Kənan Hacı - Ömrünü söz üçün yandıran adam
Unudulmaz Natiq Səfərovun ruhuna ehtiramla
Sözü, bədii mətni iliklərinəcən hiss edən, ədəbiyyatın daxili mexanizminə dərindən bələd olan adamlar Tanrının seçilmiş bəndələridir və onların sayı bütün zamanlarda barmaqla sayılacaq qədər az olur. Bu qəbil insanlar ədəbiyyata yön verməyi, ədəbi prosesi istiqamətləndirməyi bacarırlar. Natiq Səfərov məhz belə insanlardan idi. Onun sözüylə hesablaşırdılar, onun zövqü müzakirəolunmaz idi. Nəsildaşları üçün onun fikri mühüm idi, hansısa əsər haqda müsbət fikir deyirdisə, demək, o əsər artıq ədəbi həyata vəsiqə almış hesab edilə bilərdi. Son dərəcə dərin ədəbi duyuma malik insan idi.
Natiq Səfərovun tərcümə sənətində böyük xidmətləri var. Oljas Süleymenovun bütün dünyaya səs salmış “Az i Ya” əsəri məhz onun peşəkar tərcüməsində Azərbaycan oxucusuna yetişdi. 90-cı illərdə dünya ədəbiyyatının incilərinə əlimiz çatmırdı, internetsiz bir zamanda yaşayırdıq və o əsərlər yalnız başqa ölkələrdən gətirilə bilərdi ki, bu da əksər hallarda mümkünsüz idi. Mən xatırlayıram, həmin o 90-cı illərin ortalarında “Xəzər” dərgisində Folknerin iki hekayəsi dərc olunmuşdu. “Yanğın” və “Qırmızı yarpaqlar”. Folkner yaradıcılığı ilə ilk dəfə bu hekayələr vasitəsilə tanış olmuşam. Markesin "İsabel Makondada yağışa baxır", "Baltasarın həyatında unudulmaz gün", "Dünyanın ən gözəl ölüsü” hekayələrini də həmin jurnaldan Natiq Səfərovun bənzərsiz, mükəmməl tərcüməsində oxuyub sevmişəm. Bu günün özündə də mənim üçün Markesin ən gözəl hekayələri məhz bu üç şedevrdir.
Natiq Səfərov tərcümə sənətinin əsas prinsiplərini bilirdi, sözün məsuliyyətini dərk edirdi, tərcümə etdiyi mətni bütün hüceyrələrinə qədər hiss edirdi. Fenomenal şəxsiyyət idi. Bugünkü tərcüməçilər bolluğunda məhz Natiq Səfərov peşəkarlığına böyük ehtiyac var. Təbii ki, o, rus dilini mükəmməl səviyyədə bilirdi, amma bundan daha vacibi onun öz doğma dilimizə olan sonsuz sevgisi idi. Dilimizin məna çalarlarını, harmoniyasını canıyla, qanıyla hiss edirdi və bu sevgi onun tərcümələrində də aşkar şəkildə görünür.
Natiq Səfərovla ara-sıra Tərcümə Mərkəzində rastlaşırdım. Zahirən qapalı, eyni zamanda zəhmli insan təsiri bağışlayırdı, onun haqqında danışılanlardan bilirdik ki, ədəbi mətnə qarşı son dərəcə güzəştsiz, prinspial adamdır. Bir az da ondan çəkinirdik, onun yanında ehtiyatla, astadan danışırdıq. Onunla ünsiyyət zamanı böyük ədəbiyyatın havası adamı vururdu. Sanki bir neçə dəqiqəlik maddi dünyanın çərçivələrini aşıb mistik, sehrli bir aləmə düşürdün... Sözün cazibəsi səni alıb çox uzaqlara aparırdı. İçində qəribə bir rahatlıq və xoşbəxtlik hissi yaranırdı. Sanki uzaq bildiyin ulduzlar sənin ətrafında sayrışır, onlara əlçatacaq qədər yaxınsan. O hisləri sözlə ifadə etmək çox çətindir. O hisləri yalnız sözlə nəfəs alan, ədəbiyyata aşiq olan, onu özünün vətəni bilən adamlar anlaya bilər.
Onun ölüm xəbərini alanda redaksiyada oturub Markeslə bağlı yazı hazırlayırdım. Tofiq Abdin zəng vurub dedi ki, bilirsən nə olub? Həyəcan içimi bürüdü, ehtiyatla soruşdum ki, abi (biz ona abi deyə müraciət edirdik), nə olub? Dedi ki, Natiq Səfərov yanıb. Məhz belə dedi: Natiq Səfərov yanıb...
Əlbəttə, o anda nə baş verdiyini anlaya bilmədim. Hadisənin təfərrüatını biləndən sonra öyrəndik ki, xəstəxanadadır. Ümid edirdik ki, sağalacaq. Düşünürdük ki, yarası yüngüldür. Amma... Natiq Səfərov özünü sözün bütün mənalarında yandırıb kül elədi... Əsl Ədəbiyyatın yolunda, Müqəddəs Sözün uğrunda ömrünü misqal-misqal əritdi...
Onun yoxluğu həmişə məndə dərin təəssüf və acı bir nisgil doğurub. Mənə ədəbiyyatı, Folkneri, Markesi, Platonovu, Şukşini sevdirən adamlardan biri idi Natiq Səfərov...
Hər zaman yeri görünəcək. Bugünkü ədəbi bozluqda suların durulması üçün, xas sözün, həqiqi ədəbiyyatın yaşaması üçün məhz Natiq Səfərov kimi fədailərə ehtiyac var. Ədəbiyyatımızda Natiq Səfərov prinspiallığı, tərcümə sənətimizdə Natiq Səfərov peşəkarlığı çatışmır.
Çox heyif ki, onu vaxtsız itirdik. Ruhu həmişə bizimlədir.