Edebiyyat.az » Təqdimat » AZAD QARADƏRƏLİ - MƏRHƏMƏT

AZAD QARADƏRƏLİ - MƏRHƏMƏT

AZAD  QARADƏRƏLİ      -    MƏRHƏMƏT
Təqdimat
Nicat Heşimzade
Müəllif:
00:49, 05 aprel 2019
1 871
0
AZAD QARADƏRƏLİ MƏRHƏMƏT (Pəri Miniatürün “Mərhəmət” əsəri üzərinə gəzişmələr) ...Neçə vaxtdır bilgisayarımın ekranında bir rəsm əsəri var. İri gözlü, üzü nurlu bir insan əlində qayçı... Qayçıların söz doğradığı zamanda o kişi ətəyini kəsir... O böyük kişinin ətəyinin üstündə bir pişik yuxuya qalmış...


            (Pəri Miniatürün “Mərhəmət” əsəri üzərinə gəzişmələr)


            ...Neçə vaxtdır bilgisayarımın ekranında bir rəsm əsəri var. İri gözlü, üzü nurlu bir insan əlində qayçı... Qayçıların söz doğradığı zamanda o kişi ətəyini kəsir... O böyük kişinin ətəyinin üstündə bir pişik yuxuya qalmış...


            ...Babam danışırdı ki, müharibə vaxtı qadınların hamısı dul kimiydilər. Kiminin əri ölmüşdü müharibədə, kiminin əri itkin düşmüşdü, kiminin də əri hələ döyüşürdü. Yəni ki, kəndim bütün qadınları dul misallıydı. Zaman da ağır. Kolxozun sədri əmr verirdi ki, biçilən taxıl dərzləri daşınıb kənddəki xırmana tökülməlidir!

            Bu dul qadınlar o dərzləri kürəklərində daşıyırdılar. Bəzən gecədən keçənə qədər işləyir, yorulur, elə taxıl zəmisində dərzlərin arasında yuxuya qalardılar. Neçəsinin üstünü açılan gördüm, örtdüm, neçəsini heyi kəsilən gördüm şələsini dalından aldım... İnsafımı itirmədim, mərhəmətimi əsirgəmədim...

            Mərhəmət...

            Ey böyük nemət, sən haradasan neçə vaxtdır?

            Niyə bizlərdən uzaq düşmüsən?

            Paltarlıları soyundurub aləmə car edirlər, səsin çıxmır. 

            Böyük insanları kiçildib, kiçikləri böyüdürlər, susursan.

            Yaltaqlar iş başında, mərdlər məngənədə, səndən xəbər yox.

            Plagiat yazanlar, söz oğurlayanlar, sözün anasını ağladanlar ali mükafat alır, sözün xətrinə xəstə yatanlar ayılmır o xəstəlikdən. Sən heç dərman da göndərmirsən.

            Ətəyi üstə yatan pişiyə görə ətəyini kəsən kişinin adından indi baş kəsirlər, baş!

            Sən isə yenə susursan!

            Alkoqol haramdır deyənlər ağ ölümü halal kimi ölkələrə, qitələrə səxavətlə göndərirlər.

            İndi taxıl, pambıq, üzüm əvəzinə çətənə əkirlər – sən yenə susursan, ay Mərhəmət!

            Ya çıx meydana, birdəfəlik zəifliyini, qorxaqlığını boynuna al, biz də işimizi bilək, başımızın çarəsin qılaq, ya da öl, öldüyün yerdə, qəbrini götürək, bir qara mərmərdən baş daşı da tikək üstündə. 

            Ya da soyun əynindəki o yalan libasını, səni görüb camaat ümid bəsləməsin – ümid daha qarın doyuzdurmur, ay Mərhəmət!

            Qısası, neçə illərdir Həqiqət quyuda, yalan da onun libasında at oynadır, bilirik.

            Bəs səni kim soyundurub, Mərhəmət?!

            Sadəcə nişan ver, göstər özünü. Lap lüt də olsan.

            Bir gün onsuz da hamımız soyunacağıq.

                                                                                    

                                                                                   03.04.2019

            

            

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)