öz baxış bucağını burada sərgiləmişdir. Məsələn, əsərdəki həqiqi adlarıyla verilən döyüşçülər – Baloğlan, Filman, yaxud Yaqub kişi (gündəlikdə adı həm də Mehdi kimi keçir) nə qədər realdırsa, Eldar, onun oğlu Yusif, əsirlikdə erməni polkovnikin tənasül alətini kəsən Azərbaycanlı qız, özünü şalı ilə asan ana bir o qədər reala qarışmış irrealdır. 
    Romandakı gündəliyin yazarı, əli qanlı doktor Avanes Minasyan, daşnaksütunun liderlərindən Artaş, fransalı erməni qızı Alita, Qafanın  erməni “axçisi” Seda  həm həyati obrazlardır, həm müəllif təxəyyülünün süzgəcindən keçmişlər.
    Və nəhayət, bu kitabda gedən hekayələr barədə. Romanın müəllifi nə qədər yazıçıdırsa, bir o qədər rayonu, kəndi, ev-eşiyi, məktəbi, kitabxanası dağıdılmış, yandırılmış bir tərəfdir, obrazdır həm də. Ona görə də, o sanki belə bir roman yazacağını fəhmlə duyub, qabaqcadan o qara hekayələri qələmə alıb.
    Qısası, həyatda axtardığınızı deyil, romanın içində axtardığınızı tapmağa çalışın.
    Zəruri qeyd: roman  44 günlük Vətən Müharibəmizdən əvvəl qələmə alınıb. Əsərin redaktoru müəllifin mərhum qələm dostu Fərzuq Seyidbəyli və gənc yazar Nicat Həşimzadə, dizayn ustası Talıb, texniki redaktoru Xanım Aneladır. Kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb. 
    Qeyd edək ki, bu, müəllifin sayca 38-ci kitabıdır.
  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)