Edebiyyat.az » Təqdimat » Rövşən Yerfi - Sevimli şairimiz Tofiq Bayram (ədəbi esse)

Rövşən Yerfi - Sevimli şairimiz Tofiq Bayram (ədəbi esse)

Rövşən Yerfi - Sevimli şairimiz Tofiq Bayram (ədəbi esse)
Təqdimat
admin
Müəllif:
23:24, 14 dekabr 2024
375
0
Rövşən Yerfi - Sevimli şairimiz Tofiq Bayram (ədəbi esse)



           Söz vaxtına çəkər. 1988-ci ilin payız-qış ayları idi. Bakıda Dağlıq Qarabağ separatçılarının başıpozuq hərəkətlərinə qarşı mitinqlər dalğası başlanmışdı. Etirazını mitinqlərlə ifadə etməyə çalışan xalq kütlələri meydanlardan çəkilmək bilmirdi. Belə günlərdə xalqın sevilib seçilən ziyalıları da xalqla birlikdə idilər. Onlar mitinqlərdə iştirakı və çıxışları ilə xalqın daha da əzmini, iradəsini artırırdılar. Hər kəsin xatirində qalan bu sayaq ziyalılardan biri də sevimli şairimiz Tofiq Bayram idi. Tofiq Bayramın yüz səsin içindən seçilən, özünəməxsus qalın səsi vardı. O, nitqi zamanı mütləq vətənlə, torpaqla bağlı şeirlərindən birini öz ahəng və tərzində, xüsusi intonasiya, pafosla oxuyardı. İnsanlarda belə təsəvvür yaranardı ki, əsl şair şeirini məhz belə oxumalıdır. Ürəkdən, cani-dildən, coşa-coşa, sel kimi kükrəyə-kükrəyə... Yorulmazdı şeirlərini oxumaqdan. “Daha bunu tribunadan düşürə bilmərik”, - gülümsəyirdilər şair dostları...

         Çıxışlarındakı od-alov səbəbsiz deyildi, vətənə olan aşıb-daşan sonsuz məhəbbətindən yaranırdı. O günlərdə şairin “Qarabağı vermərəm” şeiri meydanlardakı kütlələrin ən çox sevdiyi şeirlərdən idi:  

                              Mən heç zaman dönmərəm

                              Fikrimdən, niyyətimdən.

                              Lazım gəlsə gözümün

                              Qarasını verərəm,

                              Qarabağı vermərəm...

Bakıda doğulan Tofiq Bayram Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.

Şairin “Çiçək” adlı ilk şeiri 1953-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. “Ana təbəssümü” adlanan ilk kitabı isə 1961-ci ildə çap edilib. “Şairin şikayəti” mənzum pyesi, “Təbrik çiçəkləri” və “Yaralı nəğmə” poemaları iri həcmli əsərləri arasında ən uğurluları sayılır. Şeir və poemalar yazmaqla yanaşı uzun illər tərcümə işi ilə də məşğul olmuş, bir çox görkəmli yazıçıların, o cümlədən Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini də tərcümə etmişdir. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə isə 1988-ci ildə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür. 

Tofiq Bayramın şeirlərinin əsas mövzusu insan və xalq sevgisidir. Əsərlərində güclü lirizm və romantika üstünlük təşkil edir. Şairin onlarla şeirini Azərbaycan poeziyasının parlaq nümunələri hesab etmək olar. “Qadın ürəyi” adlı şeiri də bu qəbildəndir:

                      Necə rəhmlidir, necə amansız,

                      Necə mehribandır, qadın ürəyi!

                      Sən onu sındırsan, bil ki, a qansız,

                      Ağlayan kamandır qadın ürəyi!

O, dövrünün tanınmış sevgi şairlərindən biri olmuşdur. Onun “Görüş” şeiri də dillər əzbəri olan şeirlərdəndir: 

                              Biz ki unutmuşduq ilk məhəbbəti,

                              Ah, bu qəfil görüs kaş olmayaydı!

                              Mənim gözlərimdə eşqin həsrəti,

                              Sənin gözlərində yas olmayaydı!

        Digər bir şeiri – “Ay gecikən məhəbbətim” bu gün də gənclər arasında sevilən, dəyərini saxlayan şeirdir: 

                             Bir xəstəyəm, əlacım sən,

                             Bir koram, əl ağacım sən,

                             dilənciyəm əlacım, sən, -

                             Sən ol mənim son qismətim,

                             Ay gecikən məhəbbətim!

        Tofiq Bayram haqqında danışılarkən onun həm də böyük vətənpərvər, millətçi şair olduğu qeyd edilir. Şairin bu misraları mənim də məktəb illərində yazdığım onlarla inşanın bəzəyi idi:

                     Qalxıb Şahdağına söz istəyirəm,

                     Çatsın hay-harayım dinləyənlərə.

                     Mən nankor deyirəm, nacins deyirəm

                     Öz ana dilini bilməyənlərə!

Sağlığında müəllifi olduğu on iki kitabı və dörd tərcümə kitabı çap olunub. Xalqının sevgisindən qeyri heç bir vəzifəyə, mənsəbə iddiası olmayan şairin ədəbiyyat sahəsindəki gərgin əməyi 1984-ci ildə qiymətləndirilərək ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. 

Ölkəsinin azad, firavan yaşamasını arzulayan şairə təəssüf ki, onun müstəqilliyini görmək qismət olmadı. Əlli altı il, dörd ay ömür sürən, 1991-ci ilin aprel ayında zamanının təbədüllatlarına ürəyi davam gətirməyən Tofiq Bayram əbədiyyətə qovuşdu...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)