AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 7-Cİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR

Yazıçı Azad Qaradərəlinin əsərlərinin 7-ci cildi çapdan çıxmışdır.
Bu cildə müəllifin “Əllidən bir kəm” romanı, bəzi hekayələri və bir uzun hekayəsi daxil edilib. Romanın süjeti, təxminən üç saat ərzində baş verən hadisədən alınıb. Əyalət şəhərindəki institut filialında dövlət imtahanı götürməyə gəlmiş İmir Çingiz adlı ali məktəb müəllimi bir diplomat pulla geri qayıdır və bu zaman arxadan onun maşınını başqa bir maşınla təqib edirlər. Təqibdən xilas olmaq üçün üç saatlıq yolu qorxu içində sürətlə maşın sürən İmir müəllimin bütün ömrü gözünün önündən gəlib keçir – süjet içərisində süjetlər meydana gəlir. İntihar etmiş alim Məsud Əlioğlu, sürgündə məhv edilmiş Hüseyn Cavid, ona doğru yol göstərən İsmayıl Şıxlı, namuslarına təcavüz etdiyi tələbə qızlar...
Oxucu elmi-bədii, fəlsəfi-detektiv notlarla zəngin olan romanda indiyəcən bilmədiyi bir çox həqiqətlərlə üz-üzə qalacaq. Həqiqət həmişə sirli və bir az da qorxulu olub. Amma o əsl sirdirsə, haçansa çözülməliydi.
Roman ilk dəfə “Yazı” dərgisində hissə-hissə çap olunub, sonradan ayrıca kitab şəklində Alatoran yayınlarında işıq üzü görüb.
Uzun hekayə Sovet-əfqan savaşına həsr edilibsə, hekayələrdə müasirlərimiz olan insanların obrazları önə çəkilib.
Qanun nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər, Mübariz Örən, rəssamı Sürəyya Muğanlı, tərtibçiləri Türkan Azadqızıdır.
Kitabı bayramdan sonra M.F.Axundov adına Milli Kitabxanadan, Akademiyanın kitabxanasından, ADPU-nun (əski APİ), BDU-nun, BSU-nun, ADU-nun, Zəngilan, Şuşa rayonlarının kitabxanalarından əldə edib oxumaq olar.
Təxminən, 20 cild olacaq bu layihənin 10-cu cildinin nəşri zamanı yazıçı oxucularla görüş, yaxud simvolik satış keçirməyi də nəzərdə tutur.





