VAQİF OSMANLI — AZADLIQ VƏ MÜSTƏQİLLİK MÜCAHİDİ
Azərbaycan türklərinin nüvəsində gizli neytron və protonlar mövcuddur, günlərin birində onlar hərəkətə gəlib bu xalqa qurtuluş yolunu göstərəcək.
Oqtay Eldəgəz.
Oqtay Eldəgəzi (Oqtay Kərim oğlu Rəfili) çağdaş dövrümüzün gənclərinin bir qismi çox az tanıyır, bəlkə də heç tanımır. Orta və yaşlı nəslin nümayəndələrindən adını eşidən varsa da gördüyü işlərdən xəbəri olanlar da yəqin ki, azdır. Azərbaycan siyasətçilərinin bəziləri, hətta tanınmış bir siyasi partiyanın sədri etiraf edirlər ki, belə ad və soyad eşitməmişik. Siyasətə "külüng buraraq" çörək əldə edənlərin unutqanlığı, laqeydliyi, siyasi səbatsızlığı, savadsızlığı, informasiyasızlığı, mütaliəyə, öyrənməyə biganəliyi təəccüb doğurur. Hər gün bar-bar bağıran saxta azadlıq, suverenlik, müstəqillik "aşiq"ləri əqidəsi, amalı, mübarizəsi ilə hamıya örnək olacaq Oqtay Eldəgəzi tanımırlarsa, nəyin uğrunda "mübarizə" apardıqlarının fərqindədirlərmi?
Nə yaxşı ki, Oqtay Eldəgəzlə (tanıyanların əksəriyyəti ona ƏFƏNDİM deyərək müraciət edirdilər, çünki o da müsahibinə onu tanıyıb tanımamağından asılı olmayaraq ƏFƏNDİM deyərdi) tez-tez ünsiyyətdə olmuşam, maraqlı söhbətlərini dinləmiş, qiymətli siyasi həqiqətlər eşitmişəm.
Azadlıq və müstəqillik aşiqi, milli qürurumuzun, ana dilimizin qoruyucusu Oqtay Eldəgəz 68 illik mənalı, əzablı, keşməkeşli ömrünün son 10-15 illndə Neft Daşlarında işləyirdi. Dəniz neftçilərini "Möcüzələr adası"na aparıb gətirən gəmidə Əfəndi ilə yol yoldaşı olana sevinərdik. Gəminin salonunda ona yaxın oturacaqda əyləşmək üçün yer axtarardıq. Bilirdik ki, beş saatlıq bu yolçuluq hədər getməyəcək, Bu beş saat azadlıq, müstəqillik, Vətən, ana dili dərsləri idi. Oqədər təvəzökar insan idi ki, özü, gördüyü işlər haqqında heç vaxt danışmazdı.
Oqtay müəllimlə həmsöhbət olmaqdan daha çox onu diqqətlə dinləməyə üstünlük verənlərdən biri də mən idim.
Məlumat üçün qeyd edim ki, Oqtay Eldəgəz bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövlətini tədqiq etmiş, Eldəgəz təxəllüsünü də ona görə götürmüşdü.
Əfəndinin Vətənimizin azadlığı, müstəqilliyi yolundakı cəsarətli mübarizəsi, haqsızlıqlara, ədalətsizliklərə sinə gərməyi onun sifət cizgilərində, əlllərinin barmaqlarındakı dırnaqlarda aydın sezilirdi. Mənim gördüyüm vaxtlar onun 50-55 yaşı olmasına baxmayaraq, sözün həqiqi mənasında Oqtay müəllim ağsaqqal idi. Nəsiminin sözüylə desək, bu cahana sığmayan bu çəlimsiz bədəndə nəhəng cahanlar yerləşirdi.
Müəllim, filoloq, jurnalist, yazıçı, mətin siyasi xadim, neftçi ömrü yaşayan O.Eldəgəz Azərbaycanın müstəqillik tarxində silinməz izlər qoymuş böyük Türkçü, Turançı idi. Hər söhbətində insanları maariflənməyə, milli mənliyini, milli mənsubiyyətini tanımağa səsləyirdi. Onun fikirlərinə ağız büzən, yersiz atmacalar atan anlamazlara heç hislənməzdi. Elələrini "əfəndim, get işinlə məşğul ol, bu söhbətlər sənlik deyil" deyərək mədəni şəkildə yola salardı. Danışığında heç vaxt yad xalqların sözlərindən istifadə etməzdi. Onunla həmsöhbət olanlara da bunu məsləhət görərdi, ana dilimizi çirkləndirməyin deyərdi. Poeziyanı, xüsusilə qəzəl janrını, əruzu gözəl bilirdi.
XX əsrin sonlarında Oqtay müəllimin yazıları "Təzadlar" , "Azadlıq", "7 gün", "Şərq", "168 saat", "525-ci qəzet", "Nəbz", "Ədalət", "Ulus", "Müsavat" kimi qəzet və dərgilərdə tez-tez dərc edilirdi. 1997-ci ildə 414 nəfərlik oxucu sorğusunda O.Eldəgəz ilin superulduz yazarı tituluna layiq görülmüşdür. Əfəndinin yazılarında oxucular dilimizdə işlənən bir çox başqa dillərdən keçmə sözlərin ana dilimizdəki qarşılığına rast gəlİrdilər.Yazara görə:
cərrahiyyə əvəzinə yarçı,
oxucu əvəzinə oxuyar,
tərcümeyi-hal əvəzinə ömürçə,
qalstuk əvəzinə parama,
pivə əvəzinə buzə,
qəzet əvəzinə gündəc,
kilometr əvəzinə minar,
problem əvəzinə pürçə,
pasport əvəzinə başlaq,
nizamnamə əvəzinə yönətim işlətmək daha doğrudur.
