Edebiyyat.az » Təqdimat » Pablo Merida de San Roman - İspan kinosunun Pedro Almodovarı

Pablo Merida de San Roman - İspan kinosunun Pedro Almodovarı

Pablo Merida de San Roman - İspan kinosunun Pedro Almodovarı
Təqdimat
admin
Müəllif:
02:14, 13 dekabr 2024
266
0
Pablo Merida de San Roman - İspan kinosunun Pedro Almodovarı



 “İspaniyada rejissor olmaq Yaponiyada torero olmaq kimi bir şeydi”.

 1951-ci il... Pedro Almodovar ispan kinosuna bir udum təmiz hava kimi daxil oldu. O, müasirliyin yeni təcəssümü idi. Şuluq bir uşaq kimi öz filmlərində homoseksuallıq və “gecə həyatı” mövzularına toxunurdu. Heç kim onun yapışqan yumorundan qopa bilmirdi. İllər keçir və insanları sancma qabiliyyəti onu əsl kino mütəxəssisinə çevirir. Dəlisov xarakterini bir kənara qoyub, nəzərini klassik janrlara yönəldərək melodrama üzərində cəmləyir. Almodovarın filmləri daxilimizdəki çərçivələri dağıdır. Məhz bu xüsusiyyət onu Luis Bunuel dövrünün ən maraqlı və universal ispan rejissoruna çevirir.

Pedro Almodovarın tarixçəsi 1951-ci ildən – el arasında Kalzada de Kalatrava kimi xatırlanan bapbalaca Ciudad Real şəhərindən başlayır. Heç kimin ağlına gəlməzdi ki, İspaniyada çoxlarına tanış olmayan bu yer nə vaxtsa rejissorun adı ilə bağlanacaq.

 Pedro bir vaxt doğma şəhərini tərk edib Madriddə bir telefon qovşağına işə düzəlir. Ancaq tezliklə bu iş onu o qədər həvəsdən salır ki, gündəlik həyatın iztirablarına dözməli olur. Günlərini maraqlı keçirsin deyə, tez-tez şəhərin gecə klublarına baş çəkir. Madridin qaynayan gecə həyatında müxtəlif tip insanlarla tanış olur və ətrafı yaradıcı “qanına boyayaraq” əvvəlcə populyar jurnallarla əməkdaşlığa başlayır, sonra da qısametrajlı filmlər çəkir. Fabio MakNamara ilə gözəl cütlük yaradan Pedro onunla birlikdə janrı bəlli olmayan konsertlər verir.

Almodovar hələ 1970-ci illərin sonlarında ilk qısametrajlı filmini çəkərkən özündə kameraya olan sevgisini kəşf edir. Qohumların, dostların maddi köməkliyi ilə 16 millimetrlik kamerada gənc Karmen Mauranın iştirakı ilə “Pepi, Lusi, Boom və o biri qızlar” kimi çılğın komediyasını ərsəyə gətirir. Həmin filmdə Alaska və digər tanınmış simaları da görmək olar. Premyerası məhdud auditoriyada baş tutan bu film ən çox gənclər arasında coşqu ilə qarşılanmışdı.

Rejissorun ikinci işi “Ehtiraslar labirinti” də səs-küy yaratmışdı. Özü də bu filmdə Antonio Banderas debüt etmişdi. Cəsarətlə çəkilmiş “Zülmət içində”, evdar qadının həyatından bəhs edən “Axı mən buna layiq deyildim” və qəddarcasına lentə alınmış “Matador” ekran işləri Pedro Almodovarı tamaşaçıların gözündə sanki göylərə qaldırdı.

Qardaşı Aqustinlə birlikdə “El deseo” adlı şəxsi kinostudiyasını yaradan Pedro öz filmlərini istehsal etməklə yanaşı, həm də digər rejissorlara da dəstək olurdu. “Mutant hərəkəti”, “Mənim bir evim var”, “Keçidlər”, “İblis onurğası” və “Mənsiz həyatım” filmləri bu qəbildəndir. Studiya fetiş aktrisa Karmen Mauranın iştirak etdiyi üzdən iraqlar haqqında “Arzular qanunu”nu ilk dəfə nümayiş etdirəndə tamaşaçılar rejissorun təxəyyülü qarşısında mat qaldılar, hətta Pedro sonradan bu filmə görə mükafatlar da aldı. Ancaq rejissorun filmoqrafiyasında heç bir film “Qadınlar sinir böhranı ərəfəsində” ilə müqayisə oluna bilməz. “Oskar”la təltif olunan bu ekran işi beynəlxalq bazara çıxış əldə etməklə ispan kinosu tarixində ən çox gəlir gətirən filmlər sırasında yer aldı. Sonradan Almodovar sevimli Karmen Maurasından ayrılıb növbəti işlərinə Viktoriya Abrili dəvət etdi. Aktrisanın “Sarı məni” filmində Antonio Banderasla dueli kino aləmini yenidən lərzəyə gətirdi və bu zaman “Hündür ayaqqabı dabanları” və “Kika” lentləri artıq maraqlı görünmürdü.

1990-cı illərdə Pedro Almodovar filmlərindəki komik elementlərdən uzaqlaşıb melodram xarakterli mövzular işləməyə başladı. Amma bütün filmlərinin mərkəzində hər zaman olduğu kimi, çətinliklə üz-üzə qalan sinirli bir qadın dayanırdı. Beləcə, Marisa Paredesin sayəsində “Sirrin çiçəyi” və Xavier Bardemin möhtəşəm oyunu ilə “Titrək bədən” filmləri ekranlarda göründü. Ancaq rejissorun bu illərdə çəkdiyi ən maraqlı ekran işi “Hər şey anam haqqında” lentidir. “Oskar”la mükafatlandırılan bu filmi dünya tamaşaçıları xoş emosiyalarla qarşıladı.

Almodovar yenidən kamera arxasına keçərək “Ən yaxşı ssenari” mükafatı nominasiyasında növbəti “Oskar” almış “Danış onunla”, ardınca “Pis tərbiyə” və “Qayıdış” filmlərini lentə alır. Bu sonuncu filmdə o, yenidən Karmen Maura ilə görüşür və yazdığı ssenariyə görə “Kann” film festivalında mükafat qazanır.

Rejissor 2006-cı ildə “Asturiya İncəsənət Şahzadəsi” mükafatına layiq görülüb.

İspan dilindən çevirdi: MƏMMƏD MƏMMƏDLİ

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)