“SÖZÜN AZADI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB
Xətai metrosunun yaxınlığında yerləşən "Dəmirçi plaza"da istedadlı qələm adamı Vaqif Osmanlının “Sözün azadı” kitabının təqdimatı keçirilib. 255 səhifəlik kitab yazıçı Azad Qaradərəlinin yaradıcılığına həsr olunub. Təqdimatı giriş sözü ilə toplunun naşiri, "BİZ klub"un rəhbəri, gənc yazıçı Nemət Mətin açaraq demişdir: ”Kitaba ön söz yazan professor İsmayıl Kazımovun sözü ilə desək, “Azad Qaradərəli ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda tanınan yazıçılarımızdandır. Müəllif Vaqif müəllim bu tanınmış nasirin bütün yaradıcılığını təhlil süzgəcindən keçirmiş, hekayə və romanlarını, hətta elmi-publissistik yaradıcılığını belə incələmişdir.”
Tədbir iştirakçılarından pedoqoji elmlər üzrə fəlsəfə doktoru Adil Həsənoğlu, şair Avdı Qoşqar, rəssam Sehran Allahverdi, şair Rəfail Tağızadə, jurnalist-pedoqoq Tamilla Həmidqızı, şair-publissist, Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı, qazi-şair Bəhruz Məmmədov, tanınmış cərrah Nicat Vəliyev, A.Qaradərəlinin oxucusu Behbud Behbudov, kitabın redaktoru, Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkan Mehdiyeva və başqaları çıxış edərək Azad Qaradərəli yaradıcılığının, habelə bu yaradıcılığa işıq tutan Vaqif Osmanlı qələminin məziyyətlərindən söz açmışlar.
Sonda Azad Qaradərəli və kitabın müəllifi Vaqif Osmanlı çıxış etmiş, oxucuları maraqlandıran suallara cavab vermişlər. Müəllif oxucular üçün kitabları imzalamış, oxucuları yazıçı ilə şəkil çəkdirmişlər.
Onu da bildirək ki, kitab yazıçı Azad Qaradərəlinin qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə nəşr olunmuşdur.