Şərəfli ömür yolu keçmiş O.Eldəgəzin həyatı və fəaliyyətinin və bununla paralel azadlıq və müstəqillik tariximizin bəzi məqamlarını dəyərli oxuculara çatdırmağa çalışacağam.
İstər müstəqilliyin itirilməsi, Sovet dövrü olan qırğınlar, mövcud sərt rejim, istərsə də yuxarı vəzifələrdə qeyri millətlərin nümayəndələrinin olması, milli kimliyin və ana dilinin sıxışdırılması millətsevər, vətənsevər insanlara təsirsiz ötüşmürdü. 1941- ci ildə tələbə Süleyman İsgəndərovun rəhbərliyi ilə anti-sovet milliyyətçi qrup yaranmışdı. Bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi.
1943-cü ildə tanınmış yazıçı, Azərbaycanda mənsur şeirin banisi Gülhüseyn Hüseynoğlunun və İsmixan Rəhimovun başçılığı ilə yaradılan "İldırım" Təşkilatı anti-sovet ruhda fəaliyyət göstərib təbliğat aparan ilk ciddi təşkilatlardandır.
İctimai siyasi xadim Şıxəli Qurbanovun milli məsələlərdəki xidmətləri və qətiyyətli mövqeyi canı bahasına başa gəlsə də heç vaxt unudulmayacaq.
1957-ci il 28 may günü Cahid Hilaloğlu və Çingiz Abdullayev Qız qalasının yuxarısında cümhuriyyətin 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı dalğalandırması milli hərəkatın işartısı sayılr.
1957-ci ildə Oqtay Eldəgəzlə böyük ziyalı, alim Xudu Məmmədovun tanışlığı yeni siyasi təşkilatın yaranmasına təməl oldu. Bu iki vətənsevər və millətsevər insan tərəfindən milli mübarizənin şərti cizgiləri çəkilməyə başladı və nəticədə 1962-ci il dekabrın 27 -də 95 nəfər milli ziyalını ətrafında birləşdirən "Milli Azadlıq Qərargahı" (MAQ) fəaliyyətə başladı. MAQ istər uğurlu kadr siyasəti dəyişikliyi, istərsə də Astara və Yardımlı payonları ərazisindən 5 min hektar torpaqlarımızın İrana verilməsinin qarşısının alınması ilə milliyyətçi hərəkatda iz qoyan ciddi siyasi qurum idi. Həmin torpaqları İran şahı arvadı ilə Moskvaya səfərə gələndə N.S.Xruşşov onlara bağışlamaq istəmişdi. Vətənsevər azadlıq mücahidləri bunun qarşısını ala bilmişdilər.
MAQ-ın sədri Oqtay Eldəgəz, birinci müavini Xudu Məmmədov seçilir. O.Eldəgəz 25 il MAQ-ın sədri olmuşdur.
Milli azadlıq və müstəqillik uğrunda mübarizlərin öncülü olan Oqtay Əfəndi 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. MAQ Sumqayıtdakı müxtəlif təşkilatlarda, idarə və müəssisələrdə, təhsil, səhiyyə qurumlarında kök salmış daşnak-hayk şovinistlərinin işdən çıxarılmasını təşkil edib, onların yerinə Oğuz türklərinin təyin edilməsinə nail olmuşdu.
1962 və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olan zaman azadlıq mücahidinin səhhəti pisləşmişdir. Bu onun yerişində hiss olunurdu. Həbsdə olanda əl və ayaq dırnaqlarını itirib.
O.Eldəgəzin rəhbərlik etdiyi MAQ-ın üzvləri:
1. Xudu Məmmədov - birinci mavin,
2. Yusif Məmmədəliyev - akademik, elmi məsələlər üzrə müavin,
3. Əlisöhbət Sumbatzadə - akademik,
4. Sadıq Rəhimov - 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri,
5. Hüseyn Arif - şair,
6. Əsədulla Qurbanov - professor,
7. Bəxtiyar Vahabzadə - xalq şairi,
8. Yusif Vəliyev - xalq artisti,
9. Rüstəm Səfərəliyev - dövlət xadimi,
10. Bəxtiyar Məmmədov - məşhur neftçi.
MAQ adını xalq şairi Osman Sarıvəlli təklif etmişdi.
Milli azadlıq hərəkatında önəmli yeri olan Əbülfəz Elçibəyin zindandan azadlığa buraxılması üçün 249550 imza toplayan Oqtay Eldəgəz və onun azadlıqsevər dostları 1975-ci iln yanvarında buna nail olurlar.
O vaxtlar Oqtay Eldəgəzi milli mason lideri adlandırırdılar.
Azadlıq mücahidinin ömür-gün yoldaşı, Əfəndi xəstə olarkən onun diqtəsi ilə son yazılarını ağ kağıza köçürən Rəfiqə xanımı narahat edən suallar:
1. Axı niyə 1957-ci ildən başlayan və tərkibində 95 ziyalısı olan MAQ-ın fəaliyyəti dövlət və demokratik düşərgə tərəfindən anılmır?
2. Nəyə görə Oqtay Eldəgəzin adı M.Ə.Rəsulzadənin davamçısı kimi çəkilmir?
3. Nyə görə MAQ tarixi lazımi səviyyədə təqdim olunmur?
Rəfiqə xanımın bu suallarına cavab tapmaq asan deyil.
Oqtay Eldəgəz ömrünün sonuna kimi ictimai gerçəkliyin azərtürkəşməsi yolundan sapmayaraq milli oyanış və milli istiqlal amallarımıza təkrarsız xidmət göstərən böyük türkçü idi...
11.03. 2018.